Azərbaycan

24 fevral 1864 - Mütəfəkkir, yazıçı, tərcüməçi, şair, rəssam, həkim, ictimai xadim Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə (1864-17.03.1940) Salyanda doğulub. Peterburq və İstanbulda ali təhsil alıb, Bakıda «Həyat», «Kaspi» qəzetinin, «Füyuzat» jurnalının redaktoru olub. 1910-cu ildən Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib. Ə.Hüseynzadənin təbliğ etdiyi «türkçülük, çağdaşlıq və islamiyyət» fəlsəfəsi Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasını təşkil edir.
24 fevral 1881 - Görkəmli şair, yazıçı Abdulla Şaiq (Abdulla Mustafa oğlu Talıbzadə, 1881-24.7.1959) anadan olub. Azərbaycan uşaq ədəbiyyatına böyük töhfələr verib. «Gülzar», «Milli qiraət kitabı» və s. dərsliklər yazıb, ali məktəblərdə ədəbiyyat tarixindən dərs deyib.
24 fevral 1934 - Xalq rəssamı, professor Cəmil Mir Yusif oğlu Müfidzadə anadan olub. “İçərişəhər”, “Abşeron nefti”, “Xınalıq”, “Misir təəssüratları” və s. silsilə əsərlərin müəllifidir.
24 fevral 1934 - Tanınmış aktyor Bahadur Əliyev (1934-2002) Masallı rayonunun Sığıncaq kəndində anadan olub. “Ulduz” (Qədir), “Böyük dayaq” (komsomolçu), “Axırıncı aşırım” (Eyvaz) və s. filmlərdə çəkilib, filmlərin səsləndirilməsində iştirak edib.
24 fevral 1956 - Xalq artisti, müğənni Səkinə Qulu qızı İsmayılova anadan olub. Muğam operalarında Leyli ("Leyli və Məcnun", Ü.Hacıbəyli), Ərəbzəngi ("Şah İsmayıl", M.Maqomayev) və s. partiyaları ifa edib.

25 fevral 1910 - Tanınmış rəssam Rüstəm Məmməd oğlu Mustafayev (1910 - 19.7.1940) anadan olub. Azərbaycanda teatr-dekorasiya sənətinin yaradıcılarından sayılır. «Koroğlu» operasının ilk quruluşunun (1937) bədii tərtibatını verib. Milli İncəsənət Muzeyi rəssamın adını daşıyır.

26 fevral 1926 - Bakıda I beynəlxalq türkologiya qurultayı açılıb. Türk xalqları tarixində mühüm mədəni hadisə olan qurultay martın 6-dək davam edib.
26 fevral 1992 - Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsində dəhşətli qətliam baş verib. Fevralın 26-na keçən gecə erməni silahlı qüvvələri Xankəndi (Stepanakert) şəhərindəki keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı soyqırımı törədiblər. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşiliklə qətlə yetirilib. Xocalı soyqırımı bəşəriyyət əleyhinə ən ağır cinayətlərlə bir sırada dayanır.

Dünya

24 fevral 1786 - Alman yazıçısı, folklorşünas-filoloq Vilhelm Qrim (Wilhelm Karl Grimm (1786-1859) anadan olub. Qardaşı Yakob Qrim (1785-1863) ilə birlikdə alman nağılları toplusunu hazırlayıblar.

25 fevral 1707 - İtalyan dramaturqu Karlo Qoldoni (Carlo Goldoni, 1707-1793) anadan olub. 200-dən çox pyes yazıb.
25 fevral 1841 - Fransız rəssamı, qrafik və heykəltəraş, impressionizmin banilərindən biri Pyer Ogüst Renuar (Pierre-Auguste Renoir, 1841-1919) anadan olub.
25 fevral 1907 - Türk yazıçısı və şairi Səbahəddin Əli (1907 - 2.4.1948) Ədirnə vilayətində doğulub. “Kuyucaklı Yusif”, “İçimizdəki şeytan” və s. romanların, “Leylim ley”, “Aldırma, könül” kimi xalq mahnılarının sözlərinin müəllifidir.

26 fevral 1802 - Fransız yazıçısı, şair, dramaturq Viktor Hüqo (Victor-Marie Hugo, 1802 - 22.5.1885) anadan olub. Fransız romantizminin banisi, «Səfillər», «Gülən adam», «Paris Notr-Dam kilsəsi» və s. romanların müəllifidir.
26 fevral 1892 - Məşhur musiqiçi Leopold Vitoldoviç Rostropoviç (1892 - 31.7.1942) Rusiyanın Voronej şəhərində doğulub. 1925-ci ildə Bakıya gəlib, Dövlət Konservatoriyasının professoru kimi pedaqoji fəaliyyət göstərib. Azərbaycanda professional violonçel məktəbinin yaradıcılarından biri olub. Oğlu Mstislav Rostropoviç Bakıda (1927) doğulub. 1942-ci ildə Rostropoviçlər ailəsi Orenburq şəhərinə köçüb.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar