Özünü də, onsuz da məşhur atasını və dövrünü də əbədi olaraq yaşadacaq...

O həm də bir ömürdə üç gözəl “isim-sifət”lə tanındı. Biri ad, biri adlı istinad, biri adlı-sanlı imza; Yusif, Yusif Səməd oğlu, Yusif Səmədoğlu...
Bunların üçü də hər vaxt və hər mənada çox xoş-beş səslənib; yar-yaraşıqlı uşaqlıq, bəxtli cavanlıq, məşhur ahıllıq...
Bu yazıçının ədəbiyyatda əbədi qalımı üçün də 3 rəqəmi keçərlidir; “Qalaktika”, “Deyilənlər gəldi başa”, “Qətl günü”.


Elə bu “yağlı-zığlı qələm sahibi”nin, çağdaşları tərəfindən hər biri bir “xüsusi dövr” hesab edilmiş baş redaktorluqları da üçdən gəlib; 1965-ci ildən 77-dək “Azərbaycanfilm” kinostudiyasının ssenari redaksiyasında, 1976-87-də “Ulduz”, 1987-dən ömrünün axırınadək “Azərbaycan” jurnallarında.
Məncə, yazı-pozuda tez-tez işlətdiyimiz “və sair”, “və ilaxır” kimi axır-uxur işarətləri üstündən sükutla keçəsi olsaq, Yusif Səmədoğlunu publisistika-ədəbiyyat-filmoqrafiya üçbucağının üç ən güclü isimindən biri kimi də dəyərləndirmək olar.
Yusif Səmədoğlu “samanaltı” sovetin bir qədər üz-üst olmaqda olan dövrünün - “60-cı illər” yarlıqlı Azərbaycan ədəbi Zamanının ən seçkin və məxsusi işarə əvəzliklərindən - ayrıca “O”-larından da idi. O, o dövrün ədəbi-ictimai təsəvvüründə ayrı-ayrı özəl üslub, milli manera, aura-arena, ədəbi yeniyetmələri cəzb edən qəyyumluq, gəncliyə örnək komandirlərdən də sayılırdı. O, indiki “canlı yayın”, gündəlik reklam xoşbaxtlıqlarından məhrum bir dövrün daim gündəmdə olan sayın “qələm əhli”lərindən, səsləri öz ədəbiyyatımızın bütün canına-qanına, sədaları “sovet ədəbiyyatı”nın ən ucqarlarına yayılmış “beş-on”lardan, “qlavlit-senzura”larda qaralarına, bəzən də üzlərinə barmaq silkələnsə də, bütün ölkə içrə barmaqla sayılanlardan, öz qələmlərilə ayrıca bir “ədəbi-bədii xalq” yaratmağa girişib, müstəqil bir ədəbiyyat ölkəsi, mədəniyyət məmləkəti qurmaq istəyən ziyalı-ədiblərdən idi.
“İdi”, “biri idi”, “idilər” dediyim o “qaymaq”ları o vaxtlar hərə bir sayda görüb-hesablayırdı, mənsə, -

“Yeddilər” kimi...

