İfa dünyasına xordan başlayıb, dünyasını Dünya Solisti olaraq dəyişmiş Rəşid Behbudov!..
Düzü, on beş sözlük bir başlıqda “dünya” kəlməsinin düz beş kərə işlənməsi, bir qələm əhli olaraq, mənim özümə də xoş gəlmədi. İxtisar üçün istixarə edərkənsə, ağlıma bir avtodəstək gəldi; Rəşid özü də bu beş qitəli dünyamızın on-on beş canlı ifa-fenomen Dünyasından biri...
Uzun illər müasiri, minlərlə canlı ünsiyyətkeşindən biri olduğum bu bənzərsiz səs-avaz azmanının həyatı, sənəti, xasiyyət-xüsusiyyətləri haqda çox xatirə, monoqrafiya və məqalələr də oxumuş, öz xatirələrindəki bir abzası isə, sanki onun öz zümzüməsilə “eşitmişəm”. Siz də təsəvvür edə bilərsizmi; dünyanı heyran qoymuş bu sənətkar, doğulduğu (14 dekabr 1915) Tiflis şəhərində ailəsinin dolanışıq dadına yetməkçün 12 yaşından işləməyə başlayıb, Qızıl Səs tellərini mis qazanlar badına vermə təhlükəsilə bağlı aşağıdakı nəqli parçanı bala-bala vokallayır: “Boyca balaca, amma çox cəld idim. Məni nəhəng buxar qazanları içərisinə salır, əlimə şlanq verib onların ərpini təmizləməyi tapşırırdılar... O qazanlarda hərarət çox yüksək olurdu, istidən az qala boğulurdum...”
Yetmiş üç illik bir ömrün ən kövrək çağlarında o zərif əllərdə qaba-qaba şlanqlar, o ecaz boğazda hərarətdən boğulmalar, bütün sonralarındasa həssas-həssas mikrofonlar, -
Yeni-yeni Doğulmalar...
...Bu yarımbaşlığı yazandan sonra bir müddət xəyalən yalnız bu ulu müğənnimizi dinləmədə olmuşam. Öncə “seçilmiş əsərləri”ni, ardınca bütün “külliyyat”ını. Və bu dahi Səs əsrarına layiq bir söz “əsər”i yaza bilməyəcəyimi (neçə illərdi onun doğum-anım günlərində olduğu kimi) görüb, belə bir qənaətə gəlmişəm ki, bizim bu milli və bəşəri sənət korifeyimiz haqda məqalə-filan yox, yalnız hekayəti-dastan yazmaq gərək. Necə ki, 1962-ci ildə İranı fəth edən çıxışları səbəbilə Tehranda yeni tikilmiş dəbdəbəli bir konsert kompleksini onun şərəfinə “Rəşidiyyə” adlandırıblar. “Məşhur” diktator Pinoçetin dövründə Çilinin bir çox şəhərindəki möhtəşəm konsertlərinin sədasını eşidən partizanlar onu öz kollektivilə birgə “oğurlayıb” dəniz səviyyəsindən dörd min iki yüz metr hündür bir dağa aparmış, antraktlarda isti çay əvəzinə, “oksigen yastığı”yla nəfəs verə-verə bir neçə gün “konspirativ konsert” verdirmişlər. Düz altı dəfə qastrolda olduğu Hindistanda tamaşaçıların “daha bir həftə də qalın” təkidilə razılaşmayıb Vətənə dönərkən “dünyanın ən zəngin nəğmə kultlu kütləsi” saatlarla onun sərnişini olduğu qatarın qabağını kəsib. Çıxış etdiyi səhnələrdə mahnıları elə ustalıqla ifa edirdi ki, hər dəfə dinləyicilər arasında hədsiz sentimentallardan heç olmasa birinin ürəyi gedirdi. Keçmiş Sovet İttifaqının bir çox şəhərlərində camaat onun özünü, Odessada isə maşınını əlləri üstündə gəzdirib, qəzetlərindən birinin xanım jurnalisti isə yazıb ki, görəsən, bütün İttifaqda bu Əsgər bəyə biganə bir qadın, vurulmayan qız tapılarmı? “Kommunist SSRİ” ilə sözü düz gəlməyən bir neçə kapitalist ölkəsində isə onu “Azərbaycanın tam səlahiyyətli mədəniyyət elçisi”, “qeyri-rəsmi səfiri” adlandıranlar olub...
Bütün bunlar məna-məhsuldar bir dastan bostanı deyilmi?..
Deməli, əcnəbistanlarda öz şəxsini və Vətənini bu qədər xətir-hörmətə mindirmiş bu beynəlmiləl persona milli bir “namə”liyə də layiq. Məsələn, “Rəşidistan” - estrada dastanı...
