Ustad xanəndə, Xalq artisti Sara xanım Qədimovanın əziz xatirəsinə
(Əvvəli qəzetin 15 və 20 aprel tarixli saylarında)
Əməksevər valideynlərinə övlad olan Sara hələ kiçik yaşlarından onlardan ədəb-ərkan, böyük-kiçik yeri bilmək, haqqa tapınmaq kimi xasiyyətlər əxz etmişdir. Bunlar sonrakı həyat yolunda ona çox gərəkli olub, kömək edib.
Sara xanım özündən böyük sənətkarlara, xanəndələrə hörmətlə yanaşır, onların məsləhətlərinə dönə-dönə əməl edərdi.
Təsəvvür edin ki, Bülbül kimi çox tələbkar, Rəşid Behbudov kimi çox çılğın və çətin, Xan Şuşinski kimi çox ağır sənətkarlar çox vaxt qadın müğənnilərdən ən çox Sara xanımı qəbul edir və qastrollara onunla birlikdə gedərdilər.
Rəşid Behbudov deyərdi: “Sara xanımla birlikdə 6 ölkədə qastrolda olmuşam, ondan iynənin ucu qədər də inciməmişəm”.
Sara xanımın özü müqtədir sənətkar, gənc müğənnilər və xanəndələr üçün bir məktəb olmasına baxmayaraq, daima Xan Şuşinskidən, Seyid Şuşinskidən, Zülfü Adıgözəlovdan, Qurban Pirimovdan, Mirzə Mansurdan, Bəhram Mənsurovdan muğamın sirlərini yorulmadan öyrənirdi. Bu sənətkarlar da Sara xanımı bir xanəndə kimi qəbul edir, ona həmişə öz məsləhətlərini verirdilər.
1963-cü ilin may ayının 2-də Sara Qədimovaya respublikanın Xalq artisti fəxri adı verildi. Mayın 31-də, böyük müğənninin ad günündə Əbülfət Əliyev başına bir dəstə sənətkar yığıb, qəfildən, xəbərsiz-ətərsiz Sara xanımı hər iki hadisə ilə əlaqədar təbrik etmək üçün onlara gəlirlər. Qurban Pirimov, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Həqiqət Rzayeva, Xan Şuşinski, Əlağa Vahid, Yavər Kələntərli, Firudin Şuşinski, Mirzə Mənsur, Bəhram Mənsurov və onun arvadı Münəvvər xanım, İldırım Həsənov, Əlövsət Sadıqov, Xanlar Haqverdiyev, Hacı Məmmədov, Məmmədağa Muradov, akademik Aslan Aslanov və rəqqasə Roza Cəlilovanı qapının astanasında görəndə Sara xanım özünü itirir, çaş-baş qalır. Bir azdan yaxın qonşular Mədinə Gülgün və Azər Balaşoğlu da gəlirlər. Otağın kiçikliyi və evdə hazır xörəyin olmaması Sara xanımı çıxılmaz vəziyyətdə qoyur. Bu sənətkarlar nərd oynamağa başlayır, Sara xanım isə Mədinə Gülgünlə birlikdə “Qarabağ plov”u dəmləyirlər.
Sara xanımın evi bir anlıq musiqi məclisinə dönür. Zülfü Adıgözəlovun oxuduğu “Bayatı-Şiraz” muğamı məclisə yaraşıq verir. Böyük ustadlar Sara xanımı təbrik edir və ona xoş arzularını bildirirlər.
Sara xanım özündən böyük sənətkarları uca tutur, onlara hörmət-izzətlə yanaşardı. Ustad sənətkarlar da onun sənətini yüksək qiymətləndirər və xətrini çox istəyərdilər. Seyid Şuşinski kimi ciddi və azdanışan bir adam Sara xanımı bizim “cəngavər qızımız” adlandırardı.
1964-cü ildə Bakı gözlənilmədən qəfil bir faciəvi hadisənin şahidi oldu. Sara xanım bağına gedərkən, avtomobil qəzasına düşərək ağır xəsarət almışdır. Bu qəza çox söz-söhbət, şayiələr yaratdı. Onun müalicəsilə məşhur travmatoloq Lev Frankenberg məşğul olurdu. Həkimlər çalışırdılar ki, Sara xanımda qəzadan heç bir əsər-əlamət, heç bir iz qalmasın. Lakin istənilən nəticə alınmırdı. Kosmonavt Valentina Tereşkova Moskvanın ən məşhur travmatoloqu olan Valeri Trapeznikovu Bakıya göndərdi. Müalicə uğurlu başa çatdı. Qəzadan heç bir fəsad qalmadı. Lakin lazımsız dedi-qodular, söz-söhbətlər Sara xanımı sarsıdıb ruhdan salmışdı, belə tezliklə səhnəyə çıxmaq istəmirdi.
