Azərbaycan

16 oktyabr 1855 - Görkəmli hərbi xadim, artilleriya general-leytenantı Səməd bəy Mehmandarov (1855 - 12.2.1931) Lənkəranda anadan olub. Çar Rusiyası ordusunda diviziya komandiri olub, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri işləyib. Sovetləşmədən sonra Bakıda hərbi komandirlər məktəbində dərs deyib.
16 oktyabr 1923 - Xalq yazıçısı, ədəbiyyatşünas, filologiya elmləri doktoru Gülhüseyn Hüseynoğlu (Gülhüseyn Hüseyn oğlu Abdullayev; 1923 - 8.7.2013) Masallı rayonunun Mollaoba kəndində doğulub. Azərbaycan ədəbiyyatında mənsur şeirin dəyərli nümunələrini yaradıb. BDU-nun müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru olub.
16 oktyabr 1926 - Bəstəkar, pedaqoq, Xalq artisti, professor Ramiz Mustafayev (1926 - 10.4.2008) anadan olub. “Vaqif”, “Polad”, “Xan və əkinçi” operalarının, operettaların, simfoniyaların və s. müəllifidir.
16 oktyabr 1935 - Yazıçı və kinodramaturq Əli Hüseyn oğlu Qafarov (1935-1979) anadan olub. “Azərbaycanfilm”də çəkilmiş bir neçə bədii (“Qızıl qaz”, “Çarvadarların izi ilə”) və sənədli (“Mahnıya həsr olunmuş həyat”, “Sevinc sarayı”, “Dirçəldilmiş torpaq”, “Odla təmasda”) filmlərin ssenari müəllifidir.
16 oktyabr 1946 - Kinooperator Köçəri Məmmədov (1946-2008) Gədəbəy rayonunda doğulub. Azərbaycanın yeni tarixini əks etdirən sənədli və xronikal filmlərin operatoru olub.
16 oktyabr 1949 - Ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik İsa Əkbər oğlu Həbibbəyli Naxçıvan MR Şərur rayonunun Danyeri kəndində anadan olub. Milli Məclisin deputatı, 2013-cü ildən AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktorudur.

17 oktyabr 1905 - Məşhur yazıçı Məhəmməd Əsəd bəy (Qurban Səid; 1905-1942) Bakıda anadan olub. Sovetləşmədən sonra Almaniyaya mühacirət edib. “Əli və Nino” romanı ilə şöhrət qazanıb, tarixi mövzuda 20-dək əsərin müəllifidir. İtaliyada vəfat edib.
17 oktyabr 1915 - Operator, rejissor, Xalq artisti Cavanşir Musa oğlu Məmmədov (1915-1997) Şuşada doğulub. Müharibə illərində (1941-1945) Mərkəzi Sənədli Filmlər Studiyasının operator qrupunda fəaliyyət göstərib. Bakı kinostudiyasında 10-dan çox sənədli film çəkib.
17 oktyabr 1924 - Şair Hüseyn Razi (Hüseyn Məmməd oğlu Rzayev; 1924 - 17.2.1998) Ordubad rayonunun Dəstə kəndində anadan olub.
17 oktyabr 2003 - Tanınmış şair, publisist Nüsrət Yusif oğlu Kəsəmənli (29.12.1946 - 2003) vəfat edib. 100-dən çox şeirinə musiqi bəstələnib, sənədli filmlərin ssenari müəllifidir. «Azərbaycanfilm»də baş redaktor işləyib, “Doğma sahillər” (1989) filmində çəkilib.
17 oktyabr 1936 - Yazıçı Çingiz Əbülhəsən oğlu Ələkbərzadə (1936 - 7.1.1999) anadan olub. Əsərləri: “Qızıl yəhərli at”, “Çılpaq”, “Vulkana doğru” üçseriyalı filmin ssenari müəllifidir.

