Azərbaycan

16 mart 1914 - Əməkdar incəsənət xadimi, rejissor Niyaz Səttar oğlu Şərifov (1914 - 15.5.1982) Bakıda doğulub. Musiqili Komediya Teatrında çalışıb. “Ulduz” filminin ikinci rejissoru olub.
16 mart 1916 - Əməkdar incəsənət xadimi, bəstəkar Zakir Cavad oğlu Bağırov (1916 -8.1.1996) Şuşada anadan olub. "Aygün” operası, "Kəndimizin mahnısı", "Qayınana" operettaları, mahnı və romansların müəllifidir.
16 mart 1940 - Məşhur cazmen, pianoçu, bəstəkar, caz-muğamın yaradıcısı Vaqif Əziz oğlu Mustafazadə (1940 - 16.12. 1979) anadan olub. "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" vokal qızlar ansambllarına, "Muğam" instrumental ansamblına rəhbərlik edib. Beynəlxalq müsabiqə və festivalların (Tallin, Tbilisi, Monte-Karlo) laureatı olub.

17 mart 1905 - Şair, nasir, tərcüməçi Mikayıl Manaf oğlu Rzaquluzadə (1905 - 10.11.1984) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.
17 mart 1919 - Görkəmli aktyor, rejissor Hüseyn Məmməd oğlu Ərəblinski (Xələfov; 1881-1919) qətlə yetirilib. Azərbaycanın professional teatr sənətinin banilərindən biridir. “Müsəlman artistləri” cəmiyyəti, "Nicat" teatr cəmiyyətində çalışıb. 1916-cı ildə "Neft və milyonlar səltənətində" filmində Lütfəli bəy rolunu oynayıb.
17 mart 1932 - Fəlsəfə elmləri doktoru, Əməkdar elm xadimi Zümrüd Əliqulu qızı Quluzadə anadan olub. Hürufiliyin tarixi, Nizami, Nəsimi, Füzulinin fəlsəfi görüşlərinə dair tədqiqatların müəllifidir.

18 mart 1916 - Şair, tərcüməçi Böyükağa Məmməd oğlu Qasımzadə (1916 - 29.8.1957) anadan olub. Rus ədəbiyyatından, M.Füzulinin "Yeddi cam" əsərini farscadan tərcümə edib.
18 mart 1922 - Dramaturq Qeybulla İbadulla oğlu Rəsulov (1922 - 11.9.1988) Qax rayonunun İlisu kəndində doğulub. Pyesləri: "Günəşlə oyananlar", "Şəhərli oğlan", "Bir "Volqa" məhəbbət" və s.
18 mart 1943 - Xalq yazıçısı Mövlud Süleymanlı (Balakişiyev) Ermənistan SSR-nin Kalinino rayonunun Qızıl Şəfəq kəndində doğulub. “Köç” romanı, povest, pyes və ssenarilərin müəllifidir. Azərbaycan Dövlət Radiosuna rəhbərlik edib.

19 mart 1919 - Xalq artisti, məşhur xanəndə Hacıbaba Hüseynəli oğlu Hüseynov (1919 - 24.10.1993) anadan olub. Muğamatdan dərs deyib, xanəndələr yetişdirib. Çoxsaylı təsniflərin müəllifidir, istedadlı qəzəlxan kimi tanınıb.
19 mart 1920 - Aşıq, şair Oruc Vəli oğlu Əhmədov (1920 - 19.7.1976) anadan olub.
19 mart 1925 - Dövlət xadimi, yazıçı-publisist, maarifçi Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov (14.4.1870 - 1925) vəfat edib. Azərbaycanda sovet hökumətinin ilk rəhbəri olub. 1922-ci ildən mərkəzi hökumətdə (SSRİ MİK) işləyib və Moskvada müəmmalı şəkildə dünyasını dəyişib. "Nadanlıq", “Şamdan bəy”, "Nadir şah", “Bahadır və Sona” və s. əsərlərin müəllifidir.
19 mart 1939 - Şair, filologiya elmləri doktoru Dəmir Gədəbəyli (Dəmir Müseyib oğlu Qasımov) Gədəbəy rayonunun Ataxal kəndində anadan olub. Bir çox şeirlərinə populyar mahnılar yazılıb.
19 mart 1994 - Xalq artisti, bəstəkar, cazmen Rafiq Babayev (31.3.1936 - 1994) Bakı metrosunda (“20 Yanvar” stansiyası) baş verən terror hadisəsində həlak olub. "Cəngi" folklor-caz kollektivini yaradıb, “Anlamaq istəyirəm”, “Cin mikrorayonda” və s. filmlərə musiqi bəstələyib.

