Azərbaycan

3 noyabr 1983 - Görkəmli aktyor, Xalq artisti Əliağa İsmayıl oğlu Ağayev (22. 3. 1913 - 1983) vəfat edib. 1936-cı ildə Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. 1961-ci ildən Akademik Dram Teatrında çalışıb. “O olmasın, bu olsun” (Məşədi İbad), "Sehrli xalat" (Xan), "Görüş" (Şıxəli), "Əhməd haradadır?" (Kassir), "Qanun naminə" (Məmmədxan), “Bizim Cəbiş müəllim” (Əbülfəz) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

4 noyabr 1954 - Aktyor, rejissor Fərman Abdulcabbar oğlu Abdullayev (1954 - 5.3.2013) Şəkidə anadan olub. Şəki Dram Teatrında çalışıb. “Həm ziyarət, həm ticarət”, “Sarı gəlin”, “Yalan” və s. filmlərdə çəkilib.
4 noyabr 1959 - Tanınmış dirijor, Xalq artisti Yalçın Vasif oğlu Adıgözəlov Bakıda anadan olub. Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professorudur.

5 noyabr 1925 - Tanınmış türkoloq, ədəbiyyatşünas, filologiya elmləri doktoru Elməddin Məhəmməd oğlu Əlibəyzadə (1925 - 26.3.2015) Oğuz rayonunun Muxas kəndində anadan olub. “Azərbaycan dilinin tarixi”, “Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi (islamaqədərki dövr)” və s. elmi əsərlərin müəllifidir.
5 noyabr 1938 - Ərəbşünas, filologiya elmləri doktoru, professor Malik Rüstəm oğlu Mahmudov (1938 - 3.6.1991) Ordubad şəhərində anadan olub.
5 noyabr 1948 - Satirik şair, qəzəlxan Baba Pünhan (Atababa Seyidəli oğlu Mədətzadə; 1948 - 17.4.2004) Bakının Kürdəxanı qəsəbəsində doğulub. Kitabları: "Acı həqiqət", "Mən nə dedim ki...", "Kim nə götürdü".
5 noyabr 1952 - Filologiya elmləri doktoru, professor Vilayət Muxtar oğlu Quliyev Ağcabədidə anadan olub. Xarici işlər naziri, Azərbaycanın Polşada səfiri işləyib. 2010-cu ildən ölkəmizin Macarıstanda səfiridir. Kitabları: “Mirzə Kazımbəy”, “Ağaoğlular”, “Tarixdə iz qoyan şəxsiyyətlər” və s.
5 noyabr 2001 - Xalq artisti, tanınmış aktyor Eldəniz Zeynalov (1.1.1937 - 2001) dünyasını dəyişib. “Əhməd haradadır?”, “Bir cənub şəhərində”, “Yol əhvalatı” və s. filmlərdə, teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

Dünya

3 noyabr 1801 - İtalyan bəstəkarı Vinçenso Bellini (Vincenzo Salvatore Carmelo Francesco Bellini, 1801-1835) anadan olub. Operaları: “Norma”, “Somnambula” və s.
3 noyabr 1797 - Rus yazıçısı Aleksandr Bestujev-Marlinski (1797-1837) anadan olub. Dekabristlər üsyanında (1925) iştiraka görə Qafqaza sürgün olunub. Azərbaycan dilini öyrənib, M.F.Axundzadə ilə dostluq edib, onun Puşkinin ölümünə həsr etdiyi “Şərq poeması”nı ruscaya tərcümə edib. Azərbaycan xalq qəhrəmanın həyatından bəhs edən “Molla Nur” povestini yazıb.
3 noyabr 1869 - Rus şərqşünası, akademik Vasili Vladimiroviç Bartold (1869-1930) anadan olub. İslam dini tarixinə dair əsərlərin müəllifidir. “Kitabi-Dədə Qorqud”un bəzi boylarını rus dilinə tərcümə edib. 1924-cü ildə Azərbaycan Dövlət Universitetində “Türk-tatar xalqları tarixi” kursundan mühazirələr oxuyub.
3 noyabr 1901 - Fransız yazıçısı, kulturoloq Andre Malro (Andre Malraux; 1901-1976) anadan olub. “Kral yolu”, “Nifrət illəri”, “Qara üçbucaq” romanlarının müəllifidir. Fransanın mədəniyyət naziri işləyib.
3 noyabr 1927 - Polşa aktyoru, ölkəsinin “Milli qəhrəmanı” adına layiq görülmüş Zbiqnev Sıbulski (Zbigniew Cybulski, 1927-1967) anadan olub. Filmləri: “Kül və almaz”, “Günahsız sehrbazlar”, “Necə sevimli olmalı” və s.

4 noyabr 1575 - İtalyan rəssamı Qvido Reni (Guido Reni, 1575-1642) anadan olub.
4 noyabr 1923 - Alman yazıçısı Barbara Bartos-Höpner (Barbara Bartos-Höppner, 1923-2006) anadan olub. Uşaq və yeniyetmələr üçün kitabların (“Qara qayıqlar buxtası” və s.), ssenarilərin müəllifidir.
4 noyabr 1928 - Türkiyə Cümhuriyyətində ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul olunub.
4 noyabr 1946 - BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı - UNESCO (United Nations Educational, Scientific and Cultural Organization) fəaliyyətə başlayıb. 1945-ci il noyabrın 16-da Parisdə 37 ölkə tərəfindən təşkilatın nizamnaməsi imzalanıb. Sənəd 20 ölkə tərəfindən ratifikasiya olunduqdan sonra, 1946-cı il noyabrın 4-də qüvvəyə minib. Təşkilatın mənzil-qərargahı Parisdə yerləşir.

5 noyabr 1878 - Rus (polyak əsilli) yazıçısı və dramaturqu Mixail Arsıbaşev (1878-1927) anadan olub. 1923-cü ildə Polşaya mühacirət edib. Əsərləri: “Sanin”, “Ən son həddə” (roman), “Qısqanclıq”, “Vəhşi qanunu” (pyes) və s.
5 noyabr 1913 - Məşhur ingilis aktrisası Vivyen Li (Vivien Leigh - Vivian Mary Hartley; 1913-1967) anadan olub. “Küləklə sovrulanlar” filmində Skarlett roluna görə “Oskar” mükafatına layiq görülüb.
5 noyabr 1938 - Dünya şöhrətli fransız (yəhudi əsilli) müğənnisi və bəstəkarı Co Dassen (Joe Dassin - Joseph Ira Dassin; 1938-20.8.1980) anadan olub.

Hazırladı: Vüqar Orxan