Azərbaycan KP Mərkəzi Komitənin katibi Şıxəli Qurbanov Sara xanımın sənətinə yüksək qiymət verirdi. Dəfələrlə onu deputat seçildiyi Goranboy və Qusar rayonlarına aparıb, seçiciləri qarşısında konsertlərini təşkil etmişdi.
1965-ci il mayın 25-də Şıxəli Qurbanov onu yanına çağırdı. Onların arasında belə bir söhbət baş tutdu.
- Sara xanım, niyə oxumursunuz? Siz mənim maşınımda da qəzaya düşə bilərdiniz. Bu bir təsadüfdür. - Sara xanım Şıxəli müəllimə heç bir cavab vermədi.
Şıxəli Qurbanov Radio və Televiziya Komitəsinin sədri Ənvər Əlibəyliyə zəng vurub, Sara xanımın televiziyada nə üçün oxumamasının səbəbini soruşmuşdu. Ə.Əlibəyli demişdi ki, nə qədər dəvət etsək də, o, gəlmək istəmir, oxumaqdan imtina edir. Sonra isə Ş.Qurbanov filarmoniyanın direktoru Niyaziyə tapşırır ki, mayın 29, 30 və 31-də Sara xanımın filarmoniyada konserti olmalıdır.
Lakin mayın 30 və 31-də Niyazinin dirijorluğu ilə simfonik konsertinin olması barədə hər yerə afişa vurulmuşdu. Ş.Qurbanov göstəriş verir ki, simfonik orkestrin konserti başqa vaxta keçirilsin, həmin afişaları təcili çıxarıb, onun yerinə Sara xanımın konserti ilə əlaqədar afişalar vurulsun. Çox çılğın Niyazi bundan pərt olsa da, Ş.Qurbanovun tapşırığını yerinə yetirməli olur.
Birinci sırada Şıxəli Qurbanov, Bəxtiyar Vahabzadə, mədəniyyət naziri Rauf Hacıyev, Niyazi, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin birinci katibi Məsud Əlizadə, yazıçı Ələviyyə Babayeva, Mirzə İbrahimov, Seyid Şuşinski, Yavər Kələntərli, Xan Şuşinski, Qurban Pirimov, Həqiqət Rzayeva əyləşmişdilər.
O vaxt Bakıya yayılmışdı ki, Sara xanımın qıçının biri protezdəndir. Ona görə də həkim Lev Frankenberg Sara xanıma məsləhət görmüşdü ki, səhnəyə qısa paltarda çıxsın ki, bu dedi-qodulara son qoyulsun. Sara xanım həkimin təklifini qəbul etdi. Üç gün ərzində filarmoniyada Sara xanımın möhtəşəm konsertləri oldu. Mən həmin konsertləri yaxşı xatırlayıram. Konsert iki saat əvəzinə üç saat çəkirdi. Sara xanım konserti tarzən Bəhram Mənsurov və kamançaçı Nefton Qriqoryanın müşayiəti ilə ilk dəfə açıq səhnədə oxuduğu “Şur” dəstgahı ilə başladı və bu muğamı 47 dəqiqə oxudu. Muğamı oxuyub başa vuranda Xalq artisti Həqiqət Rzayeva özündən ixtiyarsız səhnəyə çıxıb həyəcanla dedi:
- Hələ indiyəcən kişi xanəndələrdən kiminsə 47 dəqiqə muğam oxumasını xatırlamıram. Sara xanım “Şur” dəstgahını 47 dəqiqə kişilər oxuyan pərdələrdən oxudu. Bu möcüzədir, görünməmiş möcüzə. Əhsən belə xanəndəyə, halal olsun.
Salonda hamı ayağa qalxıb, Sara xanımı alqışladı. Pərəstişkarları onu gül-çiçəyə qərq etdilər. Respublikanın rayonlarından konsertə çoxlu pərəstişkarlar gəlmişdi. Çoxu bilet tapa bilmirdi. Onlarla adam ayaq üstə dayanmışdı. Hamı böyük maraqla Sara xanıma tamaşa edirdi. Möhtəşəm ifalar alındı. Sara xanımın ifa etdiyi muğam, hər bir mahnı alqışlarla qarşılanırdı. Bu konsertlər əsl bayrama çevrilmişdi.
Sara xanım 400-dən artıq xalq və bəstəkar mahnısı və 11 muğam ifa etmişdir. Hazırda radionun “qızıl fond”unda 7 muğam və 200-dən çox mahnı qorunub saxlanılır. Sara Qədimova yaşlı nəslin dinlədiyi və pərəstiş etdiyi bir müğənnidir. Keçən əsrin 50-70-ci illərinin adamları onun mahnılarının qanadlarında böyüyüb, boya-başa çatmış və formalaşmışlar.
