Azərbaycan

30 oktyabr 1880 - Məşhur tarzən, Xalq artisti Qurban Bəxşəli oğlu Pirimov (1880 - 29.8.1965) Şuşa qəzasının Abdal-Gülablı (indiki Ağdam rayonu) kəndində doğulub. 1905-ci ildən xanəndə Cabbar Qaryağdıoğlu və kamançaçı Saşa Oqanezaşvili ilə birlikdə yaratdığı muğam üçlüyündə 20 ilə yaxın fəaliyyət göstərib. 1920-ci ildən Opera və Balet Teatrının solisti olub.
30 oktyabr 1907 - Jurnalist, tərcüməçi və naşir Adil Əfəndiyev (1907-1973) Gürcüstanın Axalsix rayonunda anadan olub. Azərbaycan Jurnalistlər Birliyinin ilk sədri olub. Rusca-Azərbaycanca üçcildlik lüğətin tərtibçisidir, rus və Avropa yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib.
30 oktyabr 1928 - Tanınmış sənətşünas alim, akademik Rasim Əfəndiyev (1928 - 13.2.2010) Qazaxda doğulub. 30-dək kitabın müəllifidir. “Azərbaycan dekorativ-tətbiqi sənəti”, “Azərbaycanın bəzək sənəti”, “Azərbaycan daş plastikası” kitabları xarici dillərə tərcümə olunub. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib.
30 oktyabr 1930 - Azərbaycan Yazıçılar İttifaqının “Hücum” jurnalı nəşrə başlayıb.
30 oktyabr 1941 - Televiziya rejissoru, Əməkdar incəsənət xadimi Oqtay Ələkbər oğlu Babazadə anadan olub.
30 oktyabr 1948 - Tanınmış yazıçı-dramaturq Əli Məmməd oğlu Əmirli Ağdam rayonunun Novruzlu kəndində doğulub. "Meydan", "Axirətdən qabaq gəzinti", "Ölü doğan şəhər" romanlarının, "Bala bəla sözündəndir", "Köhnə ev", "Ağqoyunlular və qaraqoyunlular", “Mesenat”, "Varlı qadın", “Şah Qacar” və s. pyeslərin müəllifdir.
30 oktyabr 2005 - Xalq artisti, müğənni, bəstəkar Məmmədbağır Bağırzadə (21.7.1950 - 2005) vəfat edib. Xalq və bəstəkar mahnılarının unudulmaz ifaçısı, bir sıra populyar mahnıların (“Kimlərə qaldı dünya?”, “Yadıma düşdü” və s.) müəllifi olub.

31 oktyabr 1940 - Bəstəkar, musiqişünas Nərgiz Mahmud qızı Şəfiyeva Bakıda anadan olub. Fortepiano üçün prelüdlər, sonata, instrumental kompozisiya və s. əsərlərin müəllifidir.
31 oktyabr 1955 - Bəstəkar, Əməkdar incəsənət xadimi Cahangir Oqtay oğlu Zülfüqarov Bakıda doğulub. Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri, Azərbaycan Dövlət Kukla Teatrının musiqi hissə müdiridir.
31 oktyabr 1963 - Bəstəkar, dirijor, Əməkdar incəsənət xadimi Nadir Nəriman oğlu Əzimov anadan olub.

1 noyabr Azərbaycanda “Kənd təsərrüfatı işçiləri günü” kimi qeyd olunur. Prezident İlham Əliyevin 9 oktyabr 2008-ci il tarixli sərəncamı ilə təsis edilib.
1 noyabr 1906 - Azərbaycanın ictimai-siyasi və ədəbi fikir tarixində önəmli rol oynamış «Füyuzat» jurnalı nəşrə başlayıb. Hacı Zeynalabdin Tağıyevin yardımı ilə nəşr olunan jurnalın redaktoru Əli bəy Hüseynzadə idi. 32 sayı işıq üzü görüb.
1 noyabr 1939 - Tanınmış şair, publisist Məmməd İsmayıl (Məmməd Mürşüd oğlu İsmayılov) anadan olub.
1 noyabr 1940 - Xalq artisti Elmira Şabanova Bakıda anadan olub. Teatr, televiziya tamaşaları və kinoda (“Səhər”, “Əsl dost”, “Ötən ilin son gecəsi”, “Qəm pəncərəsi”, “Gecə qatarında qətl”, “Təhminə” və s.) yaddaqalan obrazlar yaradıb.
1 noyabr 1944 - Əməkdar artist Səmayə Məmməd qızı Musayeva Qax rayonunda anadan olub. Musiqili Komediya Teatrında işləyib. Televiziya tamaşalarına və filmlərə (“Tütək səsi”) çəkilib.
1 noyabr 1949 - Səs operatoru Tatyana Kərimova anadan olub. "Azərbaycanfilm"də çəkilən “Qəm pəncərəsi”, “Qətl günü” və s. filmlərin səs operatorudur.
1 noyabr 1952 - Əməkdar artist Elxan Əlibala oğlu Quliyev anadan olub. Milli Dram Teatrında çalışır, “Sevinc buxtası", "İstintaq" filmlərində çəkilib.
1 noyabr 1956 - Kinorejissor Yavər Rzayev anadan olub. Bir neçə sənədli və bədii filmin (“Sari gəlin”, “İlahi məxluq”) rejissorudur.

