Azərbaycan

10 fevral 1828 - Rusiya ilə İran arasında müharibənin (1826-1828) yekunlarına dair Türkmənçay sülh müqaviləsi bağlanıb. Təbriz yaxınlığındakı Türkmənçay kəndində Rusiya generalı İvan Paskeviç və İran şahzadəsi Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilib. Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölüşdürülməsi başa çatıb. Bundan öncə, 1813-cü ildə bağlanan Gülüstan müqaviləsi ilə Şimali Azərbaycanın digər xanlıqları da Rusiyaya ilhaq edilmişdi.
10 fevral 1918 - Yazıçı Cəmşid Cabbar oğlu Əmirov (1918 - 29.12.1982) Naxçıvan şəhərində anadan olub. “Brilyant məsələsi”, “Qara “Volqa”, “Şəhər yatarkən” və s. detektiv əsərlərin müəllifidir.
10 fevral 1925 - Cənubi Azərbaycan şairi, publisist Müzəffər Məmmədəli oğlu Dirəfşi anadan olub.
10 fevral 1927 - Ədəbiyyatşünas alim, professor Cahangir Vahid oğlu Qəhrəmanov (1927-1995) Qəbələdə doğulub.

11 fevral 1914 - Xalq artisti Rəmziyyə Veysəlova (1914 - 22.8.1993) Bakıda anadan olub. Uzun illər Gəncə Dövlət Dram Teatrının aktrisası olub.
11 fevral 1920 - Ədəbiyyatşünas, AMEA-nın müxbir üzvü Əziz Mirfeyzulla oğlu Mirəhmədov (1920-2003) Bakıda anadan olub. Üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin müəlliflərindən biridir.
11 fevral 1930 - Ədəbiyyatşünas, şərqşünas, tərcüməçi Əbülfəz Haşım oğlu Rəhimov anadan olub.
11 fevral 1930 - Mədəniyyət xadimi, Prezident təqaüdçüsü Gülara Cəfər qızı Cabbarlı Bakıda anadan olub. Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyində baş elmi işçi, 1979-cu ildən 2012-ci ilədək Cəfər Cabbarlının ev-muzeyinin direktoru işləyib.
11 fevral 1981 - Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sənani (Möhsün Sadıq oğlu Cəfərov; 19.6.1900, Tiflis - 1981) vəfat edib. “Kəndlilər”, “Fətəli xan”, “O olmasın, bu olsun”, “Sehrli xalat”, “Dağlarda döyüş” və s. filmlərində çəkilib.

12 fevral 1911 - Məşhur tarzən, Xalq artisti Bəhram Məşədi Süleyman bəy oğlu Mənsurov (1911 - 14.5.1985) Bakıda doğulub. 1932-ci ildən ömrünün axırınadək Dövlət Opera və Balet Teatrının solisti və konsertmeysteri olub.
12 fevral 1923 - Şair, dramaturq İslam Əhməd oğlu Səfərli (1923 - 6.11.1974) Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şəkərabad kəndində doğulub. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı" və s. pyeslərin müəllifidir. Bir çox şeirlərinə mahnılar bəstələnib.
12 fevral 1925 - Filosof, professor Adil Yusif oğlu Nəcəfov (1925-1989) anadan olub.
12 fevral 1933 - Heykəltəraş, Əməkdar rəssam Elmira Mehralı qızı Hüseynova (1933 - 23.1.1995) anadan olub. H.Zərdabi (Bakı), C.Cabbarlı (Sumqayıt) və s. abidələrin müəllifidir.
12 fevral 1933 - Tanınmış xanəndə, Əməkdar artist Mais Qurban oğlu Salmanov (1933 - 25.7.2008) Şəmkir rayonunun Morul kəndində doğulub. Opera və Balet Teatrının solisti olub.

Dünya

10 fevral 1808 - Alman tarixçisi və filoloqu Georq Veber (1808-1888) anadan olub.
10 fevral 1837 - Böyük rus şairi, yazıçı, dramaturq Aleksandr Sergeyeviç Puşkin (6.6.1799 - 1837) vəfat edib. Əsərləri: "Yevgeni Onegin" (mənzum roman), "Ruslan və Lüdmila", "Qafqaz əsiri", "Tunc atlı" (poema), "Boris Qodunov", "Motsart və Salyeri" (pyes), “Mərhum İvan Petroviçin povestləri”, “Qaratoxmaq qadın”, “Kapitan qızı” (povest) və s.
10 fevral 1890 - Rus şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1958) laureatı Boris Leonidoviç Pasternak (1890-1960) anadan olub. Əsərləri: “Doktor Jivaqo” (roman), "Leytenant Şmidt", "Spektorski" (poema), "Bacım mənim - həyat", "Erkən qatarlarda" (şeirlər kitabı).
10 fevral 1898 - Alman dramaturqu, rejissor və teatr nəzəriyyəçisi Bertold Brext (Eugen Berthold Friedrich Brecht; 1898-1956) anadan olub. Pyesləri: “Üç quruşluq opera”, “Kuraj ana və uşaqları”, “Qalileyin həyatı” və s.

11 fevral 1657 - Fransız yazıçısı və alimi Fontenel (Bernard le Bovier de Fontenelle, 1657-1757) anadan olub.
11 fevral 1894 - Rus yazıçısı, uşaqlar üçün çoxsaylı hekayə və nağılların müəllifi Vitali Valentinoviç Bianki (1894-1959) anadan olub.
11 fevral 1900 - Alman filosofu, “fəlsəfi hermenevtika”nın banisi Hans-Georq Qadamer (Hans-Georg Gadamer, 1900-2002) anadan olub.
11 fevral 1917 - Amerika yazıçısı və ssenaristi Sidni Şeldon (Sidney Sheldon, 1917-2007) anadan olub.

12 fevral 1809 - İngilis alimi və səyyahı, “təkamül nəzəriyyəsi”nin müəllifi Çarlz Darvin (Charles Robert Darwin; 1809-1882) anadan olub.
12 fevral 1865 - Polyak şairi, yazıçı və dramaturq Kazimej Pşerva-Tetmayer (1865-1940) anadan olub.
12 fevral 1881 - Dünya şöhrətli balerina, SSRİ Xalq artisti Anna Pavlovna Pavlova (1881-1931) anadan olub.

Hazırladı: Vüqar Orxan