Teatr və kino sənətinin təməlçilərindən biri kimi səciyyələndirilən görkəmli rejissor və aktyor, Xalq artisti İsmayıl Hidayətzadənin incəsənət salnaməmizdə adı hörmətlə çəkilir.
İsmayıl Hüseyn oğlu Hidayətzadə 1901-ci ildə Bakıda dənizçi ailəsində dünyaya göz açıb. Şəhərdəki “İttihad” məktəbində təhsil alıb, burada görkəmli teatr xadimi Hüseyn Ərəblinski ilə tanış olub. O zaman H.Ərəblinski məktəbdə göstərilən tamaşalara rəhbərlik edirdi. Onların bu tanışlığı İsmayılın gələcək həyat yoluna mühüm təsir göstərir. Çox keçmir ki, o, məktəbdə “balaca Ərəblinski” kimi tanınır. Araşdırmalarda qeyd olunur ki, H.Ərəblinski məktəbdə aktyorlarla məşq prosesini şagirdlərin izləməsinə icazə vermirdi. İsmayıl isə gizlicə salona yol tapıb, böyük sənətkarın hər addımını izləyirdi. O, xatirələrində bu barədə yazır: “Mən onun evinə gedir, növbəti məşqin nə vaxt olacağını və s. öyrənirdim. Bunları Ərəblinskini təkrar-təkrar görmək və onunla danışmaq imkanı tapmaq üçün edirdim. Bütün xahişlərimə baxmayaraq, o, məni öz tamaşalarında yaxından iştirakıma icazə vermirdi. Çünki hələ çox kiçik idim. Nəhayət ki, bir gün “Ağa Məhəmməd Şah Qacar” pyesində kütləvi səhnələrə çıxmağıma razı oldu...”
1917-ci ildə İsmayılın atası faciəli şəkildə vəfat edir və onun həvəskar səhnə fəaliyyəti yarımçıq qalır. Ailənin ağırlığı 16 yaşlı gəncin çiyinlərinə düşür. O, səhnə haqda deyil, balaca bacı-qardaşını saxlamaq barədə düşünür. Bir müddət ticarət müəssisələrində çalışır və yenidən səhnəyə dönür.
1920-ci ildən dövlət teatrında işə götürülür. Bir il sonra eyni zamanda Voronovun teatr studiyasında fəaliyyətə başlayır. Burada səhnə sənətinin sirlərinə bələd olur, professional aktyor kimi yetişir.
İ.Hidayətzadə teatr studiyasında bir müddət çalışdıqdan sonra rejissorluq sənətinə də maraq göstərir. Rus rejissoru İvanovun yanında köməkçi işləyir. 1934-cü ildə “Səyavuş” əsərinin səhnələşdirilməsi ona tapşırılır. Daha sonra Opera və Balet Teatrında “Koroğlu” və “Karmen” operalarına, eləcə də “1905-ci ildə” və “Vaqif” pyeslərinə quruluş verir.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində “Koroğlu” və “Arşın mal alan” tamaşalarının hazırlanması işi də ona həvalə olunur. Bu quruluşu da uğurlu alınır, rejissor kimi şöhrətini artırır. Moskvadan qayıdandan sonra Opera və Balet Teatrının rəhbəri təyin edilir.
Sənətkar həmişə əsərdə baş qəhrəmanları oynamağa can atsa da, Cəfər Cabbarlı və Aleksandr Tuqanov onu bu fikirdən daşındırmağa çalışıblar. Xüsusilə C.Cabbarlının söhbətlərin birində “Əsas budur ki, xarakter yaradasan” tövsiyəsi onun sənətə münasibətini dəyişir. Mənbələrdə İ.Hidayətzadə ilə C.Cabbarlının çox yaxın dost olmaları haqqında məlumatlar var. C.Cabbarlı onun üçün rollar yazıb. O isə bir qayda olaraq, öz rollarının prototipini axtarıb. “Almaz”da Şərifin “Həri, həri, bəs necə?” ifadəsi məhz prototipin dilindən götürülüb.
İ.Hidayətzadə rol üzərində özünəməxsus şəkildə işləyərmiş. Hər şeydən əvvəl əsərdə göstərilən dövrü, tarixi vəziyyəti öyrənər, qəhrəmanının xarakterini açmağa çalışarmış. Görkəmli rejissor A.Tuqanov onun haqqında belə deyib: “O, həmişə inandırıcı və real idi. Heç bir zaman şarja yer verməzdi. O, bütün tamaşa boyu tamaşaçının ürəyinə girməyi və onu öz ardınca aparmağı bacarıb. O, heç bir zaman oynamırdı, heç bir ştampa yol vermirdi. Onun oyununda gəncliyə məxsus həssaslıq, ehtiras və qızğınlıqla bərabər sadəlik və təbiilik var idi”.
Onun incəsənət sahəsində xidmətləri təkcə quruluş verdiyi tamaşalar və səhnədə oynadığı rollarla bitməyib. O həm də ilk milli baletimiz olan “Qız qalası”nın (bəstəkar Əfrasiyab Bədəlbəyli) librettosunu yazıb. Aktyor kimi “Qız qalası”, “Almaz” və “Altıncı duyğu” filmlərində çəkilib.
Azərbaycan teatrının inkişafında göstərdiyi xidmətlərə görə görkəmli sənətkar 1938-ci ildə Xalq artisti adına layiq görülüb. Sonrakı illərdə “Şərəf nişanı” və “Qırmızı əmək bayrağı” ordenləri ilə təltif edilib.
İsmayıl Hidayətzadə 1951-ci ildə, yaradıcılığının coşqun çağlarında, 50 yaşında vəfat edib.

Savalan Fərəcov