Ötən yüzilliyin birinci yarısında özbək xalqının milli oyanışında, ədəbiyyat və mədəniyyətinin inkişafında şair, dramaturq, ədəbiyyatşünas, bəstəkar və ictimai xadim Həmzə Həkimzadənin mühüm xidmətləri olub.

Həmzə Niyazi oğlu Həkimzadə 1889-cu ildə Özbəkistanın Kokand şəhərində həkim ailəsində dünyaya göz açıb. Mədrəsədə təhsil alıb, ərəb və fars dillərini dərindən mənimsəyib. Eyni zamanda klassik cığatay ədəbiyyatına bələd olub, özü də şeirlər yazmağa başlayıb. Mətbuatda ilk şeiri 1905-ci ildə “Nihan” təxəllüsü ilə dərc olunur.
O, daha çox iki dahi ədibdən - Əlişir Nəvai və Məhəmməd Füzulidən bəhrələnib. Professor Pənah Xəlilov “Həmzə Həkimzadə və Azərbaycan ədəbiyyatı” məqaləsində yazır ki, H.Həkimzadənin qəzəllərinin ahəngində, kontrastlar silsiləsində Füzuli qəzəllərinin təsiri daha çox duyulur...
Şairin 1915-16-cı illərdə “Ağ gül”, “Sarı gül”, “Yaşıl gül”, “Qızıl gül” adlı kitabları işıq üzü görür. Müəllif şeirlərinin bir çoxuna musiqi yazır və bəstələri rəsmi dövlət tədbirlərində, el şənliklərində səsləndirilir və dillər əzbərinə çevrilir. O, eyni zamanda maarif carçısı kimi də tanınır. Kokandda, Mərgilanda məktəb açır, kimsəsiz və kasıb balalarına pulsuz dərs verir, dərsliklər yazır. Onun “Oxu kitabı”, “Qiraət kitabı”, “Yeni ədəbiyyat” adlı kitabları şagirdlərin stolüstü dərs vəsaiti olur. Sovet hökumətinə olan münasibətini yaradıcılığında, xüsusilə də şeirlərində açıq hiss etdirir.
Ötən əsrin əvvəllərində özbək inqilabi-demokratik ədəbiyyatının inkişafında Azərbaycanda nəşr olunan “Molla Nəsrəddin” satirik jurnalının da müəyyən rolu olub. Azərbaycan ədəbiyyatı, teatr sənəti H.Həkimzadənin diqqətini cəlb edir. Araşdırmalardan məlum olur ki, o, eyni zamanda M.F.Axundzadənin əsərlərini, Azərbaycan teatrı nümunələrini əldə edir. Daşkənddə Azərbaycan teatrının tamaşalarına baxır və sənət ustalarımızın yaradıcılığından təsirlənir.
H.Həkimzadə 1914-cü ildə Bakıya gəlir. Azərbaycan dramaturqları və tanınmış aktyorlarla görüşür. Professor P.Xəlilov bu barədə yazır: “Həmzə Həkimzadənin Cəfər Cabbarlı sənətinə üz tutması yalnız şəxsi rəğbətdən, biri-birini xoşlamaqdan irəli gəlməyib. C.Cabbarlı dramaturgiyası onun gözündə özününküləşib: o, C.Cabbarlı sənətində Azərbaycan həyat tərzi ilə yanaşı, özbək həyatını da görüb”.
30-dan çox pyes qələmə alan H.Həkimzadə özbək dramaturgiyasının inkişafına mühüm töhfələr verib. Bu sırada “Bəy və muzdur”, “Əvvəlki seçkilər”, “Fərqanə faciəsi”, “Zəhərli həyat və yaxud eşq qurbanları”, “Elm hidayəti”, “Ölüm faciələri” və s. əsərlərin xüsusi yeri var. O, həmçinin Azərbaycan dramaturgiyasından bir sıra nümunələri özbək dilinə tərcümə edib və onların tamaşaya qoyulmasında rejissor kimi iştirak edib.
Maarifçi-ədib özbək teatrları ilə rus, tatar və Azərbaycan teatrları arasında əlaqələrin genişlənməsinə böyük səy göstərib. Nəticədə özbək sənətkarları qarşılıqlı olaraq öz sənətlərini nümayiş etdirmək imkanı əldə ediblər.
H.Həkimzadə Özbəkistanda Azərbaycan ədəbiyyatının və sənətinin təkcə təbliğatçısı yox, həm də yaxşı bilicisi kimi tanınıb. O, 1920-ci illərdə Xarəzm, Buxara və Nukusda maarif və teatr işləri ilə məşğul olarkən təkrar Bakıya gəlir, buradakı mədəni proseslərdən bəhrələnir. Bu da onun mədəni sahədə daha fərqli ideyaları gerçəkləşdirməsinə rəvac verir...
H.Həkimzadə digər milli respublikaların ziyalıları kimi repressiya dalğasını görməsə də, həyatını acı sonluqla başa vurub. 1929-cu ildə sovet təbliğatçısı kimi Şahmərdan kəndinə göndərilən ədib orada “ateizm təbliğatçısı” olaraq kənd sakinləri tərəfindən daş-qalaq edilərək öldürülür. Sovet hökuməti tərəfindən həmin qışlaq dağıdılır. H.Həkimzadənin adının əbədiləşdirilməsi məqsədilə həmin kəndin yerində “Həmzəabad” adlı yeni bir qəsəbə salınır.

Savalan Fərəcov