Azərbaycan

14 noyabr 1925 - Şair, nasir, publisist Gəray Fəzli (Gəray Fəzli oğlu Alimov; 1925 - 26.12.1995) anadan olub.
14 noyabr 1942 - Məşhur xanəndə, Əməkdar artist Sabir Nüsrət oğlu Mirzəyev (1942 - 23.7.2011) Cəlilabad rayonunda anadan olub. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. İfasında lentə alınan muğam və xalq mahnıları (“Çahargah”, “Rast”, “Qarabağın maralı”, “Şuşanın dağları” və s.) teleradionun “qızıl fond”unda saxlanılır.
14 noyabr 1967 - Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (3.10.1887 - 1967) vəfat edib. "Arşın mal alan" (1945) filmində Soltan bəy obrazı ilə tanınıb. Bu rolu teatrda 600 dəfə ifa edib. “Almaz”, “Kölgələr sürünür”, “Qara daşlar”, “Ögey ana” və s. filmlərdə çəkilib.
14 noyabr 2006 - Tanınmış estrada müğənnisi, Xalq artisti Oqtay Ağayev (7.11.1934 - 2006) vəfat edib. Azərbaycan Dövlət Estrada Orkestrinin, Azərbaycan Televiziyası və Radiosunun estrada orkestrinin solisti olub.

15 noyabr 1927 - Xalq artisti, rəqqasə, pedaqoq Xumar Rza qızı Zülfüqarova anadan olub. Opera və Balet Teatrının solisti, Dövlət Mahnı və Rəqs Ansamblının, Dövlət Filarmoniyasının baletmeysteri olub. Tamaşalarda rəqslərə quruluş verib, Bakı Xoreoqrafiya Məktəbində dərs deyib. "Şöhrət" ordeni ilə təltif olunub.
15 noyabr 1933 - Ədəbiyyatşünas alim, professor Firudin Cəlal oğlu Hüseynov (1933 - 31.8.1986) anadan olub. BDU-nun filologiya fakültəsinə, Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik edib.

16 noyabr 1995 - Xalq artisti Zemfira Məmmədəli qızı Əliyeva (1941, Gəncə - 1995) vəfat edib. "Böyük dayaq" filmində (1962) Pərişan obrazı ilə məşhurlaşıb. Gəncə və Naxçıvan teatrlarında, Akademik Milli Dram Teatrında çalışıb.
16 noyabr 1938 - Məşhur aktyor, rejissor, Xalq artisti Abbas Mirzə Şərifzadə (Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə, 12.12.1893, Şamaxı - 1938) dünyasını dəyişib. Milli teatr tarixində müstəsna xidmətlər göstərib. “Bismillah” (1925), “Hacı Qara” (1929) filmlərinin rejissoru olub. 1938-ci ildə repressiya olunub, İran dövlətinə casusluqda ittiham edilərək güllələnib.
16 noyabr 2010 - UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin Nayrobidə (Keniya) keçirilən 5-ci sessiyasında Azərbaycan xalça sənəti “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilib.

17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür. 1988-ci il noyabrın 17-də ermənilərin Qarabağ iddialarına və azərbaycanlı əhalinin Ermənistan SSR-dəki tarixi yurdlarından deportasiyasına etiraz olaraq Bakıda fasiləsiz mitinqlər başlayıb. Dekabrın 4-dək davam edən mitinqlər ölkədə milli dirçəliş hərəkatına təkan verib. 1992-ci ildə 17 noyabr Milli Dirçəliş Günü elan edilib.
17 noyabr 1906 - Dünya şöhrətli xalçaçı rəssam, dekorativ sənət ustası, sənətşünas, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimov (1906 - 9.9.1991) Şuşada anadan olub. "Azərbaycan xalçalarında ornament", "Azərbaycan xalçası" çoxcildliyi və s. kitabların müəllifidir. Lətif Kərimovun təşəbbüsü ilə 1972-ci ildə Bakıda Xalça Muzeyi təşkil olunub.
17 noyabr 1927 - Yazıçı-jurnalist Əli İldırımoğlu (Məmişov) Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olub. Kitabları: “Zorən jurnalist”, “Közərən sətirlər”, “Qarlı gecələr” və s.
17 noyabr 1990 - Naxçıvan MSSR Ali Məclisinin yeni seçilmiş tərkibdə ilk iclası keçirilib. Məclisin qocaman deputatı Heydər Əliyevin sədrliyi ilə keçən iclasda tarixi qərarlar qəbul edilib: Ali Məclisdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırılıb, muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılıb.
17 noyabr 2006 - Xalq artisti, tanınmış aktrisa Gülşən Ağadadaş qızı Qurbanova (19.12.1950 - 2006) vəfat edib. Gənc Tamaşaçılar Teatrında çıxış edib. Kinoda (“Bayquş gələndə”, “Ötən ilin son gecəsi”), televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