Sara xanım dövrünün ən gözəl qadınlarından biri olmuşdur. Onun böyük portretini yaradan Böyükağa Mirzəzadə deyirdi: “Fırça Sara xanımın təbii gözəlliyini təsvir etməkdə çox acizdir”. O, xanım kimi doğuldu, xanım kimi yaşadı və xanım kimi köçdü bu dünyadan.
Sara xanımın yüksək ali şəxsiyyəti var idi. Çox ciddi, zəhmli, zabitəli xanım idi. Müğənnilər onun yanında özünü yığışdırır, artıq-əskik bir ifadə işlətməyə cürət etməzdilər. O, deyərdi ki, hər bir müğənni şəxsiyyət olmalıdır. Xan Şuşinski zarafata salıb deyərdi: “Allah bizim əvəzimizə Saranı kişi yaratmalı idi”. Sonra isə əlavə edərdi: “Qadın olmasına baxmayaraq bizim hamımız (artistləri nəzərdə tuturdu) ondan qorxuruq. Moskvada Stalinin, Bakıda Mircəfər Bağırovun, filarmoniyada isə Sara xanımın dad əlindən”. Sara xanımın evdarlığına söz ola bilməzdi. Onun hazırladığı xörəklərin dadı-tamı haqqında Bakıda indi də maraqlı əfsanələr gəzir. Əbülfət Əliyev deyərdi ki, Sara xanımın hazırladığı xörəklərin dadından doymaq olmur, bu xörəkləri iki əllə yemək istəyirsən. Onun qolunu çırmalayıb qonaqlara necə qulluq etdiyini görəndən sonra bu xanımın artist olmasına adamın inanmağı gəlmir.
Sara xanımın ən mərd xüsusiyyətlərindən biri də o idi ki, ömründə dilinə yalan söz gəlməzdi, görmədiyi hadisəni qətiyyən danışmazdı. Bu illər ərzində onun kiminsə qeybətini qıldığını, kiminsə qarasına danışdığını görmədim və eşitmədim. Kimin nə nöqsanı, qəbahəti vardırsa çəkinmədən, qorxmadan düz onun gözünün içinə deyərdi, kindən-küdurətdən, qərəzçilikdən uzaq bir adam idi. Filarmoniyanın direktoru, böyük dirijorumuz Niyazi bu ali keyfiyyətlərini nəzərə alaraq deyərdi ki, bizim Sara xanım başqa bir aləmdir. O, qorxmaz, ürəkli, cəsarətli, mərd-mərdanə bir insan idi. Xanəndə Əlibaba Məmmədov ona “comərd bacımız” deyərdi.
Keçən əsrin 50-60-cı illərində həvəskar bəstəkarların böyük bir dəstəsi yetişmişdir. Bəhram Nəsibov, Ələkbər Tağıyev, Xaləddin Xəlilov, Qulu Əsgərov, Hacıbaba Həsənov, İsgəndər Novruzlu, Habil Əliyevin konservatoriya təhsilləri olmasa da gözəl, ürəyəyatımlı mahnılar bəstələyirdilər. Müğənnilərin çoxu bu mahnıları oxumağa cürət etmirdilər. Bəhram Nəsibovun “Eşqimin baharı”, Habil Əliyevin “Ürəkdir sevən səni”, Qulu Əsgərovun “Sevgi var olsun”, İsgəndər Novruzlunun “Qarabağın maralı” və “Bakılısan” mahnılarını ilk dəfə Sara xanım Qədimova ifa etmişdir. Çox vaxt bədii şura bu mahnıların oxumasına qadağa qoyurdu. Sara xanım isə bu qadağalara məhəl qoymayaraq mahnıları hər yerdə oxuyardı.
Hətta sərt qadağalara baxmayaraq, İranda azadlıq mahnısı kimi qələmə verilən “Mürqi səhər” nəğməsini, “xalq düşməni” damğası ilə repressiya olunmuş Hüseyn Cavidin “Görmədim” rədifli şeirini, Mikayıl Müşfiqin mövcud olan yeganə qəzəlini, el şairi İsgəndər Coşğunun şeirlərini “Segah” üstə oxuyardı.
Söhbət qorxmazlıqdan, cürət və cəsarətdən gedəndə yazıçı Mirzə İbrahimovun Sara xanım barədə bir məşhur söhbəti yada düşür.
- 1944-cü ildə Sovet ordusu İrana daxil olmuşdur. Azərbaycan Radiosu həmin ilin may ayından Türkiyə və İran üçün verilişlər verməyə başlayır. Bu verilişlərin keyfiyyətinə, siyasi durumuna şəxsən Mircəfər Bağırov səviyyəsində nəzarət olunurdu.