18 oktyabr 1918 - Görkəmli ədəbiyyatşünas alim Mirəli Seyidov (1918-1992) İrəvanda doğulub. "Qövsi Təbrizi", "Azərbaycan mifik təfəkkürünün qaynaqları", "Azərbaycan xalqının söykökünü düşünərkən", "Yaz bayramı" və s. kitabların müəllifidir.
18 oktyabr 1949 - Tanınmış rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (Həsənov; 1949 - 12.5.2011) Bakının Mərdəkan qəsəbəsində doğulub. Musiqili Komediya, Milli Dram teatrlarında, Türkiyədə, Estoniyada tamaşalar hazırlayıb. 1989-cu ildə Yuğ Teatrını yaradıb. Filmlərdə çəkilib: “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Otel otağı”, “Sahə” və s.
18 oktyabr 1991 - Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi gündür. Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib. 6 fəsil, 32 maddədən ibarət sənəd Azərbaycanın müstəqilliyinin konstitusion əsaslarını müəyyənləşdirdi.

19 oktyabr 1898 - Tanınmış ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Feyzulla Qasımzadə (1898 - 29.3.1976) Mərdəkan kəndində anadan olub.
19 oktyabr 1972 - Opera müğənnisi, Azərbaycanın Xalq artisti, Gürcüstanın Əməkdar artisti Fatma Səttar qızı Muxtarova (26.3.1893 - 1972) vəfat edib. Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Uşaq yaşlarında ailəsi Rusiyaya köçüb. 1938-ci ildə Bakıya gəlib. Dövlət Opera və Balet Teatrının solisti olub.

20 oktyabr Azərbaycanda energetiklərin peşə bayramı günüdür. 1981-ci il oktyabrın 20-də Mingəçevirdə respublika energetikasının flaqmanı - “Azərbaycan» İES istifadəyə verilib. Qafqazda ən böyük istilik elektrik stansiyasıdır. Prezident İlham Əliyevin imzaladığı fərmanla 2004-cü ildən bu tarix “Energetiklər günü” kimi qeyd olunur.
20 oktyabr 1910 - İlk azərbaycanlı qadın teatr rəssamlarından biri İzzət Əli qızı Seyidova (20.10.1910 - 30.11.1973) anadan olub. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyub, 1938-ci ildən Opera və Balet Teatrında fəaliyyət göstərib.
20 oktyabr 1913 - Tanınmış şair Əhməd Cəmil (Əhməd Səttar oğlu Cəmilzadə, 1913 - 27.9.1977) İrəvanda doğulub. Bir çox ədəbi nəşrlərə rəhbərlik edib. Rus, Ukrayna, gürcü, Belarus, özbək şairlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.
20 oktyabr 1917 - Xalq artisti, opera müğənnisi İdris Fərhad oğlu Ağalarov (1917- 4.5.1975) anadan olub.
20 oktyabr 1922 - Xalq artisti, müğənni Şövkət Feyzulla qızı Ələkbərova (1922 - 7.2.1993) anadan olub. Məlahətli səsi ilə Azərbaycan musiqisini dünyanın bir sıra ölkələrində tanıdıb. Bülbül adına orta ixtisas musiqi məktəbində dərs deyib.
20 oktyabr 1923 - Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi latın əlifbasının dövlət əlifbası kimi tanınması haqqında dekret qəbul edib. Latın qrafikalı Azərbaycan əlifbası 1929-cu ildən tam tətbiq olunmağa başladı və 1939-cu ilədək qüvvədə oldu.
20 oktyabr 1929 - Bakıda Ümumazərbaycan yazıçılarının ikinci qurultayı keçirilib.
20 oktyabr 1940 - İctimai-siyasi xadim, diplomat, tarix elmləri doktoru Həsən Əziz oğlu Həsənov Tiflisdə doğulub. M.F.Axundzadənin həyatından bəhs edən "Brüsseldən məktublar" pyesinin, Nəriman Nərimanov haqqında monoqrafiyanın, tarixi mövzuda kitabların müəllifidir. 2010-cu ildən Azərbaycanın Polşada səfiridir.

