Adətən yeddi rəng deyəndə, göy qurşağı göz qabağına gəlir. Qırmızı, çəhrayı, narıncı, sarı, yaşıl, göy, bir də bənövşəyi. Amma insan ömrünün rəngləri göy qurşağındakı pozitivliyi heç də həmişə təkrarlamaz. Ömrün yeddi rəngində ağ da var, qara da. Göy də var, boz da, qırmızı da... Əgər bu ömrü yaşayan rəssamdırsa, elədə bu rənglərin çalarları gah tündləşir, gah açılır, ən qəribə, ən ağlasığmaz boyalara çevrilir. İştə, həyat bu!..
Qara rəng - gediş
Üç il öncə dünya Toğrulsuz qaldı. Toğrul Nərimanbəyovsuz. Ona görə dünya yazıram ki, Toğrul Nərimanbəyov çoxdan Azərbaycan hüdudlarını aşmışdı. Azərbaycandan köçüb anasının vətəni Fransada, təsviri sənətin məbədgahlarından olan Parisdə yaşadığına görə belə yazmadım. Köçməyə qalsa, o qədər insan adına fani dünya deyilən məkanda yaşayış yerini dəyişir, Vətəndən uzaq düşür ki!.. Toğrul Nərimanbəyov yaradıcılığındakı genişlik ilə dünyanın idi, dünyanı kətan üzərinə yerləşdirə bildiyi üçün dünya miqyaslı rəssam idi. Toğrul getdi, onu sevənlərin, tanıyanların qəlbində böyük insan, dahi sənətkar itkisindən dolayı bir qara iz qaldı. Amma qara rəng ağın fonunda daha aydın görünür. Gediş qaradırsa, o zaman gəliş də ağ rəngdə olmalıdır.
Ağ rəng - gəliş
Narkozdan ayılanlar, röyasında gələcəklə bağlı nələrisə görənlər deyirlər ki, hər tərəfi ağ işıq bürümüşdü... İnsanın dünyaya gəlişi də, məncə, ağ rəngdə olmalıdır. Düzdür, hələ kimsə bu dünyaya necə gəldiyini nə yadında saxlayıb, nə də tam olduğu kimi təsvir edib... Toğrul da o isti avqust günündə dünyaya gələndə hər tərəf ağ rəngdə imiş. Ləkəsiz, saf, təmiz... Bu rəngin üstündə nə rəngdə desən, yazı yazmaq da mümkün. Böyük sevginin - əslən şuşalı mühəndis Fərman Nərimanbəyov ilə Tuluza gözəli fransız İrma Lya Rudenin sevgi dolu nikahından doğulan körpənin alın yazısı da şux rənglərlə yazılmalıydı.
Nərimanbəyovlar gah Bakıda, gah Fransada yaşayıblar. Amma Azərbaycan Xalq Cümhuriyyətinin təhsil almaq üçün Fransaya göndərdiyi Fərman hakimiyyətdə kimlərin olmasından asılı olmayaraq, Vətənə xidmət etməyə borclu olduğunu düşünüb və sovet Azərbaycanına qayıdıb. Gözəl bir ailə: cavan və yaraşıqlı ata-ana, iki oğul övladı. Qadın balalarının tərbiyəsilə məşğuldur, onlara öz doğma dilini öyrədir. Ata da Azərbaycan iqtisadiyyatının vacib obyekti - Mingəçevirdə elektrik stansiyasının tikintisində çalışır. Hər şey çox gözəl ola bilərdi, əgər Fərmanın daşıdığı bəy soyadı olmasaydı, xaricdə təhsil alması şübhə doğurmasaydı... Beləcə, ömrün ağ rəngin nuruna bələnmiş dövrü bitir...
Qəhvəyi rəngin hakimiyyəti
Qəhvəyi qaranı, bozu, hətta qırmızını belə, özünə hopdurmağı bacaran rəngdir. Onun hakimiyyətində bir haqsızlıq var! Elə Toğrulun da, böyük qardaşı Vidadinin də həyatının dadını, işığını dəyişir qəhvəyinin hakimiyyəti. Fərman Nərimanbəyov sosial mənşəyi və xaricdə təhsil aldığı üçün etibarsız şəxs kimi şübhəli bilinir və Sibirə sürgünə göndərilir. Gözəl İrma balalarını dolandırmaq, qürbət ölkədə yaşamağı bacarmaq üçün nə vaxtsa öyrəndiyi dərziliyə başlayır. Firəng zövqü madam İrmanı Bakıda bacarıqlı dərzi kimi tanıtsa da, güc sahiblərinin həyat yoldaşlarına libaslar tiksə də, bunu ona çox görürlər - İrma 1941-ci ildə Səmərqəndə sürgün edilir. Ağır müharibə illərində atalı-analı ola-ola qohum himayəsində böyüyən iki qardaş - Vidadi və Toğrul dünyanın ən sərbəst sənətinə - rəssamlığa meyl edirlər. Bəlkə də bu, Tanrının bilərəkdən onlara bəxşişi idi: hər cür mənəvi basqı altında böyüyən, maddi çətinlik çəkən yeniyetmələrə ən sərbəst, ən duyğusal sənət qabiliyyətini bəxş etmişdi ki, həyat onları öz məngənəsində bir də sıxmasın.
