Dünya musiqilərinin “muğam gözəlliyi”ndə Zülfü Adıgözəlov sədası...

Dünya, musiqi, gözəllik kimi kəlmələrdən söz düşmüşkən, ad ladı da poetik səslənən Henrix Heynenin bir frazasını xatırlayaq: “Ölüm həyatın, musiqi isə sənətin son sözüdür”.
O əcnəbi ədibin bu sözlərinə şübhəniz yoxdursa, bu doğma xanəndəmizin bir neçə “son sözü”nü bəri başdan (hə, söz-qələm vasitəsilə!) dinləyək: “Rast”, “Mahur-hindi”, “Segah-Zabul”, “Bayatı-Şiraz”...


Öncə, bax bu saat mənim dinlədiyimi dinləyin:

“İpəkdir, qumaşdır sən işlədiyin...”

Onun bu ifasını ilk dəfə lap çoxdan eşitmişəm. Avtobusla Bakıdan rayonumuza gedərkən. Radiodan dalğalanırdı. Diktor “Muğamat konserti”nə başlayırıq deyib, ardınca elan edəndə ki; “Oxuyur respublikanın Əməkdar artisti Zülfü Adıgözəlov”, yanımda əyləşmiş bir cavan oğlan, diktor xanımın qarasına müraciətən dedi: “Aaz, əməkdar artist yox e, deginən “Aləmdar kişi”! Bu uzun yol boyu məndən arxa sırada dinməz-söyləməz oturmuş qocalardan birinin isə çiçəyi çırtladı: “Həə, mənim yol yoldaşım gəldi!”
Muğamın ilk rəngi səslənən məqamlarda “və başqaları” da nələrsə deyib-danışdılar və birdən hamı susdu. Nədən ki, “aləmdar kişi” öz təkrarsız “Zabul”unda “Yarın xəncəridir gümüşlədiyin, Hərdən acıqlanıb o dişlədiyin - Qızarmış dodağın olaydım, ay qız” hekayətini hədsiz bir zalım-zabulluqla ərz edirdi...
Bu muğamın ən segahi, səsin isə ən yur-yuxa məqamında, bu qədər sərnişin içində o səsi yeganə yol yoldaşı hesab edən o kişi dedi “Yaxşı ki, Allah saa çox zil səs vermiyib, yoxsa bizi öldürüb ölümüzü atardın!”

“Təkrarsız pəsxan”...

Bu, bəndənizin yox, möhtərəm musiqi mütəxəssislərinin qənaətidir. Bəs mən özüm də belə bir əlavə həvəsindəyəm ki, bu “pəsxan” ifadəsinin özü də, rəhmətliyin öz səs-sədası kimi, çox gözəl səslənir! Ümumiyyətcə, Zülfü Adıgözəlov xanəli fikir-zikrdə çox söz maza-mata minir. Məsələn, “hali-nalə”, “nikbin ağı”, “zığlı səs”, “bədii üyültü”... Hətta, əsasən, “trafaret”liyilə seçilən vikipediya materiallarında onunla bağlı qeydlər belə, adama şirin gəlir: “Zülfü Səməd oğlu Adıgözəlov - Azərbaycan xanəndəsi, muğam bilicisi, təsnif və xalq mahnılarının təfsirçisi və təbliğatçısı, Azərbaycanın Əməkdar artisti...” Onun bəstəkar Vasif Adıgözəlovun atası, dirijor Yalçın Adıgözəlovun babası olması məlumatı isə, vikipediya müdaxiləsi olmadan da bəlli.
Bu bənzərsiz xanəndənin tərcümeyi-hal “dəsgah”ı da öz ruhi-rəng zəngulələrinə bənzər...
1898-ci ildə Şuşanın Qaradolaq kəndində anadan olub. Orada - “ağ şamlı axşamlarda” keçirilən muğam axşamlarının birində iştirak edən bir üst Ustad -“dövrün səs-səda mülkünün şəriksiz sahibi” Cabbar Qaryağdıoğlu bu gənci dinməzcə dinləyir, dinməzcənə bir xeyli üzünə baxıb: “Qavalını götürüb gələrsən Bakıya!” - deyir və sürəkli alqış səs-küyləri səbəbilə, dinməzcə də məclisi tərk edir.
Bu dəvətlə bir neçə yol Bakıya gəlib-qayıdan Zülfü 1927-ci ildə birdəfəlik bu şəhərə köçür, o vaxtlar “Müdafiə evi” adlanan indiki Filarmoniyada işləməkçün Ü.Hacıbəyov, Q,Pirimov, M.Maqomayev kimi azmanlar qarşısında imtahan verməli olur, bir xeyli müddət radio verilişləri komitəsinə işləyir.
Amma harada olması, işləməsi, başqa nələr etməsindən asılı olmayaraq, onun əsil və bənzərsiz tərcümeyi-halını hər birinə yeni can-qan verdiyi muğamlar, təzə-tər nəfəs və üslubla şirələndirdiyi təsniflər yazırdı. O, bunları səsi ilə yazdıqca, başqaları qələmlə yazırdılar: “Bu sənətkar öz yeni səs və ifa tembri ilə klassik şairlərimizin ulu beytlərini daha da qədimiləşdirir, “köhnə” qəzəllərə yeni gözəlliklər aşılayır”. “Zülfü Adıgözəlov muğam dəstgahlarını bu üslubda və tam şəkildə oxumaqla, həm də bəm və orta tessiturada özünəməxsus oxuma məktəbi yaratmaqdadır”. “Tanınmış xanəndələrdən Əbülfət Əliyev, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Tələt Qasımov və başqaları daha çox, Zülfü Adıgözəlov məktəbinin davamçılarıdır”...
O vaxtdan-bu vaxta bütün musiqi mütəxəssislərimiz bu xanəndənin müxtəlif çağlarda lentə və qrammofon vallarına yazdırdığı muğam dəstgahlarını, bir sıra təsniflərini, “Qaçaq Nəbi”, “Mən gedirəm Zəngilana”, “Dedim bir busə ver”, “Kəklik” və başqa bu qəbil xalq mahnılarını Azərbaycan musiqi xəzinəsinin inciləri kimi dəyərləndirirlər. Vurğulayırlar ki, qədim klassik muğam, təsnif və xalq mahnılarımızı - onların ənənəvi forma və quruluşunu, cövhərlərindəki qədimiliyi saxlamaqla, ən yeni üsul-üslub, özünəməxsus nəfəs, dəst-xəttilə ifa edən məhz Zülfü Adıgözəlovdur. Bu mənada, görkəmli şərqşünas və publisist Rafael Hüseynovun xanəndənin ifaçılıq məziyyətləri barədə dedikləri də maraqlıdır: “Zülfü Adıgözəlov muğamların labirintlərinə kamilliklə bələd idi. O, bir muğamın qapısından girib ifaya başlar, ruhunu incitmədən, səsləniş rəvanlığına xələl gətirmədən növbəti guşəyə keçib asudəcə cövlan edər, sonra elə gəldiyi rəvanlıqla əvvəlki muğama qayıdıb yolunu davam etdirə bilirdi...”
Onun vurğun-araşdırıcılarından olan başqa bir müəllif yazır ki, Zülfü Adıgözəlov muğam dəstgahlarının ayrı-ayrı uyğun şöbələrini birləşdirərək mikro və makrosilsilələr şəklində müstəqil təfsirlər toplusu yaradırdı...
Bəli, biz oxucu-dinləyicilər onun bu “təfsirləri” haqda səs-sənət bilicilərinin bu kimi təsvirlərinin həqiqiliyinə hərdən efir-ekranlardan eşitdiyimiz “Əraq-Pəncgah”, “Hasar-müxalif”, “Vilayəti-Dilkeş” kimi gözəl örnəklərdən, “Bakılılar”, “Səbuhi” filmlərindəki kadrarxası sədalardan da şahidlənmişik.
Deyirlər, çoxnövlü incəsənətin ayrı-ayrı janrları həm də çoxsaylı sənətkarlardan hər birinin özünüifadə formalarıdır. Amma bu, tək elə həmin növ və janrların sadəcə vəhyi- ahəngini duymaqla başa yetməz. Bununçün hər maddi ucadan qəlbi olan Qəlb, Tanrı baratı olan ruh, istedad, gen və bütün bunları yönləndirə biləsi qabiliyyət gərək...
“Gen” sözünü söylərkən, bu bütöv bir xalq səs-nəfəsli sənətkarın oğlu - çağımızın ünlü bəstəkarı mərhum Vasif Adıgözəlovun və nəvəsi - musiqi ictimaiyyəti içrə öz şəxsiyyət nüfuzu ilə də seçilən maestro Yalçın Adıgözəlovun adlarını bir daha xatırlatmamaq qeyri-mümkün...
Nəhayət, əsil sənət genli bu nəslin keçənlərinə - təkrarsız xanəndə babaya və bəstəkar ataya qəni-qəni rəhmət, qalanlarına - büsbütün orijinal dirijor varisə yeni-yeni şan-şöhrət!..

Tahir Abbaslı