Görkəmli şair Molla Pənah Vaqif xalq ruhunun ifadəsi olan yaradıcılığı ilə ədəbiyyatımızda xüsusi mövqeyə malikdir. Onun poeziyası Azərbaycan realist ədəbiyyatının inkişafına mühüm təsir göstərib. Klassik şeirimizin əsas mövzusu olan gözəllik anlayışı şairin qoşmalarında yeni məna kəsb edir.

Molla Pənah Mehdi ağa oğlu 1717-ci ildə Qazax rayonunun Qıraq Salahlı kəndində dünyaya göz açıb. Belə ehtimal edilir ki, onun əsli oğuzların Bayat tayfasından olub. Mənbələrdə valideynləri haqda çox qısa məlumat verilir. Pənah Qazaxda tanınmış alim və pedaqoq Şəfi Əfəndinin yanında oxuyub. Mükəmməl mədrəsə təhsili alıb, fars və ərəb dillərini yaxşı öyrənib. Astronomiya, riyaziyyat, arxitektura, musiqi və poetika üzrə geniş məlumata malik olub. Bəzi salnaməçilərin yazdığına görə, Təbrizdə təhsilini davam etdirib, sonra Qazağa qayıdıb, mədrəsədə dərs deyib.
XVIII əsrin ortalarında Kartli-Kaxeti çarlığı sərhədində gərginlik yaranır. Bir çox ailələr Qazaxdan Qarabağ və Gəncəyə köçürülür. Pənahın ailəsi də köçkünlərin arasında olur. Bu ailə Qarabağın Cavanşir qəzasının Tərtər kəndində məskunlaşır və o, burada müəllimlik edir. Həmin vaxtlardan da “Molla Pənah” adını alır. Dərrakəsi və geniş biliyi ilə məşhurlaşır. Hətta xalq arasında “Hər oxuyan Molla Pənah olmaz” kimi bir məsəl də yaranır.
Sadə həyat tərzi keçirən şair maddi sıxıntılar çəkir. Müəllif məşhur “Bayram oldu” qoşmasını da elə həmin vaxtlarda qələmə alır:

Allaha bizmişik naşükür bəndə,
Bir söz desəm, dəxi qoymazlar kəndə.
Xalq batıb noğula, şəkərə, qəndə,
Bizim evdə axta zoğal da yoxdur...