...Ürəklərinin “dərin guşələri”ndə “ədəbi liderlik” iddiaları olsa da, o yeddilər mətbu çıxışlarında, müsahibələrində “məndən yoxdur!” kimi anti-xarizmatik çığır-bağırlara, dövrün həftə səkkiz-mən doqquz tədbirlərində, aydabir ədəbi gecələrində “Aya - sən çıxma, mən çıxacağam!” kimi anti-təvazö nağıllara yol vermirdilər. Bir az o vaxtkı, bir çox da bu vaxtkı bəziləri kimi, təhrif təltiflərə yol vermirdilər. Öz həmkarı olan nay-nanaylara “sən tərifləmə, mən mədhiyyələyəcəyəm!” - deyə, “mətbu-şötdəmə”lərə, “tele-qalmaqal”lara qol qoymurdular.
O yeddilərdən Məmməd Araz deyirdi: “Görüm ayılmasın - gec ayılanlar!”. Anar yazırdı: “Qəzetimizdə səhv getmişdir: “Hər şey zəhləmgetmişlərindir!” əvəzinə, oxunmalıdır: “Hər şey zəhmətkeşlərindir!” Bunların hamısından gənc Elçin qarı Stalin məşumluğundan yenicə çıxmış, Beriya aşiq-məşuqluqlarından yaxasını təzəcə bağlamış sevgisiz, məhəbbətsiz böyük ölkənin Azərbaycan “kilkə”sindəki cayıl vətəndaş “Baladadaşın ilk məhəbbəti”nə üzdə toy, içdə “vay” edirdi. Son illər özünü başqa rakursdan göstərdiyinə görə adını çəkmək istəmədiyim növbəti yazıçının sütül bir “bacoğlu” obrazı o dövrün əmək-zirək-xərək və çəpik qəhrəmanlarından olan ağsaqqal dayısına “Ağlama, dayı, yekə kişisən, ağlama...” deyirdi. Həmin “yeddiliyin” üzvü və bu yazımızın qəhrəmanı Yusif Səmədoğlu isə “Yeddi oğul istərəm”ində sovetin bəyənmədiyi bəylərdən birinin dilindən qrotesk-gülüşlər səsləndirirdi: “Get, komsomol... Get, Sarı Şəmistana de ki, öldürdüm Gəray bəyi... Qanına qəltan elədim!”. Vaqif Səmədoğlu öz məzarına başdaşı əvəzinə ayaqqabılarının qoyulmasını vəsiyyət edirdi ki, “dünyanın ən ağır qantelindən ağır” telefon dəstəyindən bəd xəbər eşidəsi ayağıyalınlar onu geyib, hadisə yerinə gedə bilsinlər. Ətrafındakı “lilpar-lilpar” qaqaş-qaravaşlıqlardan, löyün-löyün “okey-lakeylik”lərdən pisikən, türkicə “kəndi”nə gəlib, azəricə çıxıb kəndinə gedən Musa Yaqub isə, o sarıqulaq-qarabaş, dara-baradaş aləmə baxıb-baxıb, belə bir eks-təbii qərara gəlmişdi ki, yox, qardaş, “Bu dünyanın qara daşı göyərməz!..”
Üçü rəhmətdə, 70-80-inə yetmiş qalan dördü isə hələ də fəal ictimai xidmət və ədəbi-bədii sənətdə olan o “60-cılar” o vaxtlar alayı bir “yeddi yoldaş” olub, öz həmkarlarından xeyli fərqli bir yola düzəlmişdilər...
İndi isə yalnız o yeddilərin “yeri göynəyən” və bu ayın 25-də -

80 yaşı tamam olanı haqda...

