Başdan-başa milli məfkurəli, milli ələm-qələmli Nəcəf bəy Vəzirov
Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoymuş bu dramaturqun öz həyatı da bir yaşam dramı, elegial-ələmi bir roman timsalı. Tale-“müəllif”in “alın yazısı” ilə böyük sənət müəllifliyinə doğru addımlayan ədib öz şəxsində həyati məşəqqətlərin əksər “mövzu”larını yaşamalı, tragikliyin hər tür (“personaj”ından “baş qəhrəman”ınadək) rollarını “oynamalı” olub...
Öz dövrünün və sonraların ədəbi tənqidinin bu sənətkar haqda yazdığı obrazlı fikirlərə belə bir əlavə: Fəxrəddin(lər) müsibətlərini yaşaya-yaşaya milli-ədəbi fəxarət mərtəbəsinə yetmiş Nəcəf bəy Vəzirov...
Ədəbi və mətbu mənbələrin də təsdiq etdiyi kimi, N.Vəzirovun şəxsi nümunəsi və irsi XX əsrin əvvəllərində xalqımızın mədəni-maarif, ədəbi-ictimai və teatral-kultural aləmində universal rol oynayıb. O öz orijinal yaradıcılıq nümunələri, yorulmaz ictimai fəaliyyəti, təsirli mətbu çıxışları ilə millətinin dünyəvi sivilizasiyaya qovuşması üçün çox fəal rol oynamaqla bahəm, onun milli azadlıq duyğularının aktivləşməsində də ruhən və əmələn böyük işlər görmüş, xalqın canından-qanından çıxmaq bilməyən çəpərçilik, tayfaçılıq kimi feodal düşüncələrə qarşı aparılan maarifçilik hərəkatının öncüllərindən olmuşdur.
Dövrün bütün ictimai-milli hədəfli sahələrinin hər birində N.Vəzirovun şəxsiyyəti haqda da yalnız xoş sözlər, fəxarətli rəylər söylənilir. Bu “şəxsiyyət irsi” isə, universal qələmli ədibin, ciddi məzə-məzhəkəli komediyanəvis və milli qeyrət-namuslu ictimai xadimin çox işlək bir xalq deyiminə -“söz ilə əməl” tandeminə sədaqətindən xəbər verir. Bu deyimlə tərs-mütənasiblər isə - elə bu ədibin qələm nümunələrindən biriylə ifadə etməli olsaq, - “Vay şələküm-məələküm”!..
Onun “ömür ibtidası”...
Bu ədib, fəqir-füqəra predmetli sovet ədəbiyyatının öz sosializm oxucularına “kasıb-kusub”, “yetim-yesir”, “çoban-çoluq” yarlıqları ilə tanıtmağa çalışdığı sənətkarlardan olmayıb. O, gözünü açıb ata-anasını sağ görüb. Amma onlar da - onun özü kimi, sağlam olmayıblar. Atası - bütün Şuşada “quru bəy” kimi tanınan Fətəli illər xəstəsi, anası - yanından yel ötməmiş yorğan-döşəyə düşən Mina xanım isə, həm də bu yeganə oğlunu “sağaldıb məktəbə göndərmək” azar-bezarlısı imiş. Ancaq balaca Nəcəfin səhhəti ananın bu arzusunu beş-altı il gözündə qoyur. Onun madar balası on iki yaşının tamamında məktəbə getsə də, yazıb-oxumağı tez bir zamanda öyrənə bilsə də, dini təhsilindən ayrılıb Şuşa şəhər mülkiyyət məktəbində oxumağa başlasa da, xəstəhallıq haləsindən qurtula bilməyib. Üstəgəl, şəhər məktəbində bəxtinə düşən müəllimin amansız rəftarı! Nəcəf öz qabiliyyətilə bu rəftarın hədəfinə çevrilməsə də, sinif yoldaşlarını yerli-yersiz danlayıb-döyməsi onu bu məktəbdən uzaqlaşmağa məcbur edir.
Bu real məktəb səhnəsi “həyat-müəllif”in ona hələ çox təlqin edəcəyi psixo-travmatik dramlardan bir “şəkil”...
Belə “şəkil”lər balaca Nəcəfi böyük ədibliyə, “müqtədir maarifçi”liyə, “alicənab ictimai xadim”liyə yaxınlaşdırırdı.
O, ürəyində bu mənzilə çatmaqçün nə qədər tələssə də, ətraf maneələr ucbatından gecikirmiş. Xəstəliklərinin doğurduğu ruh düşkünlükləri, artıb-azalan səhhət zəifləmələri bu qəlbiqırıq yeniyetməyə imkan vermirmiş ki, qanadısınıq könül quşu həyatın daha vacib budaqlarına qonsun. Onun məktəbdən uzaqlaşmasını tənbəllik, çətinlikdən qorxma kimi qiymətləndirən qohumlardan biri kənd-kəsəkdə mirzəlik edib ata-anasını dolandıra bilməsi üçün Nəcəfə rusca yazıb-oxumağı öyrətmək fikrinə düşür. Lakin içi istedad və qürur hisslərilə dolu bu oğlan neçə-neçə bu kimi “sədəqə”-qayğıları qəbul etməyən “müsibəti-Nəcəfciyəz” on beşcə yaşındaykən “Müsibəti-Fəxrəddin” müəllifliyinə ucalası paytaxta yol alır.
