Azərbaycan

13 fevral 1910 - Filologiya elmləri doktoru, professor Nəzakət Həsən qızı Ağazadə (1910-1979) anadan olub. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədr müavini Həsən bəy Ağayevin qızıdır.
13 fevral 1956 - Xalq artisti Gülbacı İmanova Bakıda anadan olub. Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru, Bakı Musiqi Akademiyasının professorudur.
13 fevral 2009 - Xalq şairi, dramaturq, ədəbiyyatşünas, professor, ictimai xadim Bəxtiyar Vahabzadə (16.8.1925, Şəki - 2009) vəfat edib. İkiyə bölünmüş Azərbaycanın tarixi faciəsindən bəhs edən "Gülüstan" poeması şairə məşhurluq gətirib. 20-dək poema, 10 dram əsəri yazıb. Azərbaycan Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub, «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif edilib.

14 fevral 1925 - Xalq artisti, dirijor Nazim Əsədulla oğlu Rzayev (1925 - 2.5.2005) anadan olub.
14 fevral 1940 - Azərbaycan televiziyasının ilk diktorlarından Tamara Cəfər qızı Gözəlova-Ağamirova Bakıda anadan olub. “O olmasın, bu olsun” filmində (1956) Gülnaz roluna çəkilib. BDU-nu kitabxanaçılıq ixtisası üzrə bitirib, uzun illər Milli Kitabxanada çalışıb.
14 fevral 1945 - Yazıçı-publisist İntiqam Alı oğlu Mehdizadə İsmayıllı şəhərində doğulub. 30 ilə yaxın Azərbaycan radiosunda çalışıb, “Bulaq”, “Dan yeri” və s. verilişlərin redaktoru olub.
14 fevral 1956 - Azərbaycan televiziyasının yarandığı gündür. Həmin gün Bakı televiziya studiyası yayıma başlayıb. Telestudiya əvvəlcə həftədə 3 dəfə, 1957-ci ildən 5 dəfə 2 saatlıq proqramla efirə çıxıb. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artırılıb. 70-ci illərdə gündəlik yayım həcmi 10, 80-ci illərdə 18 saata çatdırılıb. 2005-ci ildə 24 saatlıq fasiləsiz yayıma keçib.
14 fevral 1980 - Görkəmli aktyor, rejissor, Xalq artisti Rza Təhmasib (20.4.1894 - 1980) vəfat edib. “Qanun naminə” (Qaloş), “Bakıda küləklər əsir” (Şahmar bəy) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Onu bağışlamaq olarmı?”, “Bakının işıqları” və s. filmlərə quruluş verib.

15 fevral 1909 - Əməkdar incəsənət xadimi, aktrisa Xədicə Bahəddin qızı Qazıyeva (1909 - 7.6.1991) Kazan şəhərində doğulub. 1926-cı ildə Azərbaycana gəlib, teatrda 200-dək rol oynayıb.
15 fevral 1933 - Əməkdar artist Bürcəli Veysəl oğlu Əsgərov (1933 - 1.11.2005) Borçalı bölgəsinin Qasımlı kəndində doğulub. 1956-cı ildən Milli Dram Teatrında çalışıb. "Onu bağışlamaq olarmı?", “Qırmızı qar” filmlərində, “Göz həkimi” televiziya tamaşasında çəkilib.
15 fevral 1946 - Xalq artisti Əliabbas Gülabbas oğlu Qədirov (1946 - 8.3.2006) anadan olub. 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışıb, bir müddət (2002-2006) teatra rəhbərlik edib. Kinoda yaddaqalan obrazlar (“Qızıl uçurum” - Cəlil, “Nəğmə dərsi” (“Ömrün səhifələri” - Ata), “Küçələrə su səpmişəm” - Çərkəz və s.) yaradıb, Dövlət mükafatına (“Sevinc buxtası” - Nazim, 1978) layiq görülüb.
15 fevral 2005 - Xalq artisti Xuraman Hacıyeva (7.3.1945 - 2005) vəfat edib. 1965-ci ildə "Arşın mal alan" filmində Asya roluna çəkilməklə məşhurlaşıb. Gənc Tamaşaçılar Teatrında, bir müddət Naxçıvan Musiqili Dram Teatrında çalışıb.

