Azərbaycan

9 oktyabr 1946 - Kinooperator, Əməkdar incəsənət xadimi Kənan Məmmədov anadan olub. Lentə aldığı filmlər: “Doğma sahillər”, “Fəryad”, “Atları yəhərləyin”, “Təhminə”, “Otel otağı”, “Ovsunçu”, “Küçələrə su səpmişəm”, “Qala” və s.

10 oktyabr 1911 - Ədəbiyyatşünas alim, tərcüməçi, mətnşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Abbas Fəttah oğlu Zamanov (1911 - 1.4.1993) Naxçıvanın Şərur rayonunda anadan olub.
10 oktyabr 1935 - Əməkdar incəsənət xadimi, şair Həmid Abbas (Həmid Məmmədəli oğlu Abbasov; 1935 - 19.11.1999) anadan olub. Bir çox şeirlərinə mahnılar bəstələnib.
10 oktyabr 1935 - Şair, dramaturq Şəkər Aslan (Şəkər Mirzə oğlu Aslanov; 1935 - 13.7.1995) Lənkəran rayonunda anadan olub.
10 oktyabr 1939 - Şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida Nəsir qızı İmanquliyeva (1939 - 19.9.1992) Bakıda doğulub. Azərbaycan EA Şərqşünaslıq İnstitutunun "Ərəb filologiyası" şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, direktoru olub. "Qələmlər birliyi", "Yeni ərəb ədəbiyyatının korifeyləri" və s. monoqrafiyaların müəllifidir.

11 oktyabr 1983 - Xalq yazıçısı Süleyman Rəhimov (10.12.1900, Qubadlı, Əyin kəndi - 1983) vəfat edib. "Şamo", "Saçlı", “Ağbulaq dağlarında”, “Mahtəvan”, "Mehman", "Medalyon", "Qafqaz qartalı" və s. əsərlərin müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin sədri olub, partiya-dövlət vəzifələrində çalışıb, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
12 oktyabr 1813 - Rusiya ilə İran arasında müharibənin (1804-1813) başa çatması ilə bağlı Gülüstan sülh müqaviləsi imzalanıb. Qarabağın şimalında (indiki Goranboy rayonu) Gülüstan kəndində imzalanan müqaviləyə əsasən, Azərbaycan torpaqları ikiyə bölünüb. Araz çayından şimaldakı Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı və Talış (Lənkəran) xanlıqları, həmçinin Şərqi Gürcüstan və Dərbənd Rusiya imperiyasının tərkibinə daxil edilib.
12 oktyabr 1961 - Tarzən, Əməkdar artist Malik Məmməd oğlu Mansurov anadan olub.
12 oktyabr 1990 - Əməkdar mədəniyyət işçisi, aşıq Mikayıl Cabbar oğlu Azaflı (Zeynalov, 21.3.1924 - 1990) vəfat edib. "Mikayıl Azaflı və Narinc xatın" dastanı, "Qoca qartal" şeirlər kitabının müəllifidir.

13 oktyabr Azərbaycanda dəmir yolu işçilərinin peşə bayramı günüdür. 1880-ci il oktyabrın 13-də Bakı-Sabunçu-Suraxanı xəttinin istifadəyə verilməsi ilə ölkəmizdə dəmir yolu nəqliyyatının əsası qoyulub. Peşə bayramı Prezident İlham Əliyevin 2005-ci il 7 oktyabr tarixli sərəncamı ilə təsis olunub.
13 oktyabr 1938 - Əməkdar incəsənət xadimi, kinooperator Şərif Şərifov Bakıda anadan olub. Filmləri: “Yol əhvalatı”, “Əzablı yollar”, “Şir evdən getdi”, “Qərib cinlər diyarında” və s.
13 oktyabr 1967 - Aktyor, teatr xadimi İbrahim Hüseyn oğlu İsfahanlı (Hüseynzadə; 1897, Tiflis - 1967) vəfat edib. Tiflis Azərbaycan Dram Teatrında çalışıb, teatrın baş rejissoru olub, Gürcüstanın Xalq artisti adına layiq görülüb. “Böyük dayaq" filmində (1962) Yarməmməd roluna çəkilib.
13 oktyabr 1940 - Bəstəkar, Əməkdar incəsənət xadimi Rəşid Şəfəq (Rəşid Camal oğlu Əliyev) anadan olub. Uşaqlar üçün musiqi əsərlərinin müəllifidir: "Baş tutmayan hiylə", "Tülkü, Tülkü, Tünbəki..." (nağıl-komediya) və s.
13 oktyabr 1974 - Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq rəssamı Səttar Bəhlulzadə (15.12.1909, Bakı, Əmircan - 1974) vəfat edib. Dünyanın bir çox ölkələrində fərdi sərgiləri keçirilən rəssamın əsərləri müxtəlif xarici muzeylərin daimi eksponatları sırasındadır. Peyzajlarında, lirik natürmortlarında incə xalq yaradıcılığı motivləri hiss edilir.