Çəhrayı - arzuların boyası
Toğrul Nərimanbəyov 1950-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirir, sonra da Vilnüsdə Litva Rəssamlıq İnstitutunda təhsil alır. Vilnüsdə təhsil aldığı illərdə Toğrul Tanrının ona verdiyi digər bir qabiliyyətini də cilalayır - Vilnüs konservatoriyasında vokal üzrə təhsil alır. Çox zərif və şirin lirik tenor səsli Nərimanbəyov sonralar ara-sıra kamera konsertləri də verəcəkdi, məşhur Neapol mahnılarını, Azərbaycan bəstəkarlarının romanslarını oxuyacaqdı. Hələliksə, gənc Toğrulun çəhrayı arzularında rəssam olmaq istəyi hakimdir: çəkmək, rənglərin sehrinə əsir düşmək eşqi onu məşğul edir.
Sərgilərdə 1952-ci ildən iştirak etməyə başlayan rəssamın ilk fərdi sərgisi 1961-ci ildə Bakıda açılır. Həmin il Nərimanbəyovlar ailəsinin qovuşuq ili kimi də tarixə düşür. Toğrulun usanmaz səyləri nəticəsində anası İrmanın Bakıda yaşamaq hüququ bərpa edilir. Atası Fərman da bəraət alandan sonra ömrünü Mingəçevir SES-in inkişafına həsr edir. Qadağalardan, hökmlərdən güclü olan sevgi, öz peşənə sədaqət, yaşayıb-yaratmaq həvəsi Nərimanbəyovları həyata bağlayır. Çəhrayı rəngin hakimiyyəti uğurla davam edir.
Qırmızı - mübarizə, od, bir də nar
«Nar çəkəndə məni elə bir hiss bürüyür ki, sanki nar şirəsi içirəm. O, məni təzələyir, gümrahlaşdırır, mənə fərəh verir. Nar - fenomenal, açılmamış bardır».
Bu fikirlər Azərbaycanın nar sevdalı rəssamı Toğrul Nərimanbəyova məxsusdur. O, mənzərələr də çəkib, portretlər də. Monumental əsərlər də işləyib. Müxtəlif teatr tamaşalarının bədii tərtibatını verib. «Nəsimi» baletinin quruluşçu rəssamı kimi Azərbaycan Dövlət mükafatına, «Min bir gecə» baletinə görə isə SSRİ Dövlət mükafatına layiq görülüb. Amma Toğrulun bütün əsərlərində bir mənası od olan, yəni həm də Odlar diyarı Azərbaycanın rəmzi sayılan nar var. Toğrul Nərimanbəyovun təsvirlərində öz rəngində qırmızının bütün çalarlarını əks etdirən nar görmək mümkündür. Onun divar rəsmlərindəki nar təsvirləri də Toğrul Nərimanbəyovun avtoqrafını əvəz edir. İlahi, bu sakit təbiətli, zahiri görünüşü qədim türk miniatürlərindəki hökmdarları xatırladan, təmkinli, asta səslə danışan kişi qırmızı rəngin doğurduğu təlatümü içində necə ram edirdi bəs? Axı, qırmızı bir gün onu üsyana çəkəcəkdi! Bir qədər gec, bir qədər tez - bu, olacaqdı.
Yaşıl - yeni sevgi, bahar rəmzi
Toğrul Nərimanbəyovu yaxından tanıyanlar, emalatxana qonşuları olan rəssamlar da hərdən təəccüblənirdilər ki, sakit təbiətli, bu sənət sahiblərinə xas dəliqanlılığı olmayan, həyat tərzi sıravi insanlarınkından heç fərqlənməyən Toğrul öz əsərlərini necə yaradır. Axı, gərək rəssam üsyankar, ürəkçalan ola, cəmiyyətin həyat normativinin axınına qarşı çıxa! Qoyya da belə olub, Qogen də, Matiss də, Modilyani də, Pikasso da, Dali də! İstəsək, elə Azərbaycan rəssamlarının da arasında bir neçə dəfə aşiq olan, həyatını dəfələrlə yenidən başlayan, adı çox məşhur, ya da sıradan bir gənc xanımla eşq macərasında hallanan neçə rəssamın adını çəkərik. Amma söhbət Toğruldan gedir. Adının mənası kimi Doğru olan Kişidən. Demə, ömrü yarı edəndən sonra yeni bir sevgi yaşamaq onun da qismətinə yazılıbmış. Sadəcə, adının mənasını doğruldan Toğrul bu dəfə də öz xislətinə sadiq qaldı: ona dəlicəsinə aşiq olan gənc xanımın sevgisi ürəyində cücərəndə ikili həyatı şəxsiyyətinə sığışdırmadı. Həyatına, yaradıcılığına təravət gətirən yaşıl rəngi seçdi.
Mavi əbədiyyət
Bu adda bir mahnı da var. Elə Toğrul Nərimanbəyov kimi çərçivələrə sığmayan başqa bir dahi soydaşımız Müslüm Maqomayev oxuyub. Bizim - bəşər övladının tam hesablayıb dərinliyinə gedə bilmədiyi dəryalar da, səma da mavidir. Öz sənəti ilə yadda qalanlar eynilə yaxşı əməllərin sahibi olanlar da əbədiyyətə qovuşurlar, ölmürlər.
Artıq üç ildir ki, Toğrul Nərimanbəyov əbədiyyətə qovuşub. Məzarı Parisin Passi qəbiristanlığında olan rəssamın vəfatının ildönümündə onu ziyarət etmək istəyənlərin çoxunun qarşısını fərqli səbəblər kəsəcək. Bu da bir qismətdir. Əgər Toğrulu yad etmək istəyirsinizsə, başınızı qaldırıb səmaya baxın və gülümsəyərək, ruhuna salam verin.
Gülcahan Mirməmməd