Oxumayanlarından çox, oxuyanlarının boynunda haqqı olan Əbdürrəhim bəy Haqverdiyev!

Bütün ömrünü tərif-təqdirsiz, alqış-mükafatsız bir dövrün saysız-hesabsız mədəni-mənəvi yaralarına yaramağa həsr etmiş ərdəmli ədib...
Deyirəm, elə bir ictimai-milli mühitdə Tanrı-taleyin 21 yaşlı bu gənci Sankt-Peterburqun Yol Mühəndisləri İnstitutuna yollaması elə-belədən deyilmiş...

...Heç o Leyli vəfalı taleyin bu mədəniyyət Məcnununu Şərqin ilk operasının ilk dirijoru etdirməsi, Tiflisdə rus dilində nəşr olunan məcmuəyə müdir, Bakıda təşkil olunan Şura teatrına komissar, Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq bürosuna müxbir üzv seçdirməsi də təsadüfi deyilmiş. Bütün bunlar tək elə onun özünün yox, zaman-zaman taxt-tacsız qalınmasına çalışılan bu xalqın da bəxtindən imiş...

Bəxt (?)...

İyirmi altı yaşında (1896) millətin ümumiləşdirilmiş fəci TİPini - “Dağılan tifaq”ını, otuzunda “Bəxtsiz cavan”ını yaratmış bu böyük ədibin öz cavanlığı da, siz deyən, çox da xoş bəxtli olmayıb. Üç yaşının tamamında, qəza dəftərxanasında katib işləyən atasından yetim qalıb. Onu himayəyə götürən əmisi nəsil davasında yerli bəylər tərəfindən qətlə yetirilib. Məhrumiyyətlərlə üzləşən bu yeniyetmə yeganə həyat işığını atalığında tapıb. Bütün Şuşa qəzasında yaxşı adam kimi tanınan H.Sadıqbəyov Əbdürrəhimə qarşı da insanlıq edib, ona oğul məhəbbətilə yanaşıb, təhsil almasının qeydinə qalıb. Elə yaxın gələcəkdə “Azərbaycan ədəbiyyatının şəhd-şəkər dillisi” kimi tanınası bu uşağın özü də, hər barədə səxavətli olan atalığına çox borclu qalmayıb; qeyri-adi şirindilliyi, səmimiyyəti, hər iş-gücə yarıması ilə iç-içəri hörmətini qazandığı bu ailənin, bu evin eşik şərəf-şanını daha da uca edib...
Onun doğulduğu elatın dağları, qayaları, bulaqları da (bir çox məşhuri-cahan eloğluları kimi) məşhuri-Azərbaycandır və onlardan biri də onun doğulduğu kəndə ad olunub:

Ağbulaq

Tək elə mənşə-şəcərəcə yox, ədəb-irfan, görəv-görücə də əsil bəy etiketlərilə yaşamış Əbdürrəhim bəy 1870-ci il mayın 17-də Şuşa yaxınlığındakı o kənddə (indi işğalda olduğundan “bu kənddə” yaza bilmədim...) göz açıb dünyaya. Bu insan o mahalın ilahi mənzərələri, bəndəvi məna-məntiqlərilə böyüdükcə, təbiət və cəmiyyət aləmləri arasındakı fərqlərə də varıb; birindən bəhrələndiklərini “Ağac kölgəsində”ki kimi gözəlliklərə, o birindən duyduqlarını “Pəri cadu”, “Ovçu Pirim” tipli özəlliklərə sərf edib…
Xatirə və tədqiqat göstərilərinə görə, Əbdürrəhim bəy on yaşında ikən ibtidai təhsilə başladığı Şuşa şəhərində yaşından böyük xəyallara dalar, on doqquzunadək Şuşa realnı məktəbində, qısa müddət olduğu Tiflis realnı məktəbində imkanlarından xaric məsələlər haqda düşünüb-daşınarmış. 1890-cı illərdə təhsildə olduğu Sankt-Peterburqda isə, özünü millətinin mənəvi qurdlarına irfani çomaq, “mədəniyyət sör-söküntülərinə yamaq” düşüncələri üstdə kökləyirmiş. Elə həmin illərdə yazdığı “Dağılan tifaq” əsərini 1899-cu ildə Peterburqda çap etdirməsi faktının özü də gələcəyin böyük yazıçısının qürbətdəki gənclik əzmi haqda çox söz deyir. Bütün bunlar həm də yol mühəndisliyi ixtisası üzrə oxuya-oxuya, “azad müdavim” sifətilə Sankt-Peterburq Universitetinin Şərq fakültəsində müntəzəm dinləyici kimi iştirak etməsinin, tezliklə doğma Vətənində boşaldacağı dünyəvi maarif, mədəniyyət, ədəbi-bədii qənimət və digər sivil elementlərlə yüklənməsinin nəticəsi idi. O, Şuşaya həmin milli-mənəvi yüksəliş yüklənişilə gəlmişdi, bünövrə isə hazır idi. “Yeyərsən qaz ətini, görərsən ləzzətini” kimi məzhəkələrin güllərini, “Ovçu Pirim”i bəzəyəcəyi, “Ata və oğul”a, “Ayın şahidliyi”nə, “Hacı Daşdəmir”ə, “Pəri-cadu”ya düzəyəcəyi elementləri o, elə Tanrının gözəllik yazılarına bənzəyən Şuşa ətrafı cığırlardan, qocaların-qarıların yer-yataqlı salam-kəlamlarından, cavanların şəhəriçi dolambaclara bənzər atmacalarından götürmüşdü. Əbdürrəhim bəy ədəbiyyata, sənətə, mədəniyyətə belə bir milli varidatla gəlirdi...
Ədibin bu varidatında nə desən, vardı. İş elə gətirmişdi ki, dövrün digər qələm azmanlarında olduğu kimi, onun gördüklərində də, obrazlı desək, milli-mənəvi xarakter antonimlikləri sinonimliklərdən çox idi. Xaraktercə ipək kimi yumşaq olan bu adam millətin “illət”liklərini daha çox qabartmalı olurdu. Bu müəllifi oxuduqca belə bir mətləb də hasil olur ki, tragikliklə komiklik “Dünya Ana”dan əkiz doğulub. Onu oxuyarkən paralel olaraq baxmağı da bacaranlar görə bilərlər ki, bu dünyada hər kəsin bir gözü və bir qulağı tragediyalıqmış, o biri komediyalıq. Məsələn, tutalım, tez-tez “Qarabağın maralı” deyə oxunan o... bir vaxtların “qeyri-girov” qızı ilə, axı, o Qırxqız yaylağına, oradan da ceyran-cüyür oylağına nə qədər getmək, İsa bulağına neçə dəfə enmək olar? Hərdən “Marallarım”, “Şeyx Şaban”, “Xortdanın cəhənnəm məktubları” kimi uğunuşlar, “Dağılan tifaq”, “Bəxtsiz cavan” sayaq “ağı”nışlar da yazıb, o maral qızların “görüm ayılmasın gec ayılanlar” ladlı ata-analarına, qohum-qardaşlarına, küll-soydaşlarına bir az da mənəvi istiot da dadızdırmamalımı?..
Bu həyati yazı - maya-mahiyyətində “qarşıdurmalıq” olan bu qaçılmazlıq, demək olar, bütün yazıçılara məxsus bir hal. Əbdürrəhim bəy isə onların ən seçkinlərindən biri. Və bir qədər də bu əbədi ikiliyin “məhkum”luq tərəfilə daha çox üzləşməli olmuş, qismətinə həyatın halvasından çox, bibəri düşmüş bu yazıçının -

