Yaşı iyirmi dördə, dərdi ərşə yetsə də, haqqı beynəlxalq hüququn qulağına çatmayan məzar-Xocalı...

...Daha qələm də adamın üzünə durur; axı bu faciədən nə qədər yazmaq olar? - “deyə”...
...Deyirəm, bəlkə, cansız da olsa, bu söz-fikir “hacat”ının da heysiyyəti var; tutalım, AŞPA başçılarından, ATƏT-in Minsk qrupunun “serial” həmsədrlərindən fərqli olaraq, eyni sözü saqqız sayaq çeynəyib, gün kimi aydın məsələni rezin təki uzatmaqdan arlanır?..

Nəysə... Və yenə, bir də, bir daha, təzədən Xocalı haqda!..
Vandal bir “xalq”ın iyirmi dörd il bundan öncə törətdiyi bir akt. İndiyədək, bütün təfsilatıyla hamıya bəlli olan bu “kor-kor - gör-gör” soyqırımına dünya yönətmənlərinin laqeydliyinə dair söylənmiş, yazılmış, göstərilmiş, qışqırılmış minbir fakt. Və bütün bunlarla yanaşı, zaman-zaman sonda hər şeyi öz yerinə qoyan Haqq!..
... 613 ölüm, 1275 əsir, 150 itkin, valideynlərinin hər ikisini itirmiş 25, birini itirmiş 130 uşaq!..
Ağlı başında olan bütün bəşər övladları üçün ən zirvə acı sayılası bu faktlardan sonra, “dünya malı” deyilən beş milyardlıq maddi ziyanı, 24 ildir foto, kino, telelentlərdə gördüyümüz, qəzet-kitablardan oxuduğumuz digər faktları milyonuncu kərə sadalamamaq da olar...
Bəs, ay eşitməkdən yorulmayan, görməkdən yağır olmayan dünya qulaq və gözləri, bu “köhnə” bəşəri Faciə haqda sizə təzə nə deyək, nə göstərək? Bəyəm Faciə - hər gün oynadığınız siyasi şoulardandırmı ki, bizim də buna hər il yeni donlar geyindirib, qarşınıza çıxarmağımızı gözləyirsiz? Fərqindəsizmi ki, həmin o ölüm Gecəsi kənar çığırtılar altında doğulub (və doğulmayıb!) ölən çağaların iyirmi dörd, ana döşündə güllələnən, qarlı dağ, çovğunlu meşə yollarında - səs salıb düşməni duyuq etməmələri üçün ana (!) əllərilə boğulan, erməni süngülərilə gözləri oyulan körpələrin 25, 26, 27... yaşı tamam olur?!

Bəs sizin laqeydliyinizin?..

Bu qədər illər ərzində vecə almadığınız bu Faciənin hərb istisi soyumayıb, qəlb tüstüsü kəsilməyib hələ, qospadinlər! Bu qədər texnogen qitə olduğunuzu hamı bilir və o qar-çovğunlu yollara vicdan mikrofonu uzatsanız, Xoca kişinin öz Ağca balasına: “Elə indidən məni bağışla, qızım, murdarların əlinə keçməməyinçün, lazım gəlsə, səni öldürməli olacağam” sözlərini də eşidə bilərsiz.
Siz bunu da bilirsiz ki, o Xoca kişilər keçmişdə belə məzlum olmayıblar. O kişilərin “qılınc qımıldansa, düşmən qımzanmaz” deyən Atilla kimi babaları, qədim xalq ordularından birinin “şəxsi heyət”ində 7777 dəli olduğunu da yaxşı xatırlamış olarsız. Lakin “iki qoçun başı bir qazanda qaynamaz” məsəlinə binaən müttəfiq respublikalarının köməyilə yıxdığınız SSRİ o kişilərin ov tüfənglərini belə əvvəlcədən yığdığından, bu kişilər nəinki canlarını, heç namuslarını da düz-əməlli qoruya bilmədilər...
Hörmətli əlaqədar təşkilatlar! Əlbəttə, öz dualizmi ilə türk-müsəlman dünyasına humanizmlik əvəzinə cumanizmlik yapan Amerika-Avropa cütlüyü! “Bağışlayın” ki, dünyanın ən şirin maddi və siyasi nemətlərilə qidalandığınız bu erada hərdən hüquqlarını “qoruduğunuz” bizim kimi ucqar jurnalistlərdən istiot da dadmalı olursuz. Ötənilki “Xocalınamə”mdə sizi “planetimizin ən yaxşı maddiyyatlarını idxallayıb, öz əxlaqiyyətlərini ixracatlayan” adlandırdığıma görə də məni “bağışlayın”. “Açıq-saçıqlıq eksportlarınız, mənəviyyat sortlarınız, neo-kovboy jestlərinizlə başımızı hərləndirməyə nail olsanız da, məxfi testlərinizlə qanımızı soyuda bilməmisiz” sözlərim isə qüvvədədir. Belə ki, indi bizim can sayımız - çoxusu “7777”-dən ibarət olan on milyonu ötməkdədir. Çoxdandır ayaqda olan bu can milyonlar sizin maddi-məbləğ milyardlarınıza və məlum məqsədlə müdafiə etdiyiniz namərdlərə dəstək-köməyə məhəl qoymadan, Ali Baş Komandan əmri ilə Oraya doğru yürüyə bilər. Öz doğma, halal Vətən kəsiyini kəsəyənlərdən azad etməyə, öz Şəhid Şəhərinin ruhuna lap yaxından da salavat çevirməyə doğru! Avro-Amerika paraqraf-parametrlərində “müqəddərat-müdafiə” statuslu vandalların dağıtdığı milli və dini mədəniyyət avtoqraflarımıza baxıb, ümummilli bir köks ötürüb, təbii konservatoriya Şuşasında “namərdəm, əgər bir də sənə aldansam!” xoru oxumağa doğru. Yerlə-yeksan edilmiş sələf-tələf məzarıstanlarımızda öz ölülərinin qəbirlərini tapa bilmədiklərindən... sonuncu (!) kərə zülüm-zülüm ağlamağa doğru. Və bütün gələcək boyu bir daha yaltaq-yalıncığa, “ayağıma yer eylərəm, gör sənə neylərəm!” xislətilə ahu-zar edənlərə əl tutmayıb, “zalıma zülm!” andı içməyə doğru!..

