Azərbaycan

4 fevral 1939 - Xalq artisti Tariyel İsgəndər oğlu Qasımov Ağstafanın Köçəsgər kəndində anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. “Axırıncı aşırım”, “Vulkana doğru”, “Doğma sahillər” və s. filmlərdə çəkilib.
4 fevral 1945 - Görkəmli müğənni və bəstəkar, Xalq artisti, professor Polad Bülbüloğlu anadan olub. “Eşq və ölüm” baleti, 100-dək mahnı, “Qorxma, mən səninləyəm”, “Uşaqlığın son gecəsi”, “Babək”, “Ən vacib müsahibə”, “İstintaq davam edir”, “Sevinc buxtası”, “Hökmdarın taleyi”, "Dolu" və s. filmlərə musiqi yazıb. 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. 2006-cı ildən ölkəmizin Rusiyada səfiridir. “İstiqlal” ordeninə layiq görülüb.
4 fevral 1956 - Xalq artisti, xanəndə Səkinə Qulu qızı İsmayılova anadan olub. Opera və Balet Teatrında Leyli ("Leyli və Məcnun", Ü.Hacıbəyli), Ərəbzəngi ("Şah İsmayıl", M.Maqomayev) və s. partiyaları ifa edib.

5 fevral 1918 - Böyük bəstəkar, pedaqoq, alim, Azərbaycan EA-nın akademiki, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Əbülfəz oğlu Qarayev (1918 - 13.05.1982) anadan olub. Dünya musiqi xəzinəsinə daxil olan “Yeddi gözəl" (1952), “İldırımlı yollarla" (1958) baletlərinin, üç simfoniya, “Don Kixot" simfonik qravürü, “Leyli və Məcnun" simfonik poeması, fortepiano üçün prelüd, skripka və fortepiano üçün sonata və romansların müəllifidir. “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Bir məhəllədən iki nəfər”, “İnsan məskən salır”, “Nizami” və s. filmlərə musiqi yazıb.
5 fevral 1930 - Görkəmli xanəndə, Xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədov Bakının Maştağa kəndində doğulub. Milli muğam sənətinin inkişafına dəyərli töhfələr verib, onlarla mahnı və təsnifin müəllifidir.
5 fevral 1934 - Əməkdar incəsənət xadimi, musiqişünas, professor Aida Zeynal qızı Tağızadə Şuşada anadan olub.
5 fevral 1948 - Şair, dramaturq Mərkəz Mikayıl oğlu Qacar (1948-2013) Füzuli şəhərində doğulub. İxtisasca hüquqşünas olub. Təmsil, rübai, qəzəl, poema, dram əsərlərinin müəllifdir.
5 fevral 1963 - Məşhur aktrisa Münəvvər Səməd qızı Kələntərli (1912, Lənkəran - 1963) vəfat edib. 1933-cü ildən səhnə fəaliyyətinə başlayıb, opera tamaşalarında, musiqili komediyalarda çıxış edib. "Arşın mal alan" (1945), "Bəxtiyar”, "Qızmar günəş altında", "Görüş", "O olmasın, bu olsun" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
5 fevral 1991 - Ali Sovet Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanun qəbul edilib. Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Azərbaycanın dövlət rəmzi kimi təsdiq edilib. Dövlət bayrağı bərabər enli üç üfüqi (mavi, qırmızı, yaşıl) zolaqdan ibarətdir. Qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilib.

6 fevral 1924 - Xalq artisti Firəngiz Şərifova (1924 - 20.2.2014) anadan olub. Uzun illər Gənc Tamaşaçılar Teatrında çalışıb. "Qərib cinlər diyarında”, “Ən vacib müsahibə”, «Bayquş gələndə”, "Qətl günü" və s. filmlərdə çəkilib.
6 fevral 1927 - Rejissor, aktyor, Xalq artisti Lütfi Şahbaz oğlu Məmmədbəyov (1927 - 1.2.2004) Ağdaşda doğulub. “İtkin gəlin” teleserialına, 50-dək televiziya tamaşasına quruluş verib. “Qızmar günəş altında” (Xəlil), “Səhər” (Aslan), “Sehrli xalat” (Əli müəllim) və s. filmlərdə çəkilib.
6 fevral 1938 - Xalq artisti, aktyor Rafiq Əşrəf oğlu Əzimov Bakıda anadan olub. 1962-ci ildən Milli Dram Teatrında çalışır. Teatrla yanaşı, televiziya tamaşalarında, “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
6 fevral 1946 - Xalq artisti Yusif Yevgenyeviç Axundzadə Bakıda doğulub. Müdafiə Nazirliyi hərbi orkestr xidmətinin rəisi və baş dirijoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəfəs və zərb alətləri kafedrasının professorudur.
6 fevral 1950 - Xalq artisti, xanəndə Ağaxan Minəxan oğlu Abdullayev Bakının Əmircan kəndində anadan olub. 1977-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. “Şöhrət” ordeni ilə təltif olunub.

7 fevral 1924 - Xalq artisti, instrumental ifaçı, dirijor Tofiq Qəzənfər oğlu Əhmədov (1924 - 21.3.1981) Bakıda anadan olub. Azərbaycan Radiosu və Televiziyasının estrada orkestrini yaradıb, milli caz musiqisinin inkişafında mühüm xidmətləri var.
7 fevral 1919 - Xalq artisti, görkəmli kinorejissor Tofiq Mehdiqulu oğlu Tağızadə (1919 - 27.8.1998) anadan olub. “Görüş”, “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud” və s. filmləri ilə milli kinomuza dəyərli töhfələr verib.

8 fevral 1992 - Görkəmli bəstəkar, Xalq artisti, professor Əşrəf Cəlal oğlu Abbasov (Şuşa, 23.3.1920 - 1992) vəfat edib. İlk milli uşaq baletinin («Qaraca qız»), musiqili komediyaların («Dağlar qoynunda», «Həyətim mənim, həyatım mənim” və s.), simfonik əsərlərin, populyar mahnıların (“Qurban olduğum”, «Qarabağın qızları») müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının (1953-1957) rektoru olub.

9 fevral 1925 - Əməkdar artist, müğənni Rəhilə Mirələsgər qızı Həsənova (1925 - 28.2.2004) anadan olub.
9 fevral 1936 - Əməkdar incəsənət xadimi, bəstəkar Məmməd Mehdi oğlu Quliyev (1936-2001) anadan olub.

Dünya

4 fevral 1873 - Rus yazıçısı Mixail Mixayloviç Prişvin (1873-1954) anadan olub.
4 fevral 1915 - İngilis aktyoru, “mister Pitkin” haqqında kinokomediyalarda baş rolun ifaçısı Norman Uizdom (Norman Joseph Wisdom, 1915-2010) anadan olub.

5 fevral 1810 - Norveç milli musiqi məktəbinin banilərindən biri, bəstəkar, skripkaçı Ule Bull (Ole Borneman Bull, 1810-1880) anadan olub.
5 fevral 1864 - Alman bəstəkarı, çoxsaylı hərbi marşların müəllifi Karl Teyke (Carl Albert Hermann Teike, 1864-1922) anadan olub.

6 fevral 1894 - Gürcü rejissoru və ssenaristi, SSRİ Xalq artisti Mixail Edişeroviç Çiaureli (1894-1974) anadan olub.
6 fevral 1932 - Fransız aktyoru və rejissoru, kino sənətində “yeni dalğa”nın banilərindən biri Fransua Trüffo (François Roland Truffaut; 1932-1984) anadan olub.

7 fevral 1812 - Məşhur ingilis yazıçısı Çarlz Dikkens (Charles John Huffam Dickens, 1812-1870) anadan olub. Realist sosial romanın yaradıcılarından biri, “Oliver Tvistin macəraları”, “Devid Kopperfild”, “Dombi və oğlu” və s. romanların müəllifidir.
7 fevral 1885 - Amerika yazıçısı, amerikalı yazıçılar arasında ədəbiyyat üzrə ilk Nobel mükafatı laureatı (1930) Sinkler Lyuis (Sinclair Lewis, 1885-1951) anadan olub. “Baş küçə”, “Martin Errousmit” (“Martin Arrowsmith”) və s. romanların müəllifidir.
7 fevral 1929 - Türk şairi və aktrisası Könül Aysel Gürel (1929 - 17.8.2008) anadan olub. Bir çox populyar mahnıların sözlərinin müəllifidir.
7 fevral 1954 - Alman müğənnisi, bəstəkar və prodüseri Diter Bolen (Dieter Bohlen) anadan olub. 80-ci illərin məşhur “Modern Talking” qrupunun yaradıcısı kimi tanınıb.

8 fevral 1828 - Fransız yazıçısı, səyyah Jül Vern (Jules Gabriel Verne, 1828 - 24.3.1905) anadan olub. Macəra ədəbiyyatının klassiki, elmi fantastikanın banilərindən biridir. “Kapitan Qrantın uşaqları”, “80 gün dünya ətrafında” və s. əsərlərin müəllifidir.
8 fevral 1928 - Məşhur rus aktyoru, SSRİ Xalq artisti Vyaçeslav Vasilyeviç Tixonov (1928 - 4.12.2009) anadan olub. “Baharın on yeddi anı” teleserialında Ştirlis rolu ilə şöhrət qazanıb. “Hərb və sülh”, “Qara qulaq ağ Bim” və s. filmlərdə çəkilib.

9 fevral 1441 - Böyük özbək şairi və mütəfəkkiri, dövlət xadimi Əlişir Nəvai (Nizaməddin Mir Əlişir oğlu Nəvai; 1441 - 3.1.1501) Heratda doğulub. Nizami Gəncəvinin “Xəmsə”sindən təsirlənərək eyniadlı əsərlər toplusu (beşlik) yaradıb.
9 fevral 1874 - Alman əsilli rus rejissoru, aktyor, teatr xadimi Vsevolod Meyerhold (Karl Kasimir Theodor Meyergold; 1874-1940) anadan olub.
9 fevral 1881 - Dahi rus yazıçısı, mütəfəkkir, publisist Fyodor Mixayloviç Dostoyevski (11.11.1821 - 1881) vəfat edib. “Alçaldılmış və təhqir olunmuşlar”, “Cinayət və cəza”, “Qumarbaz”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə”, “Karamazov qardaşları” romanlarının müəllifidir.

Hazırladı: Vüqar Orxan