Azərbaycan

13 avqust 1941 - Xalq artisti, müğənni Elmira Allahverdi qızı Rəhimova anadan olub. 1957-ci ildə Hindistanın Baş naziri Cəvahirləl Nehrunun dəvəti ilə bu ölkəyə gedib, hind rəqs sənətini və mahnılarını öyrənib. 1982-ci ildə Hindistanda keçirilən festivalın laureatı olub. Dünyanın 50-dən çox ölkəsində qastrol səfərlərində Azərbaycan musiqisini təbliğ edib.
13 avqust 1947 - Tanınmış rejissor, Xalq artisti, professor Azərpaşa Zəfər oğlu Nemətov anadan olub. 70-80-ci illərdə Gənc Tamaşaçılar Teatrında işləyib, bir müddət Sankt-Peterburqda çalışıb. 1990-cı ildən Akademik Dram Teatrında rejissor kimi fəaliyyətə başlayıb. 2015-ci ildə teatrın bədii rəhbəri-baş rejissoru, 2016-cı ilin yanvarında direktoru təyin edilib. Azərbaycan Teatr Xadimləri İttifaqının sədridir. “Şöhrət” ordeninə (2007) layiq görülüb.

14 avqust 1923 - Ədəbiyyatşünas alim, Dövlət mükafatı laureatı, akademik Kamal Abdulla Şaiq oğlu Talıbzadə (1923 - 20.1.2006) anadan olub. “Abbas Səhhət”, “Qorki və Azərbaycan”, “Ədəbi irs və varislər”, “Azərbaycan ədəbi tənqidinin tarixi” və s. monoqrafiya və kitabların müəllifidir.
14 avqust 1933 - Şair, Əməkdar incəsənət xadimi Ramiz Heydər (Məmmədov; 1933-2010) Bakıda anadan olub. 30-dək kitabın müəllifidir. Sözlərinə "Ayrılma məndən", "Toy olsun, bayram olsun" və s. populyar mahnılar bəstələnib.
14 avqust 1940 - Yazıçı Asif Akif oğlu Əliyev (1940 - 8.9.2001) anadan olub.
14 avqust 1953 - Əməkdar artist Əjdər Qüdrət oğlu Həmidov Şabran rayonunun Aygünlü kəndində anadan olub. Milli Dram Teatrının aktyorudur. "Kişi sözü", “Girişmə, öldürər!”, "Lətifə" və s. filmlərdə çəkilib.
14 avqust 1957 - Xalq artisti, məşhur xanəndə Alim Həmzə oğlu Qasımov Şamaxıda doğulub. Opera tamaşalarında (“Leyli və Məcnun”, “Əsli və Kərəm”) çıxış edib. Azərbaycan muğamının dünyaya tanıdılmasına töhfələr verir, festival və müsabiqələrin qalibidir, UNESCO-nun musiqi mükafatını qazanıb. “Şöhrət” ordeninə (2007), mədəniyyət sahəsi üzrə Dövlət mükafatına (2010) layiq görülüb.

