Başdan-başa milli əməl-sözlü, “Həqiqətin də dadı, ləzzəti vardır” fikirli Əli bəy Hüseynzadə

Ömür yoluna, elm, maarif, mətbuat, ədəbiyyat, incəsənət sahələrindəki görəvlərinə nəzər yetirdikcə, adamı “bütün ömrü uzunu zillət dolu MİLLƏT YÜKÜ daşımış Millizadə” kimi qənaətlərə qərq edən - Əli bəy Hüseynzadə...

“Millət yükü”...

Bütün zaman və məkanlarda, daşıyanlarının heç birinə sağ ikən haqqı ödənilməyən mənəvi-daşınar əmlak.
Əli bəy Hüseynzadə, bəşəriyyətin böyük əksəriyyətinin “xörəyi” olmayan bu tanrısal nemətə tapınıb. Böyük çoxluq içərisindəki hədsiz azların ən seçilmişlərindən olub. Bu mənəvi sərvətin toxunulmazlığına dair dayanmadan yazıb-yaradıb. Yalnız əsilzadələrin, intellekt-irfani beyinlərin duyub-eşidəcəyi tonda haray çəkib. Şəxsi istirahət və nəfs qapılarını bütün batilliklər üzünə bağlayaraq, yalnız “havayı” - “balıq bilməsə də, xaliq bilər”ə timsal yüklər daşıyıb, ali bəndələr mətbəxinə məxsus qidalarla yaşayıb. Bunların kökü isə onun nəsil-nəcabət kökəni - az qala “əsrlər boyu” Salyan qəzasından yayılan Şeyxülislamlar nəsli ilə bağlı; Əli bəy həmin nəsil-şəcərənin ən mükəmməl-universal bir tağı idi ki, onun bu ali keyfiyyətlərə sahibliyində “yeddi arxa dönəninin” pak, müqəddəs həyat-yaşam tarixçəsinin də rolu az olmayıb...

Başdan-başa özgür...

Doğum tarixçəsilə bağlı qeydləri göstərir ki, onun qələmi də bu millətin dür-düşüncə üslubunda “danışır”dı: “24 fevral 1864-cü ildə Qafqaz Azərbaycanında Kür nəhri sahilində yerləşən Salyan şəhərində...”
Tiflisə köçüb, Müsəlman Məktəbində riyaziyyat müəllimi işləyən atası Molla Hüseyn və anası Xədicə xanım vəfat edəndə Əlinin 6 yaşı varmış.
Babasının - Qafqaz şeyxülislamı Axund Əhməd Səlyaninin himayəsində böyüyüb, öz fəhm-fərasətilə uşaqlıq və tələbəlik illərində fars, ərəb, alman, rus dillərini mükəmməl öyrənən Əli bəy 21 yaşında (1885) Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olur. Təhsildə də, həyatda da “dinc” dayanıb-durmayan bu qaynar gənc riyaziyyat ixtisasına yiyələnməklə bərabər, tez-tez universitetin Şərq fakültəsindəki məşğələlərə də qaçar, görkəmli professorların, adlı-sanlı pedaqoq-mütəxəssislərin mühazirələrini dinləyir...
Rusiya imperiyası və onun (Bakı da daxil) ucqarlarındakı inqilabi təlatümlər, siyasi oyanış və ictimai qarşıdurmalar Əli bəy Hüseynzadəni daha həyati təhsilə səsləyir, öz fikir və qənaətlərini daha populyar və sosial səpkidə bəyana sövq edir. Lakin “canlı universitet” energetikalı bu dahi Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyası təhsiliylə də kifayətlənməyib, ucsuz-bucaqsız həyat auditoriyasına qədəm qoyur. Öncə - sonralar “Türkləşmək, islamlaşmaq, müasirləşmək” kimi formulələşdirəcəyi ali görəvinin mayalanacağı Türkiyəyə gedir. Bu milli missiyayadək hələ xeyli vaxt gərək olduğunu bildiyindən, İstanbul Darülfünununda əsgəri-tibbiyə fakültəsində dermatoloq ixtisasına yiyələnib, hərbi rütbə qazanır. Sonra (1897) Qırmızı Aypara Cəmiyyəti heyəti tərkibində İtaliyaya gedir. Üç il sonra yenidən Türkiyə və müsabiqə yolu ilə İstanbul Darülfünununda professor köməkçisi. Lakin canındakı yenilikçilik, inqilabçılıq cövhəri burada da özünü büruzə verir və o, - bir müddət sonra “Gənc türkçülük nədir” məqaləsilə mahiyyətini açıqlayacağı “Gənc türkçülər hərəkatı”na qoşulur. “İttihad və Tərəqqi” partiyasının ilk özəyini yaradanlardan biri olduğu bilindikdən sonra isə, ciddi təqib və təzyiqlərə məruz qalır.

