Azərbaycan

24 oktyabr 1882 - Görkəmli şair, dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə; 1882 - 5.12.1941) Naxçıvanda anadan olub. Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin ("İblis", "Topal Teymur", "Şeyx Sənan", “Xəyyam” və s.) müəllifidir. 1938-ci ildə repressiya olunub, 1941-ci ildə Sibirdə sürgündə vəfat edib. 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə nəşi Vətənə gətirilərək Naxçıvanda dəfn olunub.
24 oktyabr 1993 - Görkəmli muğam ustası, qəzəlxan-şair, Xalq artisti Hacıbaba Hüseynəli oğlu Hüseynov (19.3.1919 - 1993) vəfat edib. A.Zeynallı adına Musiqi Məktəbində muğamatdan dərs deyib, xanəndələr yetişdirib.

25 oktyabr 1911- Biblioqraf, ədəbiyyatşünas, pedaqoq Əliheydər Bala oğlu Qəhrəmanov (1911-1959) anadan olub.
25 oktyabr 1912 - Xalq rəssamı Bədurə Məlik qızı Əfqanlı (Ağamalova; 1912 - 7.5.2002) anadan olub. Milli Dram Teatrında, "Azərbaycanfilm"də ("Dəli Kür", "Dədə Qorqud" və s.) geyim üzrə rəssam işləyib.
25 oktyabr 1913 - Bakıda (Tağıyev teatrında) Üzeyir Hacıbəylinin «Arşın mal alan» operettasının ilk tamaşası olub. Tamaşaya Hüseyn Ərəblinski quruluş verib.
25 oktyabr 1921 - Görkəmli aktrisa, Xalq artisti Nəcibə Haşım qızı Məlikova (1921 - 27.7.1992) anadan olub. Müxtəlif teatrlarda çalışıb. "Ögey ana" (Dilarə), "Aygün" (Aygün), "Əhməd haradadır?" (Nərgiz xala), "Arşın mal alan" (1965, Cahan xala) filmlərində yaddaqalan obrazlar yaradıb.
25 oktyabr 1923 - Bakı Rus "Tənqid-təbliğ" Teatrı yenidən təşkil olunaraq Bakı İşçi Teatrı adlandırılıb. Sonradan bu sənət ocağı S.Vurğun adına Bakı Rus Dram Teatrı adlandı.
25 oktyabr 1925 - Yazıçı, tarixçi, şərqşünas Əbdül Ənbiyə oğlu Hüseynov Bakının Əmircan kəndində doğulub. Aşqabad Universitetini bitirib, Türkmənistan mədəniyyət nazirinin müavini olub. 1960-cı ildən Moskvada yaşayır. “İslam dünyasının cəngavəri”, “Bəhrəmgurun məhəbbəti və kədəri”, “Üsyankar Xaqani” və s. tarixi romanların müəllifidir.
25 oktyabr 1930 - Xalq rəssamı, qrafik Elmira Həbibulla qızı Şahtaxtinskaya (1930 - 15.10.1996) anadan olub.
25 oktyabr 1935 - Qəzəlxan şair Hacı Mail (Mail İsmayıl oğlu Əliyev; 1935 - 22.8.1999) anadan olub.
25 oktyabr 1954 - Görkəmli aktyor, SSRİ Xalq artisti Mirzəağa Əli oğlu Əliyev (1883, Bakı, Hövsan - 25.10.1954) vəfat edib. “Nicat" cəmiyyətinin teatr truppasında çıxış edib, Bakı “Tənqid-təbliğ” Teatrının təşkilatçılarından olub, 1924-cü ildən Dövlət Dram Teatrında çalışıb. “Bismillah", "Hacı Qara", "Almaz", "Bakının işıqları" və s. filmlərdə çəkilib.
25 oktyabr 1960 - Əməkdar artist Sənubər Sabir qızı İsgəndərli Bakıda doğulub. 1997-ci ildən Azərbaycan Akademik Milli Dram Teatrında çalışır. “Kişi sözü", "Şahid qız", "Fəryad" və s. filmlərdə çəkilib.
25 oktyabr 2008 - Dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayev (17.8.1942 - 2008) vəfat edib. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. “Nizami” filmində (rejissor Eldar Quliyev) baş rola çəkilib. Azərbaycanın “Şöhrət”, “İstiqlal” ordenləri ilə təltif edilib. Bakıda, Fəxri xiyabanda dəfn olunub.