15 avqust 1784 - Görkəmli şair, Azərbaycan ədəbiyyatında satirik poeziyanın banilərindən biri Qasım bəy Əli bəy oğlu Zakir (1784-1857) Şuşada anadan olub. Əslən Qarabağ xanlarının Cavanşirlər nəslindəndir, ulu babası Kazım ağa Pənahəli xanın qardaşı olub. Rusiya-İran müharibələrində (1804-1828) rusların tərəfində vuruşsa da, bir çox satiralarında çar hakimlərini və yerli məmurları ifşa edib. Mənzum hekayə və təmsillərin müəllifidir.
15 avqust 1832 - Azərbaycanın görkəmli şairəsi Xurşudbanu Natəvan (1832-1897) Şuşada doğulub (bəzi mənbələrdə doğum günü 6 avqust göstərilir). İbrahimxəlil xanın nəvəsi, sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızıdır. Şuşada "Məclisi-üns" ədəbi birliyinin yaradıcısı olub. Qəzəlləri klassik Azərbaycan poeziyasında xüsusi yer tutur. Rəssamlıq, bədii tikmə ilə də məşğul olub. Xeyriyyəçiliyi ilə tanınıb, imkansızlara əl tutub, Şuşaya su kəməri çəkdirib.
15 avqust 1867 - Cənubi Azərbaycan türklərinin mübariz lideri Səttarxan (1867-1914) anadan olub. 1905-1911-ci illərdə İranda şah üsul-idarəsinə qarşı Məşrutə (Konstitusiya) inqilabına rəhbərlik edib.
15 avqust 1955 - Xalq artisti Afaq Bəşirqızı anadan olub. Lənkəran Dram, Sumqayıt Musiqili Dram teatrlarında çalışıb. 1989-cu ildən Dövlət Musiqili Teatrında fəaliyyət göstərir. Televiziya tamaşalarında (“Yaşıl eynəkli adam”, “Bala - başa bəla”, “Yarımştat” və s.), filmlərdə («Bəxt üzüyü», «Girov») yaddaqalan obrazlar yaradıb.

16 avqust 1925 - Xalq şairi, dramaturq, ictimai xadim Bəxtiyar Mahmud oğlu Vahabzadə (1925 - 13.2.2009) Şəkidə anadan olub. Azərbaycanın şimal və cənuba bölünməsindən bəhs edən "Gülüstan" poeması (1959) ilə məşhurlaşıb. Ümumilikdə 20-dək poema, 10 dram əsəri (“Vicdan”, “Yollara iz düşür”, “Özümüzü kəsən qılınc”, “Dar ağacı” və s.) yazıb. Azərbaycan Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub, «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif olunub.
16 avqust 1925 - Yazıçı-dramaturq, şair, ədəbiyyatşünas, dövlət xadimi Şıxəli Qurban oğlu Qurbanov (1925 - 24.5.1967) Bakıda doğulub. “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu” pyeslərinin, poema, şeir və hekayələrin müəllifidir. Azərbaycan KP MK-nın katibi olub.
16 avqust 1998 - Xalq yazıçısı Yusif Səmədoğlu (Yusif Səməd oğlu Vəkilov; 25.12.1935 - 1998) vəfat edib. «Ulduz”, “Azərbaycan» jurnallarının baş redaktoru, Milli Məclisin deputatı (1995-1998) olub. «Qətl günü» romanı, «220 saylı otaq», «Qalaktika» kitablarının, “Yeddi oğul istərəm”, “Qətl günü” filmlərinin ssenari müəllifidir.

17 avqust 1933 - Ədəbiyyatşünas alim, professor Şamil Məmməd oğlu Salmanov (1933-2006) anadan olub. "Azərbaycan sovet ədəbiyyatı tarixi" ikicildliyinin, "Ədəbiyyat" dərsliyinin həmmüəllifidir.
17 avqust 1942 - Dünya şöhrətli Azərbaycan müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayev (1942 - 25.10.2008) Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib, Azərbaycan Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. Helsinki (1962) dünya tələbə festivalının laureatı, Kann (1968) və Sopot (1969) beynəlxalq mahnı müsabiqələrinin qalibi olub. Rejissor Eldar Quliyevin “Nizami” filmində baş rola çəkilib, “Gümüşgöl əfsanəsi”, “İstanbul reysi” filmlərinə musiqi yazıb. Azərbaycanın “Şöhrət”, “İstiqlal” ordenləri ilə təltif edilib. Bakıda, Fəxri xiyabanda dəfn olunub.
17 avqust 1943 - Xalq artisti, müğənni İlhamə Məzahir qızı Quliyeva (1943 - 25.2.2016) Lənkəranda anadan olub. Azərbaycan Televiziyası və Radiosu estrada orkestrinin, Dövlət Filarmoniyasının solisti olub. “Şöhrət” ordeni ilə təltif edilib.
17 avqust 1950 - Əməkdar artist Ənvər Həsənov Bakıda doğulub. Çəkildiyi filmlər: “Uşaqlığın son gecəsi”, “Yeddi oğul istərəm”, “Dərviş Parisi partladır”, “Arxadan vurulan zərbə”, “Gözlə, məni”, “Qanlı zəmi”, “Cavad xan” və s.
17 avqust 1950 - Xalq artisti Cəfər Namiq Kamal (Əhmədov) Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. 1996-cı ildən Milli Dram Teatrında çalışır. Televiziya tamaşalarında maraqlı rollar oynayıb. “Yalan”, “Yük”, “Günaydın, mələyim!” filmlərində çəkilib.
17 avqust 1958 - Şair, tərcüməçi Əjdər Ol (Əjdər Feyzulla oğlu Cəbiyev) Hacıqabulda anadan olub. Latış və kumık folklorundan dilimizə tərcümələr edib.

