“Məni elə yerdə dəfn edin ki, məktəblilər hər gün qəbrimin yaxınlığından keçərkən ruhumu şad etsinlər”

XIX əsrin sonu - XX əsrin birinci yarısında şah istibdadının və mürtəce din xadimlərinin hökmran olduğu İranda, xüsusilə Təbriz şəhərində doqquz yeni üsullu məktəb açılmışdı. Bu məktəblərin təsisçisi böyük maarifçi və naşir Hacı Mirzə Həsən Rüşdiyyə idi.

Hacı Mirzə Həsən Mehdi oğlu Təbrizi 1851-ci ildə Təbrizdə ruhani ailəsində dünyaya göz açıb. İlk təhsilini molla məktəbində alıb, ərəb və fars dillərini öyrənib. O da ruhani olmaq istəyir. Ancaq “Əxtər” qəzetindəki bir məqalə onu bu yoldan uzaqlaşdırır. Orada yazılırdı ki, Avropada hər min nəfərdən on nəfəri savadsız, İranda isə hər min nəfərdən on nəfəri savadlıdır. Bu nöqsan əlifbanın çətinliyi və tədris üsulundakı qüsurlardan irəli gəlir...
Beləliklə, Həsən atasının razılığı ilə Türkiyəyə gedir. İstanbulda fəaliyyət göstərən məktəblərə baş çəkir, Osmanlının təhsil sistemi ilə yaxından tanış olur. 1880-ci ildə Beyrut Pedaqoji Universitetinə (Livan) qəbul olunur. Təhsilini davam etdirməklə bərabər, əlifbanın asan və yeni üsulla tədrisini mənimsəyir. Bu dövrdən özünə “Rüşdiyyə” təxəllüsü götürür.
Təhsilini başa vurduqdan sonra İstanbula qayıdır. 1883-cü ildə İrəvan şəhərinə gedir. Qardaşı Mirzə Əlinin köməyi ilə müasirtipli dünyəvi məktəb açır. İran hökmdarı Nəsirəddin şah Qacar da çar Rusiyasına səfəri zamanı İrəvanda olur və bu təhsil ocağını ziyarət edir.
Uğurlu pedaqoji fəaliyyətinə baxmayaraq, o, İrəvanda çox qalmır, 1888-ci ildə Təbrizə dönür, “Rüşdiyyə” adlı dünyəvi təhsil müəssisələri təsis edir. Lakin Rüşdiyyənin təlim metodları islami prinsiplərə uyğun gəlmədiyi üçün bundan hiddətlənən din xadimləri məktəbi bağlamaq əmrini verirlər. Əlacsız qalan Mirzə Həsən 1893-cü ildə məktəbi şəhərin Şeşgilan məhəlləsinə köçürür. Adını da dəyişir Nəsirəddin şah Qacarın oğlu Müzəffərəddinin şərəfinə “Rüşdiyyəyi-Müzəffəriyyə” qoyur. Farsdilli “Çehrenoma” qəzeti 10 oktyabr 1906-cı il tarixli sayında Mirzə Həsən Rüşdiyyənin şəklini verir və altında belə yazırdı: “İranda məktəb açmış birinci böyük şəxsiyyət Rüşdiyyədir”.
“Rüşdiyyəyi-Müzəffəriyyə” məktəbində tədris Azərbaycan dilində aparılırdı. Dövrün tanınmış ziyalıları, o cümlədən Məhəmmədəli Tərbiyət, Əhməd Müdərris, Hüseyn Kamal Təbibzadə və başqaları bu məktəbdə dərs deyirlər. Məktəbdə 200-dən çox yoxsul ailənin uşaqları pulsuz təhsil alır. Ancaq şəhərin din xadimləri yenə də ondan əl çəkmək istəmir, özlərinə təhlükəli rəqib görürlər. Bütün bunlara baxmayaraq o, tutduğu yoldan dönmür.
