Azərbaycan

5 dekabr 1906 - Xalq artisti Əşrəf Əmrah oğlu Yusifzadə (1906 - 7.3.1963) Naxçıvan MR Şərur rayonunun Sərxanlı kəndində doğulub. Bakı Türk İşçi Teatrında, Gəncə Dram Teatrında fəaliyyət göstərib. “Səhər” (Mirəli), “Kölgələr sürünür” filmlərində çəkilib.
5 dekabr 1912 - Əməkdar incəsənət xadimi, rəssam Sadıq Hüseyn oğlu Şərifzadə (1912 - 2.1.1986) Təbrizdə anadan olub. Rəsmləri: "Səttarxan fədailəri Təbrizdə", “Sərkərdə Babəkin porterti” və s.
5 dekabr 1924 - Kinorejissor, Əməkdar incəsənət xadimi Şamil Fərəməz oğlu Mahmudbəyov (1924-1997) anadan olub. “Qaraca qız”, “Romeo mənim qonşumdur”, “Şərikli çörək”, “Həyat bizi sınayır” və s. filmlərə quruluş verib.
5 dekabr 1921 - Tanınmış aktyor, Xalq artisti Həsənağa Salayev (1921 - 2.10.1981) anadan olub. "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarmı?", "Aygün" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
5 dekabr 1924 - Aktrisa Şəfiqə Qasım qızı Qasımova (1924 - 3.4. 2008) anadan olub. Musiqili Komediya, Opera və Balet teatrlarında çalışıb. “Görüş”, “Ögey ana” filmlərində çəkilib.
5 dekabr 1925 - Xalq rəssamı, Dövlət mükafatı laureatı, professor Nadir Qənbər oğlu Əbdürrəhmanov (1925 - 26.7.2008) Laçında doğulub. Azərbaycan Rəssamlar İttifaqı idarə heyətinin sədri olub.
5 dekabr 1927 - Yazıçı Cəmil Adil oğlu Əlibəyov (1927 - 26.10.2014) Füzuli rayonunun Dədəli kəndində doğulub. Əsərləri: “Sınaq", "Mənim analı dünyam", "Həyatın özü" (roman), "Gülüstanda qətl" (pyes) və s. “Azərbaycanfilm”in direktoru olub, sənədli filmlərin ssenari müəllifidir. Ç.Aytmatovun əsərlərini dilimizə tərcümə edib.
5 dekabr 1941 - Böyük şair, dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə; 24.10.1882 - 1941) vəfat edib. Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin ("İblis", "Topal Teymur", "Şeyx Sənan", “Xəyyam”, “Səyavuş”, “Peyğəmbər” və s.) müəllifidir. 1938-ci ildə repressiya edilərək Sibirə sürgün olunub. İrkutsk vilayətinin Tayşet rayonunda dünyasını dəyişib. 1982-ci ildə nəşi Vətənə gətirilərək Naxçıvanda dəfn olunub.
5 dekabr 1947 - Xalq artisti Larisa Afanasyevna Vinoqradova (1947 - 16.9.2009) Türkmənistanın Marı şəhərində anadan olub. Azərbaycan Musiqili Teatrında çalışıb. “Yaşıl eynəkli adam” televiziya tamaşasında, “Yoxlama” teleserialında çəkilib.

6 dekabr 1881 - Bakıda ilk telefon rabitə qurğusu istifadəyə verilib. Prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı sərəncamla 6 dekabr Azərbaycanda “Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü” elan edilib.
6 dekabr 1954 - Əməkdar artist Ayşad Kamal oğlu Məmmədov anadan olub. Milli Dram Teatrında çalışır. “Bəxt üzüyü”, “Güllələnmə təxirə salınır!”, “Yalan” və s. filmlərdə çəkilib.
6 dekabr 2006 - Görkəmli xanəndə, Xalq artisti Baba Mahmudoğlu (Mirzəyev; 7.11.1940, Qazax rayonu - 2006) dünyasını dəyişib. Opera tamaşalarında ("Leyli və Məcnun", "Aşıq Qərib", "Əsli və Kərəm" və s.) əsas partiyaları ifa edib.

