Azərbaycan
1 iyun 1920 - Azərbaycanda sovet hökuməti teatrların milliləşdirilməsi haqqında dekret verib. Azərbaycan Dövlət Teatrı yaradılıb.
1 iyun 1936 - Xalq artisti, dirijor, professor Nəriman Abbasqulu oğlu Əzimov Gəncədə doğulub. Uzun illər Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru olub.
1 iyun 1939 - Respublika Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan Dövlət Ümumi Kitabxanasına (indiki Milli Kitabxana) yazıçı-dramaturq Mirzə Fətəli Axundzadənin adının verilməsi barədə qərar qəbul edib. 1923-cü il mayın 23-də AMEA Rəyasət Heyətinin binasında fəaliyyətə başlayan kitabxana 1961-ci ildə indiki binasına (arxitektor Mikayıl Hüseynov) köçüb.
1 iyun 1949 - Tarix elmləri doktoru, Dövlət mükafatı laureatı Tofiq Teyyub oğlu Mustafazadə Şabran rayonunun Zeyvə kəndində anadan olub.
2 iyun 1938-ci ildə respublikada ilk mülki aviasiya dəstəsi uçuşlara başlayıb. Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli sərəncamı ilə 2 iyun Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı günü elan olunub.
2 iyun 1957 - Xalq artisti Şahnaz Həsən qızı Haşımova Gəncədə anadan olub. Uzun illər “Göygöl" mahnı və rəqs ansamblının solisti və bədii rəhbəri olub. Gəncə Dövlət Filarmoniyasının direktorudur.
2 iyun 1979 - Tanınmış kinorejissor Hüseyn Seyidzadə (19.10.1910 - 1979) vəfat edib. Milli kinomuzda özünəməxsus yeri olan “O olmasın, bu olsun”, “Koroğlu”, “Dəli Kür”, “Yenilməz batalyon”, “Qayınana” filmlərini çəkib.
3 iyun 1929 - Musiqişünas, Əməkdar müəllim Elmira Mirzəağa qızı Əliyeva anadan olub.
3 iyun 1957 - Yazıçı, tərcüməçi Afaq Məsud (Afaq Məsud qızı Vəliyeva) Bakıda doğulub. Əsərləri: “İzdiham”, “Azadlıq”, “Dəfn”, “Fatma” (roman), “O məni sevir”, “Qatarın altına atılan qadın” (pyes) və s. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktorudur.
3 iyun 1992 - Azərbaycan BMT-nin təhsil, elm, mədəniyyət təşkilatı olan UNESCO-ya üzv qəbul edilib. 1996-cı ildə UNESCO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Dünya
1 iyun Beynəlxalq Uşaqları Müdafiə Günüdür. 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Parisdə keçirilən konqresində təsis olunub.
1 iyun 1804 - Rus bəstəkarı Mixail İvanoviç Qlinka (1804-1857) anadan olub. “İvan Susanin”, “Ruslan və Lüdmila” operalarının müəllifidir.
1 iyun 1850 - Türk yazıçısı, dilçi və ədəbiyyatşünas Şəmsəddin Sami (1850 - 5.6.1904, İstanbul) Albaniyada doğulub. İlk türk romanı sayılan “Taaşşuk-ı Talat və Fitnat” əsərinin müəllifi, türk dili lüğətinin (“Kamus-ı Türki”) tərtibçisidir.
1 iyun 1926 - Amerika aktrisası, müğənni Merilin Monro (Marilyn Monroe - əsl adı Norma Jean Mortenson; 1926-1962) anadan olub. Filmləri: “Eva haqqında hər şey”, “Niaqara”, “Arzunun yeddi ili”, “Centlmenlər sarışınları xoşlayırlar” və s.
1 iyun 1929 - Hind aktrisası Nərgiz (əsl adı Fatimə Rəşid; 1929-1981) anadan olub. “Avara”, “Cənab 420” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
1 iyun 1937 - Amerika aktyoru Morqan Frimen (Morgan Freeman) anadan olub. Filmləri: “Şouşenkodan qaçış”, “Epidemiya”, “Qorxunun qiyməti”, “Balaca üçün milyon dollar” (“Oskar”) və s.
2 iyun 1840 - İngilis yazıçısı, şair Tomas Hardi (Thomas Hardy; 1840-1928) anadan olub.
2 iyun 1988 - Dünya şöhrətli hind aktyoru və rejissoru Rac Kapur (Raj Kapoor; 14.12.1924 - 1988) vəfat edib. Filmləri: “Avara”, “Cənab 420” (aktyor), “Sanqam”, “Bobbi”, “Abdulla” (rejissor) və s.
3 iyun 1924 - Alman yazıçısı (yəhudi əsilli) Frans Kafka (Franz Kafka; 3.7.1883 - 1924) vəfat edib. Əsərləri: “Bir xanımın xülasəsi”, “İtaətçi ilə söhbət”, “Çevrilmə”, “Qəsr”, “Kənd həkimi”, “Qətl” və s.
3 iyun 1963 - Türk şairi, yazıçı-dramaturq, ictimai xadim Nazim Hikmət (15.1.1902 - 1963) Moskvada vəfat edib. Siyasi baxışlarına görə 1951-ci ildə SSRİ-yə mühacirət etmişdi. Şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında bəstəkar Arif Məlikov eyniadlı balet yazıb. Əsərləri əsasında “Yaşamaq gözəldir, qardaşım”, “Bir məhəllədən iki nəfər” (“Azərbaycanfilm”), "Məhəbbətim mənim, kədərim mənim" (SSRİ-Türkiyə) filmləri çəkilib.
Hazırladı: Vüqar Orxan