Azərbaycan
18 may 1906 - Filosof alim, professor Mehbalı Məhəmməd oğlu Qasımov (1906 - 1963) Naxçıvan MR Culfa rayonunun Xoşkeşin kəndində doğulub. “Azərbaycanın estetik fikir tarixindən" monoqrafiyasının müəllifidir.
18 may 1951 - Kinorejissor, Əməkdar incəsənət xadimi Ziya Şıxlinski anadan olub. Sənədli filmlərin müəllifidir. “Dərviş Parisi partladır”, “Şir evdən getdi” və s. filmlərdə rejissor assistenti olub.
18 may 1969 - Aktrisa, rejissor, Əməkdar incəsənət xadimi Məlahət Abbasova anadan olub. “Sən həmişə mənimləsən” teletamaşası, “Sürəyya”, “Mahmud və Məryəm” filmlərində çəkilib. 90-cı illərdən Türkiyədə yaşayır, İstanbul Bələdiyyə Teatrında çalışır.
19 may 1898 - Xalq artisti, opera müğənnisi Hüseynağa Soltan oğlu Hacıbababəyov (1898 - 10.11.1972) Şamaxıda doğulub. Opera partiyaları ilə yanaşı, muğam və xalq mahnılarının mahir ifaçısı olub.
19 may 1907 - Bakıda "Bəhlul" satirik jurnalı nəşrə başlayıb. Redaktoru Ələsgər Əliyev olan jurnalın 9 sayı (1907-ci il 4 noyabradək) işıq üzü görüb. M.Ə.Sabirin bir neçə şeiri (Bəhlul Danəndə haqqında) ilk dəfə burada dərc olunub.
19 may 1910 - Xalq şairi, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev; 1910 - 1.4.1981) Göyçayda doğulub. Əsərləri: “Qız qalası”, “Lenin”, "Qızılgül olmayaydı", "Bir gün də insan ömrüdür" (poema), «Rənglər» (şeirlər silsiləsi), “Vəfa”, “Görüş” (pyes) və s. Rus və Avropa şairlərinin əsərlərini dilimizə tərcümə edib. Azərbaycan Yazıçılar İttifaqının sədri (1938-1939), kinematoqrafiya naziri (1945-1948) olub.
19 may 1935 - Şair və tərcüməçi Vladimir Əbdüləzim oğlu Qafarov (1935 - 19.7.2000) Sabirabad rayonunda anadan olub. Klassik və müasir Azərbaycan şairlərinin bir çoxunun əsərləri onun tərcüməsində rusdilli oxuculara təqdim olunub.
Dünya
18 may Beynəlxalq Muzeylər Günüdür (İnternational Museum Day). UNESCO yanında Beynəlxalq Muzey Şurasının (İnternational Council of Museums - ICOM) 1977-ci ilin mayında SSRİ-də (Moskva və Leninqrad) keçirilən konfransında sovet nümayəndə heyətinin təşəbbüsü ilə təsis olunub.
18 may 1048 - Fars (tacik) şairi, filosof, astronom və riyaziyyatçı Ömər Xəyyam (Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri; 1048 - 4.12.1131) anadan olub.
18 may 1869 - Ləzgi xalq şairi, aşıq Süleyman Stalski (Həsənbəyov; 1869-1937) anadan olub.
18 may 1872 - İngilis filosofu, riyaziyyatçı Bertran Rassel (Bertrand Arthur William Russell; 1872-1970) anadan olub. Ədəbiyyat üzrə Nobel mükafatına (1950) layiq görülüb.
18 may 1936 - Qazaxıstanın Xalq yazıçısı, şair, ədəbiyyatşünas, ictimai xadim Oljas Süleymenov anadan olub. Sovet dövründə qədim türk tarixindən bəhs edən “AziYa” kitabı ilə məşhurlaşıb. Azərbaycan mədəniyyətinin dünyada təbliği və ölkəmizlə əlaqələrin möhkəmlənməsində xidmətlərinə görə “Şöhrət” (2006) və “Dostluq” (2011) ordenləri ilə təltif olunub.
19 may 1762 - Alman filosofu Yohann Qotlib Fixte (Johann Gottlieb Fichte; 1762-1814) anadan olub.
19 may 1946 - İtaliya aktyoru Mikele Plaçido (Michele Placido) anadan olub. «Sprut» teleserialı (komissar Kattani) ilə şöhrət qazanıb.
Hazırladı: Vüqar Orxan