Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Fikrət Məşədi Cəmil oğlu Əmirovun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, 2012-ci ilin noyabr ayında milli musiqi mədəniyyətimizin inkişafına mühüm töhfələr vermiş Fikrət Əmirovun anadan olmasının 90 illiyi tamam olur. Azərbaycanın musiqi sənəti tarixinə parlaq səhifələr yazmış Fikrət Əmirovun musiqinin ən müxtəlif janrlarını əhatə edən çoxsaylı əsərləri, o cümlədən opera, balet, simfoniya, mahnı və romansları xalqımızın mədəni sərvətlər xəzinəsinin qızıl fondunda xüsusi yer tutur. Bəstəkarın dünyanın ən iri konsert salonlarında mötəbər orkestrlərin ifasında səsləndirilən simfonik muğamlarının Azərbaycan mədəniyyətinin tanıdılmasında müstəsna rolu var.
Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Fikrət Əmirovun 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.