Azərbaycan
17 fevral 1920 - Dilçi alim, professor, Əməkdar elm xadimi Əlövsət Zakir oğlu Abdullayev (1920-1993) anadan olub.
17 fevral 1926 - Xalq artisti Sofiya Həsən qızı Hüseynova (1926 - 30.7.2015) Naxçıvanda doğulub. Naxçıvan teatrının ilk azərbaycanlı aktrisası Xədicə Qazıyevanın qızıdır, uzun illər bu sənət ocağında çalışıb. "Şöhrət" ordeninə layiq görülüb.
17 fevral 1934 - Yazıçı, dramaturq, tanınmış jurnalist Şamil Xurşud (Şamil Xurşud oğlu Fərzəliyev; 1934-1986) Ucar rayonunda anadan olub. Əslən Qərbi Azərbaycandan, Sisyan rayonunun Ağudi kəndindəndir. “Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi”, “İnsan yaşayır” povestləri, “Qızıl zəncir”, “Sevinc”, “Yol ayrıcında” pyeslərinin müəllifidir.
17 fevral 1947 - Əməkdar artist Əlvida Məhərrəm oğlu Cəfərov Cəbrayıl rayonunun Qaracallı kəndində doğulub. 1972-ci ildən Akademik Milli Dram Teatrında çalışır.
17 fevral 1958 - Teatr və kino aktyoru Xeyri Osman oğlu Əmirzadə (1893-1958) vəfat edib. Milliyyətcə Krım türküdür, Krım Muxtar Respublikasının Xalq artisti olub. 1930-cu illərdən Azərbaycanda fəaliyyət göstərib. "Kəndlilər", "Səbuhi", "Bəxtiyar" və başqa filmlərdə epizodik rollar oynayıb.
17 fevral 1992 - Erməni silahlı qüvvələri Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Xocavənd (Martuni) rayonunun Qaradağlı kəndini işğal edib, dinc əhaliyə qarşı amansız qırğın törədiblər. İşğal nəticəsində kənddə 70 nəfər (o cümlədən 18 qadın və uşaq) öldürülüb.
18 fevral 1201 - Böyük ensiklopediyaçı alim, riyaziyyatçı, astronom və filosof Nəsirəddin Məhəmməd ibn Həsən Tusi (1201 - 23.6.1274) Həmədan şəhərində anadan olub (bəzi mənbələrdə təvəllüdü 16 və 17 fevral göstərilir). Tusinin yaratdığı Marağa rəsədxanası uzun illər Şərqin mötəbər elm mərkəzlərindən biri olub. Riyaziyyat və astronomiya ilə yanaşı, “Əxlaqi-nasir” etik traktatın, fəlsəfəyə dair əsərlərin müəllifidir.
18 fevral 1895 - Məşhur qəzəlxan Əlağa Vahid (Əlağa Məmmədqulu oğlu İsgəndərov, 1895 - 1.10.1965) Bakının Masazır kəndində anadan olub. Nizami, Xaqani, Füzuli, Nəvai və s. şairlərin qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
18 fevral 1925 - Tanınmış jurnalist Hacı Hacıyev (1925-2008) anadan olub. Azərbaycan Jurnalistlər Birliyinə rəhbərlik edib, bədii tərcümə (rus dilindən) ilə məşğul olub.
18 fevral 1947 - Tanınmış fırça ustası, Əməkdar rəssam Ənvər Vahid oğlu Qarayev (1947 - 30.1.2011) Şəkidə anadan olub. Dekorativ-tətbiqi sənət, xalça, batika, parça üzərində tikmə texnikasının mahir ustası idi, beynəlxalq sərgilərin iştirakçısı olmuşdu.
18 fevral 1931 - Xalq şairi, dramaturq Nəriman Əliməmməd oğlu Həsənzadə Qazax rayonunun Poylu qəsəbəsində doğulub. “Cavid", "Nizami", “Nuru Paşa” poemalarının, “Pompeyin Qafqaza yürüşü”, "Atabəylər" dramlarının müəllifidir. "Şərəf" ordeni ilə (2011) təltif edilib.
18 fevral 2009 - “Bakı islam mədəniyyətinin paytaxtı - 2009” tədbirlərinin təntənəli açılış mərasimi keçirilib. Bakı şəhəri İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) qərarı ilə (noyabr 2007) 2009-cu il üzrə “İslam mədəniyyətinin paytaxtı” elan olunmuşdu. İl ərzində Azərbaycan paytaxtı bir çox mədəniyyət tədbirlərinə ev sahibliyi etdi.
19 fevral 1949 - Ədəbiyyatşünas, tərcüməçi, publisist, filologiya elmləri doktoru Adilxan Hüseynəli oğlu Bayramov anadan olub. S.Vurğunun yaradıcılığına, Tiflis Azərbaycan Teatrının tarixinə dair tədqiqatların, muzey işi və s. mövzularda araşdırmaların müəllifidir.
19 fevral 2007 - Prezident İlham Əliyev “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam imzalayıb.
Dünya
17 fevral 1600 - İtalyan filosofu və şairi Cordano Bruno (Giordano Bruno, 1548-1600) inkvizisiyanın qərarı ilə edam edilib (tonqalda yandırılıb).
17 fevral 1906 - Rus yazıçısı, uşaqlar üçün çoxsaylı əsərlərin, film ssenarilərinin müəllifi Aqniya Barto (1906-1981) anadan olub.
18 fevral 1564 - Böyük italyan rəssamı, heykəltəraş, memar, şair, Avropa İntibah dövrünün görkəmli sənətkarı Mikelancelo Buonarrotti (Michelangelo di Francesci di Neri di Miniato del Sera i Lodovico di Leonardo di Buonarroti Simoni, 6.3.1475 - 1564) vəfat edib.
18 fevral 1780 - Rus rəssamı, məişət boyakarlığı janrının banilərindən biri Aleksey Venesianov (1780-1847) anadan olub.
18 fevral 1836 - Hind filosofu və dini lideri, induizmin islahatçısı Ramakrişna (Şri Ramakrişna Paramaxamsa, 1836-1886) anadan olub.
18 fevral 1932 - Çex əsilli məşhur Amerika kinorejissoru və ssenaristi Miloş Forman (Milosh Forman - Jan Tomash Forman) anadan olub. Rejissorun “Qu quşunun yuvası üzərində uçuş” filmi 5 “Oskar”a, “Amadey” filmi 8 “Oskar”a layiq görülüb.
18 fevral 1934 - Rusiyanın Xalq artisti, sirk ustası Muxtarbek Kantemirov anadan olub. “Azərbaycanfilm”də “Qorxma, mən səninləyəm” filmində Rüstəm rolunda çəkilib.
18 fevral 1954 - Məşhur Amerika kinoaktyoru Con Travolta (John Joseph Travolta) anadan olub. Filmləri: «Şənbə axşamının həyəcanı», «Kriminal qiraət», «Sifətsiz», «Əsas rənglər» və s.
19 fevral 1743 - İtalyan bəstəkarı, simli kvartet musiqi janrının banilərindən biri Luici Bokkerini (Luigi Boccherini, 1743-1805) anadan olub.
19 fevral 1821 - Alman dilçi alimi, linqvistikanın tanınmış simalarından biri Avqust Şleyxer (August Schleicher, 1821-1868) anadan olub.
19 fevral 1847 - Amerika ixtiraçısı Tomas Edison (1847-1931) ilk səsyazma cihazını - fonoqrafı icad edib.
Hazırladı: Vüqar Orxan