Bu il 110 illiyi qeyd olunan “Molla Nəsrəddin” jurnalı ədəbi və mətbu fikrin inkişafı ilə yanaşı, təsviri sənətdə karikatura janrının da populyarlaşmasına geniş meydan açıb. Bir çox xarici və yerli rəssamlar bu dərgi vasitəsilə sənət meydanında tanınıblar. Onlardan biri də Dağıstandan avar əsilli Xəlil Musayev olub.
Xəlil İsrafil oğlu Musayev 1897-ci ildə Dağıstanın Çox aulunda dünyaya göz açıb. O, uşaq yaşlarından ağac və daş üzərində ustaların oyma işi ilə maraqlanır, təsviri sənətə həvəs göstərir. 1912-ci ildə Tiflis İncəsənəti Təşviq Cəmiyyəti yanında Rəssamlıq və Heykəltəraşlıq Məktəbinə qəbul olunur. Həmin vaxt məktəbin direktoru “Molla Nəsrəddin” jurnalının karikaturaçı rəssamı Oskar Şmerlinq (1863-1938) idi. Xəlil burada Azərbaycanın ilk peşəkar realist rəssamlarından Bəhruz Kəngərli və ilk qadın rəssamımız Qeysər Kaşıyeva ilə birlikdə oxuyur.
Gənc Xəlil O.Şmerlinqin məsləhəti ilə ali təhsil almaq üçün Münxenə gedir və Bavariya Təsviri Sənət Akademiyasına daxil olur. 1914-cü ilin iyulunadək professor Qabriel Ritter fon Hakenin sinfində təhsil alır. Bu vaxt I Dünya müharibəsi başlanır və o, təhsilini yarımçıq qoyur və vətənə dönür. O.Şmerlinqin tövsiyəsi ilə “Molla Nəsrəddin”lə əməkdaşlıq edir.
Araşdırmalardan məlum olur ki, onun 1912-1913-cü illər arası “Molla Nəsrəddin”, “Kəlniyət” və rusdilli “Baraban” satirik məcmuələrində “Qəribə tərəzi”, “Bizim əyləncələrimiz”, “Rus və müsəlman qadını teatrda”, “Şamaxıda məktəb barəsində şura” - ümumilikdə 20-yə yaxın karikaturası dərc olunub.
1920-ci ildə Dağıstanda sovet hakimiyyəti qurulur və Xəlil Musayev Xalq Maarif Komissarlığında İncəsənət bölməsinin rəhbəri təyin edilir. Ancaq o, bolşeviklərdən xilas olmağın yolları haqda düşünür. Rəssam xatirələrində yazır: “Məqsədim Almaniyaya qayıtmaq, yarımçıq qalmış təhsilimi davam etdirmək idi. Əmim oğlanlarından biri “ÇK” tərəfindən sorğu-sualsız güllələnmişdi. Həmin vaxta qədər ehtiyatla hərəkət etməyə çalışırdım. Lakin son hadisədən səbrim tükəndi. Rəng almaq bəhanəsi ilə Bakıya yollandım. Bu böyük neft şəhərində milli hökumət yeni devrilmişdi. Mən dəfələrlə xarici işlər və hərbi işlər komissarlığında oldum. Qəbula düşməyə çalışdım. Hökumət başçısının şəxsi katibi ilə dostlaşdım. Hətta onun portretini də çəkdim”...
Almaniyaya gedən rəssam 1925-ci ildə Bavariya Təsviri Sənət Akademiyasını uğurla başa vurur. Hələ tələbə ikən Münxendə ilk sərgisini açır. Bir müddət sonra isə Bavariya Rəssamlar Gildiyası üzvlüyünə qəbul olunur. 1925-1947-ci illərdə Cenevrə, Münxen, Berlin, Roma, Florensiya, İstanbul, Madrid, Tehran, Nyu-York kimi şəhərlərdə böyük maraq doğuran sərgilər təşkil edir.
X.Musayev alman qadın yazıçı Luiza Laporta ilə “Sonuncu cəngavərlər ölkəsi” adlı kitab yazır. Avtobioqrafik səciyyəli əsər 1936-cı ildə Münxendə çap olunur. Kitabı 1990-cı ildə “Sonuncu bahadırlar ölkəsi” adı altında İstanbulda Sürəyya Ülkər türk dilinə tərcümə edib. Kitabda rəssamın gənclik dövrü əhatə olunub. Professor Vilayət Quliyev araşdırmasında yazır ki, müəllif əsərdə doğma yurdun obrazını yaratmaq məqsədilə etnoqrafik çalarlara, xalq adət və ənənələrinin, bayram və mərasimlərin təsvirinə geniş yer verib. Böyük oxucu marağına səbəb olan kitab qumuq yazıçısı Sayalı Hacıyeva tərəfindən 1999-cu ildə rus dilinə tərcümə edilərək Mahaçqalada çap olunub.
Fırça ustası 1938-ci ildə Berlində əsilzadə ailəsindən olan alman Melani Oliviya Yuliya ilə ailə qurur. O, rəssamın ilham pərisinə və bir sıra portretlərinin qəhrəmanına çevrilir. 1947-ci ildə həyat yoldaşı ilə birlikdə ABŞ-a mühacirət edən rəssam iki il sonra orada vəfat edir. Həyat yoldaşı X.Musayevin şəxsi əşyalarını və 100-dən çox tablosunu qoruyub saxlayır. SSRİ-nin süqutundan sonra rəssamın son arzusunu yerinə yetirərək həmin əsərləri Dağıstana göndərir.
Savalan Fərəcov