Azərbaycan

20 may 1884 - Ədəbiyyatşünas və şair Salman Mümtaz (Salman Məmmədəmin oğlu Əsgərov; 1884-1941) Şəkidə anadan olub. "Molla Nəsrəddin" jurnalında məqalə və şeirləri dərc olunub. Klassik ədiblərimizin əlyazmalarını toplayıb. “Azərbaycan ədəbiyyatının qaynaqları” kitabını yazıb.
20 may 1904 - Xalq yazıçısı Əbülhəsən (Əbülhəsən Əlibaba oğlu Ələkbərzadə; 1904-1986) Şamaxı qəzasının Basqal kəndində doğulub. «Yoxuşlar», «Müharibə», «Dostluq qalası», «Dünya qopur» və s. romanların müəllifidir.
20 may 1907 - Milli səhnəmizdə çıxış edən ilk azərbaycanlı qadın müğənnilərdən biri, Xalq artisti Həqiqət Rzayeva (1907 - 2.8.1969) Lənkəranda doğulub.
20 may 1946 - Xalq şairi, yazıçı-publisist, Sabir Xudu oğlu Rüstəmxanlı Yardımlı rayonunun Hamarkənd kəndində doğulub. «Qan yaddaşı», «Ömür kitabı», «Atamın ruhu», «Xətai yurdu» və s. kitabların, “Cavad xan” filminin ssenari müəllifidir.

21 may 1928 - Tanınmış aktrisa, Rusiyanın Xalq artisti Tamilla Ağamirova Bakıda anadan olub. 1952-ci ildən Moskvada “Romen” teatrında çalışıb. Azərbaycanda “Onun böyük ürəyi” (Səmayə), “Koroğlu” (Alagöz), “Yenilməz batalyon” (Xavər) filmlərində çəkilib.

22 may 1918 - SSRİ Xalq artisti, görkəmli rejissor, pedaqoq, professor Mehdi Əsədulla oğlu Məmmədov (1918 - 28.1.1984) Şuşada doğulub. Gəncə Dram, Opera və Balet, Akademik Milli Dram, Rus Dram teatrlarında baş rejissor olub. “Onu bağışlamaq olarmı?” filmində çəkilib.
22 may 1937 - Bəstəkar, Xalq artisti, professor Aqşin Əliqulu oğlu Əlizadə (1937 - 3.5.2014) Bakıda anadan olub. “Babək”, “Qafqaza səyahət” baletləri, kantata, simfoniya və digər janrlarda əsərlərin müəllifidir. “Tütək səsi”, “Rəqiblər” (“Ömrün səhifələri”), “Sizi dünyalar qədər sevirdim” və s. filmlərə musiqi yazıb.
23 may 1524 - Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli sərkərdə, şair Şah İsmayıl Xətai (17.7.1487 - 1524) vəfat edib. 1501-ci ildə Təbrizi paytaxt elan etməklə Səfəvi dövlətini qurub. «Xətai» təxəllüsü ilə şeirlər yazıb. Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunub.
23 may 1919 - Xalq yazıçısı Hüseyn İbrahimov (1919 - 10.4.2008) Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində doğulub. “Şirin xatirə”, “Bahar yağışı”, “Qu quşları öləndə oxuyurlar” və s. kitabların müəllifidir.

24 may 1863 - Şair, nasir, tərcüməçi, maarifçi Rəşid bəy İsmayıl oğlu Əfəndiyev (1863 - 31.8.1942) Şəkidə anadan olub. "Qan ocağı”, "Pul dəlisi", "Saqqalın kəraməti", "Diş ağrısı" və s. pyeslərin müəllifidir. Qori seminariyasında dərs deyib, dərsliklər yazıb.
24 may 1874 - Görkəmli şair, tərcüməçi Abbas Səhhət (Abbasqulu Əlabbas oğlu Mehdizadə; 1874-1918) Şamaxıda anadan olub. Klassik rus, ərəb, fars, gürcü və fransız yazıçılarının əsərlərindən tərcümələr edib, onları “Məğrib günəşləri” (iki cilddə) adlı kitabında 1912-ci ildə çap etdirib.
24 may 1879 - Publisist, teatr xadimi Mehdi bəy Süleyman bəy oğlu Hacınski (1879-1941) anadan olub. "Nicat" xeyriyyə cəmiyyətinin teatr bölməsinə rəhbərlik edib.
24 may 1880 - Şair, publisist Əliqulu Qəmküsar (Əliqulu Ələkbər oğlu Nəcəfov; 1880 - 4.3.1919) Naxçıvanda doğulub.
24 may 1893 - İlk azərbaycanlı qadın pianoçulardan olan Xədicə Qayıbova (1893 - 27.10.1938) Tiflisdə doğulub.
24 may 1925 - Ədəbiyyatşünas, türkoloq, həkim, ictimai xadim Cavad Heyət (1925 - 12.8.2014) Təbrizdə doğulub. “Azərbaycan ədəbiyyat tarixinə bir baxış”, “Türklərin tarix və mədəniyyətinə bir baxış” və s. əsərlərin müəllifidir. Azərbaycan dilində «Varlıq» jurnalını nəşr etdirib.
24 may 1899 - Şairə Ümgülsüm Sadıqzadə (1899-1944) Bakının Novxanı kəndində doğulub. 1937-ci ildə həyat yoldaşı, yazıçı-dramaturq Seyid Hüseyn güllələnib, Ü.Sadıqzadə Mordoviyaya həbs düşərgəsinə göndərilib. 1944-cü il iyulunda həbsdən geri qayıdıb, iki ay sonra vəfat edib.
24 may 1948 - Xalq artisti Fuad Ağarəhim oğlu Poladov Bakıda doğulub. Milli Dram Teatrında çalışıb, 1989-cu ildən Rus Dram Teatrının aktyorudur. Teatrla yanaşı, kinoda (“Güllələnmə təxirə salınır!..”, “Ovsunçu”, “Küçələrə su səpmişəm”), teletamaşalarda (“Atayevlər ailəsində”, “Alov” və s.) zəngin obrazlar qalereyası yaradıb.