2 noyabr 1934 - Tanınmış şair, Əməkdar müəllim Oqtay Rza (Oqtay Məhərrəm oğlu Rzalı) Salyan rayonunun Qalalı kəndində doğulub. 20-dən çox kitabın müəllifidir. Dünya xalqları ədəbiyyatından tərcümələr edib.
2 noyabr 1937 - Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 1937 - 18.11.2000) anadan olub. Populyar mahnıların müəllifidir, teletamaşalara (“Evləri köndələn yar”, “Səni axtarıram”), 40-a yaxın filmə musiqi bəstələyib: “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Onun bəlalı sevgisi”, “Ad günü”, “İstintaq”, “Həm ziyarət, həm ticarət”, “Ölsəm... bağışla” və s.
2 noyabr 1988 - Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökumə Abbasəli qızı Qurbanova (11.6.1913 - 1988) vəfat edib. 1938-ci ildən Milli Dram Teatrında çalışıb, dramatik və faciə rollarının əvəzsiz ifaçısı olub. "Onu bağışlamaq olarmı?" (Kəmalə xanım), "İnsan məskən salır" (Ana) filmlərində çəkilib.
2 noyabr 1997 - Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlov (1909-1997) vəfat edib. Ümumittifaq Kinematoqrafiya İnstitutunun ilk azərbaycanlı məzunlarından biri olub.

Dünya

30 oktyabr 1751 - İngilis-irland yazıçısı Riçard Brinsli Şeridan (Richard Brinsley Sheridan, 1751-1816) anadan olub.
30 oktyabr 1871 - Fransız şairi, yazıçı, filosof Pol Valeri (Paul Valery - Ambroise Paul Toussaint Jules Valery, 1871-1945) anadan olub.
30 oktyabr 1937 - Fransız rejissoru, ssenarist, operator, aktyor Klod Leluş (Claude Lelouch) anadan olub. “Qadın və kişi” filminə görə “Oskar” mükafatına (1966) layiq görülüb.

31 oktyabr 1922 - SSRİ-nin Xalq artisti Anatoli Papanov (1922 - 5.8.1987) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Avtomobildən qorun”, “Brilyant əl”, “12 stul”, ”Uğur centlemenləri”, “Şikayət kitabını verin” və s.
31 oktyabr 1993 - İtalyan kinorejissoru Federiko Fellini (Federico Fellini, 20.1.1920 - 1993) vəfat edib. Beş dəfə “Oskar” mükafatına layiq görülüb. Filmləri: “Yol”, “Kabiriya gecələri”, “Şirin həyat”, “Səkkiz yarım”, “Amarkord” və s.

1 noyabr 1636 - Fransız şairi, ədəbiyyatşünas, klassisizmin nəzəriyyəçisi Nikola Bualo (Nicolas Boileau-Despreaux, 1636 - 13.3.1711) anadan olub.

2 noyabr 1906 - İtalyan kino və teatr rejissoru Lukino Viskonti (Luchino Visconti di Modrone; 1906 - 17.3.1976) anadan olub. Filmləri: “Ən gözəl”, “Rokko və onun qardaşları”, “İnteryerdə ailə portreti”, “Leopard” və s.
2 noyabr 1965 - Məşhur hind aktyoru Şahrux Xan (Shahrukh Khan) anadan olub. Əslən puştu, dini etiqadına görə müsəlmandır. Filmləri: “Dəlisov məhəbbət”, “Ölümlə oyun”, “Qaçırılmamış gəlin” və s.

Hazırladı: Vüqar Orxan