Bu dünyanın al-əlvan rənglər karvanı sarbanlarından biri...

Bu dünyanın rənglər karvanı da əbədidir, onun bizim elli sarbanlarından olmuş Mikayıl Abdullayev də. O karvan forma və məzmun, say və pay, sürət və vüsətcə müəyyən qədər sabit, sarbanlar isə istedad və qabiliyyət, janr və məhsuldarlıq, din və milliyyət, olum və ölümcə (həm fiziki, həm mənəvi anlamda) fərqli, rəngarəngdirlər. Bunların fərq özəllikləri barədə nə qədər desən də, öz rənglər gözəlliklərinin yerini verəsi deyil...

Sözügedən “tərəf”lərin hər ikisi - dünyanın rənglər karvanı da, onun bir karvansaralıq növbəti sarbanı - həmişəyaşar sənətkar Mikayıl Abdullayev də böyük elmi-populyar, ədəbi-bədii, publisistik əsərlər, monoqrafiyalar mövzularıdır. Lakin, obrazlı olaraq “karvan” adlandırdığım “tərəf” nəhayətsiz (həm də quldur-saldırısız, “son mənzil”siz) bir sənət səfərində - dayanmadan davamdadır, onun bu növbəti “sarban”ı isə...
Ancaq onların hər ikisi dünya durduqca, zamanlara vardıqca yaşayası, gözlər baxıb, duyğular duyduqca qalasıdır. Müxtəlif qitəli, rəngarəng çeşni-stilli o gözəl sənət rəngləri içərisində, Mikayıl Abdullayev kimi fenomenlərimiz hesabına, biz də əbədi qalasıyıq. Deyirlər, insandan sonra söz yaranıb. Çox yaxşı. Amma, məsələn, sözdən bir az gec yaranmış sənətlər, bu ankı qəhrəmanımızın da istifadə etdiyi yaxıların yaranmadığı təqdirdə sözün özü nəyə gərəkmiş? ...Bu sonuncu söz (və bayaqdan mövzumun ovsarını buraxmayan karvan-sarban ifadələri) ulu Məmməd Arazın böyük Xudu Məmmədova ithafən yazdığı bir şeiri yadıma saldı:

Bax donqar dəvənin səbət yükünə,
Bənzəyir içiboş şöhrət yükünə,
Ömür karvanının sənət yükünə
Bir-iki qeyrətli söz yükləməsək, -
Sən kimə gərəksən, mən kimə gərək...


Rəssamdan, təsviri sənətdən danışdığım yerdə bu poeziya parçasına müraciət etməyimə məşhur “heç hənanın yeridir?” təəccübü ilə baxasılara deyim ki, bütün digər sənətlərin yaranmasının ilkin “müəllimi” şeir olub. Bu xüsusda çox söz işlətməmək xatirinə, eləcə, bütün uşaqları böyüdən laylaları, bayatıları xatırlamaq kifayətdir...
Məsələ həm də burasındadır ki, Mikayıl Abdullayev çox poetik rəssam idi. Hələ... ətrafına daim xoş əhval-ruhiyyə saçan bu adamın şəxsi xarakter poeziyası! Onun əsərləri real dünyanın, demək olar, hər yerindən, sənət dünyasının ən yüksək məntəqələrindən xəbər versə də, şəxsi dünyası Bakının ən “qapalı” milli məhəllələrini, abır-həyalı kəndlərini, “köhnə kişi”, “ağır-batman ağsaqqal” kimi ifadələrini ehtiva edirdi. Və bütün bunlar bəndənizi belə bir yarımbaşlığa sövq edir:

Mikayılın rəngləri...