Dünya

16 oktyabr 1854 - Görkəmli irland şairi və dramaturqu Oskar Uayld (Oscar Fingal O"Flahertie Wills Wilde, 1854-1900) anadan olub. “Diriana Qreyin portreti” romanı, “İdeal ər”, “Diqqətə layiq olmayan qadın” və s. pyeslərin müəllifidir.
16 oktyabr 1888 - Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1936) Yudjin O’Nil (Eugene Gladstone O"Neill, 1888-1953) anadan olub. “Üfüqün arxasında”, “Buz paylayan gələcək”, “Qarağaclar altında məhəbbət” və s. pyeslərin müəllifidir.
16 oktyabr 1927 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1999) Günter Qrass (Günter Wilhelm Grass) anadan olub. Əsərləri: "Tənəkə təbili", "Pişik və siçan”, “İt illəri”, “İblisin gündəliyindən”.
16 oktyabr 1948 - Məşhur hind aktrisası, rejissor Hema Malini anadan olub. Çəkildiyi filmlər: “Zita və Gita”, “Qisas və qanun”, “Əlibaba və qırx quldurun macəraları”, “Cəngəlliklər kralı” və s.

17 oktyabr 1849 - Dünya şöhrətli polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Fryderyk Chopin, 22.2.1810 - 1849) vəfat edib. Vals, noktürn, ballada, sonata, polonez və digər janrlarda əsərlərin müəllifidir.
17 oktyabr 1915 - Amerika dramaturqu Artur Miller (Arthur Aster Miller, 1915-2005) anadan olub. Əsərləri: “Mənim bütün oğullarım”, “Kommivoyacerin ölümü”, “Sərt sınaq” və s.
17 oktyabr 1972 - Türk estrada ulduzu Tarkan Tevetoğlu Almaniyanın Frankfurt şəhəri yaxınlığındakı Alzey qəsəbəsində doğulub. 1986-cı ildən Türkiyədə yaşayır.

18 oktyabr 1859 - Fransız filosofu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1927) Anri Berqson (Henri-Louis Bergson, 1859-1941) anadan olub. Əsərləri: “Yaradıcılıq təkamülü”, “Materiya və yaddaş”.
18 oktyabr 1926 - Amerika aktyoru Corc Skott (George Campbell Scott, 1926-1999) anadan olub. Filmləri: “Patton” (“Oskar” mükafatı), “12 qəzəblənmiş kişi” və s.
18 oktyabr 1960 - Belçika əsilli Amerika aktyoru, kinorejissor Jan Klod van Damm (Jean-Claude Van Damme) anadan olub. Filmləri: “Qanlı idman”, “İkiqat zərbə”, “Universal əsgər”, “Çətin hədəf” və s.

19 oktyabr 1862 - Dünya kinosunun baniləri sayılan fransız Lümyer qardaşlarından Ogüst Mari Nikola Lümyer (Auguste Louis Marie Nicholas Lumiere; 1862-1954) anadan olub.
19 oktyabr 1899 - Qvatemala yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1967) laureatı Migel Anxel Asturias (Miguel Angel Asturias, 1899-1974) anadan olub. Əsərləri: “Senyor Prezident”, “Dəfn olunmuşların başçısı” və s.

20 oktyabr 1854 - Fransız şairi, poeziyada simvolizmin banilərindən biri Artur Rembo (Jean Nicolas Arthur Rimbaud, 1854-1891) anadan olub.
20 oktyabr 1905 - Amerikalı yazıçı, detektiv əsərlər müəllifi Frederik Danney (Frederick Dannay - Daniel Nathan, 1905-1982) anadan olub.
20 oktyabr 1919 - Başqırd şairi Mustay (Mustafa) Kərim (1919-2005) anadan olub.

Hazırladı: Vüqar Orxan