Yenidən Vətən və...

Uzunmüddətli mühacirət, qürbət-zillət illərindən sonra, Əli bəy yenidən Azərbaycana dönür. O, buraya buradan apardığı fikir-düşüncələrinin daha geniş və ali təzahürlərilə qayıtmışdı. Sonralar yazıb yaddaşlara əmanət etdiyi fəlsəfi mühakimələrinin biri də elə bu gəlişinin ən başlıca səbəb və görəvlərindən birini ehtiva edir: “Hürriyyət!.. Bu nə qüvvətdir ki, zehnləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!..”
O, bu ilahi “sövq ediyor”luğu yuxarıda qeyd edilmiş akademiyadakı təhsil, müsafirlik “istehsalat”ında qazandığı təcrübə və dünyagörüşləri məcmusunda yaratdığı bir sıra portret və mənzərələrində də öz oxucu-tamaşaçılarına təlqin etməyə çalışırdı. Sənətsevərlərimizin çoxusu onun öz ustad (həm də son dərəcə milli) fırçasıyla yaratdığı (və milli mücahidliyinə binaən dərbədiyar olduğu qərib ünvanlarda şəxsi kolleksiyalara bərat-ticarət etdiyi) neçə-neçə portret və tabloları haqda oxuyub-eşitmiş, “Şeyxülislamın portreti”ni və bolşeviklərin yerlə-yeksan etdiyi qədim dini abidəmizin adını daşıyan “Bibiheybət məscidi” tablolarını görmüşlər.
Əli bəy Hüseynzadənin daha böyük ideyalara hesablanmış fikirlərinə, milli-mayak düşüncələrinə - bəzi məqamlarda Bakı mühiti də darlıq edirdi. Türkiyədən qayıtdığı ilk günlərdən “Kaspi” qəzetində bir çox milli problemlərlə bağlı fikirlərini bəyan etsə də, bu, onunçün hələ “o” deyildi. Əsas fikri millət sinəsinə çəkilmiş “qara dağlar”da qala-qala, bəzən “qara camaat”ın “gündəlik tələbat” problemlərindən, sıravi qəzetçilərin belə öhdəsindən gələ biləcəyi “ala-bula dağlar”dan da yazmalı olurdu...
O, dövrün daha bir ictimai fikir nəhəngi (sonralar bu iki fenomen “milli əkizlər” adıyla tanınacaqdı) Əhməd bəy Ağaoğlu ilə birlikdə “Həyat” qəzetinin nəşrinə (Z.Tağıyevin maliyyəsilə) başlayır. Bu qəzet əl-əl gəzdikcə əqidə “əkiz”lərinin qələmdaşları artır. Onların ideya rəhbərliyilə çıxan həmin qəzet və “Füyuzat” dərgisi Üzeyir bəy Hacıbəyli, Məhəmməd ağa Şahtaxtılı, Məhəmməd Hadi, İsmayıl bəy Qaspıralı və başqalarının simalarında məfkurə və mədəniyyətimizin əleyhdarlarına qarşı canlı sipər-səngərə, tərəfdarlarımızın isə “ata evi”nə çevrilir. Bu böyük şəxsiyyətlərə güvənən Əli bəy böyük Turançılıq ideyasına da ayaq verir. Dünənin sadə, bədxah əcnəbi gözündə “sadəlövh” gənc türk oğulları bugünün böyük Turan ideoloqları kimi tanınmağa və təbii, təqib edilməyə başlayırlar. Ucsuz-bucaqsız Türk dünyasının, xüsusən Azərbaycan aləminin müxtəlif guşələrində bir-birindən xəbərsiz qardaş doğulmuş həmin şəxsiyyətlərdən biri - Krım-tatar kökənli dahi İsmayıl bəy Qaspıralı haqda “Kaspi” qəzetinin yazdığı məşhur kəlamı - “İsmayıl bəy Qaspıralı kimdir? O, bütöv bir millətdir!” qənaəti də Əli bəy Hüseynzadə qayğı və çabalarından qaynaqlanırdı.
