Azərbaycan

3 yanvar 1907 - Məşhur pianoçu, Xalq artisti, professor Kövkəb Kamil qızı Səfərəliyeva (1907 - 27.6.1985) anadan olub. Dövlət Konservatoriyasında (Bakı Musiqi Akademiyası) dərs deyib, konservatoriyanın nəzdində orta ixtisas musiqi məktəbinin (hazırda Bülbül adına məktəb) direktoru olub.
3 yanvar 1917 - Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılan “Arşın mal alan” filmi Bakıdakı "Forum" kinoteatrında ilk dəfə nümayiş olunub. Filmin keyfiyyəti çox aşağı olduğu üçün Üzeyir bəyin təkidi ilə yanvarın 8-də ekrandan çıxarılıb. Filmin rejissoru Boris Svetlov, operatoru Qriqori Lemberq idi. Əsas rolları Hüseynqulu Sarabski (Əsgər), Mirzağa Əliyev (Süleyman), Ələkbər Hüseynzadə (Soltan bəy), Əhməd Ağdamski (Gülçöhrə) oynamışdı.

4 yanvar 1946 - Satirik şair, “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndəsi Əli Nəzmi (Əli Məhəmməd oğlu Məmmədzadə; 1878-1946) vəfat edib. "Məşədi Sijimqulu", "Kefsiz" və s. imzalarla yazıb. Kitabları: “Sijimqulunamə”, “Satira mərmiləri”. "Keçmiş günlər" (1944) adlı mənzum xatirəsi dövrün ədəbiyyat və mətbuat tarixini öyrənmək üçün maraqlı mənbədir.
4 yanvar 1932 - Görkəmli yazıçı, dramaturq, publisist, naşir Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə (22.2.1869 - 1932) vəfat edib. Realist hekayələri ("Poçt qutusu", “Usta Zeynal”, “Qurbanəli bəy”), povestləri ("Danabaş kəndinin əhvalatları”), dram əsərləri (“Dəli yığıncağı”, “Anamın kitabı”), "Ölülər" tragikomediyası ilə Azərbaycan ədəbiyyatına böyük töhfələr verib. 1906-1932-ci illərdə (fasilələrlə) nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalı Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
4 yanvar 1946 - Xalq artisti Rafael Məlik oğlu Dadaşov anadan olub. “Bəxt üzüyü”, “Mənim ağ şəhərim” filmlərində, televiziya tamaşalarında (“Ordan-burdan”, “Göz həkimi”) və teatr səhnəsində yaddaqalan rollar oynayıb.
4 yanvar 1950 - Rusiyanın Əməkdar artisti İnarə Quliyeva Moskvada doğulub. “Azərbaycanfilm”də “Alma almaya bənzər” (Aliyə), “Dədə Qorqud (Selcan), “Qayınana” (Afət) filmlərində çəkilib.
4 yanvar 2000 - Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova; 28.2.1918 - 2000) vəfat edib. Kazan quberniyasının köhnə Çukan kəndində doğulub. İki yaşı olanda ailəsi Bakıya köçüb. 1938-ci ildən Akademik Dram Teatrında çıxış edib. “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı”, “Gümüşgöl əfsanəsi” və s. filmlərdə çəkilib. Filmlərin səsləndirilməsində iştirak edib.
4 yanvar 2003 - «Azərbaycan Respublikasının dövlət dili haqqında» qanun mətbuatda dərc olunaraq qüvvəyə minib. Qanun ölkə Konstitusiyasına uyğun olaraq Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu tənzimləyir.

5 yanvar 1884 - Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Ağdamski (Bədəlbəyli; 1884 - 1.4.1954) Şuşada doğulub. Üzeyir Hacıbəylinin xalası oğludur. Azərbaycan teatrında azərbaycanlı aktrisaların olmadığı vaxtlarda tamaşalarda qadın rollarını (o cümlədən "Leyli və Məcnun"da Leyli) oynayıb. 1934-cü ildən pedaqoji fəaliyyətlə məşğul olub, Ağdaş musiqi məktəbində tar müəllimi işləyib.
5 yanvar 1887 - Tarzən, Əməkdar incəsənət xadimi Mirzə Mənsur Məşədi Məlik oğlu Mənsurov (1887 - 30.6.1967) anadan olub. Qəzəl və qoşmalar yazıb. Məşhur tarzən Bəhram Mənsurovun əmisidir.
5 yanvar 1910 - Ədəbiyyatşünas Məmmədağa Sultan oğlu Sultanov (1910 - 19.1.1991) Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. “Kəlilə və Dimnə” kitabından şeirləri, Füzulinin, Nəsiminin farsca yazdığı əsərləri dilimizə tərcümə edib.
5 yanvar 1927 - Yazıçı Əlfi Səhlik oğlu Qasımov (1927-12.3.1985) Ağdam rayonunun Poladlı kəndində anadan olub. “Toy gecəsi”, “Adilənin taleyi” romanlarının, «Odlu ürək», «Ulduz karvanı», "Şagird briqadaları", "Dnepr qəhrəmanı" kitablarının, "Qızburunda tək məzar" sənədli povestinin və s. əsərlərin müəllifidir.
5 yanvar 1927 - Yazıçı, şair, tərcüməçi Vidadi Yusif oğlu Babanlı Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində doğulub. “Dönüş”, “Təbrizdə bir gecə” poemaları, “Gəlin”, “Həyat bizi sınayır” (həmçinin eyniadlı filmin ssenarisi) povestləri, “Vicdan susanda”, “Müqəddəs ocaq” romanlarının müəllifidir.
5 yanvar 1949 - Əməkdar artist Kübra Əliyeva anadan olub. Teatr və televiziya tamaşalarında, “Sonuncu məhəbbət” (Ümbülnisə), “Güllələnmə təxirə salınır!” (Sonya) filmlərində çəkilib.
5 yanvar 1955 - Əməkdar artist Fərhad İsrafilov anadan olub. “Yeddi oğul istərəm” filmində Qəqəni rolu ilə tanınıb. “Evlənmək istəyirəm”, “Doğma sahillər” və s. filmlərdə çəkilib. Yuğ Teatrında çalışır.

6 yanvar 1907 - Görkəmli aktyor, Xalq artisti İsmayıl Yusif oğlu Dağıstanlı (Hacıyev; 1907 - 1.4.1980) Qax rayonunun Zərnə kəndində doğulub. Akademik Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. “Səbuhi” (Mirzə Fətəli), “Böyük dayaq” (Kərəmoğlu), “Qatır Məmməd” (Fətəli xan Xoyski) və s. filmlərdə çəkilib.
6 yanvar 1938 - Baletmeyster, Əməkdar incəsənət xadimi Yulana Yusufovna Əlikişizadə Bakıda anadan olub. 1978-ci ilədək Akademik Opera və Balet Teatrında balerina kimi fəaliyyət göstərib. Mahnı Teatrında, Musiqili Komediya Teatrında balet qrupunun rəhbəri vəzifəsində çalışıb.
6 yanvar 1938 - Görkəmli şair Mikayıl Müşfiq (Mikayıl Əbdülqadir oğlu Mikayılzadə, 5.6.1908 - 1938) dünyasını dəyişib. Yeniyetmə vaxtlarından yaradıcılığa başlayıb, qısa ömründə 10 şeir və poemalar toplusu nəşr etdirib. Stalin repressiyasının qurbanı olub. 1937-ci ildə pantürkizm və millətçilikdə ittiham edilərək həbs olunub, 1938-ci il yanvarın 6-da güllələnib.
6 yanvar 1962 - SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (25.11.1901, Həştərxan - 1962, Bakı) vəfat edib. Həştərxanda “İqbal” məktəbində tamaşalarda oynayıb. Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən onu Bakıya dəvət edib. 1920-ci ildə Bakıya gələn Mərziyyə Davudova Azərbaycan teatr sənətinin inkişafında mühüm xidmətlər göstərib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşıdır. “Bəxtiyar” (Gülbadam), “Bir məhəllədən iki nəfər” (Fatma), “Əsl dost” (Sənəm) və s. filmlərdə çəkilib.

7 yanvar 1907 - Tanınmış geoloq, akademik Mirəli Seyidəli oğlu Qaşqay (1907 - 23.4.1977) Gəncədə anadan olub. Alimin “Azərbaycan mineral suları", "Daşkəsənin petrologiyası və metallogeniyası" və s. fundamental tədqiqat əsərləri dünya elminə qiymətli töhfədir.
7 yanvar 1927 - Filologiya elmləri doktoru, professor Yavuz İbrahimxəlil oğlu Axundlu Ordubad rayonunda doğulub. Azərbaycan ədəbiyyatında tarixi roman janrına dair tədqiqatların müəllifidir.

8 yanvar 1920 - Xalq artisti, teatr və kinoda yaddaqalan obrazlar yaratmış görkəmli sənətkar Leyla Bədirbəyli (1920 - 23.11.1999) Bakıda anadan olub. “Səbuhi” (Tubu), “Arşın mal alan” (1945, Gülçöhrə), “Fətəli xan” (Tuti Bikə), “Görüş” (Bilqeyis), “Onun böyük ürəyi” (Xalidə), “Dərviş Parisi partladır” (Şərəbanu) və s. filmlərdə çəkilib. SSRİ Dövlət mükafatına layiq görülüb.

Dünya

3 yanvar 1892 - İngilis yazıçısı, ədəbiyyatşünas Con Ronald Tolkin (John Ronald Reuel Tolkien; 1892-1973) anadan olub. Fentezi janrında ədəbiyyatın banilərindəndir. Əsərləri: “Üzüklərin hökmdarı”, “Silmarillion”, “Hobbit və ya oraya və geriyə” və s.
3 yanvar 1929 - İtalyan kinorejissoru Serco Leone (Sergio Leone; 1929-1989) anadan olub. Spaqetti-vestern janrının yaradıcısı sayılır. Filmləri: “Bir dəfə vəhşi Qərbdə”, “Bir çəngə dollar üçün”, “Yaxşı, pis, bədnam”.
3 yanvar 1956 - İrland mənşəli Amerika aktyoru və rejissoru Mel Gibson (Mel Colm-Cille Gerard Gibson) Nyu-Yorkda doğulub. Filmləri: “Qadınlar nə istəyirlər?”, “Vətənpərvər” (aktyor), “Cəsur ürək” (rejissor və aktyor; film 5 “Oskar” qazanıb), “Apokalipsis” (rejissor).

4 yanvar 1785 - Alman folklorçusu, filoloq Yakob Qrim (Jacob Ludwig Karl Grimm; 1785-1863) anadan olub. Qardaşı Vilhelm Qrimlə alman nağıllarını toplayaraq nəşr etdirib. Folklorşünaslıqda mifologiya məktəbinin banilərindən biridir.
4 yanvar 1960 - Fransız yazıçısı, filosof, ədəbiyyat üzrə Nobel mükafatı (1957) laureatı Alber Kamyu (Albert Camus, 7.11.1913 - 1960) avtomobil qəzasında həlak olub. Ekzistensializm fəlsəfəsinin tanınmış nümayəndəsidir. Əsərləri: “Vəba”, “Özgə”, “Sizif haqqında mif”, “Qiyamçı adam”, “Şeytanlar” və s.

5 yanvar 1921 - İsveçrə yazıçı-dramaturqu Fridrix Dürrenmatt (Friedrich Josef Dürrenmatt, 1921- 1990) anadan olub. Əsərləri: “Hakim və onun cəlladı”, “Ədalət mühakiməsi” psixoloji detektiv romanları, “Yaşlı xanımın ziyarəti” pyesi və s.
5 yanvar 1931 - Amerika aktyoru Robert Selden Düval (Robert Selden Duvall) anadan olub. Filmləri: “İncə mərhəmət” (“Oskar”, 1983), “Xaç atası”, “Apokalipsis bu gün” və s.
5 yanvar 1932 - İtalyan yazıçısı, filosof və tarixçi Umberto Eko (Umberto Eco) anadan olub. Əsərləri: “Qızılgül adı”, “Fuko kəfgiri”, “Çariçə Loananın sirli alovu”, “Praqa məzarlığı” romanları, “Orta əsrlər estetikasının təkamülü”, “Açıq əsər” elmi tədqiqatları və s.

6 yanvar 1822 - Tanınmış alman arxeoloqu, əfsanəvi Troya şəhərinin qalıqlarını üzə çıxarmış Henrix Şliman (Johann Ludwig Heinrich Julius Schliemann; 1822 - 1890) anadan olub.
6 yanvar 1872 - Görkəmli rus bəstəkarı Aleksandr Nikolayeviç Skryabin (1872 - 27.4.1915) anadan olub. “Ekstaz poeması” və “Prometey” simfonik poemalarının, simfoniyaların müəllifi, “rəngli musiqi”nin yaradıcısıdır.
6 yanvar 1879 - Tatarıstan ədəbiyyatının klassiki, dramaturq və publisist Qaliəsgər Kamal (Kamaletdinov; 1879 - 1933) anadan olub.
6 yanvar 1911 - SSRİ Xalq artisti Nikolay Kryuçkov (1911 - 1994) anadan olub. “Bakının işıqları” (1950) filmində (Paramonov) çəkilib.
6 yanvar 1938 - Məşhur italyan aktyoru, müğənni, bəstəkar, rejissor Adriano Çelentano (Adriano Celentano) anadan olub. Filmləri: “Serafino”, “Milanda superoğurluq”, “İnadkarın ram edilməsi”, “Dəlicəsinə vurulmuş” və s.

7 yanvar 1906 - Litva şairi və yazıçısı Antanas Ventslova (Antanas Venclova; 1906 -1971) anadan olub.
7 yanvar 1925 - İngilis yazıçısı, zooloq Cerald Darrel (Gerald Malcolm Durrell (1925 - 1995) anadan olub. Heyvanlardan bəhs edən 30-dan çox kitab və filmin müəllifidir. Yazıçı Lourens Darrelin qardaşıdır.
7 yanvar 1964 - Amerika aktyoru Nikolas Keyc (Nicolas Cage - Nicolas Kim Coppola) anadan olub. Məşhur kinorejissor Frensis Ford Koppolanın qardaşı oğludur. Kinoda öz adını təsdiqləmək üçün soyadından imtina edib. Filmləri: “Sifətsiz”, “Mələklər şəhəri”, “Ölüm öpüşü”, “Las-Veqası tərk edərkən” (“Oskar”, 1996) və s.

8 yanvar 1910 - Məşhur rus balerinası, SSRİ Xalq artisti Qalina Sergeyevna Ulanova (1910 - 1998) anadan olub.
8 yanvar 1935 - Dünya şöhrətli Amerika müğənnisi, aktyor Elvis Presli (Elvis Aaron Presley; 1935 - 16.8.1977) anadan olub. “Rok-n-roll”un kralı, XX əsr musiqisinin ən məşhur nümayəndələrindən biri kimi tarixə düşüb. Ümumi tirajı 1 milyard olan 150-dən çox albomu işıq üzü görüb.

Hazırladı: Vüqar Orxan