Mütəxəssislərin ümumi rəyinə görə, Mikayıl Abdullayevin fırça irsi, janr, mövzu, palitra aləmi onu bu sənətin ilk üçlüyündə qərarlaşdırıb. Amma mən də - onun adi, qeyri-həmkar müasirlərindən, yaradıcılıq, həyat-fəaliyyət aləminə bələdlərdən biri olaraq deyim ki, Mikayıl Abdullayev, layiqincə tərif-təqdirləmə, qədərincə sayğılama, dəyərincə təltifləmə sarıdan qələmlərimizin aciz, xalqımızın borclu, sovet hökumətinin xəcil qaldığı sənətkarlardandır. O özü isə insana, cəmiyyətə, bəşəriyyətə əsl milli-dünyəvi dostlardan idi. Həm də bu canlı, doğal münasibətləri, olsa-olsa, “natürmort”çuluqla müqayisə etmək olardı; onun təbiətində plakatçılıqdan cüzi də olsun əsər-əlamət yox idi. O, başdan-başa natural portret, humanizm motivli canlı əsər təsiri bağışlayırdı. Və elə bu an bir xatirə-haşiyəyə çıxım.
...1970-ci illərin ortaları. “Ədəbiyyat və incəsənət” qəzetində və “Ulduz” jurnalında getmiş yazılarımın qonorarını almaq üçün Yazıçılar İttifaqının (AYB-nin) kassasına yaxınlaşıram. Dünyanın “düz”, ədəbi mühitin saz və tələbəliyin “vız” vaxtı ola, sən də başını başlara qoşub, bu boyda məşhur təşkilatın “xəzinədar”lığından para almağa gələsən və forslanmayasan?! Mən isə bir az da zilə çıxıb, növbədəkilərdən “bağışlayın, Siz o müasir qrammofon ədəbi tənqidi yıxıb-sürüyən “Tənqid və bülbüloqrafiya” pamfletinin, antisovet “Təzə evlərdən reportaj” hekayəsinin müəllifi deyilsiz ki?” kimi “heyrət, ey büt!” sualları gözləyirdim. Lakin hərəni öz qayğı və qaş-qabaq dünyasında görüb, özüm sual verməli oldum: “Axırıncı kimdir?” Buradakıların hamısından ucaboy və hər kəsdən gülərüz, diqqətcil bir kişi: “Axırda mənəm, oğul”- dedi və gələcəyin jurnalisti (söz adamı) olası bəndəniz o böyük rəsm adamından bunu da öyrəndim ki, insanlara “axırıncı kimdir” yox, “axırda kimdir” deyərmişlər...
İmzasını sərgilərdəki təkrarsız rəsmlərdə gördüyüm, adını dillərdən, radiodan (yataqxanamızda televizor yox idi) eşitdiyim bu sənət igidinin üzünü, Tanrının xoş vaxtında yaratdığı xoşbəxt surət cizgilərini də gördüm. Onun, vaxt-bivaxt ətrafına ovqat saçan təbəssüm “quaş”larını, baxış-duruşundakı təlqin “eskiz”lərini də gördüm. Və o anlar fikirləşdim ki, özü bu görkə, fiziki-cismani əlvanlıqlara malik bir adam niyə də o görkəmdə heyrani sənət səltənəti yaratmasın? Bu bioloji-psixoloji rənglər nədən ümumsosioloji zövq rənglərinə çevrilməsin?
Sonralar onu iş otağında, sərgi salonlarında, rəsmi törənlərdə, xəlqi məclis-mərəkələrdə də gördüm. İş otağında, emalatxanasında səni elə qarşılayar, sənə elə diqqət, gen-bol vaxt ayırardı ki, deyərdin bəs, bu boyda sənətkarın işi-peşəsi elə buymuş. Sərgi salonlarında öz “ranqa”sı ilə söhbət-məşvərətlərdə ikən, kənarda “boynunu büküb”, qələm-mikrofon çəkib, onlardan birinin diqqətini cəlb etmək istəyən müxbirlərə elə bir munis üz göstərərdi ki, mövzunun batinindən bixəbər üzdülər, müsahibə zamanı, ondan buradakı rəsmlərin “tarix-nadir” elementlərilə bağlı müfəssəllik “astarı” da istəyirdilər. Bu professor, SSRİ Rəssamlıq Akademiyasının akademiki, Cəvahirəl Nehru adına beynəlxalq mükafat laureatı həmişə rəsmi və xəlqi yığıncaqlarda - adları “Biləcəridən bir az o yana” çıxmışlardan arxada dayanardı. Camaat arasında bir-iki ara sözlərilə kifayətlənər, bərə güdənlərin söz-söhbətlərindən yüz ov mənzili uzaq durardı.
Hə, “Mikayılın rəngləri” deyibən başlasam da, düz-əməlli başa çıxa bilmədiyim “portret” bu. Qaldı bu böyük şəxsiyyətin sənət portretləri, tabloları, peyzajları ki, bunun yarımbaşlığını da “Rənglərin Mikayılı” - deyə davam edək.

Belə ki...

