Ədəbiyyat, folklor, millət, cəfa, illət-zillətşünas Salman Mümtaz...

Bu məşhur türkoloq, görkəmli ədəbiyyatşünas alim ömrünün sonunadək (hətta KQB zirzəmisində də!) belə bir düşüncədə olub: Türkün milli folklor nümunələrinin toplanıb təbliğ edilməsi, bu ulu qövmü bir bayraq altında toplayası “Dədə Qorqud”, “Manas” və digər dastanlarımızın birləşdirici gücü yeni Mətə və Oğuz xaqanlar, Alp Arslan və Osman qazilər yetişdirəcək...

O, yazırdı: “Mən üfüqlərdən doğmaqda olan yeni, qüdrətli türk-islam dünyasını, ana Turanı görürəm. Turan bütün türk qövmlərini öz bayrağı altında toplaya bilən qüdrətli və ədalətli bir dövlət olacaq. Bu dövlət dünya xalqlarına əbədi sülh və səadət gətirəcək, dünyanın hər yerində haqq və ədaləti müdafiə edəcək, zülmə qarşı mübarizə aparacaq...”
Bu kimi fikirləri və bu yazıda qismən toxunacağımız əməlləri bu “oxumamış alimi” belə də ifadə edir: “təbii seçmə”liyin barmaqla sayılası -

Seçilmişi...

Heç bir məktəb qurtarmamış, bir siniflik təhsil-tədris dərsi almamış bu azman alim hər şeyə qabil qabiliyyəti, fəhm-fərasəti, fitri istedadı ilə millətinin Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Hüseyn Cavid ərdəmli ermişlərindən olub...
Öz milli vicdanının diktəsilə onsuz da beş-üç gün rahat yaşamamış bu böyük Azərbaycan Kişisi ilə bağlı belə bir müqayisə “çətinliyi” çəkək: vur-tut bir mollaxanada cəmisi üç ay oxuyub, əlli yeddi illik ömrünün bütün şüurlu hissəsini bir xalqın mədəniyyət, ədəbiyyat, folklor Fərhadlığına sərf etmiş bir “xalq düşməni” və... rəhbərləri institut, universitet, akademiyalar oxuyub, yetmiş illik dövranını neçə-neçə xalqların cəlladlığına həsr etmiş “xalq hakimiyyəti”...
“Görkəmli ədəbiyyatşünas-alim”...
Mənbələr onu 1956-cı ildən - SSRİ Ali Məhkəməsinin (ölümünə!) bəraətindən sonra bu qədir-qiymətlərlə təqdim etməyə başlayıb. Bəs onun “görkəmsiz” əzab-əziyyətşünaslığı?!. Bəli, doğular-doğulmaz atasını itirib, anasıyla Aşqabada köçən, Azərbaycanda Xalq Cümhuriyyətinin qurulduğunu eşitcək orada qazandığı az-para maddiyyatıyla Bakıya qayıdıb, həbs edildiyi tarixçəyədək tale-baxtından tutmuş yuxusuna haram qatdığı vaxtına, qəpik-qəpik yığdığı qır-qızılına qədər hər şeyini milli-mədəni tədqiqat və təhqiqatlara sərf etmiş bir şəxsiyyəti o dövrün bir çox “gəldi-gedərşünas”ları ayağından təqdim etmək olmaz! Yəni, bu dünyanın ən çətin elmlərindən biri də Salman Mümtaz “fənn”li insanları öyrənmək, Salman Mümtaz görəvli vətənpərvərləri bəsirət gözüylə görüb-qiymətləndirə bilməkdir...
“Köhnə” müəllimlərin söyləmələrinə görə, S. Mümtaz bolşevik və daşnaklardan çox, doğma xalqının “doqma” təhlükəli “ziyalı”larından zülm görüb. Bir gün bölgələrimizin birindən bir sandıq əlyazma və folklor materialı ilə sevinə-sevinə qayıdan bu alim o vaxtkı “Kommunist” (indiki “İstiqlaliyyət”) küçəsində - Elmlər Akademiyası binası qarşısında “qarın yüklü” bir professorun “etnoqrafik” bir sualından növbəti bir sarsıntıya qərq olur: “Ayə, a Salman, sənin bu qatıryükü xurcunlarındakı xalq deyimlərində “Niyə qaxılıb oturmeersən xarabanda?!” frazası da varmı?!.”
Bu “xatirə”ni bizə söyləyən universitet müəllimimiz (qəni-qəni rəhmətlik Firudin Hüseynov) həmin anlar elə bir sifətdə idi ki, soruşa bilmədim - görəsən, həmin o “professor” o “kolorital” atmacanı tolazlayırkən qaş qaldırıb-qəşş edərək gülübmü də? ...Əgər gülübmüşsə, gəlin, yuxarıdakı bir fikrimi təkrar ağılayaq: “Bu dünyanın ən çətin “elm”lərindən biri də Salman Mümtaz “fənn”li insanları öyrənmək, Salman Mümtaz görəvli vətənpərvərləri bəsirət gözüylə görə, milli Leyli-Məcnunluqla sevə, qiymətləndirə bilməkdir”...
Bu “fənn” yazı-pozu üçün də çox çətin, çox mürəkkəb...
Və belə yazıların ən asan “fəsli” -

