Azərbaycan

29 dekabr 1921 - Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Məmməd qızı Cəfərzadə (1921 - 4.9.2003) anadan olub. S.Ə.Şirvani, A.Səhhət, Xətai və başqa görkəmli şəxsiyyətlər haqqında tarixi romanların ("Aləmdə səsim var mənim", "Yad et məni", "Bakı-1501") müəllifidir. "Azərbaycanın aşıq və şair qadınları" (iki cilddə) və s. kitabları tərtib edib.
29 dekabr 1929 - Tarix elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki Püstəxanım Əzizağa qızı Əzizbəyova (1929 - 8.1.1998) anadan olub. Azərbaycan EA Tarix İnstitutunun direktoru olub.
29 dekabr 1929 - Xalq rəssamı Kamil Nəcəf oğlu Nəcəfzadə (1929 - 29.9.2011) Lənkəranda doğulub. “Bizim küçə”, “Ulduz”, “Mən ki gözəl deyildim”, “Bir cənub şəhərində”, “Ad günü”, “Qanlı zəmi” və s. filmlərin quruluşçu rəssamı olub. Milli Dram və Rus Dram teatrlarında tamaşaların bədii tərtibatını verib.
29 dekabr 1946 - Tanınmış şair Nüsrət Yusif oğlu Kəsəmənli (1946 - 17.10.2003) Qazax rayonunun Kalininkənd kəndində anadan olub. 100-dən çox şeirinə musiqi bəstələnib, sənədli filmlərin ssenari müəllifidir. «Azərbaycanfilm»də baş redaktor işləyib, “Doğma sahillər” (1989) filmində çəkilib.

30 dekabr 1926 - Xalq artisti, xanəndə Əbülfət Əliyev (1926 - 27.12.1990) Şuşada doğulub. Opera tamaşalarında ("Leyli və Məcnun", "Aşıq Qərib", "Şah İsmayıl"
və s.) əsas rolları ifa edib.
30 dekabr 1954 - Xalq artisti Fatma Yaqub qızı Mahmudova Ağdam rayonunda doğulub. Səhnə fəaliyyətinə Ağdam Dram Teatrında başlayıb, 1994-cü ildən Dövlət Musiqili Teatrının aktrisasıdır.
30 dekabr 1962 - Kamança ifaçısı, Əməkdar artist Elşən Məmməd oğlu Mənsurov anadan olub.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. 1989-cu il dekabrın 31-də Naxçıvan Muxtar Respublikasında minlərlə insan SSRİ-İran (Azərbaycan-İran) sərhədini keçərək Cənubi Azərbaycandakı soydaşlarımıza qovuşublar. 1991-ci il dekabrın 16-da Naxçıvan MR Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında bu tarixin dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Azərbaycan Ali Sovetinin 25 dekabr 1991-ci il tarixli qərarı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunub.
31 dekabr 1903 - Azərbaycan kinosunun ilk rejissorlarından olan Mikayıl Yusif oğlu Mikayılov (1903-1986) anadan olub. Sənədli-xronika filmlər çəkib. "Lətif" (1930), "İsmət" (1934) və s. bədii filmlərə quruluş verib.
31 dekabr 1907 - Yazıçı Eynulla Xankişi oğlu Ağayev (1907 - 5.11.1978) Bakının Ramana kəndində doğulub. Əsərləri: “Şişpapaq”, “Dağlarda şimşək çaxır”, “Baba nağılı”, “Teleqram” və s.
31 dekabr 1910 - Yazıçı-dramaturq Əbil Yusif (Əbil Məmməd oğlu Yusifov”; 1910 - 29.3.1984) Ordubadda anadan olub. Əsərləri; “Babək”, “Odlar içində”, “Məhəbbət abidəsi”; “Səngərdən gələn səslər” və s.
31 dekabr 1920 - Şair Zeynal Cabbarzadə (Zeynal Əliabbas oğlu Cabbarov, 1920 - 20.1.1977) Bakıda doğulub. Uşaq-gənclər üçün kitabların müəllifidir: “Çinar”, “Arzular”, “Dostum, gəl sözə bax”, “Uca dağ başında”, “Bizim dünya” və s.
31 dekabr 1927 - Opera müğənnisi, aktyor, Əməkdar artist Firudin Mehdi oğlu Mehdiyev (1927 - 1.2.2006) anadan olub. 1957-ci ildən Opera və Balet Teatrında çalışıb. “Böyük dayaq” (Salman) filmində çəkilib.
31 dekabr 1932 - Şair Bəhmən Vətənoğlu (Bəhmən Kalış oğlu Abbasov; 1932-2004) Kəlbəcər rayonunun Seyidlər kəndində doğulub.
31 dekabr 1934 - Böyük yazıçı-dramaturq, şair, ssenarist, rejissor Cəfər Qafar oğlu Cabbarlı (20.3.1899, Xızı - 1934) vəfat edib. Pyesləri: "Solğun çiçəklər", “Aydın", "Oqtay Eloğlu", "Od gəlini", "Sevil", "Almaz", "1905-ci ildə", "Yaşar" və s. Şeir və hekayələrin, milli kinomuzda ilk kinossenarilərin (“Hacı Qara”, “Sevil”, “Almaz” filmləri) müəllifidir.
31 dekabr 1935 - Ədəbiyyatşünas, mətnşünas alim Ofelya Əşrəf qızı Bayramlı (1935 - 30.6.2006) anadan olub.

