Azərbaycan

14 oktyabr 1875 - Tanınmış maarif xadimi, nasir Əlisgəndər Hacıbaba oğlu Cəfərzadə (1875-1941) anadan olub.
14 oktyabr 1912 - Heykəltəraş, Əməkdar incəsənət xadimi Həyat Həmdulla qızı Abdullayeva (1912-2007) Dərbənd şəhərində anadan olub.
14 oktyabr 1933 - Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 1933 - 2.12.2004) Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nursu kəndində doğulub. Vətənpərvərlik, milli ruha sayğı şairin əsərlərinin aparıcı mövzusudur. Rus şairlərinin əsərlərini dilimizə tərcümə edib. Kitabları: «Daş harayı», “Qayalara yazılan səs”, “Dünya düzəlmir”, “Yol ayrıcında söhbət” və s. “İstiqlal” ordeninə (1995) layiq görülüb.
14 oktyabr 1962 - Xalq artisti, aktyor Əli Mirzə oğlu Qurbanov (20.6.1898, Tiflis - 1962) vəfat edib. Səhnə fəaliyyətinə Tiflisdəki Azərbaycan teatrında başlayıb, 1925-ci ildən Bakıda Akademik Dram Teatrında çalışıb. "Bəxtiyar" (Qurban), "Qızmar günəş altında" (Əli dayı), "Qara daşlar" (usta Ramazan), "Bir qalanın sirri" (Kamran baba) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

15 oktyabr 1910 - Tarixçi, ictimai xadim İsmayıl Abbas oğlu Hüseynov (1910-1969) anadan olub.
15 oktyabr 1910 - Tanınmış kinorejissor Hüseyn Seyidzadə (1910 - 2.6.1979) İrəvan şəhərində anadan olub. Milli kino tariximizdə özünəməxsus yeri olan “O olmasın, bu olsun”, “Koroğlu”, “Dəli Kür”, “Yenilməz batalyon”, “Qayınana” filmlərini çəkib.
15 oktyabr 1928 - Tanınmış təsviri sənət ustası, Xalq rəssamı, Prezident təqaüdçüsü Yusif İsmayıl oğlu Hüseynov (1928 - 1.9.2009) Bakıda anadan olub.
15 oktyabr 1932 - Şair Hafiz Həbib oğlu Baxış (1932 - 4.9.1989) Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Kirətağ kəndində anadan olub. Populyar mahnıların sözlərinin müəllifidir. Kitabları: “Azərbaycan oğluyam”, “Sona bülbüllər”, “Eşqimi sönməyə qoymaram”, “Dağlar üçün darıxmışam”.
15 oktyabr 1950 - Xalq artisti, məşhur tarzən Ağasəlim Sahib oğlu Abdullayev anadan olub.
15 oktyabr 1996 - Tanınmış diktor Gültəkin Əjdər qızı Cabbarlı (9.3.1929 - 1996) vəfat edib. Azərbaycanda peşəkar diktorluq məktəbinin yaranmasında xidmətləri olub.

Dünya

14 oktyabr 1864 - Polyak yazıçısı Stefan Jeromski (Stefan Zeromski, 1864-1925) anadan olub. “Kül”, “Həyatın bəzəyi”, “Dənizdən külək”, “Günahın tarixi” romanları, “Qızılgül” pyesi və s. əsərlərin müəllifidir.
14 oktyabr 1896 - Amerika kinoaktrisası, “Oskar” laureatı Lilian Qiş (Lillian Diana Gish, 1896- 1993) anadan olub. Filmləri: “Toy”, “Komediyaçılar”.
14 oktyabr 1927 - İngilis aktyoru Rocer Mur (Roger George Moore) anadan olub. “Agent 007” silsilə filmlərində Ceyms Bond rolunun ifaçısı (1973-1985) kimi məşhurlaşıb: “Yaşa və ölməyə imkan ver”, “Qızıl tapançalı adam”, “Səkkizayaq” və s.

15 oktyabr 1814 - Görkəmli rus şairi, yazıçı, dramaturq Mixail Yuryeviç Lermontov (1814 - 27.7.1841) anadan olub. Əsərləri: “Zəmanəmizin qəhrəmanı” (roman), “Mtsıri”, “Hacı Abrek”, “Qafqaz əsiri” (poema), “Maskarad” (pyes) və s. Azərbaycanda olub, “Aşıq Qərib” dastanını qələmə alıb. 1841-ci ildə Pyatiqorskda dueldə öldürülüb.
15 oktyabr 1844 - Alman filosofu Fridrix Nitsşe (Friedrich Wilhelm Nietzsche; 1844 - 25.8.1900) anadan olub. Dünya fəlsəfi fikrinə güclü təsir edən əsərlərin müəllifidir: “Faciənin doğuluşu”, “Zərdüşt belə deyirdi”, “Xeyir və Şərdən o yana”, “Bütlərin qürubu”, “Antixrist” və s.
15 oktyabr 1905 - İngilis yazıçısı Çarlz Persi Snou (Charles Percy Snow, 1905-1980) anadan olub. Əsərləri: “Özgələr və qardaşlar”, “Hakimiyyət dəhlizləri”, “Yelkənlər altında ölüm” və s.
15 oktyabr 1920 - İtalyan əsilli Amerika yazıçısı, ssenarist Mario Pyuzo (Mario Puzo, 1920-1999) anadan olub. Əsərləri “Xaç atası” (roman və eyniadlı filmin ssenarisi), “Siciliyalı”, “Xoşbəxt səhifə” və s.
15 oktyabr 1929 - Tanınmış serb şairi, yazıçı, tərcüməçi Milorad Paviç (1929-2009) anadan olub. Xəzər xaqanlığından (VIII-IX əsrlər) bəhs edən “Xəzər lüğəti” tarixi-ensiklopedik romanı ilə məşhurlaşıb.

Hazırladı: Vüqar Orxan