18 avqust 1991 - Görkəmli dilçi və ədəbiyyatşünas, şair, tərcüməçi, pedaqoq Əkrəm Cəfər (Əkrəm Səftər oğlu Cəfərov, 5.5.1905 - 1991) vəfat edib. "Dilşünaslıq elementləri", "Müasir Azərbaycan dili oçerkləri" və s. kitabların müəllifidir.
18 avqust 2006 - Prezident İlham Əliyev “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarix-memarlıq abidələrinin bərpası və qorunması haqqında” sərəncam imzalayıb.

Dünya

13 avqust 1655 - Alman musiqiçisi, klarnet alətinin ixtiraçısı Yohann Xristof Denner (Johann Christoph Denner, 1655-1707) anadan olub.
13 avqust 1899 - Məşhur Amerika rejissoru, «Oskar» mükafatları laureatı Alfred Hiçkok (Alfred Joseph Hitchcock; 1899-1980) anadan olub. Filmləri: “Quşlar”, “Naməlum insanlar qatarda”, “39 pillə” və s.
13 avqust 1907 - Rus aktrisası, SSRİ Xalq artisti Tamara Makarova (1907-1997) anadan olub. Filmləri: “Yeddi cəsur”, “Gənc qvardiya”, “Pyotrun gəncliyi” və s.

14 avqust 1714 - Fransız rəssamı Klod Jozef Verne (Claude Joseph Vernet; 1714-1789) anadan olub.
14 avqust 1860 - Kanada yazıçısı, heyvanlar haqqında məşhur əsərlərin müəllifi Ernest Seton-Tompson (1860-1946) anadan olub.
14 avqust 1866 - Rus yazıçısı, şair, filosof Dmitri Merejkovski (1866-1941) anadan olub. Rus ədəbiyyatında simvolizmin banilərindən biri, tarixi-fəlsəfi roman janrının (“Xristos və Antixrist” trilogiyası və s.) yaradıcısıdır. 1919-cu ildən mühacirətdə yaşayıb.
14 avqust 1867 - İngilis yazıçısı, dramaturq və şair, ədəbiyyat üzrə Nobel mükafatı (1932) laureatı Con Qolsuorsi (John Galsworthy; 1867-1933) anadan olub. “Forsaytlar haqqında saqa” trilogiyası, “Gümüş qutu” pyesi və s. əsərlərin müəllifidir.
14 avqust 1945 - Alman rejissoru Vim Venders (Wilhelm Ernst Wenders) anadan olub. Filmləri: “Paris-Texas” (Kann festivalının qalibi, 1984), “Lissabon tarixi”, “Berlin üzərində səma” və s.

15 avqust 1771 - Şotland yazıçısı, şair, tarixçi Valter Skott (Walter Scott, 1771-1832) anadan olub. Tarixi roman janrının banisidir. Əsərləri: “Edinburq həbsxanası”, “Rob Roy”, “Ayvenqo”, “Kventin Dorvard”, “Marmion” (ilk mənzum roman) və s.
15 avqust 1879 - Amerika kinoaktrisası Etel Berrimor (Ethel Barrymore, 1879-1959) anadan olub. Filmləri: “Rasputin və imperatriçə” (“Oskar” mükafatı), “Spiralvarı pilləkan” və s.
15 avqust 1890 - Fransız bəstəkarı Jak İber (Jacques François Antoine Ibert; 1890-1962) anadan olub. Əsərləri: “Anjelika”, “Kral İveto” operaları, “Səyyah cəngavər” baleti və s.

