Azərbaycan

25 may 1936 - Azərbaycan Dövlət Filarmoniyası yaradılıb. Filarmoniyanın yerləşdiyi bina 1912-ci ildə “İctimai toplantılar üçün yay binası” olaraq inşa edilmişdi. 1920-ci ildə təşkil edilən Azərbaycan Dövlət Simfonik Orkestri, digər musiqi kollektivləri burada çıxış edirdilər. 1936-cı ildə respublikanın musiqi qurumları Filarmoniyada birləşdirildi.
25 may 1942 - Əməkdar mədəniyyət işçisi, xormeyster, Prezident təqaüdçüsü Səidə Müslüm qızı Məmmədova anadan olub. Naxçıvan Dövlət Universitetinin professoru, fortepiano kafedrasının müdiridir.
25 may 1949 - Əməkdar artist Tofiq Əbdürrəhim oğlu Hüseynov Qusar rayonunun Hil kəndində anadan olub. İrəvan, Sumqayıt, Gənc Tamaşaçılar teatrlarında çalışıb. Milli Dram Teatrının aktyorudur.

26 may 1877 - Maarifçi-alim Məhəmmədəli Tərbiyət (1877 - 17.1.1940) Təbrizdə doğulub. Şəhərin bələdiyyə rəisi olub, yeni tipli "Tərbiyət" mədrəsəsi və kitabxana açıb. Qədim zamandan XX əsrədək Azərbaycan mədəniyyəti tarixini əhatə edən "Danişməndani-Azərbaycan" ensiklopedik toplusunun müəllifidir.
26 may 1894 - Ədəbiyyatşünas alim, publisist Vəli Məmmədhüseyn oğlu Xuluflu (1894-1938) Şəmkir rayonunun Xuluflu kəndində doğulub. 20-ci illərdə Azərbaycanda latın qrafikalı əlifbanın tətbiqi və digər türkdilli ölkələrdə yayılmasında aktiv fəaliyyət göstərib, «El aşıqları” toplusunu tərtib edib. Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru işləyib.
26 may 1914 - Xalq yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev (1914 - 3.10.1996) Füzuli şəhərində anadan olub. "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", “Geriyə baxma, qoca” və s. romanların, povest və hekayələrin, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin («Atayevlər ailəsi», «Sən həmişə mənimləsən», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər», «Mahnı dağlarda qaldı», «Natəvan», “Şeyx Xiyabani» və s.) müəllifidir.
26 may 1941 - Xalq artisti, tanınmış diktor Ofelya Hacağa qızı Sənani anadan olub. "Azərbaycanfilm" kinostudiyasında 100-dən artıq filmin qəhrəmanlarını səsləndirib. "Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii filmlərində çəkilib.
26 may 1953 - Yazıçı-publisist, millət vəkili Elmira Hüseyn qızı Axundova anadan olub. "Poliqrafçının ölümü", "Həqiqət anı" və s. kitabların müəllifidir. Azərbaycan yazıçılarının əsərlərini rus dilinə tərcümə edib.

27 may 1906 - Xalq artisti, rejissor Soltan Baba oğlu Dadaşov (1906-1969) anadan olub.
27 may 1926 - Xalq şairi, nasir Söhrab Tahiri (Söhrab Əbülfəz oğlu Tahiri; 1926 - 4.5.2016) Cənubi Azərbaycanın Astara şəhərində doğulub. 1946-cı ildə sovet Azərbaycanına gəlib. Kitabları: “Vətənlə sevgi arasında”, “Qonşu qızın məktubları”, “Əmanət” və s.
27 may 1956 - Xalq şairi, dramaturq Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov; 21.3.1906 - 1956) vəfat edib. 20-dən çox poemanın ("Muğan", "Aygün", “Komsomol poeması”, “Zəncinin arzuları” və s.), "Vaqif", "Fərhad və Şirin" və s. mənzum dramların, dillər əzbəri olan şeirlərin müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib.
27 may 1992 - Azərbaycan parlamenti Dövlət himni haqqında qanun qəbul edib. Üzeyir Hacıbəyli və Əhməd Cavadın "Azərbaycan marşı" (1919) Dövlət himni kimi təsdiq edilib.

Dünya

25 may 1905 - Ukrayna yazıçı-dramaturqu, akademik Aleksandr Korneyçuk (1905-1972) anadan olub.
25 may 1942 - Rusiyanın Xalq artisti Aleksandr Kalyagin anadan olub. Azərbaycanda rejissor Rasim Ocaqovun “İstintaq”, “Bağlı qapı”, “Park”, “Özgə ömür” filmlərində çəkilib.

26 may 1822 - Fransız yazıçısı Edmon de Qonkur (Edmond Huot de Goncourt ; 1822 - 16.7.1896) anadan olub. Məşhur yazıçı Jül de Qonkurun (1830-1870) böyük qardaşıdır. Fransanın ən nüfuzlu ədəbi təltifi olan Qonkur mükafatı (Prix Goncourt) onların şərəfinə təsis edilib.
26 may 1904 - Görkəmli türk şairi və mütəfəkkiri Nəcib Fazil Qısakürək (1904 - 25.5.1983) anadan olub.

27 may 1922 - Amerika aktyoru Kristofer Li (Christopher Frank Carandini Lee; 1922-2015) anadan olub. 260-dan çox filmdə rol almış aktyor kimi adı “Ginnesin rekordlar kitabı”na düşüb.

Hazırladı: Vüqar Orxan