Birinci verilişdə Sara xanım və Xan Şuşinski çıxış etməliydilər. Sara xanım “Kürdün gözəli” mahnısını ifa etdikdən sonra Mircəfər Bağırov onu yanına çağırır. “Qızım, daha nəyi oxuyacaqsan”, - deyə ondan soruşur. Sara, “Qubanın ağ alması” mahnısını, deyə cavab verir. Bu cavab Mircəfər Bağırovun xoşuna gəlir və ona deyir:
- Qızım sənin adın əcnəbi adlarına oxşayır. Deyəcəklər ki, yəqin bu qız yəhudidir. Bəlkə sənin adını dəyişək. 22 yaşlı Sara çəkinmədən, fikirləşmədən hamının yanında - “Ata-babanın qoyduğu adı dəyişməzlər” - deyə cavab verir.
Üzeyir Hacıbəyov, Əfrasiyab Bədəlbəyli, Mirzə İbrahimov Saranın əvəzinə çox pərt olur, başlarını aşağı dikirlər. Sara isə heç bir şey olmayıbmış kimi “Qubanın ağ alması” mahnısını oxuyur və bu söhbət xoş sonluqla başa çatır. Mircəfər Bağırov orada olan rəhbər işçilərə heç bir söz demir. Sara xanım gənclik illərindən belə bir ötkəm adam idi.
İllər bir-birini əvəz edirdi. Bu illər onun şan-şöhrətini bütün ölkəyə yaydı. Sara xanım yaşının 83 olmasına baxmayaraq, gözəlliyini saxlayırdı, çox təravətli görünürdü. Sağlamlığına söz ola bilməzdi. Dəvət olunan bütün tədbirlərdə iştirak edir, məclisə uyğun muğam və mahnılar oxuyardı. Əlbəttə, 40-45 il bundan əvvəlki kimi deyildi. Əbədi gözəlliyini də saxlamağa iddialı deyildi. Vaxtilə Saranı səhnədə görənlər, ömrünün axırında da səhnədə görəndə heyrətlənirdilər. İllər bu qadının üzərində hakim olmamışdı. Biz onun səsini və ifasını eşitməyə adət etmişdik. Onun oxuduğu nəğmələr nə köhnəlir, nə də unudulur. Xalqımız Sara xanımın belə bir qəfil ölümünü gözləmirdi. O, daim diqqət mərkəzində idi. Amma alın yazısına nə deyəsən. Onun ölüm xəbərinin yayılması minlərlə insanı sarsıtdı.
Vida mərasimi Bakıda son illərin ən qələbəlik dəfn mərasimlərindən biri idi. Onun ölüm xəbərini eşidən sənətçilər, müğənninin pərəstişkarları rayonlardan gəlmişdilər. Lerikdən, İsmayıllıdan, Şəkidən, Qubadan və digər rayonlardan gələnlər göz yaşı axıdır, qəm-qüssə içində idilər. Onlar əsas etibarilə müğənninin səsinin vurğunu olan keçən əsrin 40-60-cı illərin adamları idilər.
Qıçının birini müharibədə itirmiş, həsa ilə yeriyən yaşlı bir kişinin ağladığını görən bəstəkar Şəfiqə Axundova qəhərdən boğula-boğula həmin kişini göstərərək dedi:
- Bax, əsl xalq məhəbbəti budur.
Sara xanım birinci Fəxri xiyabanda dəfn olundu. Burada adam əlindən tərpənmək olmurdu. Onun məzarı üstünə qoyulan gül-çiçək dəstəsinin sayı-hesabı yox idi. Çünki Sara Qədimova kimi müğənnilər və xanəndələri tarix nadir hallarda yetişdirir və bu əsrdə bir dəfə mümkündür.
Sara xanımın məzarı üzərində həmişə təzə-tər çiçəklər olur. Axı onun səsi bu gün də diridir, yaşayır və yaşadır. O, bir ulduz idi, bir dəfə səmadan bizim üçün yerə enmiş və 67 illik səhnə fəaliyyətindən sonra yenidən göyə qayıtmışdır. Sara xanım öz təbiiliyi, kişi xarakteri, mərdliyi, qorxmazlığı və özünəməxsusluğu ilə xalq arasında böyük nüfuz qazanmışdı. O, bizim nəslin daim dinlədiyi və sevdiyi müğənni idi. Biz həmişə onu Azərbaycan gözəli, əsl ustad xanəndə, vətənpərvər müğənni, daxilən və zahirən gözəl və nadir şəxsiyyət kimi xatırlayacağıq.
Çingiz Fərəcov
Sara Qədimova irsinin tədqiqatçısı