Azərbaycan

16 iyul 1913 - Xalq artisti, müğənni Mirzə Babayev (1913 - 13.1.2003) anadan olub. Müğənnilik fəaliyyəti ilə yanaşı, filmlərdə (“Telefonçu qız”, “Dərviş Parisi partladır”, “Bəyin oğurlanması”) maraqlı rollar oynayıb.
16 iyul 1934 - Əməkdar memar, Dövlət mükafatı laureatı Rasim Həsən oğlu Əliyev anadan olub. Bakı şəhərinin baş memarı (1974-1988) işləyib. Bir sıra mədəniyyət saraylarının, Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin (Ömər Eldarovla birlikdə) layihə müəllifidir.
16 iyul 1958 - Xalq artisti İlham Təvəkkül oğlu Əsgərov (1958 - 6.9.2015) Masallı rayonunun Xoşçobanlı kəndində doğulub. Milli Dram Teatrında, televiziya tamaşalarında, filmlərdə (“Doğma sahillər”, “Biz qayıdacağıq”) maraqlı rollar oynayıb. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.

17 iyul 1487 - Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli sərkərdə, şair Şah İsmayıl Xətai (1487 - 23.5.1524) Ərdəbildə doğulub. 1501-ci ildə Təbrizi paytaxt elan etməklə Səfəvi dövlətini qurub. Dövrünün tanınmış şairi kimi «Xətai» təxəllüsü ilə əsərlər yazıb. 1524-cü il mayın 23-də vəfat edib, Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunub.
17 iyul 1898 - Ədəbiyyatşünas, publisist Əbdülvahab Hacı Zeynalabdin oğlu Məmmədzadə (Yurdsevər; 1898-1976, Ankara) Bakıda anadan olub. 1923-cü ildə həbs edilib, 10 ildən çox həbs və sürgün həyatı yaşadıqdan sonra mühacirətə gedib. 60-70-ci illərdə İstanbulda Azərbaycan Milli Mərkəzinə rəhbərlik edib.
17 iyul 1939 - Əməkdar artist Zemfira Sadıqova anadan olub. “Dəli Kür” (Mələk), “Tütək səsi” (Xədicə), “Torpaq. Dəniz. Od. Səma” (Leyla), “Bağ mövsümü” (Ağabacı) və s. filmlərdə maraqlı obrazlar yaradıb.
17 iyul 1945 - Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Timuçin İlyas oğlu Əfəndiyev anadan olub. Kitabları: “Rus dramaturgiyası və Azərbaycan teatrı”, “Azərbaycan teatr tarixi”, “Mədəniyyətdə tarixilik və müasirlik” və s. Mədəniyyət və İncəsənət Universitetinin rektoru (1987-2014) olub. 2014-cü ildən Bakı Xoreoqrafiya Akademiyasının rektorudur. "Şöhrət” ordeni ilə təltif edilib.
17 iyul 1953 - Xalq artisti Telman Adıgözəlov (1953 - 15.4.2010) Balakən rayonunda doğulub. Teatr və televiziya tamaşalarında maraqlı obrazlar yaradıb, “Yol əhvalatı”, "Anlamaq istəyirəm", “Günaydın, mələyim!” və s. filmlərdə çəkilib.
17 iyul 2001 - Görkəmli tarixçi, şərqşünas, akademik Sara Balabəy qızı Aşurbəyli (27.1.1906 - 2001) vəfat edib. Orta əsrlər Azərbaycan şəhərlərinin tarixinə dair dəyərli araşdırmalar aparıb, əsərləri ingilis, fransız dillərində çap edilib. Azərbaycan Rəssamlar İttifaqının üzvü olub, boyakarlıq əsərlərinin müəllifidir.

