Azərbaycan
11 may 1915 - Heykəltəraş, Xalq rəssamı Fuad Həsən oğlu Əbdürrəhmanov (1915 - 15.6.1971) Şəkidə anadan olub. Görkəmli ədiblərin, mədəniyyət xadimlərinin büst-portretlərinin, Bakıda N.Gəncəvi, S.Vurğun, "Azad qadın" heykəllərinin müəllifidir.
11 may 1935 - Xalq yazıçısı, Dövlət mükafatı laureatı Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov (1935 - 22.3.2016) anadan olub. Bir sıra əsərləri (“Mezozoy əhvalatı”, ”Bayquş gələndə”, "Truskavetsə kim gedir?" və s.) ekranlaşdırılıb. “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi” və s. filmlərin ssenarisini yazıb. Milli Məclisin deputatı (1995-2010) olub.
12 may 1907 - Xalq artisti, bəstəkar və pedaqoq Səid Rüstəmov (1907 - 10.6. 1983) İrəvanda anadan olub. "Beş manatlıq gəlin", "Durna", "Rəisin arvadı" musiqili komediyalarının, populyar mahnıların ("Oxu, tar", "Qurban adına", “Həkim qız" və s.) müəllifidir. 40 ilə yaxın Azərbaycan Televiziyası və Radiosunun xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və dirijoru olub.
12 may 1925 - Yazıçı Bayram Həsən oğlu Həsənov (1925 - 28.2.1979) Ermənistanın Allahverdi (Alaverdi) rayonunun Böyük Ayrım kəndində anadan olub. Uşaqlar üçün əsərlərin müəllifidir.
12 may 1940 - Şair, tərcüməçi, ədəbiyyatşünas Abbas Abdulla (Hacaloğlu) Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçi kəndində doğulub. Ukrayna ədəbiyyatından tərcümələr edib.
12 may 2011 - Tanınmış rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (Həsənov; 18.10.1949 - 2011) vəfat edib. Musiqili Komediya, Milli Dram teatrlarında tamaşalar hazırlayıb. 1989-cu ildən yaratdığı Yuğ Teatrına rəhbərlik edib.
13 may 1943 - Xalq yazıçısı, dramaturq, filologiya elmləri doktoru, professor Elçin İlyas oğlu Əfəndiyev anadan olub. 1993-cü ildən Azərbaycan Respublikası Baş nazirinin müavinidir. Əsərləri: "Ağ dəvə", “Mahmud və Məryəm" (roman), “Dolça”, “Bir görüşün tarixçəsi” (povest), “Mənim ərim dəlidir”, “Cəhənnəm kirayənişinləri”, “Şekspir”, “Teleskop” (pyes) və s. Əsərləri bir çox dillərə tərcümə olunub. “Arxadan vurulan zərbə”, “Gözlə məni”, “Gümüşü furqon”, “Bağ mövsümü” və s. filmlərin ssenari müəllifidir.
13 may 1929 - Şair və tərcüməçi Hikmət Ziya (Hikmət Ziya oğlu Əfəndiyev; 1929 - 2.8.1995) Ağdamda anadan olub. Uşaq və gənclər üçün bir çox əsərlərin müəllifidir.
13 may 1937 - Xalq artisti, tarzən Adil Kamil oğlu Bağırov anadan olub. 1976-cı ildən Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblının rəhbəridir.
13 may 1982 - Böyük bəstəkar, pedaqoq, Azərbaycan Elmlər Akademiyasının akademiki, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Əbülfəz oğlu Qarayev (5.2.1918 - 1982) vəfat edib. Dünya musiqi xəzinəsinə daxil olan “Yeddi gözəl" (1952), “İldırımlı yollarla" (1958) baletlərinin, üç simfoniya, “Don Kixot" simfonik qravürü, “Leyli və Məcnun" simfonik poeması, “Vyetnam" süitası, fortepiano üçün prelüdlər, skripka və fortepiano üçün sonata və romansların müəllifidir.
Dünya
11 may 1864 - İngilis yazıçısı Etel Lilian Voyniç (1864 - 28.7.1960) anadan olub. Məşhur “Ovod” əsərini italyan xalqının XIX əsrin 30-40-cı illərində azadlıq mübarizəsinə həsr edib.
11 may 1904 - İspan rəssamı, heykəltəraş, yazıçı, rejissor Salvador Dali (Salvador Felipe Jacinto Dali; 1904 - 23.1.1989) anadan olub. Sürrealizmin banilərindən biridir. Əsərləri: “Yaddaşın sabitliyi”, “Venera Milosskaya qutularla”, “Xəlvəti şam” və s.
11 may 1916 - İspan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1989) laureatı Kamilo Xose Sela (Camilo Jose Cela; 1916-2002) anadan olub. “Paskual Duartenin ailəsi”, “Arı şanı”, “Portağallar qış meyvələridir” və s. romanların müəllifidir.
12 may 1842 - Fransız bəstəkarı, lirik operaların müəllifi Jül Massne (Jules Massenet; 1842-1912) anadan olub. Əsərləri: “Verter”, ”Tais” və s.
12 may 1907 - Amerika aktrisası Ketrin Hepbern (Katharine Hepburn; 1907-2003) anadan olub. Dörd dəfə «Oskar» mükafatına layiq görülüb. Filmləri: “Erkən şöhrət”, “Filadelfiya əhvalatı”, “Adəmin qabırğası” və s.
13 may 1840 - Fransız yazıçısı Alfons Dode (Alphonse Daudet; 1840-1897) anadan olub. Əsərləri: “Taraskonlu Tartarenin qeyri-adi sərgüzəştləri”, “Böyük Fromon və balaca Risler”, “Safo” (romanlar), “Arlezianka” (pyes).
13 may 1842 - İngilis bəstəkarı Artur Sallivan (Arthur Seymour Sullivan; 1842-1900) anadan olub.
13 may 1882 - Fransız rəssamı, təsviri sənətdə kubizm cərəyanının banisi Jorj Brak (Georges Braque; 1882-1963) anadan olub.
13 may 1923 - Rusiya bəstəkarı İsaak Şvarts (1923-2009) anadan olub. Bir çox filmlərə musiqi yazıb: “Səhranın bəyaz günəşi”, “Cənab Mak-Kinlinin qaçışı” və s.
13 may 1924 - Sovet hökuməti kino işinin yenidən qurulması barədə qərar qəbul edib. Kino çəkilişi və prokatında inhisarçılıq bütünlüklə dövlətə (Xalq Maarif Komissarlığına) verilib.
13 may 1956 - Rus yazıçısı Aleksandr Fadeyev (əsl soyadı Bulıqa, 1901-1956) intihar edib. “Tarmar”, “Gənc qvardiya” və s. romanların müəllifidir. SSRİ Yazıçılar İttifaqına rəhbərlik edib. Stalin repressiyalarında iştirakına görə peşmançılıq keçirərək özünü öldürüb.
Hazırladı: Vüqar Orxan