Şəxsiyyəti yaradıcılığından, yaradıcılığı şəxsiyyətindən maraqlı Adil İsgəndərov

Sənətdə fenomenal yaradıcılıq, həyatda total nüfuz və nüfuzedicilik sahibi olmuş bu üst-insanla bağlı yazıma “Hadisə-Adam” başlığı verməyimin səbəbi var; zaman-zaman bütün teatr-kino mütəxəssisləri onun hazırladığı tamaşaların, oynadığı obrazların əksəriyyətini “hadisə” kimi dəyərləndirmişlər. Ad-soyadını işlədiyi ünvanların “təyininə” çevirmələri, rejissurasını “məktəb” adlandırmaları da ki, öz yerində...

Və elə bu məqamda yerinə düşən balaca bir xatirə.
Böyük aktyorumuz Həsənağa Salayev danışıb bunu mənə. Deyirdi, Ədilin (sənədində adı belədir) məşhuri-cahan vaxtlarıdı, SSRİ Dövlət mükafatı təltifatını doğulduğu ailə-ocaqda da qeyd etməkçün yığışıb getmişik Gəncəyə. Müharibənin üç ildi qurtardığına baxmayaraq, Ədilin çəki-zəkisini bilənlər bizi yaxşı qonaqladılar; yaxşıca yeyib-içmə, istirahət, şirin söhbətlər... Ancaq, qayıdacağımız gün, məni ona daha munis dost hesab edib bir qırağa çəkən anası nə desə yaxşıdı? Bəs, “ay oğul, ay Həsənağa, Ədilə denən yığışsın gəlsin öy-eşiyinə! Atası da qocalıyıb, mən də - mal-davara ot-əncər gətirənimiz yoxdu. Mən nə qədər deyirəm, eşitməzliyə vurur. Axı nə var ey, o şəhərdə?!.”
Bu məqamda böyük Səməd Vurğunun bir misrasını da xatırlamaq yerinə düşür: “Adın şərəflidir sənin, ey qadın, Dahilər anası çağrılır adın!”
Bəli, dahilər, mütəfəkkirlər yurdu Gəncədə sadə bir qadın - Ana, artıq sənət korifeyi kimi tanınmaqda olan oğlu haqda o vaxtlar elə düşünürmüş.

Bəs aləm?..