Vaqif bir müddət sonra Şuşaya köçür və orada məktəb açır. Yaxşı müəllim və istedadlı şair kimi tanınır. Sorağı Qarabağ hakimi İbrahimxəlil xana çatır və saraya dəvət olunur. O, sarayda əvvəlcə eşikağası, daha sonra isə birinci vəzir kimi fəaliyyət göstərir. Yüksək riyazi-astronomik təfəkkürü ilə xan sarayının, yaşayış evlərinin, qala divarlarının tikintisində dəqiq hesablamalar aparıb.
Ədəbiyyatşünas alim, professor Əziz Şərif yazır ki, Qarabağ xanlığının vəziri vəzifəsində Vaqif özünü layiqli dövlət xadimi, müdrik və uzaqgörən bir siyasətçi kimi göstərə bilib.
M.P.Vaqifin bir oğlu, iki qızı olub. Oğlu Əli “Alim” təxəllüsü ilə şeirlər yazıb. Qızları Molla Vəli Vidadinin oğlanları ilə ailə qurub.
Fasiləsiz feodal ara müharibələri Qarabağ xanlığını çətin vəziyyətə salır. Buna görə də İbrahimxəlil xan Kartli-Kaxeti çarlığı ilə ittifaqa girir və Rusiyadan dəstək istəyir. 1783-cü ildə gürcü çarı II İrakli Rusiya təbəəliyini qəbul edir. Bir il sonra Vaqif Tiflisdə həmin ölkələr arasında müqavilənin imzalanması mərasimlərində iştirak edir... İbrahimxəlil xan Rusiya ilə İran arasında seçim etmək qarşısında qalır və nəhayətdə Rusiyaya üstünlük verməli olur...
1795-ci ildə Ağa Məhəmməd şahın qoşunları Şuşa istiqamətində irəliləməyə başlayırlar. Şəhər camaatı M.P.Vaqifin başçılığı altında müdafiə olunmaq üçün hazırlıq görürlər. Şuşanın mühasirəsi uzanır və Ağa Məhəmməd şah İbrahimxəlil xanı qorxutmaq məqsədilə ona məktub göndərir. Şair həmin məktuba cavab yazır. Cavabın məzmunu belə olub: “Bəli, yaradan məni şüşəyə salıb. Ancaq bu şüşə sal daşlardan tikilmiş qalanın içində yerləşir”. Şairin cavab məktubu Qacarı qəzəbləndirir. O, top atəşlərini davam etdirsə də, istəyinə nail ola bilmir və Tiflisə doğru yürüşə başlayır...
1796-cı ildə qraf V.Zubovun başçılıq etdiyi rus qoşunları Şamaxıdan keçərək Qarabağ sərhədlərinə yaxınlaşır. İbrahimxəlil xan oğlu Əbülfət xanın başçılığı ilə onun yanına elçilər göndərir. Bu heyətdə Vaqif və tanınmış Qarabağ əmirlərinin oğlanları olur. Həmin görüşdə şairə II Yekaterinanın adından qiymətli hədiyyələr verilir. Həmin il Yekaterina vəfat edir. Yeni imperator I Pavel Qafqazdakı rus qoşunlarını geri çağırır. 1797-ci ildə Ağa Məhəmməd şah bundan istifadə edərək, onun üzünə ağ olan xanları cəzalandırmaq istəyir. Onun yeni yürüşü Şuşadan başlayır. Bu dəfə İbrahimxəlil xan qalanı döyüşsüz təslim edir, kiçik dəstəsi ilə Azərbaycanın şimalına çəkilir.
Tarixçi Mirzə Camal Cavanşirin yazdığına görə, Vaqifi səhərə yaxın saraya gətirirlər. Ağa Məhəmməd şah tapşırır ki, səhərisi gün onu edam etsinlər. Ancaq Ağa Məhəmməd şah özü səhərə sağ çıxmır. Həmin gün şahın qəzəbinə tuş gələn və edam olunacaqlarını bilən üç xidmətçi şahın yataq otağına girir və onu qətlə yetirirlər. Bu arada İbrahimxəlil xanın Qarabağda olmasından istifadə edən qardaşı oğlu Məhəmməd bəy Cavanşir xanlığın başına keçir. Şuşa şəhərinin dörd bir tərəfinə öz adamlarını qoyur. Şəhərdən çıxmaq istəyən bir çobanı saxlayırlar. Üst-başını yoxlayır və onun çarığından İbrahimxəlil xana yazılmış məktub tapılır. Məktubda bu sözlər yazılıbmış: “Qacar öldürüldü, tez qayıt gəl!”
Məktubun Vaqif tərəfindən yazıldığı bəlli olur. Məktub Məhəmməd bəyə çatdırılır və 1797-ci ildə onun göstərişi ilə böyük şair və oğlu Əli bəy edam olunur. Buna baxmayaraq, Vaqif Şuşada böyük ehtiramla dəfn olunur, məzarının üstündə kiçik məqbərə tikilir...
M.P.Vaqifin ölümündən sonra evi talan olunur, əlyazmaları yandırılır. Şairin “Divan”ı da bu səbəbdən dövrümüzə qədər gəlib çatmayıb. 1856-cı ildə Teymurxanşurada (Dağıstanın indiki Buynaksk şəhəri) Vaqifin ilk kitabı tarixçi-yazar Mirzə Yusif Qarabaği tərəfindən çap olunub. Görkəmli dramaturq Mirzə Fətəli Axundzadə şair haqqında materialları toplayaraq məşhur şərqşünas Adolf Berjeyə verir. O isə həmin materialları 1867-ci ildə Leypsiq şəhərində nəşr etdirir...

Savalan Fərəcov