Adını mən dedim, görək sivilzadə aşıqlarımız, Qorqud Dədə demiş, “nə derlər”.
Hələ qoşulmamış o vokal-instrumental dastan minbir səda çalarından, “SƏS əsilli nəsil”, “Tanrısal Yol”, “Yaz təravətli Avaz” kimi fəsillərdən, “Ecazkar Səs, füsunkar Nəfəs”, “Xoşvəlvələ Şəlalə”, “Rəşid - Eşit” kimi bağrı-badaş qafiyələrdən, bəy-bəy beyt, sona-sona xana, düy vurub gedən “dübeyti”, irfani-səmavi “ruhani” elementlərindən ibarət bir gülüstan! Özü də lap öz aləmi kimicə: “A-a-arşın mal a-lan”, “Gör, nə günlərə qaldın, öz cəzandır - çək, Balaş”, “Üzüyümün qaşı firuzədəndir”, “Tabaqda üzüm qaldı”, “Bu gün ayın üçüdü”, “Nə vaxtdır Rəşidin gözü yoldadır, Bir qonaq gələsiz bizə, lalələr!”, “Bakı, əziz şəhər, mehriban diyar”, “Qalalı”, “Qalanın dibində”, “Ağacda leylək”, “Güloğlan”, “Güləbatın”, “Züleyxa”, “Yar bizə qonaq gələcək”, “Azərbaycan”, “Neftçi”...
Oxuduqlarını sadalayıb qurtara bilmədiyim bu bəşəri nəğməkarın dünyadəyişimi zamanı qəzetlərdən biri belə bir ifadə də işlətmişdi: “Milli kədər”...
Bu ilahi ifaların hamısını xatırlayıb başa çıxmağı “müşkül”, hər birini layiqincə təqdir cəhdini “hədər” kimi rübrikalara “töfsif” edib, məsələni, onun oxumadığı (çox təəssüf!) “nakami”-müqəyyəd bir şərqi ilə bitirirəm; “Göydəki ulduzlar qədər”...
Oxunmamış o “mahnı”nın yazılmamış mətninə başlıq etdiyim kəlmələrdən biri çalmağa çətinlik çəkdiyim bu yazı sazıma gürzü bir mizrab vurdu: -
Dünya Ulduzu...
Ərazicə böyük, siyasi-iqtisadi imiccə “ulduz” ölkələrə nisbətdə “kilkə” bir Vətən oğlu olasan və şan-şöhrətdə onların ən nəhəng mədəniyyət personalarına tən olasan! Mənim xəyal statistikama görə, hələ dünyanın heç bir sənət ulduzuna dünyanın əlli altı ölkə tamaşaçısının əllərində “atdı-tutdu” “nominasiya”sı nəsib olmayıb. Mən hələ o nominasiya “binəsib”lərinin, bizim ulduzumuzla müqayisədə, opera-operetta kimi klassik musiqi janrlarına bələdliklərini, sırf estrada kökənlilikləri səbəbindən o dövrədək “solo” olmalarını və müstəqil ölkə vətəndaşı “saldo”larını demirəm...
Bu məqamda, bu qədər “kəm-kəsirli” soydaşımızın sovet rejimindən əldə etdiyi “qənimət”ləri də xatırlamaq pis olmazdı: SSRİ Xalq artisti, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, “Lenin”, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri...
Bu heynidə bu dahi nəğməkarın xəlqi qədir-qiymət, mənəvi təltif-mükafat aləminə də xəyallandım və onlardan - onun adi danışıq fəzilətilə bağlı bir epizodu xatırladım. “Hadisə” AzTV-nin həyətində cərəyan edir. O, dövrün ünlü bir diktoru ilə atüstü söhbətdə “moltanı” diktorlardan birinin ötən axşamkı verilişi çox bərbad oxumasından gileylənir. Elə bu an hansısa telemüsahibəyə tələsən Xalq artisti Lütfi Məmmədbəyov onlara yaxınlaşır, müğənnini xüsusi ehtiramla salamlayır, onun ecazkar diksiya sehrinə düşüb, bir xeyli dinləyir və: “Ay Rəşid müəllim, məsələ tək elə savadda deyil e, həm də səsdədir. Vallah, Sizin səsinizlə Sov.İKP plenumlarının bütün qərar-qətnamələrini də axıracan dinləyərəm!”
Fərqindəyikmi ki, indiyədək heç bir TV, radio, qəzet, jurnal, kitab, dəftər, jurnalist, publisist... bu ulu və həmişə olu sənət azmanını axıracan kəşf-vəsf, layiqincə tərif-təqdir, gərəyincə təfsir-təqdim edə bilməyib. Bəndəniz də onların ən sadə və sadiq davamçısı...