Tale yazısından

Bu tale yazısını, yaşaya-yaşaya öz xalqının keçmişini gələcək üçün yaşatma, tarixi-tarixiə qovuşdurma da adlandırmaq olar.
Otuz yaşına yetər-yetməz, Əbdürrəhim bəy Azərbaycanın hər tərəfindən görünür, azacıq səviyyəsi olan yurddaşlar, vətəndaşlar tərəfindən dəyərləndirilir. 1905-ci il inqilabının yaratdığı ictimai-siyasi ab-havanın nəticəsi olaraq, Rusiya Dövlət Dumasına nümayəndə (Gəncə quberniyasından) seçilir. Bu fürsət onun yenidən Sankt-Peterburqa getməsinə səbəb olur və gənc ədib orada “Ağa Məhəmməd şah Qacar” əsəri üçün tarixi mənbələrlə tanış olmaq imkanı əldə edir. Peterburqdan sonra 1907-ci ildə İrana səfər edən ədib, ertəsi il Şərqin ilk operası xəbərilə tədqiqat işini yarımçıq qoyub, Bakıya qayıtmalı olur. “Leyli və Məcnun”un ilk tamaşasına dirijorluq edir. Dövrün mədəniyyət-mənəviyyat hamisi olan “Nicat” cəmiyyətində, habelə Kür-Xəzər gəmiçiliyi idarəsində çalışdığı dövrlərdə bütün Zaqafqaziyanı, Orta Asiyanı, Dağıstan və Volqaboyunu gəzib-dolaşmalı olan böyük qələm adamı əsrin Qələm məbədi kimi tanınan “Molla Nəsrəddin” jurnalında hekayələr dərc etdirir, “Xortdan”, “Lağlağı”, “Süpürgəsaqqal”, “Ceyranəli”, “Mozalan” və başqa adlarla felyetonlar, məzhəkələr, tənqidi materiallarla çıxış edir. Həştərxanda olduğu müddətdə şəhərin ictimai-mədəni həyatında çox işlər görür. 1911-15-ci illərdə ayrıca bir “Ağdam ömrü” yaşamalı olur və “əsil xalq adamı” adıyla tanınır. Onun Tiflis fəaliyyəti, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra peşəkar teatrımızın inkişafı, təbliği və yubileylərilə ilgili xidmətləri, Azərbaycan Dövlət Universitetində mühazirələri, elmi kadrların hazırlanması işlərindəki çalışmaları o dövrün mətbuat səhifələrində çox yüksək qiymətləndirilmiş, elmi-populyar materiallarda layiqincə dəyərləndirilmişdir. Böyük milli görəvlərlə bağlı səfərləri, gərgin çalışmaları buradakı sətirlərlə yekunlaşmayan böyük sənətkarın “partiya və hökumət” tərəfindən dəyərləndirilməsi isə iki notdan o yana keçmir: Əməkdar incəsənət xadimi (1932) və ölümünə bir neçə gün qalmış Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin fəxri fərmanı...
1933-cü ildə vəfat etmiş bu çox ciddi və çox “güləyən” yazıçı öz dünyadəyişiminə dördcə il geciksəydi, bəlkə də indi Fəxri xiyabanda yox, çox nəhənglərin səbrini kəsən Sibirlərdə uyuyurdu...
Bu yazıda göstərilənlərdən daha böyük ölçü-biçili bu sənətkar bir az da yaşayıb “Xalq yazıçısı” adının təsis-təltifinə çatmasa da, millət rəyilə verilən halalca bir ad sahibidir, zənnindəyəm: Azərbaycan xalqının əsil Xan-Bəy ruhlu ədib oğlu - Əbdürrəhim bəy Haqverdiyev!..

Tahir Abbaslı