16 avqust 1645 - Fransız yazıçısı və mütəfəkkiri Jan de Labryuer (Jean de La Bruyere: 1645-1696) anadan olub. Əxlaq və fəlsəfi dəyərlərdən bəhs edən “Xarakterlər” əsərinin müəllifidir.
16 avqust 1902 - Rus şərqşünas alimi, sənətşünas və etnoqraf Yuri Rerix (1902-1960) anadan olub.
16 avqust 1934 - Fransız aktyoru Pyer Rişar (Pierre Richard - Pierre Richard Maurice Charles Leopold Defay) anadan olub. Filmləri: “Oyuncaq”, “Çətirin ucu ilə”, “Bəxti gətirməyənlər”, “Liftdən solda”, “Atalar” və s.
16 avqust 1954 - Amerika-Kanada kinorejissoru Ceyms Kemeron (James Francis Cameron) anadan olub. Filmləri: “Terminator” (1-2), “Özgələr”, “Titanik” (11 “Oskar” mükafatı), “Avatar” (3 “Oskar”) və s.
16 avqust 1958 - Amerika müğənnisi Madonna (Luiza Veronika Çikkone) anadan olub. Dünyada ən çox tirajla musiqi albomu (300 milyon) satılan qadın müğənni hesab olunur. 9 dəfə “Grammy” mükafatı qazanıb.
16 avqust 1987 - Məşhur rus aktyoru Andrey Mironov (8.3.1941 - 1987) vəfat edib. “Brilyant əl”, “Avtomobildən qorun”, “İtalyanların Rusiyada ağlasığmaz macəraları”, “12 stul” (1976, rej. Mark Zaxarov) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

17 avqust 1935 - Rus teatr və kino aktyoru, rejissor, SSRİ Xalq artisti Oleq Tabakov anadan olub. Çexov adına Moskva Bədaye Teatrına rəhbərlik edir. 100-dən çox filmdə çəkilib: “Hərb və sülh”, “D’Artanyan və üç muşketyor”, “Baharın on yeddi anı” və s.
17 avqust 1941 - SSRİ Xalq artisti Nikolay Qubenko anadan olub. SSRİ-nin sonuncu (1989-1991) mədəniyyət naziri olub.
17 avqust 1943 - Amerika kinoaktyoru, rejissor və prodüser Robert de Niro anadan olub. Məşhur filmləri: “Xaç atası-2” (“Oskar” mükafatı), “Bir dəfə Amerikada”, “Qudurmuş öküz” (“Oskar”), “Taksi sürücüsü” və s.
17 avqust 1960 - Amerika kinoaktyoru Şon Penn (Sean Justin Penn) anadan olub. Filmləri: “Karlitoya yol”, “Sirli çay” (“Oskar”, 2004), “Harvi Milk” (“Oskar”, 2009) və s.

18 avqust 1850 - Fransız yazıçısı Onore de Balzak (Honore de Balzac 20.5.1799 - 1850) vəfat edib. “Bəşəri komediya" silsiləsindən əsərləri («Şaqren dərisi», «Yevgeniya Qrande», «Qorio ata», «Sezar Biroto», «İtirilmiş illüziyalar» və s. romanlar) ilə şöhrət qazanıb.
18 avqust 1933 - Polyak (yəhudi) əsilli Amerika kinorejissoru Roman Polanski (əsl adı Rajmund Roman Liebling) anadan olub. Filmləri: “Acı ay”, “Çin məhəlləsi”, “Pianoçu” (Kann kinofestivalının qalibi və “Oskar” laureatı) və s.

Hazırladı: Vüqar Orxan