1 yanvar 1880 - Şərqşünas, tərcüməçi, maarif xadimi Muxtar İsmayıl oğlu Əfəndizadə (1880 - 17.10.1975) anadan olub.
1 yanvar 1883 - Yazıçı, pedaqoq Abdulla bəy Divanbəyoğlu (Sübhanverdixanov; 1883-1936) Qazaxın Hüseynbəyli kəndində doğulub. Əsərləri: "Şahzadə və Əbdül", "Duman", "Ərdoy dərəsi", "Cəng" və s. Azərbaycan Dövlət Arxivinin müdiri (1923-1927) olub.
1 yanvar 1924 - Folklorşünas, filologiya elmləri doktoru, professor Vaqif Vəliyev (1924-1998) Qazax rayonunun Pirili kəndində anadan olub.
1 yanvar 1925 - Yazıçı Emin Qasıməli oğlu Mahmudov anadan olub. Uşaq və gənclər üçün fantastika mövzusunda əsərlərin müəllifidir: “Kainat gəmisi”, “Zülmət dənizi”, “Atlant qızı” və s.
1 yanvar 1926 - Filosof, akademik Aslan Məmməd oğlu Aslanov (1926 - 23.8.1995) Ağstafa şəhərində anadan olub.
1 yanvar 1929 - Azərbaycanda ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid başlanıb.
1 yanvar 1930 - Yazıçı, Əməkdar mədəniyyət işçisi Tahir İsmayıl oğlu Hüseynov (1930-1993) Borçalı mahalının Qaçağan kəndində doğulub. Kitabları: “İnsan düşünür", "Yanıq Abdullanın yuxuları" və s.
1 yanvar 1937 - Görkəmli aktyor, Xalq artisti Eldəniz Zeynalov (1937 - 5.11.2001) anadan olub. “Əhməd haradadır?”, “Bir cənub şəhərində”, “Ömrün səhifələri”, “Yol əhvalatı”, “Babamızın babasının babası” və s. filmlərdə, teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
1 yanvar 1947 - Xalq artisti Mikayıl Mirzə (Mikayıl Şahvələd oğlu Mirzəyev, 1947 - 3.6.2006) Şamaxı rayonunun Talış kəndində (indiki Ağsu rayonu) doğulub. Televiziya tamaşalarında ("Günahsız Abdulla", "Topal Teymur"), “Qatır Məmməd”, “Üzeyir ömrü” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Milli Məclisin deputatı (2001-2005) olub.
1 yanvar 1940 - Azərbaycan SSR-də latın qrafikalı əlifbadan kiril (rus) qrafikalı əlifbaya keçid gerçəkləşib.

2 yanvar 1945 - Görkəmli aktyor Səməndər Rzayev (1945 - 27.3.1986) Ağsuda anadan olub. “Nəsimi”, “Babək”, “Babamızın babasının babası”, “Evlənmək istəyirəm”, “Bağ mövsümü”, “Bəyin oğurlanması” və s. filmlərdə çəkilib. Televiziya tamaşalarında maraqlı obrazlar qalereyası yaradıb.

Dünya

29 dekabr 1775 - İtalyan əsilli Rusiya memarı Karl Rossi (Carlo di Giovanni Rossi; 1775-1849) Neapolda anadan olub. Sankt-Peterburq şəhərində bir çox bina və memarlıq ansambllarının müəllifidir.

30 dekabr 1865 - İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1907) laureatı Redyard Kiplinq (Joseph Rudyard Kipling; 1865-18.1.1936) Bombeydə doğulub. Uşaqlar üçün “Cəngəlliklər kitabı”, “Yeddi dəniz” şeirlər toplusu və s. əsərlərin müəllifidir.
30 dekabr 1904 - Rus bəstəkarı, pedaqoq, SSRİ Xalq artisti Dmitri Borisoviç Kabalevski (1904-14.2.1987) anadan olub. Əsərləri: “Kola Brunyon” (Romen Rollanın povesti əsasında) operası, “Qızıl sünbüllər” baleti, “Bahar nəğməsi” operettası və s.

31 dekabr 1869 - Fransız rəssamı və heykəltəraşı Anri Matiss (Henri Matisse; 1869-1954) anadan olub. Forma və rənglərlə böyük effektiv emosiya yaradan əsərləri ilə məşhurdur.

1 yanvar 1823 - Macar şairi, Macarıstanda 1848-1849-cu illər inqilabının rəhbərlərindən biri Şandor Petefi (1823-1849) anadan olub. Poemaları: “Kənd çəkici”, “Pəhləvan Yanoş”, “Pişta Saloy”.
1 yanvar 1854 - İngilis tarixçisi, kulturoloq, antropoloq, folklorşünas Ceyms Corc Freyzer (James George Frazer; 1854-1941) anadan olub. Müxtəlif xalqların folkloru, dini ayinləri və adət-ənənələri, mifologiya və s. mövzuda tədqiqatların yer aldığı “Qızıl ağac” adlı 12 cildlik əsərin müəllifidir.
1 yanvar 1919 - Amerika yazıçısı Cerom Devid Selincer (Jerome David Salinger; 1919-2010) anadan olub. “Çovdarlıqda uçurumdan qoruyan” romanı (1951) ilə şöhrət qazanıb. Hekayə və novellaları: “Banan-balıq yaxşı ovlanır”, “Tanış qız”, “Gülən adam”, “Teddi” və s. Yazıçı 60-cı illərdə ətraf aləmdən uzaqlaşaraq ömrünün sonunadək qapalı həyat sürüb.

2 yanvar 1943 - Məşhur türk musiqiçisi, bəstəkar Barış Manço (1943 - 1.2.1999) anadan olub. Türkiyədə rok musiqisinin öncüllərindən biridir. Bəstələdiyi 200-dən çox mahnı ona 12 qızıl və 1 platin albom (1 milyon satış) qazandırıb. Hazırladığı televiziya proqramları ilə bir çox ölkələrdə səfərdə olub.

Hazırladı: Vüqar Orxan