Bu maraqlı ədibin həm özü, həm də ədəbiyyatımızda əbədi qalası obrazları barədə. Məsələn, “Qətl günü”ndəki imam Əli timsallı baş Şairə... və şairliyə, ümumən sənətə Yəzzidmisal baxıb, olmazın badalaqlar gələn ayaq “şair”lərə - öz bənzətməsilə desək, “dılğırlar”a dair. İnkir-minkir qiyafəli “Kirlikir”dən - o zir-zibillik, dəlmə-deşik “terror”çusundan geri qalmayan şər fikir-zikir, idbar ev-eşik personajlarına aid.
Bu yazıçı-oğulun şair-atanın “Komsomol” poemasına necə ustalıqla yanaşdığının da fərqinə varaq. Onun həmin poemanı, ssenarisində o dövrün milli psixologiyasına uyğun olaraq “Yeddi oğul istərəm” adıyla təqdim etməsini, burada xüsusi söz və situasiyalarla yaratdığı Gəray bəyin daxili bəylik əzəmətini, komsomolçulara qoşulsa da, aramsız atəşlə ona daha çox ağrı vermək istəyən düşmənə “əmi” xitabı ilə Bəy-Xan tərbiyəsindən çıxış edən Cəlal bəyzadəliyini deyirəm. Başçılıq etdiyi ədəbi dərgilərdə üzə çıxan qeyri-adi istedadına, kimsəsiz müəllifləri daha çox çap etmək, yaradıcılığa yeni qədəm qoyanlara yazdığı “uğurlu yol”lar kimi qayğıkeşliklərinə, sənət aləmindəki sayğı-salğarına, ağır-batmanlığına, sabitqədəmliyinə və sair bu sayaq müsbətliklərinə də xəyallansaq, onun şəxsi portret-obrazını daha aydın canlandırmış olarıq.
O öz ədəbi obrazları və klassikaya “müdaxilələri”lə ədəbiyyatımıza, kinomuza yeni bitkin surətlər, ədəbi ictimaiyyətimizə - nəticə etibarilə, istiqlal gözləmli cəmiyyətimizə yeni, yetkin, ayıq şəxsiyyət kredo-kodeksi gətirirdi. Konkret bir ailəvi situasiyada bir qardaşın bir bacıya “Dərd də gələndə - batmanla gəlir, bacım!” deyimilə, hər bir ictimai-siyasi-sosial dərd-sərlər dövründə uman zümrə olmuş və olası bacılara uman-güman yeri olan bütün qardaşların xitabəti dərəcəsinə qaldırırdı. Bir sözlə, eyhamlı “İblis”lər, qalxanlı Elxanlar, “polad”lı Korçaginlər, ekskavatorlu Sarvanlar, “Oyan, Mironıç, oyan!”lar, “Ələmdən nəşəyə”lər, Adıgeyli sarban-karvanlar - irili-xırdalı, millili-lakeyli zamanlar gəlib-gedir, bu “köhnə qəlyan” sayalı, “yuxu tənbəli” ayamalı istedad mücəssəməsi isə öz “ey dadi-bidad” karvansarasında hər şeyi “qolay-noqolay”layıb süzgəc-güzgəcdən keçirir, bütün olayları özəlləşdirib-gözəlləyirməyə çalışırdı. Görklü-görkəmli ata, köklü-köməcli qohum-əqrəba, məşhur şəxslərin gəlib-getdiyi ev-ailə aurasında bitirdiyi “orta məktəb” həyatı onu “ali məktəb” dünyasına əla hazırlamışdı. O, bu dünyanın “herti-pertisini” o atanın çıxışlarının birində “çaşıb” dilə gətirdiyi: “Eh... “kiçik” xalqın böyük şairi olmaqdansa, “böyük” xalqın kiçik şairi olmaq daha yey!..” kimi sözlərindən də öyrənmişdi. Elə bunun nəticələrində idi ki, onun ən adlı-sanlı şairlər qədər məşhurlaşdırdığı, bütün “adsız şeir”lərdən daha yaddaqalan adsız və sonda dili kəsilən Şairin qətli islamın məlum “qətl günü” qədər məşum, burada qurduğu hökmdar-vəzir dialoqu isə onların heç bir döyüş və teatr səhnələrində yığa bilməyəcəyi qədər maraqlıdır:
“Hökmdar: - Vəzir, şair heç ağzını açıb kəlmeyi-şəhadətini də demədi!..
Vəzir: - Yəqin qorxusundan dilini udubmuş, kafir oğlu kafir!..”
...Həyatdan tez getsən də, qəmin kəm, ədəbiyyatımızda əbədi qalası ədib! “Qətl günü” kimi ədəbi hadisə törətmiş, əbədi Qalaktikanın ədəbi “Qalaktika”sını yaratmış, “Deyilənlər gəldi başa” ilə hələ çox dövrləri başa salası Yusif Səmədoğlu!..

Tahir Abbaslı