7 dekabr 1919 - Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin binasında (indiki AMEA-nın Əlyazmalar İnstitutu) İstiqlal Muzeyi açılıb.
7 dekabr 2010 - Şair, Əməkdar incəsənət xadimi Ramiz Heydər (Məmmədov; 1933-2010) vəfat edib. 30-dək kitabın müəllifidir. Sözlərinə "Ayrılma məndən", "Toy olsun, bayram olsun" və s. populyar mahnılar bəstələnib.

8 dekabr 1914 - Xalq artisti Məmməd Allahverdi oğlu Quliyev (1914-2001) Naxçıvanda anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.
8 dekabr 1930 - Bəstəkar, Xalq artisti, professor Tofiq Əhmədxan oğlu Bakıxanov anadan olub. Simfonik muğamlar («Nəva», «Humayun», «Rahab»), “Xəzər balladası», "Şərq poeması", «Xeyir və Şər» baleti və s. əsərlərin müəllifidir.
8 dekabr 1942 - Xalq artisti Elxan Ağahüseyn oğlu Ağahüseynov (1942 - 2.8.2009) Bakıda doğulub. Milli Dram Teatrında çalışıb. Teletamaşalarda maraqlı obrazlar yaradıb. «Ömrün səhifələri», «Dantenin yubileyi» və s. filmlərə çəkilib.
8 dekabr 1946 - Xalq artisti, balerina Tamilla Xudadat qızı Şirəliyeva anadan olub.
8 dekabr 1957 - Bəstəkar, Əməkdar incəsənət xadimi Sərdar Fərəculla oğlu Fərəcov anadan olub. Müxtəlif janrlarda əsərlərin müəllifidir. Tamaşalara, “Cavad xan” filminə musiqi yazıb. Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Bəstəkarlar İttifaqının katibidir.

Dünya

5 dekabr 1791 - Dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən məşhur nümayəndələrindən biri Volfqanq Amadey Motsart (Wolfgang Amadeus Mozart, 27.1.1756 - 1791) vəfat edib.
5 dekabr 1901 - Məşhur amerikalı multiplikasiya rəssamı, rejissor, ssenarist, prodüser Uolt Disney (Walter Elias "Walt" Disney, 1901 - 15.12.1966) anadan olub. Cizgi filmləri üzrə 26 dəfə “Oskar” mükafatına layiq görülüb.

6 dekabr 1841 - Fransız rəssamı, impressionizmin banilərindən biri Frederik Bazil (Jean Frederic Bazille, 1841-1870) anadan olub.

7 dekabr 1598 - İtalyan memarı və heykəltəraşı Covanni Lorenso Bernini (Giovanni Lorenzo Bernini; 1598 - 1680) anadan olub.
7 dekabr 1889 - Fransız filosofu, ekzistensializmin tanınmış nümayəndəsi Qabriel-Onore Marsel (Gabriel Honore Marcel, 1889 - 8.10.1973) anadan olub.
7 dekabr 1926 - Rusiyanın Xalq artisti Pyotr Velyaminov (1926 - 14.6.2009) anadan olub. Filmləri: “Kölgələr günorta yox olur”, «Əbədi çağırış», «Çelyuskinçilər» və s.

8 dekabr 1865 - Görkəmli fin bəstəkarı Yan Sibelius (Johan Christian Julius Sibelius, 1865 - 20.9.1957) anadan olub. “Finlandiya” simfonik poeması, “Kədərli vals”, simfoniya, süitalar və s. əsərlərin müəllifidir.
8 dekabr 1934 - Rus aktrisası, SSRİ Xalq artisti Alisa Brunovna Freyndlix anadan olub. Filmləri: “İşdə məhəbbət macərası”, “Zolaqlıların səfəri”, “Qəddar romans” və s.

Hazırladı: Vüqar Orxan