Azərbaycan

18 noyabr 2000 - Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 2.11.1937 - 2000) vəfat edib. Yüzlərlə populyar mahnının müəllifidir, televiziya tamaşalarına (“Evləri köndələn yar”, “Səni axtarıram”), 40-dək filmə musiqi bəstələyib: “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Onun bəlalı sevgisi”, “Ad günü”, “İstintaq”, “Həm ziyarət, həm ticarət”, “Ölsəm... bağışla” və s.

19 noyabr 1935 - Tanınmış dilçi alim, professor Zemfira Nadir qızı Verdiyeva (1935 - 8.11.2010) anadan olub. Uzun illər Xarici Dillər İnstitutuna (indiki Dillər Universiteti) rəhbərlik edib.

20 noyabr 1910 - Yazıçı Məmmədəli Hüseyn oğlu Tarıverdiyev (1910 - 24.09.1985) Ordubad rayonunun Dəstə kəndində doğulub. “Kölgəli dağ”, “Qəmküsar” pyeslərinin müəlifidir.
20 noyabr 1930 - Məşhur aktyor Gündüz Abbasov (1930-1995) anadan olub. “Onun böyük ürəyi”, “Bir qalanın sirri”, “Bizim küçə”, "Telefonçu qız", “Dədə Qorqud”, "Doğma sahillər", “Yuxu” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Ədəbi yaradıcılıqla məşğul olub, hekayələr yazıb, tərcümələr edib.
20 noyabr 1930 - Ədəbiyyatşünas alim, publisist, professor, Əməkdar elm xadimi Qulu Qasım oğlu Xəlilov (1930 - 18.11.1995) anadan olub.
20 noyabr 1935 - Tanınmış xanəndə, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Qədir Çərkəz oğlu Rüstəmov (1935-14.12.2011) Ağdam rayonunda anadan olub. Muğam və xalq mahnılarımızın bənzərsiz ifaçısı olub. “Üzeyir ömrü” televiziya filmində Cabbar Qaryağdıoğlu rolunda çəkilib.
20 noyabr 1956 - Azərbaycan teatr tarixinin görkəmli simalarından biri, aktyor, tərcüməçi, Xalq artisti Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə; 21.31.1896 - 1956) vəfat edib. “Səbuhi” (1941), “Fətəli xan” (1947) və s. filmlərdə çəkilib.
20 noyabr 1975 - Bakıda Üzeyir Hacıbəylinin ev-muzeyi açılıb.
20 noyabr 1991 - Erməni silahlı qüvvələri Qarabağ münaqişəsi gedişində Azərbaycana qarşı ən böyük terror aktını həyata keçiriblər. Xocavənd (Martuni) rayonunun Qarakənd kəndinin səmasında içərisində Azərbaycanın yüksək vəzifəli dövlət və hökumət rəsmilərinin (dövlət katibi, baş prokuror, baş nazirin müavini, deputatlar və başqaları) olduğu "Mi-8" vertolyotu raketlə vurulub. Vertolyotda olan 22 nəfərin hamısı həlak olub.

Dünya

18 noyabr 1786 - Alman bəstəkarı və musiqişünası Karl Maria fon Veber (Carl Maria von Weber, 1786-1826) anadan olub.
18 noyabr 1787 - Fransız rəssamı, fotoqrafiyanın yaradıcılarından biri Lui Jak Mande Dager (Louis Daguerre, 1787-1851) anadan olub.
18 noyabr 1860 - Polyak bəstəkarı və pianoçusu İqnasi Yan Paderevski (Ignacy Padereweski; 1860-1941) anadan olub.
18 noyabr 1927 - Görkəmli Rusiya kinorejissoru, ssenarist, dramaturq Eldar Aleksandroviç Ryazanov anadan olub. Filmləri: “Karnaval gecəsi”, “Avtomobildən qorun!”, “İtalyanların Rusiyada qeyri-adi macəraları”, “Qəribə təsadüf və ya həmişə təmizlikdə”, “İşdə məhəbbət macərası”, “Qaraj” və s.

19 noyabr 1528 - İntibah dövrünün italyan rəssamı Paolo Veroneze (Paolo Veronese-Cagliari; 1528-1588) anadan olub.
19 noyabr 1711 - Görkəmli rus alimi, şair, müasir rus ədəbi dilinin banisi Mixail Vasilyeviç Lomonosov (1711-1765) anadan olub.
19 noyabr 1843 - İsveçrə filosofu, empiriokritisizmin banilərindən biri Rixard Avenarius (Richard Heinrich Ludwig Avenarius; 1843-1896) anadan olub.
19 noyabr 1900 - Alman yazıçısı, incəsənət və ədəbiyyat nəzəriyyəçisi Anna Zegers (Anna Seghers - əsl adı Netty Reiling, 1900-3.6.1983) anadan olub. Əsərləri: “Fevralda yol”, “Yeddinci xaç”, “Ölmüş qızların gəzintisi”, “Dar ağacında işıq” və s.
19 noyabr 1903 - Məşhur baletmeyster və pedaqoq, SSRİ Xalq artisti Asaf Mixayloviç Messerer (1903-1992) anadan olub.
19 noyabr 1962 - Amerika kinoaktrisası Codi Foster (Alicia Christian «Jodie» Foster) anadan olub. İki dəfə “Oskar” mükafatına “Müttəhimlər” (1988), “Quzuların susması” (1991) layiq görülüb.
19 noyabr 1993 - Rus kinorejissoru, SSRİ Xalq artsiti Leonid Qayday (30.1.1923 - 1993) vəfat edib. Filmləri: “Qafqaz əsiri”, “I əməliyyatı və Şurikin macəraları”, “Brilyant əl” və s.

20 noyabr Dünya Uşaq Günüdür (Universal Children"s Day). BMT Baş Assambleyası tərəfindən təsis edilib. 1959-cu ilin 20 noyabrında “Uşaq Hüquqları Bəyannaməsi”, 1989-cu ilin həmin günündə isə “Uşaq Hüquqları Konvensiyası” qəbul olunub.
20 noyabr 1890 - Amerika aktyoru Robert Armstronq (Robert Armstrong, 1890-1973) anadan olub.
20 noyabr 1910 - Dünya şöhrətli rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy (9.9.1828 - 1910) vəfat edib. Əsərləri: “Ailə xoşbəxtliyi”, “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə” romanları, “Kreyser sonatası”, “Kazaklar”, “Hacı Murad” povestləri, “Qaranlığın hakimiyyəti”, “Canlı meyit” pyesləri və s.
20 noyabr 1925 - Məşhur rus balerinası, xoreoqraf, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Mayya Pliseskaya (1925 - 2.5.2015) anadan olub. Uzun illər Rusiya Böyük Teatrının prima-balerinası olub.
20 noyabr 1927 - Tanınmış rus aktyoru, SSRİ Xalq artisti Mixail Aleksandroviç Ulyanov (1927 - 26.3.2007) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Karamazov qardaşları”, “Qaçış”, “Voroşilov nişançısı”. Bir çox filmlərdə marşal G.Jukovun obrazını yaradıb.

Hazırladı: Vüqar Orxan