Öncə özləri tapışıb birləşmiş bu millət mücahidləri bütün əqli və fiziki güclərini cəmləşdirərək bütün Türk dünyasını birləşdirib, böyük Turan İşinə başlamışdılar. “Dildə birlik, işdə birlik, əməldə birlik!” şüarı ilə çalışan - bu hər biri bir “bütöv millət” kəslər Azərbaycanı “Türkləşmək, islamlaşmaq, müasirləşmək” avaz-orkestrinin solisti kimi görürdülər. “Həyat” və digər mütərəqqi görüşlü qəzetlər Əli bəy Hüseynzadəni oxuculara “ağır başlı filosof”, “ağla, sədrə şəfa verən sözlər söyləyən mütəfəkkir” kimi təqdim edirdilər.
Başda Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu olmaqla, bu canlı institutlar yaxşı bilirdilər ki, ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində məlumatlandırma mühiti qədər önəmli amil yoxdur və buna yalnız kütləvi informasiya vasitələrilə nail olmaq mümkündür. Elə bu gün əvəzsiz ictimai fikir tribunasına çevrilmiş mətbuatımız da, başda Mətbu-Ata Həsən bəy Zərdabi olmaqla, həmin banilərin fikir bünövrəsi üstdə qurulmayıbmı? Və... elə Şərqdə (buna “quru yerdə” də demək olar) ilk Demokratik Cümhuriyyətimizin ilkin ideya-mənəvi dəyərləri də - təpədən-dırnağa özgür-öncül Əli bəy Hüseynzadənin fikirdaşlarının qələm və milli düşüncə-daşıncalarının məhsulu idi...
Sonda onun bütöv bir “dünyayi-aləm” qələmindən -

Bir parça və...

bu parça haqda bir neçə kəlmə.
“1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla ailə qurduq. 1914-cü il aprelin 6-da Saidabəyim, 1915-ci il iyunun 9-da Səlim Turan, 1920-ci il dekabrın 31-də Feyzavər balalarımız dünyaya gəldi. Saida Lyondan qayıtdıqdan sonra Kabataş qız liseində matematik müəllimidir. Səlim Turan gözəl rəssamdır. Feyzavər Üsküdarın Qız İnstitutunu bitirdikdən sonra Gözəl Sənətlər Akademisinə davama başladı. Hər üçü ailəlidir...”
Çox təəssüf və çox ağrı-acılar ki, bu dahi atanın öz məşhur övladları haqda verdiyi “hər üçü ailəlidir” məlumatı elə bununla da qapanır; onlardan heç birinin uşağı olmur...
...1926-cı ildə - hələ sovetlərin “ürəyigeniş” çağlarında Bakıda keçirilməsinə icazə verilən I Türkoloji qurultaydan sonra bir daha Vətən üzü görməmiş bu dahimiz haqda elə-belə düşünmək də çətin, yazmaq da...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar