Dünya tarixində qədim əlifba, yazı mədəniyyəti və ibtidai çap materiallarının meydana gəlməsi və ilk əlyazma kitablarının yaranması Şərqdən başlanıb. Lakin dövr, zaman dəyişdikcə, kitaba maraq artdıqca əlyazma kitabları oxucu tələbatını ödəyə bilmirdi. VIII-XI əsrlərdə Koreyada, Çində və Yaponiyada ksiloqrafiya üsulu ilə çap, mütəhərrik çap literinin hazırlanması bu sahədə texniki tərəqqiyə ilk addımlar oldu.
Avropada mexaniki çap üsulu daha sonralar meydana gəlsə də, kütləvi kitab nəşri məhz buradan dünyaya yayıldı. 1440-cı illərdə alman ixtiraçısı Yohan Qutenberq Mayns şəhərində kitab çapının əsasını qoydu. Tezliklə onun ixtirası qonşu ölkələrə yayıldı, 1460-1470-ci illərdə İtaliyada, İsveçrədə, Fransada, Polşada, İspaniyada, Çexiyada, İngiltərədə və s. kitab çapına başlanıldı. Çap texnologiyası zaman keçdikcə təkmilləşərək yeni kəşflər sayəsində daha da zənginləşirdi. XVIII əsrin 90-cı illərində almaniyalı A.Zenefelder daşbasma üsulunu (litoqrafiya), 1867-ci ildə isə rusiyalı P.P.Knyaginski avtomat özüyığan maşını ixtira etdi.
* * *
Azərbaycanın zəngin mədəni irs tarixində kitab sənəti və kitab mədəniyyəti xüsusi yer tutur. Ölkəmiz qədim dövrlərdən zəngin kitabxanaları ilə tanınıb. Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitablar əvəzsiz rol oynayıb.
Əlyazma kitab mədəniyyətində özünəməxsus yeri olan Azərbaycanda litoqrafiya üsulunda çap XIX əsrin əvvəllərində tətbiq edilməyə başlanılıb. Azərbaycanlı müəllifin ilk çap kitabı isə böyük alim və mütəfəkkir Nəsirəddin Tusinin 1594-cü ildə İtaliyanın “Mediçi” nəşriyyatında işıq üzü görən “Təhriri-Öqlidis” (“Evklidin şərhi”) əsəri hesab olunur.
Azərbaycanda ilk litoqrafiya dəzgahı XIX əsrin əvvəlində Təbrizdə qurulub. Mirzəağa Zeynalabdin Təbrizinin yaratdığı mətbəədə ilk kitablar (1819) çap edilib. Bu, Rusiya-İran müharibəsini əks etdirən «Cihadiyyə» və Məhəmməd Füzulinin «Leyli və Məcnun» əsərləridir. BDU-nun professoru, kitabşünas alim Bayram Allahverdiyev mənbələrə istinadən ilk Azərbaycan çap kitabı nümunəsinin məhz «Leyli və Məcnun» əsəri olduğunu deyir. Bundan sonra Şimali Azərbaycanda - Bakı və Gəncədə qurulan mətbəələrdə də litoqrafiya üsulu ilə çap işi yayılmağa başlayır. XIX əsrin sonlarında Azərbaycanda mətbəələrin, çap olunan kitabların say və tirajı sürətlə artmağa başlayır.
* * *
Müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə, digər sahələrlə yanaşı, mətbuat və kitab çapını da diqqətdə saxladı. 1919-cu ildə milli hökumətin hazırladığı mətbuat haqqında qanun parlamentdə müzakirə olundu. «Açıq söz» qəzetinin naşiri Məmməd Əli Rəsulzadə hökumət mətbəəsinin müdiri təyin olundu. Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi Adil xan Ziyadxanlının «Azərbaycan», Mirzəbala Məmmədzadənin «Milli Azərbaycan hərəkatı» adlı kitabları 1919-cu ildə həmin mətbəədə çapdan çıxdı. Ümumiyyətlə, Xalq Cümhuriyyəti dövründə ölkədə müxtəlif elm və bilik sahələrinə dair təxminən 50 adda kitab və kitabça nəşr edilmişdi.
* * *
Sovet dövrü, bir çox siyasi-ideoloji yasaqlara, milli-mədəni sahədə tətbiq olunan məhdudiyyətlərə rəğmən, mədəniyyətin müxtəlif sahələrinin, o cümlədən kitab nəşri və yayımı işinin inkişafında mühüm bir mərhələ oldu. Görkəmli ədib və mütəfəkkirlərimizin, klassiklərin, dövrün tanınmış yazıçı və şairlərinin, alimlərinin kitabları təkcə respublikamızda deyil, bütün ittifaq məkanında böyük tirajlarla işıq üzü görərək yayılmağa başladı. Azərbaycan müəlliflərinin əsərləri müxtəlif xarici dillərə tərcümə olunaraq dünya kitab aləminə çıxdı. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər mədəniyyətimizin yeni intibah dövrü oldu və bu tərəqqi kitab-nəşriyyat sahəsində də özünü göstərdi, respublikada yeni poliqrafiya müəssisələri, nəşriyyat və mətbəələr yaradıldı.
* * *
SSRİ-nin süqutu ilə bütün müttəfiq respublikalarda ümumi mədəniyyət infrastrukturunda baş verən tənəzzül kitab-nəşriyyat sahəsindən də yan keçmədi. İttifaq miqyaslı kitab çapı və yayımı şəbəkəsinin dağılması, sovet dövründən qalma, köhnəlmiş texnologiya və avadanlıqlarla yüksək keyfiyyətli kitab nəşrinin mümkünsüz olması yeni şəraitə uyğun qərarların qəbulunu zəruri edirdi. Bununla yanaşı, müstəqilliyin bu sahəyə gətirdiyi mühüm imkanlar da vardı. Bazar iqtisadiyyatının şərtlərinə uyğun olaraq nəşriyyat işində özəl sektora geniş yer verilməsi, yeni nəşriyyatların fəaliyyətə başlaması, qabaqcıl dünya təcrübəsi ilə tanışlıq, xarici tərəfdaşlarla əməkdaşlıq və dövlətin bu sahəyə diqqət və qayğısı kitab mədəniyyətimizin inkişafına, Azərbaycan kitabının tanınması və təbliğinə geniş zəmin yaradıb.
Azərbaycan Respublikası özünü dünyada tanıtmağa çalışan gənc ölkədir. Milli mədəniyyətimiz də dünyada böyük mədəniyyətlərlə yarışmalı, özünü təsdiq etməlidir. Bu istiqamətdə müxtəlif beynəlxalq sərgilərin, mədəniyyət günlərinin təşkil olunması, beynəlxalq mədəni tədbirlərdə ölkəmizin təmsil olunması ilə yanaşı, mədəni irsimizdə kitab ziyasının da özünü daha parlaq göstərməsi vacibdir. Bu baxımdan ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq mədəniyyət tədbirləri sırasında Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının ənənəyə çevrilməsi təqdirəlayiqdir.