Bu sözümün canından təəssüf motivasiyalı bir “rəsm” də boylanmada... Yəni, Mikayıl Abdullayev obrazlığında, universallığında, fantazlığında olan bir sənətkara da əksərən “aktual” mövzular diktələnib. O direktiv diktələr bu ipək qəlb sahibinin, qadir fırça ustadının nə qədər könül pıçıltılarını eşidilməz edib və öz istedad sifarişlərini yerinəyetirilməz qoyub! Həşəmətli sovet tənqid-təbliğ ruporu onun daha gözəl, daha bəşəri əsərləri üstündən sükutla keçib, “Çəltikçi qızlar” lövhəsini “XX əsr qadınının ən zəngin (!) mənəvi cizgilərini əks etdirən monumental tablo” kimi dəyərləndirirdi. Deyim ki, bu əsər çox maraqlı və orijinal bir işdir. Lakin, axı, fitri bir istedad sahibini bu “istehsal-monumental” sahədə nə qədər saxlayıb işlətmək, bu sırf rəiyyət mövzularına nə qədər “bəytərifi” etmək, sirli-sehrli təbəssümünə bütün dövrlərdə mənəvi ehtiyac duyulan “Cakonda”lıqlara dilsiz yasaqlar, elansız qadağalar qoymaq olarmış?!.
Deməzsənmi, bütün bunlara baxmayaraq, əlahəzrət istedad, dilsiz-ağızsız rənglər ayrıca milli və bəşəri Mikayılını da yaratmaqda idi. “Mingəçevir işıqları” - içlərində mənəvi ziyaları, psixoz-psixolojilərində azadlıq nurları söndürülməkdə olan insanların, heç olmasa, gözlərinə, zövqlərinə işıq saçırdı. “Xaçmaz qızları”ndakı gözəllərdən bir-ikisinin baxışları “sovet xarüqələri”ndən xəbər verirdisə, bəlkə, onların bir qədər mübhəm-müqəyyəd baxışlısı da qonşu Qubadakı quyularda uyuyan “xəbərsiz”lərə işarət idi? Dünənki Xankəndinə “Stepanakert” deyən, sabahkı Xocalıda oğul-uşağının qanlı köynəyini ağlayası “Qarabağlı qızlar” internasional, “Lənkəranlı kolxozçu qadın”lar qəhrəmani-sosial motivli marşlar təsiri ilə bahəm, gizli bir şərqi, təsnif, muğam zümzüməsi də duyururdular. Yəni, bu kimi deqradasion inteqrasiyalara məruz qalmış sənətkar böyük zamanlara, əbədiqalımlara işləməyə də vaxt və fürsət tapırdı. Məsələn, “Azərbaycan çöllərində” bu heyrətamiz rəngkarın sənətkarlıq bacarığını büsbütün əks etdirən bir əsərdir. Bu rəsm tamaşaçıya Mirzə Cəlilin bədii təhkiyə və dili qədər sadə, zəngin, Qara Qarayevin “İldırımlı yollar”ı kimi dinamik, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” halətində çılğın-dolğun təsir-təlqinlər edir. “Abşeronlu qadın”ın formasında dünyanın bütün ucqarlılarına məxsus həya, məzmununda bütün sivilizasiya mərkəzlilərinə şamil ziya vardır. “Ananın gəncliyi” və başqa əsərləri də öz müşahidə dövrlərindən gələcək zamanlara faktik informasiya, sentimental-mental harmoniya, milli-mənəvi emosiya daşıyası tablolar, portretlər, peyzajlardır...
Deyirəm, sənətkarların təqdimatı, adətən, “həyat və yaradıcılığı” formulunda olur. Bu yazıdasa yaradıcılıq önə, həyat sona keçdi. Beləliklə, dünya çaplı fırçasıyla bəşər zövqlü əsərlər də yaratmış, London, Moskva, Dehli, Monreal kimi böyük sənət mərkəzlərində fərdi sərgiləri keçirilmiş, bir çox nümunələri ən nümunəvi muzeylərin əbədi saxlancına çevrilmiş bu sənətkarın qısaca -

Həyat təsviri

Deyim ki, uzun ömür yaşayıb, zəngin yaradıcılıq yaratmış Mikayıl Abdullayev yazı-pozulardakı “həyat” bölümü üçün o qədər də “miras” qoymayıb. Çoxlarından fərqli olaraq, bu şəxsin qələmə əl verən qəribəlikləri yoxdur. Görünür, bu həyat sahibinin yaradıcılıqdan başqa heç nə ilə işi olmayıb. Sadəcə, 1921-ci ildə doğulub, 1939-da - 18 yaşında Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib, 28 yaşında Surikov adına Moskva Dövlət Rəssamlıq məktəbinin ən istedadlı və perspektivli məzunu kimi işə başlayıb. Yaxın ətrafında “Mikayıl qəlbində Sergey Gerasimovun dünyəvi fantaziyasını, əlində Bəhruz Kəngərlinin milli fırçasını gəzdirir” kimi deyimlər formalaşdırıb.
Gəncliyinin “oğlan çağları”nda (Ə.Əzimzadənin Mircəfər Bağırovdan xahişi səbəbilə müharibədən qalaraq) öz fırçasıyla şəhər və kəndləri fotoaparat, kinokamera əvəzi gəzib-dolaşaraq, xalqın qoluna qüvvət, qəlbinə təsəlli verməyə çalışıb.
...Bu da 2002-ci ilin qızmar avqust günlərindən biri. Ömrün doqquzuncu onilliyinə yenicə qədəm qoymuş sənətkar əbədiyyətə qovuşur...

Tahir Abbaslı