Həyatda elə insanlar var ki, dünyadan köçdükdən sonra əbədi olaraq qəlblərdə yaşayır, yaddaşlara həkk olunaraq ölümsüzləşirlər. Bəzən bu cür insanlar çoxlarının idealına çevrilərək öz həyat təcrübələri ilə onların yolunu işıqlandırır. Adelaida xanım belə insanlardan idi.
Aprelin 25-də vəfatının bir ili tamam oldu. Səmimiyyəti, təvazökarlığı, xeyirxahlığı ilə onu tanıyan hər kəsin dərin rəğbətini qazanan Ada xanım haqqında keçmiş zamanda danışmaq çox çətindir. Onunla ilk tanışlığım 2012-ci ilin avqust ayına təsadüf etmişdi və ilk gündən sadəliyi, davranışı məni çox heyrətləndirmişdi...
1922-ci il avqustun 22-də Tiflisdə dünyaya göz açan, ixtisasca hüquqşünas olan Ada xanımın həyatının “nağıl dövrü” 1938-ci ilin yanvarında Azərbaycan professional vokal sənətinin banisi Bülbüllə ailə qurduqdan sonra başlayır. O, həyatının bu 23 ilini hər zaman gözlərində kədər və xoşbəxtliklə bizimlə bölüşərdi. Biz çox diqqətlə Ada xanımın xatirələrini dinləyər, o da bizim suallarla dolu baxışlarımızı cavablandırardı.
Muzeydə yeni çalışmağa başladığım zaman Ada xanımın jurnallara verdiyi müsahibələrdən birini redaktə etmək üçün məqaləni Ada xanıma oxuyurdum. Məqalənin bir hissəsini oxuyarkən onun göz yaşlarının şahidi oldum. Bu məni çox təsirləndirdi və mən həmin an illər ötsə də, Bülbülün ölümünün ağrısının onun qəlbində dünənki qədər yeni olduğunun şahidi oldum. Onu göz yaşlarına boğan xatirə bu idi: “1961-ci il sentyabrın 26-da bizdə həmişə olduğu kimi qonaqlar var idi, deyib-gülüb söhbət edirdik, xatirələri yada salırdıq. Nədənsə Bülbül xeyli uşaqlığından, Şuşadan, oranın səfasından, təmiz havasından danışdı. Qonaqlar dağılışandan sonra Bülbül həmişə olduğu kimi bizə italyanca “gecəniz xeyrə qalsın” deyib yataq otağına keçdi. Təxminən 10 dəqiqə sonra otaqdan qulağıma xırıltı səsi gəldi. Otağa girib onun nəfəs ala bilmədiyini gördüm. Hamımız həyəcan içində idik. Həkim gəldikdə Bülbül ona artıq gec olduğunu dedi. Mən hələ də inana bilmirdim ki, Bülbül bizimlə vidalaşır. Onun son sözləri hələ də qulağımdadır. “Bağışla, səndən belə tez ayrılıram”.
Bu, Ada xanımın ən acı xatirəsi idi. Çox sevdiyi Bülbülün ölümü onu sarsıtsa da, mübariz olub yaşamaq lazım idi. Övladlarını Bülbülsüz böyütməli idi. Onların hər ikisi: Çingiz Bülbüloğlu və Polad Bülbüloğlu Ada xanımın zəhmətini artıqlaması ilə doğrultdular.
Bülbülün ölümündən sonra Ada xanım bütün ömrünü dahi sənətkarı əbədi yaşatmaq üçün həsr etmişdir. Həyatının ən xoşbəxt illərini yaşadığı mənzili, Bülbülün şəxsi əşyalarını, sənədləri muzeyin təşkili üçün qoruyub saxlamışdır. Məhz onun fədakar səyləri nəticəsində bu gün muzeydə 9000-ə yaxın eksponat mühafizə olunur. Onun öz zəhməti ilə qurduğu muzey hamının ziyarət etdiyi ocağa çevrilib.
Ada xanımı kədərləndirən digər xatirələrdən biri də Şuşa ilə bağlı idi. 1983-cü il iyulun 29-da Bülbülün vətəni Şuşada ev-muzeyi açılmışdır. Muzey Bakıdakı memorial muzeyin filialı idi. Ada xanım Bülbülün Şuşadakı ev-muzeyini böyük əməklə qurduğunu, Şuşaya gedən çətin yollarla eksponatların daşınmasının çətinliyini, ekspozisiyanın Qarabağ xalçaları ilə XX əsrin əvvəllərinə uyğun tərtib etdiyini böyük həvəs və kədərlə xatırlayırdı. İşğaldan sonra dağıdılmış evin, talan olunmuş ekspozisiyanın şəkillərinə kədərlə baxar, bir gün o torpaqlara qayıdacağımıza inanaraq ekspozisiyanı dəqiqliklə bizə göstərər, tövsiyələr verərdi.
Ada xanımla bağlı xatirələrim hər an yaddaşımdadır. Sonuncu xatirəm isə onunla vida gününə təsadüf edir. Aramızdakı yaş fərqinin çox olmasına baxmayaraq, Ada xanımın gənc ruhlu insan olması bu fərqi aradan qaldırmışdı və həmin gün mən sanki ən yaxın dostumla vidalaşırdım... Bu xatirənin təsəllisi onun ölümsüzləşdirdiyi Bülbül irsi, ömrünün sonuna qədər qoruyub saxladığı memorial muzey...
Ölümündən illər keçsə də tarix onu hər zaman yaşadacaq. Bu muzey var olduqca, Bülbül səsi yaşadıqca onlar həyatlarının ən gözəl illərini keçirdikləri bu evdə əbədi yaşayacaqlar...
Fərqanə Cabbarova
Bülbülün Memorial Muzeyinin direktoru