16 fevral 1873 - Azərbaycan memarlığının görkəmli nümayəndələrindən biri Zivərbəy Əhmədbəyov (1873-1925) anadan olub. Bakıda Təzəpir məscidi onun layihəsi əsasında ucaldılıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakının baş memarı olub.
16 fevral 1916 - Görkəmli sənətşünas, akademik Əbdülvahab Salamzadə (1916 - 19.8.1983) Şamaxıda doğulub. Azərbaycan memarlıq tarixinə dair dəyərli tədqiqat əsərlərinin, “Abidələr danışır”, «Azərbaycan memarlıq abidələri» və s. kitabların müəllifidir.
16 fevral 1918 - Qəzəlxan şair, tərcüməçi Qəni Hüseynqulu oğlu Hüseynov (Həkim Qəni; 1918 - 10.6.2008) anadan olub. Məhəmməd Füzulinin qəzəllərinin rus dilinə ilk tərcüməçilərindən biri olub.
16 fevral 1935 - Xalq rəssamı, heykəltəraş Fazil İmamverdi oğlu Nəcəfov anadan olub. Bakıda görkəmli bəstəkar Qara Qarayevin abidəsinin müəllifidir.
16 fevral 1945 - Opera müğənnisi, aktyor, rejissor, pedaqoq, Xalq artisti Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev), 20.3.1879 - 1945) vəfat edib. “Leyli və Məcnun” operasında Məcnun rolunun ilk və 30 ildən artıq əvəzsiz ifaçısı olub.

Dünya

13 fevral 1769 - Məşhur rus satirik şairi İvan Andreyeviç Krılov (1769-1844) anadan olub.
13 fevral 1873 - Görkəmli rus opera müğənnisi, rəssam və heykəltəraş Fyodor İvanoviç Şalyapin (1873-1938) anadan olub. 1921-ci ildə mühacirətə gedib, Parisdə vəfat edib.
13 fevral 1881 - İngilis uşaq yazıçısı Eleanor Farcon (Eleanor Farjeon, 1881-1965) anadan olub.
13 fevral 1903 - Detektiv romanlar müəllifi, Belçika əsilli fransız yazıçısı Jorj Simenon (Georges Joseph Christian Simenon; 1903-1989) anadan olub. Komissar Meqre haqqında əsərləri ilə məşhurlaşıb.

14 fevral 1483 - Özbək şairi və yazıçısı, dövlət xadimi, Böyük Moğollar dövlətinin qurucusu Zahirəddin Məhəmməd Babur (1483-1530) anadan olub. Əmir Teymurun nəslindəndir, tarixi janrda ilk ədəbi nümunələrdən olan “Baburnamə”nin müəllifidir.
14 fevral 1914 - İtalyan kinorejissoru, ssenarist Pyetro Cermi (Pietro Germi, 1914-1974) anadan olub. Kinoda neorealizmin tanınmış simasıdır, “İtalyansayağı boşanma” filminə görə “Oskar” mükafatı (1963) alıb.
14 fevral 1944 - İngilis rejissoru və ssenaristi Alan Parker (Alan William Parker) anadan olub. “Gecəyarısı ekspressi”, “Mələk ürəyi” və s. filmlərini çəkib, Kann kinofestivalının qalibi olub.

15 fevral 1564 - Məşhur italyan fiziki, astronom, riyaziyyatçı və filosof Qalileo Qaliley (Galileo Galilei, 1564-8.1.1642) anadan olub.
15 fevral 1882 - Amerika aktyoru, səssiz kinonun ulduzlarından Con Berrimor (John Barrymore - əsl adı John Sidney Blyth; 1882-1942) anadan olub.
15 fevral 1906 - Tatar şairi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlil (1906 - 25.8.1944) anadan olub. Böyük Vətən müharibəsində əsir götürülüb (1942), Berlində Moabit həbsxanasında öldürülüb. Onun belçikalı kamera yoldaşına verdiyi şeirləri sonradan «Moabit dəftəri» adı altında çap edilib.
15 fevral 1914 - Qazaxıstan milli kinosunun ilk rejissorlarından biri, SSRİ Xalq artisti Şaken Aymanov (1914-1970) anadan olub.

16 fevral 1834 - Alman alimi və filosofu, “ekologiya” termininin müəllifi Ernst Hekkel (Ernst Heinrich Philipp August Haeckel, 1834-1919) anadan olub.
16 fevral 1845 - Amerika yazıçısı, jurnalist və səyyah Corc Kennan (George Kennan, 1845-1924) anadan olub.

Hazırladı: Vüqar Orxan