Azərbaycan

27 oktyabr 1950 - Xalq artisti, dirijor Ağaverdi Ağa oğlu Paşayev Bakıda anadan olub. Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri, Azərbaycan Milli Konservatoriyasının professoru, kafedra müdiridir.

28 oktyabr 1911 - Xalq yazıçısı, dramaturq, ictimai xadim, akademik, Sosialist Əməyi Qəhrəmanı Mirzə Əjdər oğlu İbrahimov (1911 - 17.12.1993) Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. 1918-ci ildə ailəsi ilə Bakıya gəlib. «Gələcək gün», «Böyük dayaq» romanlarının, povest və hekayələrin, “Həyat”, “Kəndçi qızı” və s. pyeslərin müəllifidir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), SSRİ-nin Asiya və Afrika Xalqları ilə Həmrəylik Komitəsinin sədri olub. Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edib.
28 oktyabr 1941 - Kinooperator Vaqif Muradov anadan olub. Filmləri: “Uşaqlığın son gecəsi” (operator assistenti), “Yuxu” (ikinci operator) və s. “Mozalan” kinojurnalının bir çox buraxılışlarının operatoru olub.

29 oktyabr 1937 - Görkəmli dirijor, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Rauf Canbaxış oğlu Abdullayev anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijorudur. Azərbaycan Dövlət Opera və Balet Teatrının (1968-1984), Ankara Opera və Balet Teatrının (1993-1997) baş dirijoru işləyib.
29 oktyabr 1941 - Xalq artisti Ağaxan Əli oğlu Salmanlı Bakıda anadan olub. Gənc Tamaşaçılar Teatrında çalışır. Televiziya tamaşalarında (“Ordan-burdan”, “Nigarançılıq” və s.) çəkilib. Uşaqlar üçün pyeslərin müəllifidir, bir neçə tamaşaya quruluş verib.
29 oktyabr 1949 - Aktyor Şahin Cəbrayılov (1949 - 5.9.2007) anadan olub. Televiziya tamaşalarında (“Kökdən düşmüş piano”, “Qatarda”) yaddaqalan obrazlar yaradıb. filmlərdə (“Yol əhvalatı”, “Alman klinikasına şəxsi səfər” və s.) çəkilib.
29 oktyabr 1993 - Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində Zəngilanın 707 kvadrat kilometr ərazisi qəsb olunub, 35 min nəfər yurd-yuvasından didərgin düşüb. Rayonun iqtisadi infrastrukturu, 50-dən çox kitabxana, 30-dan çox klub, 9 mədəniyyət evi qəsbkarlar tərəfindən talan edilib.

Dünya

28 oktyabr Beynəlxalq Animasiya Günüdür (International Animation Day). 1892-ci ilin 28 oktyabrında fransalı ixtiraçı rəssam Emil Reno ekranda ilk animasiya lentini nümayiş etdirib. Əlamətdar gün 2002-ci ildə Beynəlxalq Animasiya Kinosu Assosiasiyası tərəfindən təsis olunub.
28 oktyabr 1957 - Türkiyə müğənnisi, bəstəkar Əhmət Qaya (1957 - 16.11.2000, Paris) Malatyada anadan olub.
28 oktyabr 1967 - Amerika kinoaktrisası Culiya Roberts (Julia Roberts) anadan olub. Filmləri: “Gözəlçə”, “Düşmənlə yataqda”, “Ən yaxın dostun toyu”, “Erin Brokoviç” (“Oskar” mükafatı, 2000) və s.

29 oktyabr 1863 - Beynəlxalq Qırmızı Xaç Komitəsinin (International Committee of the Red Cross - ICRC) yarandığı gündür. İsveçrəli iş adamı, xeyriyyəçi Anri Dünan (Jean Henri Dunant, 1828-1910) tərəfindən təsis edilən humanitar təşkilat silahlı münaqişələrdən zərər çəkənlərə yardım göstərir.
29 oktyabr 1923 - Türkiyə Cümhuriyyətinin yarandığı gündür. Ankarada, Türkiyə Böyük Millət Məclisində keçirilən mərasimdə Türkiyə Cümhuriyyəti elan olunub, Mustafa Kamal paşa ilk prezident seçilib.
29 oktyabr 1947 - Amerika aktyoru, “Oskar” laureatı Riçard Dreyfus (Richard Stephen Dreyfuss) anadan olub.

Hazırladı: Vüqar Orxan