Elm, mədəniyyət tariximizdə iz qoyan görkəmli ziyalılarımızdan biri də folklorşünas və tərcüməçi Bəhlul Behcət olub.
Bəhlul Mustafa oğlu Əfəndiyev (Behcət) 1869-cu ildə indiki Qubadlı rayonunun Dondarlı kəndində dünyaya göz açıb. İlk təhsilini atasından alıb. Cəbrayıl qəzasındakı Hacı Qaraman xanəgahında Hacı Qasım Çələbinin mədrəsəsində təhsilini davam etdirib. Ərəb və fars dillərini öyrənib. Təhsilini başa vurduqdan sonra Şəki şəhərinə gedərək burada uzun müddət mədrəsədə müəllimlik edir. Təxminən 1915-ci ildə Qafqaz müftisi tərəfindən Zəngəzur qəzasının qazısı təyin olunur.
1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin ən fəal tərəfdarlarından biri kimi tanınan Bəhlul Behcət milli hökumətin süqutu ilə barışa bilməyib, mübarizəni ömrünün sonunacan davam etdirib.
Araşdırıcı Həmdullah Əfəndiyev “Bəhlul Əfəndi Behcət: Xanlıq üsyanı” adlı kitabında yazır: “1922-ci ilin oktyabr ayında Bəhlul Əfəndi Behcət Xanlıq kəndinə (Qubadlı rayonu) gəlir. Camaat qarşısında çıxış edir: “Tarixi beşiyimiz olan Zəngəzur, Qarabağ və onlara bitişik mahallar yüzillərdir ki, Azərbaycanın tərkib hissəsidir. Bu gün məkrli düşmən tarixi torpaqlarımıza göz dikib. Daşnak tör-töküntüləri müdafiəsiz kəndlərimizə soxulur və camaatın mal-heyvanını talan edirlər... Cihad etməyin vaxtı gəlib. Ata-baba torpaqlarımızı düşmənlərdən qorumalı və azad etməliyik”.
Xanlıq üsyanı 24 oktyabr 1922-ci ildə yatırılır, təşkilatçıları isə təqib edilir. Bəhlul Əfəndi bir müddət üzdə görünmür. Sonra Bakıya gəlir, bolşeviklər burada da onu rahat buraxmırlar. Saxta ittihamlar əsasında 1924-cü ildə istintaqa cəlb olunaraq 10 il azadlıqdan məhrum edilir. 1934-cü ildə azadlığa buraxılan tədqiqatçı “Azərnəşr”də, sonra isə SSRİ Elmlər Akademiyasının Azərbaycan şöbəsinin ədəbiyyat sektorunda fəaliyyət göstərir. 1937-ci ilin avqustunda yenidən həbs olunur. 15 mart 1938-ci ildə güllələnir. 5 noyabr 1958-ci il tarixdə ölümündən sonra ona bəraət verilir.
Həyatının ən çətin dövrlərində belə şifahi xalq ədəbiyyatı nümunələrinin toplanmasında və nəşrində əzmkarlıq göstərən B.Behcət Sarı Aşığın yaradıcılığı ilə bağlı araşdırmalar aparıb. Topladığı materialları dövri mətbuat səhifələrində dərc etdirir. Onun “Sarı Aşıq”, “Aşıq” təxəllüslü bayatı şairinin tərcümeyi-halı və yaradıcılığı”, “El şairi və el şairləri” adlı məqalələri Sarı Aşıqla bağlı ciddi tədqiqat işi apardığını bir daha təsdiq edir. “Bayatı şairi kimdir?” sualını cavablandırmağa çalışan müəllif yazır ki, onun rəngi sarıbəniz olduğundan yoldaşları arasında ona “Sarıca” deyiblər. Əsl adı isə Nəbi olub. Həkəri çayı sahilində məskunlaşan gənc aşiq burada Yaxşı adlı bir qıza vurulur. Bayatılarının böyük bir hissəsini ona həsr edir. Bəhlul Əfəndi bu barədə yazır: “Biz Aşığa dair mühüm məlumatı Hacı Qaramanın yeddinci arxa dönən övladı Hacı Qasım Çələbidən öyrənməyə müvəffəq olduq. O, özünün Çələbi nəslinə aid olan bəyanatında “Aşıq” təxəllüslü Sarıca Nəbidən də bəhs edib”.
Onun daha bir tədqiqat işi Nizami Gəncəvi ilə bağlı olub, “Nizami və Qafqaz folkloru” mövzusunda elmi iş üzərində işləyib. Həmçinin məşhur lətifə qəhrəmanı Bəhlul Danəndə ilə də bağlı araşdırma aparıb, onun tarixi şəxsiyyət və azərbaycanlı olması, IX əsrdə Təbrizdə yaşaması iddiasını irəli sürüb. B.Behcət Qaçaq Nəbinin şəninə xalqın qoşduğu çox sayda şeirləri də toplayıb. Eyni zamanda bu xalq qəhrəmanının həyat və fəaliyyətinin bir çox məqamlarına aydınlıq gətirib.
Araşdırıcı Rza Xəlilov qeyd edir ki, Şərq tarixini, ədəbiyyatını və dillərini gözəl bilən B.Behcətin bizə gəlib çatan əsərləri onun yorulmaz ədəbiyyatşünas və folklorşünas olduğunu göstərir. Onun Əmin Abidlə birlikdə Əbülqasım Firdovsinin “Şahnamə” əsərini dilimizə tərcüməsi haqqında da fikirlər var.
Savalan Fərəcov