Dünya

14 noyabr 1840 - Fransız rəssamı, impressionizmin banilərindən biri Klod Mone (Oscar-Claude Monet, 1840-1926) anadan olub. Əsərləri: "Təəssürat. Doğan günəş”, "Kapusin bulvarı", "Bağda qadınlar" və s.
14 noyabr 1907 - İsveç yazıçısı, uşaqlar üçün əsərlərin (“Balaca və Karlson”) müəllifi Astrid Lindqren (Astrid Anna Emilia Lindgren-Griksson, 1907- 28.1.2002) anadan olub.
14 noyabr 1924 - Dünya şöhrətli skripkaçı, SSRİ Xalq artsiti Leonid Borisoviç Koqan (1924 - 17.12.1982) anadan olub.

15 noyabr 1862 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1912) laureatı Gerhart Qauptman (Gerhart Johann Robert Hauptmann, 1862 - 6.6.1946) anadan olub. “Atlantida”, “Kabus” romanları, “Tənhalar”, “Kasıb Henrix”, “Qış balladası” və s. pyeslərin müəllifidir.
15 noyabr 1916 - Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1905) laureatı Henrik Senkeviç (Henryk Adam Aleksander Pius Sienkiewicz; 5.5.1846 - 1916) vəfat edib. Əsərləri: "Quo Vadis" (rus nəşrlərində "Kamo qryadeşi" - “Hara gedirsən”), "Polonetskilər ailəsi", “Xaçpərəstlər”, “Od və qılıncla” və s.
15 noyabr 1976 - Məşhur fransız aktyoru Jan Qaben (əsl adı Jean-Alexis Moncorge, 17.5.1904 - 1976) vəfat edib.

16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür (International Day for Tolerance). 1995-ci ildə UNESCO-nun Baş konfransında qəbul olunan “Tolerantlıq prinsipləri Bəyannaməsi”nə əsasən təsis olunub. 1997-ci ildə BMT-nin Baş Assambleyası dünya dövlətlərinə bu günü qeyd etməyi tövsiyə edib.
16 noyabr 1717 - Fransız filosofu və mütəfəkkiri, məşhur “Elm, incəsənət və peşə ensiklopediyası”nın müəlliflərindən biri Jan Leron D"Alamber (Jean Le Rond D"Alembert, 1717 - 29.10.1783) anadan olub.
16 noyabr 1895 - Alman bəstəkarı və dirijoru, musiqi nəzəriyyəçisi Paul Hindemit (Paul Hindemith, 1895-1963) anadan olub.

17 noyabr Beynəlxalq tələbə günüdür. Çex tələbələrin faşizm işğalı əleyhinə çıxışının (28 oktyabr 1938) ildönümü münasibətilə 1946-cı il noyabrın 17-də Praqada keçirilən beynəlxalq tələbələr konqresində təsis edilib.
17 noyabr 1895 - Məşhur rus filosofu, incəsənət nəzəriyyəçisi Mixail Baxtin (1895-1975) anadan olub.
17 noyabr 1942 - Amerika rejissoru, ssenarist və prodüser Martin Skorseze (Martin Marcantonio Luciano Scorsese) anadan olub. Filmləri: “Taksi sürücüsü”, “Pulların rəngi”, “Qəzəbli öküz”, “Satqınlar” (“Oskar” mükafatı, 2007) və s.

Hazırladı: Vüqar Orxan