...Və “çareyi-millət” müsafirliyi
“Gəzməyə qürbət ölkə...” deyilir bir bayatımızda. Amma bu soydaşımız qürbətlərə gəzməkçün yox, təhsil-təlim üçün, millətinin mənəvi yaralarına çarələrçün gedibmiş. Saymaqla qurtarmayası səfərlərdən: Bakı - Moskva - Sankt-Peterburq - Yelizavetpol - İrəvan... Bunlar bütün ömrü uzunu milli-mənəvi qayğı və təəssübkeşlik yükü daşımış Nəcəf bəy Vəzirovun “yol vərəqəsi”nə düşmüş şəhərlərin bir qismidir.
Bu səfərlərin ilki, ən əzəl-gözəli Şuşa - Bakı. O, Bakıda verdiyi “qeyri-adi imtahan” sayəsində birbaşa real gimnaziyanın ikinci sinfinə qəbul edilir. Qeyri-adi bilik və bacarığı hesabına sonuncu sinifdəykən, “ən əlaçı şagird-müəllim” “nominasiya”sı ilə dövlətli uşaqlarına dərs deyib, çörəkpulu da qazanır. Hələ tələbə ikən, bütöv bir millət müəllimi kimi tanınan, şagirdlərə yalnız sinif dərsi yox, bütöv həyat dərsi də öyrədən Həsən bəy Zərdabi ilə aralarında milli etiketlərlə süslənmiş dostluq münasibətləri yaranır. Zərdabinin söhbətləri, elmi-ictimai, həyati-fəlsəfi görüşləri gənc Nəcəfi təbiət elminə yönləndirir. 1874-cü ildə real gimnaziyanı bitirən Nəcəf təhsilinə davam üçün Rusiyaya gedir. Meşə və Təbiətşünaslıq Akademiyasının Meşəçilik şöbəsinə daxil olur. Bu “təbiət elmləri” səfərində onu öz qələmilə yazdığı belə bir xatirə də müşayiət edirdi: “1873-cü ildə - altıncı klasda oxuduğum zaman birinci dəfə rus teatrına getdim. O gecə mənə nəhayət dərəcədə təsir etdi...”
Hələ Bakıda ikən H.Zərdabinin milli azadlıq düşüncələrilə yüklənmiş Nəcəf bu ümumbəşəri ideya-mübarizənin Moskva qolundan kənarda qala bilmir. Qızğın inqilabi mühitə düşən bu cənublu tələbə siyasi təkamül fikirli gənclərlə dostlaşır, təhsil aldığı ali məktəb daxilində baş verən ictimai-siyasi çıxışlarda, qeyri-leqal təşkilatlarda iştirak edir. Akademiyanı bitirib (1878) Qafqaza təyinat alan Nəcəfin elə həmin il Bakıda yaratdığı “İmdadiyyə” dərnəyi də onun Moskva “şkola”sının bəhrələrindən idi və bu... siyasilikdən çox mənəvi-mədəni inqilabçılıq həsb-halları N.Vəzirovu bütün ömrü boyu tərk etmədi. Bu bir çox yönümlü çalışma-çarpışma, ədəbi-bədii məhsullar müəllifi, hətta mahiyyətcə “taleyin ironiyası” təsiri bağışlayan (və iki dəfə xaric edildiyi) meşəbəyi “vəzifə”sində, İrəvan quberniya idarəsində tibb şöbəsinin katibi, Qazaxda “mübahisəli işlər şöbəsi”ndəki kargüzarlıq görəvlərində də dinc durmayıb.
Nəcəf bəy Vəzirovun qələm aləmi - bütün söz kimsələri üçün işlədilən “həyat və yaradıcılığı” trafaretinin ikinci tərəfi - əksər ədəbiyyat və teatrsevər oxucularımıza kifayət qədər bəllidir. Onun orijinal ədəbi üslubu, özünəməxsus remarkaları dövrünün ədəbi-bədii, sosial-material aləmilə birgə, ümumxəlqi-psixoloji, regional ləhcəvi-leksikoloji rəngarəngliyini də aydın bir tablo kimi sərgiləyir. Deməliyik ki, yorulmaz ədib qaldıqca qalası əsərlər üzərində çaba-çalışmalarından vaxt ayırıb, qəzet və jurnallarda “gündəlik tələbat” mövzularına da qələm çalırdı. “Həyat”, “İrşad”, “Açıq söz”, “Tazə həyat” və digər qəzetlərdə müxtəlif imzalarla çıxış edən Nəcəf bəyin məqalələri də Həsən bəy, Mirzə Cəlil, Üzeyir bəy, Mirzə Ələkbər yazıları qədər sevgi və maraqla izlənirdi. Lakin o, sözdən çox göz ovuna aludə olan dövrün səhnəsi üçün daha artıq işləməyə səy edirdi. Bu milli yanğılı ziyalı-yazıçı “Pəhləvanani-zəmanə”lik, “Müsibəti-Fəxrəddin”lik, “Yağışdan çıxdıq, yağmura düşdük”lük kimi mənəvi-psixoloji qarşıdurmaların çözümünə daha çox üstünlük verirdi.
Ömür isə vəfa etməmədə...
Düz yüz on il bundan əvvəlin yayı; 9 iyul. Tələbələrini təcrübə məşğələləri üçün həmişəki eşqlə Şamaxıya - Çuxuryurda aparmış Nəcəf bəy Vəzirov ürək partlamasından vəfat edir...
Tahir Abbaslı