Bağışla məni, Şəhidşəhərim!

Ki, bayaqdan Sənə diqqətsizlik edirəm...
Sənə bağlı nə qədər ana, ata, bacı, qardaş, körpə, yeniyetmə, cavan-comrul ruhu var, hamısının əvəzindən bağışla bizləri.
O qətl-qətliam Gecəndən əvvəlki günlər səsinə səs vermədiyimizə görə bağışla. Sən - hamımızın əvəzindən də öldürüldüyünə görə belə deyirəm mən. Ümumağızdan danışıram. Amma işə bax ki, Sən o qədər müsibətləri təkbaşına çəkdiyin halda, mən hamının adından üzr istəməyə çətinlik çəkirəm. Nədən? Heç, deyirəm, birdən bir vaxtlar - yaralarının qan verdiyi macallarda - yaşamaq üçün yardım istəyən Qarabağ əlillərinə “Səni mən göndərmişdim?!” deyə nərə çəkən bəzi kabinet koroğluları mənə də irad tutarlar ki, “niyə məni də “bağışla” səviyyəsinə endirirsən?!”
Bağışla məni, rəhmətlik Şəhərim! Həmin Gecə Sənin harayını səndən uzaqda dayanıb dinləyən qulaqlarımı bağışla. Sonrakı günlər Səni ekranlardan sakitcə seyr edən gözlərimi bağışla. Düz bir ay heç nə yaza bilməyən qələmimi, sonralar “Bir çox xristianlar Fəxri xiyabanda yönü qibləyə dəfn ediliblər, Cəlil Məmmədquluzadə isə yönü fələyə; bəs görəsən, müsəlman xocalılar yönü nəyə?!.” mövzulu verilişimi efirə verdirə bilməyən fərasətsizlik-cəsarətsizliyimi bağışla...
Ay Şəhidşəhərim hey, deyirəm, yolda-rizdə qırılanlarının bir parasını görüb, bir göynək ağrımış, bir köynək uzaq olsa da, acımışıq. Bəs bizim görmədiyimiz meyitlərdən, didərginlərdən nə xəbər? Alçaldıla-alçaldıla gəncləşməkdə, qocalmaqda olan girov-əsir isim-mübtədalardan nə zərf?!.

Meyiti ortada qalanım...

Hər kəsin başı öz ölüsünə qarışdığından, həmin Gecənin səhərisi başın üstdə dayanıb Səni bir ağlayan da olmadı, dam-daş Şəhidim!
Ağlamaq heç, - 24 ildir yerdən götürüb, siyasi arxiv məzarına belə qoyan yox...
Bir məsəl var; “Lələ köçüb, yurdu qalıb”. Sənsə o qətliam-Gecədən oyanıb gördün yurd da qalmayıb, eləmi? Nə var - yanıb, can-cəsədin şum edilib, həmi? Cavan-cavan meyitlər xalçalanıb küçələrdə - al-qan çeşnilər kimi. Alınlarda donmuş qəzəb-qırışlarsa çarəsizlik ilmələri. Lap əkiz qardaşımız Türkiyənin Çanaqqala savaşındakı sayaq. Lakin həmin gün nə bir Atatürk çıxdı ki yağını darmadağın edib, o cənazələr xiyabanını fikir-düşüncələr yükü ilə seyr edə, nə böyürdən bir qarı və gəlin cütlüyü peyda oldu ki: “Bu qədər oğulları qırdırandan sonra bu Vətən kimə gərək, Mustafa Kamal?!” deyə. O isə bu sualı ya özü cavablandıra, ya da yer adlarını dəyişmək şərtilə, Atatürkün dediyini deyə: “Anneciyim, bu oğulları sən və yanındakı cavan gəlin yenə doğacaqsız. Bəs anamız Vətən məhv olsa, onu yenidən kim doğacaq?!”
Belə, Şəhidşəhərim! Bağışla ki, builki “namə”mi də bir az minor notlarla imlaladım. İnşallah, Səni yenidən inşalayanda qıjov-qıjov notlarla majorlarıq!..

Tahir Abbaslı