Azərbaycan

14 may 1805 - Rusiya-İran müharibəsi (1804-1813) gedişində birinci Kürəkçay müqaviləsi (indiki Goranboy rayonu ərazisində Kürəkçayın sahilində) bağlanıb. Müqaviləyə əsasən, Qarabağ xanlığı Rusiya imperiyasına birləşdirilib.
14 may 1916 - Azərbaycan kinosu tarixində birinci tammetrajlı bədii film olan “Neft və milyonlar səltənəti” ilk dəfə nümayiş etdirilib. Yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında ekranlaşdırılan filmin rejissoru Boris Svetlov idi.

15 may 1893 - Görkəmli türkoloq alim, professor, şair Bəkir Vahab oğlu Çobanzadə (1893 - 13.10.1938) Krımın Simferopol qəzasının Qarasubazar kəndində anadan olub. Azərbaycanda dilçilik elmi və türkologiyanın təşəkkülü və inkişafında böyük rol oynayıb. Stalin repressiyasının qurbanı olub.
15 may 1899 - Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə; 1899 - 9.11.1973) Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. Bir sıra filmlərdə (“Bakılılar”, “Kəndlilər”, “Dağlarda döyüş”) maraqlı obrazlar yaradıb.
15 may 1921 - Əməkdar elm xadimi, filosof, professor Midhət Mirmusa oğlu Ağamirov (1921-1995) anadan olub.
15 may 1918 - Ədəbiyyatşünas, tənqidçi Əzizağa Hacıəli oğlu Məmmədov (1918-1986) Lənkəranda anadan olub.
15 may 1920 - Azərbaycan Xalq Maarif Komissarlığı respublikada vicdan azadlığının elan edilməsi, dinin dövlətdən və məktəbdən ayrılması barədə dekret verib.
15 may 1922 - SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev (1922 - 19.9.1995) anadan olub. Populyar mahnıların ("Sevgilim", "Leyla"), operettaların ("Romeo mənim qonşumdur", "Dördüncü fəqərə", “Talelər qovuşanda”, «Ordan-burdan» və s.) müəllifidir. «Bir qalanın sirri», «Kölgələr sürünür», «Qara daşlar», «Əhməd haradadır?» və s. filmlərə musiqi yazıb. 60-cı illərdə Azərbaycanın mədəniyyət naziri işləyib.
15 may 1930 - Nasir, dramaturq, ədəbiyyatşünas Altay Yusif oğlu Məmmədov (1930 - 15.7.2003) Gəncədə doğulub. "Həmyerlilər", "Kişilər", "Yadındamı", "Ulduzlar görüşəndə" və s. pyeslərin müəllifidir. Rus dilindən ədəbi tərcümələr edib.
15 may 1930 - Ədəbiyyatşünas, tənqidçi, tərcüməçi Qəzənfər Yusif oğlu Əliyev (1930-1984) anadan olub.
15 may 1931 - Teatrşünas, sənətşünaslıq doktoru, professor Mahmud Qara oğlu Allahverdiyev (1931 - 2.12.1999) Gürcüstanın Bolnisi rayonunun Mirhəsənli kəndində doğulub. Mədəniyyət və İncəsənət Universitetində, Türkiyədə Memar Sinan Universitetində dərs deyib.
15 may 1939 - Yazıçı-dramaturq, filologiya elmləri doktoru Həmid Arzulu (Həmid Fərhad oğlu Əliyev) Şərur rayonunun Təzəkənd kəndində anadan olub. Alman ədəbiyyatından bir çox əsərləri (İ.V.Höte, S.Sveyq, B.Brecht, H.Heyne, F.Şiller və s.) dilimizə tərcümə edib.
15 may 1944 - Aktyor, rejissor, Əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov Hacıqabul rayonunun Atbulaq kəndində doğulub. “Yeddi oğul istərəm”, “Nəsimi”, “Qətl günü” və s. filmlərdə çəkilib. “Doğma sahillər”, “Gecə qatarında qətl” və s. filmlərə quruluş verib.

16 may 1992 - Tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Arif Əmir oğlu Nərimanbəyov (13.4.1917 - 1992) vəfat edib. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”, “İnsan məskən salır”, “Onun bəlalı sevgisi”, “Nizami” və s. filmlərin quruluşçu operatorudur.
16 may 1950 - Xalq artisti Arif Quliyev anadan olub. Musiqili Komediya, Milli Dram teatrlarında işləyib. “Bəyin oğurlanması”, “Bəxt üzüyü”, “O dünyadan salam” və s. filmlərdə, televiziya tamaşalarında yaddaqalan rollar oynayıb.