Tutalım, durub, müstəsna üslub sədalı, ərzi-əsra səs çalarlı Rəşid Behbudov Azərbaycan vokal məktəbinin təkrarsız nümayəndələrindən biri, insanlarda ən dolğun hiss, ən səmimi duyğu oyadıcılarından birincisidir - deyə əsib-coşduq, - yel Qayaya nə əlavə edəcək ki? Lap elə aşırı obrazlayıb-epitetlədik ki, hər sənətkar üçün səciyyəvi olan qaşıq-qaşıq improvizə xüsusiyyəti zər Rəşiddə çömçə-çömçə idi, yaxud, bütün səhnə sənətkarlarını teatr-səhnə yaratdığı halda, Rəşid özü teatr yaratdı, - bunlar onun etdiklərinə proporsionallıq edəcəkmi?..
Yaxşısı budur, böyüklükdə milli mədəniyyətimizin çox dərdinə, uşaqlıqda isə evin hər işinə yaramış bu fenomenin öz yazısından daha bir parça ilə tanış olaq: “Ailədə uşaqların ən kiçiyi idim, anamın işə getməsi hamıdan çox məni narahat edər, yamac aşağı anamın dalınca qaçar, ağlayar, sonra saatlarla pəncərə qabağında oturub onun gəlişini gözləyərdim. O, xörək bişirəndə deyərdi: “Oğlum, sən bu işi görməsən də olar, ancaq öyrənsən yaxşıdır. Nə bilirsən, evlənəcəyin qız hər şeyi biləcək, ya yox?”
“Ailə işinə qarışmamaq” mentallığımıza binaən, bu körpə-kövrək xatirədəki qızın xörək bişirməyi bacarıb-bacarmaması ilə işimiz yox, məni daha çox maraqlandıran bu ki, görəsən, bu boyda bir böyüyün ağlamaq səsi necə çıxırmış?
Bu boyda alinin 1933-cü ildə Dəmiryol Texnikumuna daxil olmasını, təhsil dövründə tələbə özfəaliyyət orkestrində, hərbi xidmət zamanı ordu ansamblında solistlik etməsini, Tiflisdə kiçik caz ansamblı yaratmasını, cəbhədə konsertlər verməsini, Bakı qastrolunda ikən, söhbətlərində “bütün dünyaya vizit vərəqəm” adlandırdığı “Arşın mal alan” filminə dəvət edilməsini və nəhayət, dövrün universal maestrosu Tofiq Quliyevlə misli görünməmiş dostluq duallığını da xatırladıb, sonralar bu dünyanı sərhədsiz edib, sükutsuz qoyması üstündən sükuti bir sürətlə keçərək, sözü yenidən özünə verək. Amma bir balaca “təbiət təsviri”ndən sonra. Belə ki, məşhuri-cahan “Arşın mal alan”ın çəkilişləri zamanı atasının ölüm ayağında olması haqda kinostudiyaya teleqram gəlir. Rəşid qrimini təmizləmədən yol maşınına oturub Qazağa gəlir. Çatanda görür ki, atası - məşhur xanəndə Məcid Behbudalı oğlu eyvanda - özü də lap elə toy-nişan məclislərindəki gör-görkəmilə oturub çay içir. Məətəlliyini yaşayıb başa çıxmamış, belə bir “məruzə” eşidir: “Hə, oğulbala, mənə dedilər ki, indi sən məşhur bir müğənni olmusan, kinoda çəkilirsən. Mən də yoxlamaq istədim ki, görüm, düzdür, ya yox...”
Belə-belə işlər...
...Bu “iş”lərdən biri də 9 iyun 1989-cu ilə - böyük Olumun “kiçik” Ölümünə bağlı...
Neçə illərdir bu dünya şöhrətli Azərbaycan müğənnisinin ölümü ilə ilgili dilemmatik bir sual hələ də ortalıqda. Keçmiş SSRİ areallı bir sual: “Moskvada baş vermiş bu hadisəyə səbəb “təsadüfən” üstü açılmış tarixi bir fakt (Ağcaqum çöllərində “güllələnmiş” Stepan Şaumyanın məzarını Hindistanda öz gözlərilə gördüyünü deməsi) olub, yoxsa, sovet tanklarının Bakıda at oynatması ilə ilgili M.Qorbaçovun üzünə qarşı sərt şəkildə bildirdiyi irad?..”
Bu sual, onun öz xanımına “deyəsən məni aradan götürəcəklər” ehtimalı istisna edilməklə, hələ də cavabsız...
Bu yazının başlanışı: “İfa dünyasına xordan başlayıb, ömür dünyasını Dünya Solisti olaraq başa vurmuş Rəşid Behbudov!..”
Bu yazının “qurtarışı” (?): Səs-sənəti hər gün, hər il, hər əsr yenidən doğulub-yaşayası Rəşid Behbudov!..
Tahir Abbaslı