Əli Nəzmi “Molla Nəsrəddin” dərgisinin ən fəal yazarlarından olub
Mirzə Ələkbər Sabir satira məktəbinin alovlu davamçılarından biri də şair, ədəbiyyatşünas, tərcüməçi Əli Nəzmidir. “Molla Nəsrəddin” jurnalının ən fəal yazarlarından olan şairi sağlığında müasirləri “İkinci Sabir” adlandırıblar.
Əli Məhəmməd oğlu Məmmədzadə (Nəzmi) 1878-ci ildə Gəncə yaxınlığındakı Sarov kəndində dünyaya göz açıb. İbtidai təhsilini mollaxanada alan Əli sonra rus-tatar məktəbində oxuyur. Ancaq atası dünyasını dəyişdiyindən təhsilini davam etdirə bilmir. Ailəyə kömək məqsədilə yaxın bir qohumu onu özü ilə əvvəl Buxaraya, sonra Səmərqənd şəhərinə aparır. Orada tacir dükanında işləyən Əli klassik Şərq ədəbiyyatını mütaliə edir, “Bikəs” təxəllüsü ilə şeirlər yazmağa başlayır.
Gəncəyə qayıtdıqdan sonra tez-tez Tiflisə gedir, oradakı ədəbi qüvvələrlə əlaqələr qurur. İlk mətbu əsəri - “Kənddə ibtida” şeiri 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc olunur. Ölkədə baş verən inqilabi hərəkat (1905-1907) ona böyük təsir edir. 1906-cı ildə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı öz qayəsi ilə onun diqqətini çəkir. Satirik şeirləri “Məşədi Sijimqulu” və “Kefsiz” imzası ilə jurnalın səhifələrində işıq üzü görür. Qələmə aldığı “İstibdad”, “Qorxuram”, “Olacaqmı”, “Sizə nə”, “Ey füqəra”, “Od tutub odlandı vətən” və başqa şeirlərində azadlıq ideyalarını təbliğ edir. Şeirləri cəmiyyətdə birmənalı qarşılanmayan şair əsərlərini “Həcamətverdi”, “Sərsəri”, “Şəmşir”, “Şəmşirək”, “Peşman qoca”, “Gəncə cavanları”, “Qoca zığ-zığ” və s. gizli imzalarla dərc etdirir.
Görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin”də Əli Nəzmi haqqında məqaləsində yazırdı: “O vaxt biz məcmuəmizin 12-ci nömrəsində “Quli-biyabani” sərlövhəli bir məqalə ilə varlılarımıza tənəli bir xitab dərc etdik. Ta ki ondan bir neçə vaxt sonra Sabirin “Tömeyi-nahar”ı bizim səsimizə səs verdi. Bununla da Məşədi Sijimqulu Kefsiz də meydana çıxdı. M.Ə.Sabirin “Tömeyi-nahar”ına cavab olaraq “Çayda çapan qardaşım, ağlama, ağları gör” mətləli şeirini göndərdi. Məşədi Sijimqulunu ilk dəfə məcmuəmizdə nəzm ilə danışdıran, onun təbii şeirini büruzə verən həmən “Tömeyi-nahar” oldu...”
Ə.Nəzmi satirik şeirdə məharət sahibi olduğunu göstərir. Müraciət etdiyi mövzular demək olar ki, Sabir yaradıcılığı ilə eyniyyət təşkil edib. Xurafatçıları, xalqı aldadan falçıları və s. həcv edən şeirlərində Sabir ruhu duyulur. Sabirin vəfatından sonra “Molla Nəsrəddin”də, eləcə də “Məzəli”, “Zənbur”, “Tuti” və başqa mətbu orqanlarda ən yaxşı satirik şeirlər yazan Ə.Nəzmi olub.
Şair “İrsi-pədər”, “Gülürəm”, “Yorğun bir baxış” şeirlərində bir rəssam kimi cəhalət və nadanlığın mənzərəsinin ibrətli təsvirini verib. “Ədəbiyyat, yaxud minacat” satirasında qəzetlərdən qorxub küyə düşən köhnəpərəstləri, “Məzəli” şeirində İran hökmdarı Məhəmmədəli şahı tənqid atəşinə tutub. Satirik şairin dili sadə, üslubu rəvandır. Şeirlərində daim sadəliyi saxlamağa çalışan qələm sahibinin təsvirləri yığcam və dəqiqdir. Əli Nəzmi Gəncədə uzun müddət müəllim işləyib. 1924-1926-cı illərdə “Yeni Gəncə” qəzeti redaksiyasında, bir müddət sonra Bakıya köçərək “Kəndli” qəzeti, “Molla Nəsrəddin” jurnalı redaksiyalarında çalışıb.
1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair II Dünya müharibəsi dövründə alman faşizminə qarşı kəskin satirik əsərlər qələmə alıb. O, həmçinin tərcüməçiliklə də məşğul olub, N.Gəncəvi, Ə.Firdovsi, İ.Krılov kimi söz sənətkarlarından tərcümələr edib. XX əsr Azərbaycan ədəbiyyatı və mətbuatından bəhs edən “Keçmiş günlər” (1944) adlı mənzum xatirə yazıb. 1946-cı il yanvarın 4-də, 68 yaşında Bakıda vəfat edib.
Savalan Fərəcov