Dünya

20 may 1799 - Görkəmli fransız yazıçısı Onore de Balzak (Honore de Balzac; 1799 - 18.8.1850) anadan olub. "Bəşəri komediya" silsiləsindən əsərləri («Şaqren dərisi», «Evgenia Qrande», «Qorio ata», «Sezar Biroto», «İtirilmiş illüziyalar» və s. romanlar) ilə şöhrət qazanıb.
20 may 1804 - Rus bəstəkarı Mixail İvanoviç Qlinka (1804-1857) anadan olub. “İvan Susanin”, “Ruslan və Lyudmila” operalarının müəllifidir.
20 may 1851 - Alman əsilli Amerika alimi, qrammofonun ixtiraçısı Emil Berliner (1851-1929) anadan olub.
20 may 1882 - Norveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1928) laureatı Siqrid Unset (Sigrid Undset, 1882-1949) anadan olub.
20 may 1923 - Cənubi Afrika Respublikasının tanınmış yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1991) laureatı Nadin Qordimer (Nadine Gordimer; 1923 - 13.7.2014) anadan olub.

21 may Dünya Dialoq və İnkişaf Naminə Mədəni Müxtəliflik Günüdür. BMT Baş Assambleyasının 2003-cü il 20 fevral tarixli qətnaməsi ilə qeyd olunur.
21 may 1471 - Alman boyakarı, qravüraçı və incəsənət nəzəriyyəçisi, İntibah dövrünün məşhur rəssamı Albrext Dürer (Albrecht Dürer, 1471-1528) anadan olub.
21 may 1906 - SSRİ Xalq artisti, rejissor, aktyor, ssenarist Sergey Gerasimov (1906-1985) anadan olub. Filmləri: “Gənc qvardiya”, “Sakit Don” və s. ÜDKİ-də dərs deyib, aktyor və rejissorlar (o cümlədən Azərbaycandan) yetişdirib.

22 may 1813 - Alman bəstəkarı, dramaturq, musiqişünas Rixard Vaqner (Wilhelm Richard Wagner, 1813-1883) anadan olub. Operaları: “Tristan və İzolda”, “Nibelunqlar üzüyü” (tetralogiya - “Reyn qızılı”, “Valkiriya”, “Ziqfrid”, “Tanrıların ölümü”).
22 may 1859 - İngilis yazıçısı Artur Konan Doyl (Arthur Conan Doyle, 1859-1930) anadan olub. Xəfiyyə Şerlok Holmsun macəralarından bəhs edən əsərlərlə məşhurlaşıb.
22 may 1891 - Alman şairi, incəsənət nəzəriyyəçisi Yohannes Bexer (Johannes Robert Becher; 1891 - 11.10.1958) anadan olub.

23 may 1891 - İsveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1951) laureatı Fabian Lagerkvist (1891-1974) anadan olub. Əsərləri: “Cəllad”, “Cırtdan”, “Varavva”, “Savilla” (romanlar), “Qəlbsiz insan”, “Qaranlıqda qələbə” (pyeslər).
23 may 1921 - Rus kinorejissoru, SSRİ Xalq artisti Qriqori Çuxray (1921-2001) anadan olub. Filmləri: “Qırx birinci”, “Əsgər haqqında ballada” və s.

24 may 1899 - Belçika əsilli fransız şairi, rəssam Anri Mişo (1899-1984) anadan olub.
24 may 1905 - Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1965) laureatı Mixail Aleksandroviç Şoloxov (1905 - 21.2.1984) anadan olub. Əsərləri: “Sakit Don” , “Dirçələn torpaq”, “Onlar Vətən uğrunda döyüşüblər”, “İnsanın taleyi” və s.
24 may 1940 - Rus şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1987) laureatı İosif Aleksandroviç Brodski (1940 - 26.1.1996, Nyu-York) Leninqradda (Sankt-Peterburq) doğulub. 1972-ci ildə Amerikaya mühacirət edib.

Hazırladı: Vüqar Orxan