Dünya

9 oktyabr Dünya Poçt Günüdür (World Post Day). 1969-cu ildə Dünya Poçt İttifaqı tərəfindən təsis olunub. BMT-nin rəsmi beynəlxalq günlər siyahısına daxildir.
9 oktyabr 1940 - İngilis musiqiçisi, «The Beatles» qrupunun yaradıcılarından biri Con Lennon (John Lennon, 1940 - 8.12.1980) anadan olub.

10 oktyabr 1813 - İtalyan bəstəkarı Cüzeppe Verdi (Giuseppe Fortunino Francesco Verdi, 1813 - 27.01.1901) anadan olub. “Riqoletto”, «Traviata», «Aida» operaları dünya musiqi xəzinəsinə daxildir.
10 oktyabr 1892 - Serb-xorvat yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1961) laureatı İvo Andriç (1892-1975) anadan olub. Romanları: “Drin üzərində körpü”, “Travnisk xronikası” və s.
10 oktyabr 1913 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1985) laureatı Klod Simon (Claude Simon, 1913-2005) anadan olub. Əsərləri: “Farsal döyüşü”, “Flandriya yolları”, “Qadınlar”.
10 oktyabr 1930 - İngilis dramaturqu, ssenarist, şair, ədəbiyyat üzrə Nobel mükafatı (2005) laureatı Harold Pinter (Harold Pinter; 1930-2008) anadan olub. Pyesləri: “Məşuq”, “Evə qayıdış”, “İtirilmiş zamanın axtarışında”.

11 oktyabr 1885 - Fransız yazıçısı, şair və dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı (1952) laureatı Fransua Moriak (François Mauriac, 1885-1970) anadan olub. "Məhəbbət səhrası", "İlan yığnağı", "Allah və Mammon", "İsanın həyatı", "Quzu" romanları, "Asmodey" pyesi və s. əsərlərin müəllifidir.
11 oktyabr 1942 - Hind aktyoru Amitabh Baççan (Amitabh Bachchan) anadan olub. Məşhur filmləri: “Qisas və qanun”, “Gecikmiş intiqam”, “Andlar və vədlər”, “Üç qardaş”, “Taleyin hakimi” və s.

12 oktyabr 1896 - İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1975) laureatı Eugenio Montale (Eugenio Montale, 1896-1981) anadan olub.
12 oktyabr 1924 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1921) laureatı Anatol Frans (Anatole France, əsl adı François-Anatole Thibault; 16.4.1844 - 1924) vəfat edib. Əsərləri: “Müasir tarix” silsilə romanları, “Mələklərin üsyanı”, “Pinqvinlər adası” və s.
12 oktyabr 1935 - Məşhur italyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti, 1935 - 6.9.2007) anadan olub.

13 oktyabr 1921 - Fransız aktyoru və müğənnisi İv Montan (Yves Montand - Ivo Livi, 1921-1991) anadan olub. Çəkildiyi filmlər: “Etiraf”, “Vəhşi”, “Silah seçimi”.

Hazırladı: Vüqar Orxan