17 may 1870 - Yazıçı-dramaturq, publisist Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev (1870 - 11.12.1933) Şuşada anadan olub. "Dağılan tifaq", "Bəxtsiz cavan", “Pəri cadu”, “Ac həriflər” və s. pyeslərin, hekayələrin müəllifidir. Rus dilindən tərcümələr (M.Qorkinin, A.Çexovun hekayələri, U.Şekspirin “Hamlet”, F.Şillerin “Qaçaqlar” pyesləri və s.) edib. Rusiya Dövlət Dumasının (1906-1907) deputatı olub. Bakı Dövlət Universitetində dərs deyib.
17 may 1928 - Xalq artisti, tanınmış rəqqasə Roza İsmayıl qızı Cəlilova Şabran rayonunda doğulub. Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub.
17 may 1938 - Əməkdar incəsənət xadimi, rejissor Arif Lətif oğlu Qazıyev Gəncədə doğulub. Azərbaycan televiziyasının ilk diktorlarından biri, "Muğam" teatrının yaradıcısı və rəhbəri olub. Musiqili telefilmlərin (“Şur”, “Təsnif”) müəllifidir.
17 may 1944 - Şair, ədəbiyyatşünas Əhməd Elbrus (Elbrus Misir oğlu Əhmədov; 1944-2006) Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub.

Dünya

14 may 1265 - İntibah dövrünün dahi italyan şairi Dante Aligeri (1265 - 14.9.1321) anadan olub. Bəzi mənbələrdə təvəllüdü 30 may göstərilir. İntibah ədəbiyyatının şah əsərlərindən olan “İlahi komediya” poemasının müəllifidir. Axirət dünyasına səyahəti təsvir edən poema üç hissədən (“Cəhənnəm", "Əraf", "Cənnət"), hər hissə 33 nəğmədən ibarətdir.
14 may 1771 - İngilis filosofu, sosialist Robert Ouen (Robert Owen, 1771-1858), anadan olub.
14 may 1969 - Avstraliya kinoaktrisası, “Oskar” mükafatı laureatı Keyt Blanşet (Cate Blanchett) anadan olub. Filmləri: “Elizaveta”, “Aviator” (“Oskar” mükafatı), “Üzüklərin hökmdarı” və s.

15 may Beynəlxalq Ailə Günüdür (İnternational Day of Families). BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə əsasən qeyd olunur.
15 may 1567 - İtaliya bəstəkarı Klaudio Monteverdi (Claudio Monteverdi, 1567-1643) anadan olub. Operaları: “Orfey”, “Ariadna”, “Poppeyanın tacqoyması”.
15 may 1848 - Rus rəssamı Viktor Vasnesov (1848-1926) anadan olub. Məşhur rəsmləri: “Üç cəngavər”, “Çar İvan Qroznı” və s.
15 may 1862 - Avstriya dramaturqu Artur Şnisler (Arthur Schnitzler, 1862-1931) anadan olub.
15 may 1891 - Rus yazıçısı Mixail Bulqakov (1891 - 10.3.1940) Kiyev şəhərində doğulub. Roman və povestləri: "Usta və Marqarita", "Ağ qvardiya", "İt ürəyi", “Cənab de Molyerin həyatı”; pyesləri: "Qaçış", “Turbinlər ailəsinin günləri", "Zoykanın mənzili", “İvan Vasilyeviç”. Bir sıra əsərləri ekranlaşdırılıb.

16 may 1910 - Rus yazıçısı və şairəsi Olqa Berqols (1910-1975) anadan olub. Böyük Vətən müharibəsində 900 gün blokadada qalan Leninqradda fədakar yaradıcılıqla məşğul olub, “Leninqrad poeması”nı yazıb.
16 may 1915 - İtaliya kinorejissoru Mario Moniçelli (1915-2010) anadan olub. Filmləri: “Polislər və oğrular”, “Böyük müharibə” və s.
16 may 1953 - İrlandiyalı aktyor Pirs Brosnan (Pierce Brendan Brosnan) anadan olub. “Agent 007” seriyasından dörd filmdə (o cümlədən Azərbaycan-Türkiyə neft kəmərindən bəhs edən “Bütün dünya da bəs etməz” (1999) filmi) çəkilib.

17 may Dünya İnformasiya Cəmiyyəti Günüdür (World İnformation Society Day). BMT Baş Assambleyasının 27 mart 2006-cı il tarixli qətnaməsi ilə təsis edilib.
17 may 1873 - Fransız yazıçısı Anri Barbüs (Henri Barbusse, 1873-1935) anadan olub. Əsərləri: “Alov”, “Gerçək əhvalatlar” və s.
17 may 1904 - Fransız aktyoru Jan Qaben (Jean Gabin - Jean-Alexis Moncorge; 1904-1976) anadan olub. “Böyük illüziya”, “Qənimətə toxunma”, “Parisin havası” və s. filmlərdə çəkilib.

Hazırladı: Vüqar Orxan