Olum-ölümü...

Bir fərdin tərcümeyi-halına başlamazdan öncə, bizim ictimai hallarımızdan birinə dair bir arzu; kaş indilər hər gün-günaşırı ekranlara çıxıb “bizim sənətimiz çox ağır sahədir!” deyən şou-biznes “as”ları Salman Mümtazlığın nə olduğunu biləydilər! Əlbəttə, söhbət onun “yetimlik divi əlində” nələr çəkdiyindən, tez-tez dəyişib-düşməli olduğu ayrı-ayrı ünvanlar, xalqlar, etnik qruplara alışıb-öyrəşmək çətinliklərindən, neçə-neçə dil öyrənmə, adət-ənənələrə uyuşma qaçılmazlıqlarından yox, gündəlik çörəkpulundan belə kəsib qədim əlyazmaları, etnoqrafik yatırlarımızı əldə etməkdən yana çəkdiyi həyat məşəqqətlərindən, yaradıcı-araşdırıcılıq müsibətlərindən gedir.
Bu fundamental ömrün bünövrəsi 1884-cü il mayın 20-də Şəki şəhərində qoyulub. Müasirləri üçün o qədər də aydın olmayan səbəbdən iki yaşındaykən anası Zəhra xanımın qucağında Aşqabada köçməli və 1918-ci ilədək orada yaşamalı olub. Lap kiçik yaşlarından ailə-məişət çətinliklərilə üzləşib, evin dolanışıq yükünü daşıyıb. Qardaşıyla birgə, nəslin yeganə ağsaqqalı bildikləri dayısının iş-gücünə əl tutub, ticarət işlərində ona kömək edib.
Cəmi üç ay oxuduğu mollaxanada öz zehni qabiliyyətilə əmmaməli müəllimlərini heyrətə salan Salman oradan uzaqlaşandan sonra ərəb, fars, urdu dillərini təkbaşına, rus dilini isə dükanlarına gələn zabit arvadlarıyla söhbətlərdən öyrənib.
Böyüdükcə, mənsub olduğu qövmün böyük kimliyini dərk edən və içində ona hədsiz sevgilər oyanan bu gənc, dolanışıq ehtiyaclarını da ehtiva edən ilkin səfərləri zamanı böyük bir maraq-məhəbbətlə ulu Türk dilinin özbək, qırğız, türkmən tellərinə də yiyələnir. Arealının genişlənməsi səbəbilə ağızlarda müəyyən dəyişimlərə uğramış bu dilin daşıyıcılarında qafa-düşüncə birliyi fikrinə düşür. Bu işə - bir anını belə boşa vermədiyi mütaliədən başlayır. Bədii ədəbiyyat, elmi mənbələr onu sirli bir aləm kimi cəlb edir. Olduğu yerlərdən, hər soydaş-qövmdaşı ilə söhbətlərindən yaxın gələcəkdə gecə-gündüz qələmə alacağı “şünaslıqlar”, “Molla Nəsrəddin” jurnalında çap etdirəcəyi şeir və məqalələr üçün məhsullar toplayır.
Azərbaycandan gələn Cümhuriyyət xəbəri onu dərhal Vətənə dəbərdir. Bakıda Ü.Hacıbəyli ilə tanış olub dostlaşır, Azərbaycanın başına gətirilən faciələr, türk millətinin gələcəyi barədə dərdləşir, çıxış yolları haqda fikirləşirlər. O, öz elm, tədqiqat karandaşını gözəl poetik nümunələrə də işlədir. Türk ordusunun Azərbaycana gəlişinə “Yaşa, ey qazi-yi əzəm, Yaşa, ey möhtəşəm Ənvər! Hayali ay kimi aydın, Məramı - gün kimi Ənvər!” misraları ilə başlayan şeir həsr edir. Yaxın Şərqdə ilk milli istiqlal əldə etmiş Azərbaycan xalqı bir çox sevgili şüar və şeirlər içərisində bu görkəmli tədqiqatçı-alimin də şaqraq misralarını eşidir:

Cəhanə ilk çıxan
tazə ayə and olsun,
Cavanlığında dönən
qəddü-yayə and olsun,
Nura, ziyayə and olsun!..


Sovet dövründə “Azərnəşr”də işləyən alim klassik şairlər barədə biri-birindən dərin məzmunlu əsərlər yazır. Ancaq, sən demə, bu “od-alov qələmli alim” haqda yazan “alimi-biəməl”lər də varmış; 1937-ci ilin 19 iyununda o, “burjua-millətçi”, “qatı pantürkist” kimi, əvvəlcə tutduğu vəzifələrdən azad edilir, sonra isə ev dustaqlığı... Buna baxmayaraq, “təmənnasız, məccani alim” nadir əlyazmaları, kitabları toplayıb-araşdırmaqdan qalmır. Bu elm-irfan fədaisinin “Millilərin lilliləri”, “Şərqçilərin şərçiləri” kimi yamanladığı “alim”lərdən biri onun bu işgüzarlığını belə “qiymət”ləndirirmiş: “Nə qədər ki Bayılda yox, bayırdasan, çalış Mümtaz, çalış!”
Bu milli vicdan mücəssəməsi isə, belə bir vicdansız mühitdə, illər uzunu yorulmaq bilmədən əldə etdiyi folklor nümunələri, el-ağız qənimətlərindən ibarət əlyazmaları ilə öz “Kitabxaneyi-Mümtaziyyə”sini zənginləşdirirmiş...
O vaxtlar bu böyük “mənbə-məxəz toplayıcısı”nın, “canlı xalq yaradıcılığı”nın “kiçildilmiş böyük Vətən”indəki 51 rayondan 31-də Xalq Daxili İşlər Komissarlığı şöbələrinin rəisi erməni imiş və 1937-ci ildə Azərbaycanda 29 min “xalq düşməni” güllələnibmiş.
Onların ən seçilmişlərindən biri (ermənilərçünsə “sıradanbir”i) Salman Mümtaz idi ki, 1937-ci ilin 8 oktyabrında axşam saat 11-də yaşadığı Buynakski (indiki Şeyx Şamil) küçəsində siyasi dustaq kimi həbs olunub, 1941-ci il dekabrın 21-də ölüm hökmü verilib və “təcili olaraq” qətlə yetirilib...

Tahir Abbaslı