Dünya

16 mart 1839 - Fransız şairi, ədəbiyyat üzrə ilk Nobel mükafatı (1901) laureatı Rene Sülli-Prüdom (Rene François Armand (Sully) Prudhomme, 1839-1907) anadan olub.
16 mart 1890 - Yəhudi əsilli məşhur sovet teatr rejissoru, aktyor Solomon Mixayloviç Mixoels (Vovsi) (1890-1948) anadan olub.
16 mart 1935 - Rusiyanın Xalq artisti Sergey Yurski anadan olub. “Azərbaycanfilm”də “Dərviş Parisi partladır” (müsyö Jordan), “Şir evdən getdi” (ovçu), “Qorxma, mən səninləyəm” (pristav) filmlərində çəkilib.
16 mart 1940 - İtalyan kinorejissoru, dramaturq Bernardo Bertoluççi (Bernardo Bertolucci) anadan olub. Filmləri: “Konformist”, “Parisdə sonuncu tanqo”, “Sonuncu imperator” (1988, “Oskar”) və s.

17 mart 1856 - Polyak əsilli məşhur Rusiya rəssamı, dekorativ pannolar və freskalar müəllifi Mixail Aleksandroviç Vrubel (1856-1910) anadan olub.
17 mart 1901 - Amerika kino bəstəkarı, dirijor, aranjimançı Alfred Nyuman (Alfred Newman; 1901-1970) anadan olub. 9 dəfə “Oskar” mükafatı laureatı olub.
17 mart 1926 - Alman yazıçısı Ziqfriq Lens (Siegfried Lenz) anadan olub. Əsərləri (“Çörək və tamaşa”, “Alman dili dərsi” və s.) 30-dan çox dilə tərcümə edilib.
17 mart 1938 - Tatar-başqırd əsilli məşhur balet artisti Rudolf Hametoviç Nuriyev (1938-1993) anadan olub. 1961-ci ildə SSRİ-dən Britaniyaya mühacirət edib.

18 mart 1842 - Fransız şairi, simvolizmin banilərindən biri Stefan Mallarme (Stephane Mallarme; 1842-1898) anadan olub.
18 mart 1844 - Rus bəstəkarı, dirijor, pedaqoq Nikolay Andreyeviç Rimski-Korsakov (1844-1908) anadan olub. “Sadko”, “Qar qız”, “Motsart və Salyeri”, “Qızıl xoruz” operalarının, “Şəhrizad” simfonik süitasının müəllifidir.
18 mart 1959 - Fransız rejissoru, ssenarist, prodüser Lük Besson (Luc Besson) anadan olub. “Leon”, “Janna D’Ark” və s. filmlərə quruluş verib.

19 mart 1947 - Amerika aktrisası Qlenn Klouz (Glenn Close) anadan olub. Filmləri: “Təhlükəli əlaqələr”, “Prezident təyyarəsi” və s.
19 mart 1949 - Rusiyanın Xalq artisti, məşhur estrada müğənnisi Valeri Leontyev anadan olub. Mənşəcə mansi (azsaylı Sibir xalqı) milliyyətindəndir.
19 mart 1955 - Amerika aktyoru Brüs Uillis (Walter Bruce Willis) anadan olub. Filmləri: “Kriminal qiraət”, “Beşinci element”, “Altıncı hiss” və s.

Hazırladı: Vüqar Orxan