Öncə “sadə”lərindən - bəlkə də bəzilərinə “diletantlıq” təsiri bağışlayanlarından başlayaq və bunları, milli-mental xarakter aşiqlərinin xəlqi vurğunluğu, “Azdram” kimi ciddi teatr səhnəsində poetik və komik əsərsevərlərin quru statistika heyranlığı kimi qəbul edək. Belə ki, günü bu gün də böyük şövqlə söyləyənlər var ki, cavanlığından yalnız yüksək postlarda, qeyri-adi təşkilatçılıq, qabiliyyət və istedad dərəcələrində olmuş Ədil müəllim hamıyla yalnız və yalnız ATA kimi danışırdı, Azərbaycan milli teatr tarixində səhnədə Adil İsgəndərovun tamaşaları qədər duruş gətirən quruluş olmayıb, onun “Vaqif”i 1200 dəfə, “Fərhad və Şirin”i 500, “Xoşbəxtlər”i 400 dəfəyə yaxın göstərilib və sair...
Bu nəhəng sənət fədaisi ilə, bu “Atom-Adam”la (aktyor Elxan Qasımovun - “Əhməd”in sözüdür) bir yerdə çalışanlar, dostları, tələbələri, qısası - təmasda olmuş hər kəs onun haqqında yalnız böyük sayğı hisslərilə, bənzərsiz məhəbbət, xoş xiffət duyğularıyla danışırlar. Hətta bu xatirələr, bəzən, məşhur “Xan məni dindirdi” məzhəkəsini də xatırladır: “Bir gün Ədil müəllim mənə dedi ki, qadam, şöbəndəki işçilərə qarşı bir də belə kobudluq etmiş olsan, səndən üzr istəməli olacağam...” Sovet beynəlmiləlçiliyinin kino-aktyor mübadiləsi sahələrində də çiçəkləndiyi vaxtlarda şəstlə onun kabinetinə girib, “Ədil müəllim, mən istəyirəm bu filmimdəki baş rollara Moldova, Gürcüstan və Özbəkistan aktyorlarını dəvət edim” - deyən rejissoru, bu “sadədən sadə” direktor çox asta bir tonda ifadə etdiyi “Bəlkə mən də bu filmə Moskvadan rejissor dəvət edim?” dilemması qarşısında qoyur...
Adil müəllim həm də unikal pedaqoq idi. Özü də tək elə qapı-qapalı auditoriyalarda yox, “çöl”, “həyət” də adlandıra biləcəyimiz həyat dairələrində! Elə bu coğrafi universallığın da nəticəsidir ki, bu universal pedaqoqun “əyani-qiyabi”, “bilavasitə-bilvasitə” təsnifatlı tələbələri başqa müəllimlərin “jurnal”larındakılardan tək elə keyfiyyətcə yox, kəmiyyətcə də fərqlənirlər. Onların fikir-qənaətlərini belə də ümumiləşdirmək olar: Adil müəllim ömrü uzunu tək elə teatr, kino sənətimizin yoluna deyil, bizim də həyat-sənət yolumuza işıq saçmışdır. Müəyyən qədər “neytral”, tarixi “şəxsiyyətəpərəstiş” pleyadasından çəkinən mütəxəssislər isə onun Azərbaycanda həmin incəsənət sahələrinin inkişafı üçün böyük məktəb yaratdığını ağızdolusu, qələm bolusu ilə bəyan edirlər.
Biz də böyük sevgi ilə qeyd edək ki, bu gün həmin incəsənət sahələrinin əsas yükü elə həmin Müəllimin yetirmələrinin çiyinlərində, o Məktəbin magistral yolu elə o Baninin davamçılarının yürü-yürüşlərində...
O böyük mənəvi Yükdən, o uzun irfani Yoldan -