18 iyul 1864 - Məşhur xanəndə Keçəçi oğlu Məhəmməd (Məhəmməd Məşədi Xəlil oğlu; 1864 - 20.11.1940) Şuşada doğulub. Xanəndənin ifasında muğam və xalq mahnıları Varşava və Kiyevdə qrammofon vallarına yazılıb. 1926-cı ildən Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edib.
18 iyul 1018 - Böyük türk mütəfəkkiri və dövlət xadimi Nizamülmülk (tam adı Əbu Əli Əl-Həsən ət-Tusi Nizamülmülk, 1018 - 14.10. 1092) anadan olub. Səlcuq sultanları Alparslan və Məlikşahın vəziri olub, "Siyasətnamə" kitabının müəllifidir.
18 iyul 1927 - Tanınmış heykəltəraş, Xalq rəssamı Tokay Həbib oğlu Məmmədov anadan olub. Üzeyir Hacıbəylinin, Nəsiminin, Füzulinin (Ömər Eldarovla birlikdə), Koroğlunun Bakıda ucaldılan heykəllərinin müəllifidir. Dövlət Rəssamlıq Akademiyasının professoru kimi gənc heykəltəraşların yetişməsinə töhfələr verib.
18 iyul 1932 - Əməkdar elm xadimi, filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Azadə Cəfər qızı Rüstəmova (1932-2006) Bakıda doğulub. Kitabları: "Azərbaycan epik şeirinin inkişaf yolları", "Məhəmməd Füzuli", "Nizaminin poeziya sələfləri" və s.

19 iyul 1915 - Opera müğənnisi, Xalq artisti Ağababa Balağa oğlu Bünyadzadə (1915 - 17.12.1974) Bakıda anadan olub. Operalarda əsas partiyaları ifa edib: "Koroğlu" (Həsənxan), “Şahsənəm" (Xan), "Sevilya bərbəri" (Fiqaro), "Otello" (Yaqo) və s.
19 iyul 1945 - Musiqişünas, ilk azərbaycanlı qadın - violonçel ifaçısı, Bakı Musiqi Akademiyasının professoru Nəzmiyyə Müzəffər qızı Abbaszadə anadan olub.

Dünya

16 iyul 1723 - İngilis rəssamı və incəsənət nəzəriyyəçisi Coşua Reynolds (Joshua Reynolds, 1723-1792) anadan olub. Məşhur əsərləri: “Veneranın kəmərini açan Amur”, “İlanı boğan balaca Herkules” və s.
16 iyul 1911 - Amerikalı aktrisa və rəqqasə, «Oskar» mükafatı laureatı Cincer Rocers (Ginger Rogers - əsl adı Virginia Katherine McMath; 1911-1995) anadan olub.

17 iyul 1846 - Rus alimi, səyyah və etnoqraf Nikolay Mikluxo-Maklay (1846-1888) anadan olub. Cənub-şərqi Asiyanın, Avstraliyanın müxtəlif xalqlarının etnoqrafiyasını tədqiq edib.
17 iyul 1888 - İsrail yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1966) laureatı Samuel Aqnon (Samuel Josef Agnon; 1888-1970) anadan olub. “Toy talvarı”, “Gecə qonağı” və s. romanların müəllifidir.
17 iyul 1889 - Amerika yazıçısı, detektiv əsərlərin müəllifi Erl Stenli Qardner (Erle Stanley Gardner; 1889-1970) anadan olub. 100-dən artıq romanın (o cümlədən vəkil Perri Meysonun baş qəhrəman olduğu 80-dək əsər) müəllifidir.

18 iyul 1811 - İngilis yazıçısı Uilyam Tekkerey (William Makepeace Thackeray, 1811-1863) anadan olub. “Şöhrətpərəstlik yarmarkası”, “Snoblar kitabı” və s.

19 iyul 1893 - Rus şairi Vladimir Mayakovski (1893 - 14.4.1930) Gürcüstanın Kutaisi bölgəsinin Baqdadi kəndində doğulub. 1906-cı ildə ailəsi Moskvaya köçüb. Poemaları: “Şalvarlı duman”, “150 000 000”, “Vladimir İliç Lenin”, “Yaxşı” və s. Satirik pyesləri: “Misteriya Buff”, “Birə”, “Hamam” və s.
19 iyul 1938 - Gürcü müğənnisi, bəstəkar, aktyor Vaxtanq Kikabidze anadan olub. 1977-ci ildə rejissor Georgi Daneliyanın “Mimino” filmində baş rolu oynamaqla şöhrət qazanıb, SSRİ Dövlət mükafatına layiq görülüb.

Hazırladı: Vüqar Orxan