Azərbaycan

25 noyabr 1901 - SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (1901- 6.1.1962) Həştərxanda doğulub. Şəhərdəki “İqbal” məktəbində tamaşalarda oynayıb. Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən onun oyununu bəyənib və Bakıya dəvət edib. 1920-ci ildə Bakıya gələn M.Davudova Azərbaycan teatrının inkişafında böyük xidmətlər göstərib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşı olub. “Bəxtiyar”, “Bir məhəllədən iki nəfər”, “Əsl dost” və s. filmlərdə çəkilib.
25 noyabr 1913 - Memar, Əməkdar inşaatçı Nəsrulla Yaqub oğlu Kəngərli (1913-25.2.1991) anadan olub.
25 noyabr 1918 - Xalq yazıçısı, tanınmış nasir və dramaturq İmran Haşım oğlu Qasımov (1918 - 20.4.1981) Bakıda doğulub. «Uzaq sahillərdə» povestinin (Həsən Seyidbəyli ilə birgə), digər nəsr əsərlərinin, pyeslərin, bir sıra filmlərin («Bizim küçə», “Əsl dost”, «İnsan məskən salır», «Onun böyük ürəyi» və s.) ssenari müəllifidir. Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1975-1981) olub.
25 noyabr 1935 - Əməkdar artist, xanəndə Qaraxan İmran oğlu Behbudov Ağdam rayonunun Əfətli kəndində anadan olub. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, gənc ifaçılar yetişdirib.
25 noyabr 1994 - Xalq artisti Məmməd Bürcəliyev (25.4.1914 - 1994) vəfat edib. Gəncə Dövlət Dram Teatrında çoxsaylı obrazlar qalereyası yaradıb. “Dəli Kür” (Allahyar), “Qəm pəncərəsi (Rəşid bəy), “Köhnə bərə” (İbrahim) və s. filmlərdə çəkilib.

26 noyabr 1927 - Dilçi-türkoloq, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Həsən İbrahim oğlu Mirzəyev (1927 - 25.2.2015) Qərbi Azərbaycanda, Dərələyəzin Qovuşuq kəndində anadan olub.
26 noyabr 1928 - Əməkdar artist Müxlis Sabir oğlu Cənizadə (1928-1972) Bakıda anadan olub. Musiqili Komediya, Akademik Dram teatrlarında çalışıb. “Bəxtiyar”, “Əsl dost”, “Dəli Kür”, “Yenilməz batalyon” və s. filmlərdə maraqlı obrazlar yaradıb. Dövlət Teatr İnstitutunda dərs deyib, tamaşalara quruluş verib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib, bədii qiraət ustası kimi tanınıb.
26 noyabr 1946 - Xalq rəssamı Fərhad Qurban oğlu Xəlilov anadan olub. Əsərləri: “Dənizə gedən yol”, “Mərdəkanda həyət”, “Bulud və dəniz”, “Qalada bahar”, “Dağlarda” və s. 1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqının sədridir. «Şöhrət» ordeni ilə (2006) təltif edilib.
26 noyabr 1991 - Azərbaycanda ilk müstəqil telekanal - ANS TV (Azerbaijan News Service) fəaliyyətə başlayıb.
26 noyabr 2014 - Azərbaycan kəlağayı sənəti UNESCO Hökumətlərarası Komitəsinin Parisdə keçirilən 9-cu sessiyasında “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə qurumun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

Dünya

25 noyabr 1562 - İspan yazıçı-dramaturqu, şair Lope de Veqa (Felix Lope de Vega y Carpio, 1562 - 27.8.1635) anadan olub.
25 noyabr 1889 - Məşhur türk yazıçı-dramaturqu Rəşad Nuri Güntəkin (1889 - 13.12.1956) anadan olub. “Çalıquşu”, “Dodaqdan qəlbə”, “Yarpaq tökümü” və s. romanları əsasında populyar filmlər çəkilib. Millət vəkili, Türkiyənin UNESCO-da təmsilçisi olub.
25 noyabr 1893 - Danimarkalı alim Vilhelm Tomsen qədim türk mədəni abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki yazıları oxuduğunu elan edib. İlk olaraq «Tanrı» və «türk» sözlərini oxumağa müvəffəq olan alim qədim türk yazı mədəniyyəti və əlifbası barədə kəşfi ilə dünya elminə dəyərli töhfə verib.
25 noyabr 1925 - Rus aktrisası, SSRİ Xalq artisti Nonna Viktorovna Mordyukova (1925-2008) anadan olub. Filmləri: “Brilyant əl”, “Doğma”, “Mama” və s.

26 noyabr Dünya İnformasiya Günüdür (World Information Day). BMT-nin İqtisadi və Sosial şuralarında məşvərətçi statusu olan Beynəlxalq İnformatika Akademiyasının təşəbbüsü ilə qeyd edilir.
26 noyabr 1857 - İsveçrəli dilçi alim, semiologiya və struktur linqvistikasının banisi Ferdinand de Sossyur (Ferdinand de Saussure, 1857 - 22.2.1913) anadan olub.
26 noyabr 1909 - Rumın dramaturqu, absurd teatrı estetik cərəyanının banisi Ejen İonesko (Eugene Ionesco, 1909 - 28.3.1994) anadan olub. Pyesləri: “Daz müğənni”, “Dərs”, “Stullar”, “Təmənnasız qatil”, “Çamadanlı adam” və s.
26 noyabr 1939 - Amerika müğənnisi, aktrisa Tina Terner (Tina Turner - əsl adı Anna Mae Bullock) anadan olub. 8 dəfə “Qremmi” mükafatına layiq görülüb.

Hazırladı: Vüqar Orxan