O, hələ İrəvan şəhərində işlədiyi vaxt Aleksey Çernyayevskinin “Vətən dili” kitabı ilə tanış olmuşdu. Kitab onda yeni dərslik yaratmaq ideyasını doğurmuşdu. Beləliklə, Mirzə Həsən 1894-cü ildə özünün ilk dərsliyini - “Vətən dili” kitabını yazır. Bu kitab dövrün ən mükəmməl dərsliyi hesab olunur. Sadə və aydın dildə yazıldığı üçün məktəblilər onu qavramaqda heç bir çətinlik çəkmirlər. Cənubi Azərbaycan Demokratik Hərəkatının görkəmli nümayəndəsi Seyid Cəfər Pişəvəri ana dilində birinci dərs kitabına dair məqaləsində yazırdı: “Vətən dili” ana dili deməkdir. Böyük maarifpərvər bu kitabı yazarkən həqiqi bir rəvanşünas kimi uşaqların yaş səviyyəsini, qəlbini və əhval-ruhiyyəsini nəzərə alaraq, onun idrak qabiliyyətinə müvafiq sürətdə hekayə və misallar tərtib etmişdir”.
Mirzə Həsən 1897-ci ilədək Təbrizdə yeni üsulda doqquz məktəb açır. Ancaq şah üsuli-idarəsi və mürtəce ruhanilər onu incidir. Açdığı məktəbləri gah bağlayır, gah da qarət etməklə ona ciddi təzyiqlər göstərirlər. Bu fitnəkar qəsdlər zamanı məktəblilərdən ölən və yaralananlar olub. Hətta onun özü də bir neçə dəfə ağır yaralanır.
Rüşdiyyə məktəbləri XIX əsrin sonu - XX əsrin əvvəllərində İranda yeni tədris üsulunun yayılmasında mühüm rol oynayıb. Bu təhsil ocağı Səfəvilər dövründən sonra Cənubi Azərbaycanda ana dilində açılan ilk milli məktəb olub. Məhz buna görə bu təhsil ocaqları “Rüşdiyyeyi-milli” kimi də tanınıb.
Nəsirəddin şahın oğlu 43 yaşlı Müzəffərəddin 1896-cı ildə taxta çıxır və Mirzə Əli xan Əminüddövləni baş vəzir təyin edir. Əminüddövlə Azərbaycan hakimi olduğu zaman Rüşdiyyənin gördüyü işlərə rəğbətlə yanaşır. Sədrəzəm onu Tehranda yeni üsullu məktəb açmağa dəvət edir. Hökumətin köməkliyi ilə paytaxtda və digər böyük şəhərlərdə oğlan və qızlar üçün “Rüşdiyyə” məktəbləri açılır. 1898-ci ildə təşkil edilən Maarif Əncüməni və Ali Maarif Şurası yaradıcılarından olan Həsən Rüşdiyyənin tədris metodu özünü doğruldur. Ancaq mürtəce qüvvələr Tehranda da sakit dayanmır. Bir qədər sonra burada yeni üsullu məktəblərin sərbəst fəaliyyətinə imkan verilmir.
Yeni maarifçi hərəkatın hamisi olan Əminüddövlə 1898-ci ildə vəzifəsindən kənarlaşdırılır. Bu hadisə Həsən Rüşdiyyə və digər maarifpərvər ziyalıların vəziyyətini ağırlaşdırır. Belə təhlükəli vəziyyətdən qurtulmaq üçün o, vətəni tərk edir, 1900-cü ildə Məkkə, Şam şəhərlərinə, Misirə, sonra da Qafqaza üz tutur. Mütləqiyyət rejiminə qarşı çıxdığına görə həbs edilir və Xorasan əyalətinə sürgün olunur.
Cənubi Azərbaycandakı milli hərəkat dövründə Tehrana qayıdır. 1905-1911-ci illərdə ictimai və elmi-pedaqoji fəaliyyətini davam etdirir. Demokratik xalq hərəkatı yeni vüsət aldığı vaxtda Təbriz şəhərinə dönür və Şeşgilan məhəlləsində yenidən məktəb açır. O, eyni zamanda fiziki məhdudiyyətli gənclər üçün də yeni oxumaq üsulu ixtira edir. Onun müasir tədrisə dair Azərbaycan və fars dillərində “Bədayətüt-təlim”, “Kifayətüt-təlim”, “Nehayətüt-təlim”, “Təkmelətüs-sərf”, “Ana dili”, “Əlifbayi-Rüşdiyyə”, “Üsuli-əqaid və ya ittihadi-bəşər” adlı əsərləri də var.
Mirzə Həsən Rüşdiyyə 1944-cü il dekabrın 10-da Qum şəhərində vəfat edib. Görkəmli maarifçi vəsiyyətində belə yazıb: “Məni elə yerdə dəfn edin ki, məktəblilər hər gün qəbrimin yaxınlığından keçərkən ruhumu şad etsinlər...”

Savalan Fərəcov