Bəzi fraqmentlər

O Yol xronoloji hesabla 40 ilə yaxın, mədəni-mənəvi arşınla isə çox uzun. O qədər ölçüsüz ki, onun layiqli ifadəsi üçün “Qış gecəsi uzun olur - çox uzun, Lakin onu utandırdı hörükləri bu qızın” kimi poetik obrazlar da yetməz. Bu fenomenal sənətkar-vətəndaş həmin o dörd onilliyi büsbütün böyük teatr və ekran aləmimizin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunub-artmasına sərf edib. Özü də hər addımda, hər hərəkətdə, hər nəfəsdə bütün ruhu ilə azərbaycanlı olmaqla, ruhundan güc və eşq aldığı xalqına böyük sevgilərlə!..
1910-cu il mayın 5-də Gəncədə doğulmuş Adil İsgəndərov bütün parametrlərilə gəncəli idi. Cavad Xan kimi ağır təbiətli, zabitəli, Nizami Gəncəvi kimi fitri, fenomenal istedadlı, Fikrət Əmirov sayaq makro-fantaziyalı, saysız-hesabsız oralılar kimi - bütün canı-qanı ilə milli ziyalı!
Bu dəm hiss etdim ki, dodaqlarıma xoş bir təbəssüm qonub və əlbəəl də onun həmin xarakterik keyfiyyətlərindən biri haqda kiçik bir “arayış” verməyə əşhədi-ehtiyac duydum. Belə ki, o, həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə insanlara xoş ovqat bəxş etməyə can atarmış. Onun hədsiz zabitəliliyindən danışanlar, bunu da mütləq qeyd edirlər ki, Ədil müəllimlə təmas yaratmaq o qədər də asan olmadığı kimi, yaxınlaşa bildikdən sonra ondan aralanmaq da müşkül iş imiş. Görkəmli aktyor Əbdül Mahmudov deyir “Əsil “KÖHNƏ KİŞİLƏR” təbiəti vardı onda. Ədil müəllim anadan və Gəncədən gətirdiyi bu “köhnəliklərlə” Bakıda, Moskvada və ondan savay heç kimin gəzişə bilmədiyi qeyri-coğrafi ünvanlarda əxz etdiyi yenilikləri elə sintez, elə “montaj” etmişdi ki, bütün teatr-kino aləmi onu “dubl”suz anlayırdı...”
Adil İsgəndərov böyük teatr və kino aləminə Bakı Teatr Texnikumu və A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda əla təhsildən və Moskva Bədaye Teatrında qısamüddətli rejissorluq təcrübəsindən gəlmişdi. 1936-cı ildə Akademik Dövlət Teatrına qədəm qoyan Adil, çox keçmir ki, bu sənət məbədinə baş rejissor, bir qədər sonra direktor seçilir və 25 ilə yaxın bir dövr ərzində nəinki təkcə bu teatrda, habelə bütün ölkə teatrlarının bəhrələndiyi “Ədil İsgəndərov məktəbi”ni yaradır.
Onun rejissor debütü olan "Polad qartal" (1936) tamaşası nəinki sıravi tamaşaçıları, hətta həmkarlarını, yüksək səviyyəli sənət adamlarını belə heyrətdə qoyubmuş. Bütün ölkə ictimaiyyəti etiraf edib ki, böyük aktyorlara malik Azərbaycan teatrına Adil İsgəndərovun simasında əsl milli rejissor-sənətkar da gəlib. Adil İsgəndərov da bir-birinin ardınca quruluş verdiyi “Platon Kreçet”, “Həyat”, “Vaqif” və s. tamaşalarla bu etiraf-etımadı doğruldur. Onun “Vaqif” tamaşası Bakının mədəni mühitində yeni bir oyanış yaradır, dövrün ən əlamətdar hadisəsi, milli teatr tariximizdə ən uğurlu səhnə işi kimi qiymətləndirilir, səhnəmizə belə bir rejissorun gəlişi ilə ölkəmizin teatr həyatında yeni, coşqun bir mühit formalaşmağa başlayır.
Bəli, çağdaşlarının yazdıqlarına və canlı söhbətlərinə görə, bu yeni rejissorun hər mizan-düzənində bir yenilik varmış - dekorasiyalardan tutmuş, aktyor oyununa, ümumi kompozisiya quruluşuna, klassik ənənələrin yeni formada təqdimatına qədər. Çox maraqlı bir mənzərə yaranıbmış; Ələsgər Ələkbərovun şaqraq səsi, başqa məşhurların qeyri-adi səhnə jestləri bu “Atom-Adam”ın “partlayış” quruluşlarına əsrarəngiz ovqat gətirirmiş...
Adil İsgəndərovun tamaşaları orijinallıqdan əlavə, milli faktura və monumentallığı ilə də fərqlənib. Mütəxəssislər buna misal olaraq, əsasən, “Xanlar”, “Fərhad və Şirin”, “Aydın”, “1905-ci ildə”, “Dumanlı Təbriz”, “Şərqin səhəri”, “Otello”, “Türkiyədə” və s. tamaşaları qeyd edirlər. Onun tamaşalara aktyor seçmək məharəti və təşkilatçılığı yaxın çevrədə “bir baxışla” və “bir kəlmə ilə” sözlərilə ifadə olunurmuş. Yəni bir anlıq nəzər kifayətmiş ki, aktyorun obraza uyğun gəlib-gəlmədiyini müəyyən, bir kəlmə sözü bəsmiş ki, problemi həll edə bilsin.
Adil İsgəndərovun C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında direktorluq erası (!) və aktyorluğu isə ayrıca bir yazı mövzusudur ki... sağlıq olsun, bu barədə hörmətli oxucularımızla azman sənətkarın, özəl və gözəl Şəxsiyyətin doğum günündə görüşərik...

Tahir Abbaslı