26 oktyabr 1925 - Ədəbiyyatşünas, publisist, nasir Qafar Herisçi (1925 - 24.5.1997) anadan olub. 1945-1946-cı illərdə Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi milli hərəkatda fəal iştirak edib.
26 oktyabr 1948 - Yazıçı-publisist Ağarəhim Rəhimov Ucar rayonunun Boyat kəndində doğulub. "Canavar balası", "Qırmızı qar" ssenariləri əsasında bədii filmlər çəkilib.

27 oktyabr 1932 - Bəstəkar, Azərbaycan musiqi tarixində ilk romansların müəllifi Asəf Zeynallı (5.4.1909 - 1932) vəfat edib. Tamaşalara musiqi bəstələyib, Azərbaycanda uşaq musiqisi repertuarının əsasını qoyub, xalq mahnılarını nota alıb.
27 oktyabr 1937 - İctimai xadim, diplomat, publisist Ramiz Abutalıb oğlu Abutalıbov Ordubad şəhərində doğulub. UNESCO-da çalışıb, 1992-2004-cü illərdə Azərbaycanın qurumda daimi nümayəndəsi olub.
27 oktyabr 1939 - Şair, dramaturq, ssenarist, tərcüməçi Əməkdar incəsənət xadimi Alla Axundova Moskvada doğulub. “Şərikli çörək”, “Alma almaya bənzər” və s. filmlərin ssenari müəllifidir.
27 oktyabr 1945 - Kinorejissor, Əməkdar mədəniyyət işçisi Akif Rüstəmov Bakı şəhərində anadan olub.

Dünya

24 oktyabr 1882 - Macar bəstəkarı İmre Kalman (Imre Kalman, 1882-1953) anadan olub. “Silva”, “Sirk şahzadəsi”, “Monmartrın bənövşəsi” operettalarının müəllifidir.
24 oktyabr 1911 - Məşhur rus aktyoru, rejissoru, SSRİ Xalq artisti Arkadi İsaakoviç Raykin (1911-1987) anadan olub. Miniatür estrada teatrının yaradıcısıdır.
24 oktyabr 1945 - Birləşmiş Millətlər Təşkilatının yarandığı gündür.

25 oktyabr 1825 - Avstriya bəstəkarı İohann (oğul) Ştraus (1825-1899) anadan olub. 150-dən çox vals, 15 operetta, digər musiqi əsərlərinin müəllifidir.
25 oktyabr 1838 - Fransız bəstəkarı Jorj Bize (Alexandre-Cesar-Leopold Bizet, 1838-3.6.1875) anadan olub. Operaları: “Karmen”, “Camile”, “Mərcan axtaranlar” və s.
25 oktyabr 1864 - Qırğız milli ədəbiyyatının banilərindən biri, şair, aşıq Toktoqul Satılqanov (1864-1933) anadan olub.
25 oktyabr 1881 - İspan rəssamı, heykəltəraş Pablo Pikasso (Pablo Ruiz Picasso; 1881 - 8.4.1973) anadan olub. Kubizm cərəyanının banilərindən biridir. Əsərləri: "Avinyonlu qızlar", "Şar üzərində qızcığaz", "Gernika".
25 oktyabr 1894 - XX əsr türk xalq poeziyasının böyük sənətkarı Aşıq Veysəl (Veysəl Satıroğlu; 1894 - 21.03.1973) Sivasda doğulub. Kiçik yaşlarında gözlərinin nurunu itirsə də, dillər əzbəri olan əsərlər yaradıb.
25 oktyabr 1924 - Türkçülüyün əsas ideoloqlarından biri, şair və publisist Mehmet Ziya Göyalp (1876-1924) vəfat edib.

26 oktyabr 1842 - Görkəmli rus batalist rəssamı Vasili Vasilyeviç Vereşşaqin (1842-1904) anadan olub. Əsərləri: “Müharibənin təntənəsi”, “Teymurləngin qapıları” və s.
26 oktyabr 1912 - Amerika rejissoru, “Oskar” laureatı Don Siqel (Donald Siegel, 1912-1991) anadan olub. Filmləri: “Gecədə ulduz”, “Qatillər”, ”Hitler sağdır” və s.

27 oktyabr 1782 - İtalyan bəstəkarı, məşhur skripkaçı Nikkolo Paqanini (Niccolo Paganini, 1782 - 27.5.1840) anadan olub. Sonata, kvartet və digər musiqi əsərlərinin müəllifidir.
27 oktyabr 1899 - SSRİ Xalq artisti Mixail İvanoviç Jarov (1899-1949) anadan olub. 1926-1929-cu illərdə Bakı İşçi Teatrında (indiki Dövlət Rus Dram Teatrı) çalışıb.

Hazırladı: Vüqar Orxan