Azərbaycan

19 avqust 1901 - Xalq artisti İsmayıl Hüseyn oğlu Hidayətzadə (1901 - 11.11.1951) anadan olub. Opera və Balet Teatrında "Koroğlu", "Arşın mal alan" tamaşalarını səhnələşdirib. İlk milli baletimiz olan "Qız qalası"nın (bəstəkarı Əfrasiyab Bədəlbəyli) librettosunu yazıb. "Qız qalası", "Almaz" filmlərində çəkilib.
19 avqust 1912 - Xalq şairi Mirvarid Paşa qızı Dilbazi (1912 - 13.7.2001) Qazax rayonunun Musaköy kəndində anadan olub. "Məhəbbət", "Əlcəzairli qız", "Partizan Aliyə", "Ana ürəyi" poemalarının, “Bənövşələr üşüyəndə”, “Yasəmən fəsli”, “Dağ çiçəyi” və s. kitabların müəllifidir. Nizaminin, Nəvainin (fars dilindən), rus şairlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib. «İstiqlal» ordeni ilə təltif edilib.
19 avqust 1920 - Əməkdar incəsənət xadimi, musiqişünas Lyudmila Vladimirovna Karagiçeva-Bretanitskaya (1920-2015) anadan olub. Bakı Musiqi Akademiyasında dərs deyib. Q.Qarayev, F.Əmirov və digər Azərbaycan bəstəkarlarının yaradıcılığına dair tədqiqatların müəllifidir.

20 avqust 1901 - Məşhur xanəndə, muğam ustadı, Xalq artisti Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşirov; 1901 - 18.3.1979) Şuşada doğulub. Muğamlarımızın bənzərsiz ifaçısı olmaqla yanaşı, "Şuşanın dağları", "Məndən gen gəzmə", "Ay gözəl" və s. mahnı və təsnifləri bəstələyib.
20 avqust 1912 - Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazi (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə; 1912 - 2.8.1984) anadan olub. "Xosrov və Şirin" operası, "Çitra" baleti, "Zaqatala süitası", "Qaytağı", "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik muğamının müəllifidir.
20 avqust 1929 - Azərbaycanda diktorluq məktəbinin banilərindən biri, Əməkdar artist Aydın Çingiz oğlu Qaradağlı (1929 - 28.1.1980) anadan olub. 1946-cı ildən radioda çalışıb. 20 avqust 1932 - Ədəbiyyatşünas, yazıçı, filologiya elmləri doktoru İslam Məmməd oğlu Ağayev (1932 - 27.1.2014) Bakının Bülbülə qəsəbəsində anadan olub. "Azərbaycan ədəbiyyatı tarixi" çoxcildliyinin müəlliflərindən biri, hekayə və mənsur şeirlər kitablarının müəllifidir.
20 avqust 1940 - Rəssam, memar, Əməkdar incəsənət xadimi Elturan Vəli oğlu Avalov Bakıda anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorudur.

21 avqust 1930 - Ədəbiyyatşünas alim, akademik, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Bəkir Əhməd oğlu Nəbiyev (1930 - 15.3.2012) Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin, Ədəbiyyat İnstitutunun direktoru işləyib. “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub.
21 avqust 1964 - Yazıçı-publisist, şair, Əməkdar mədəniyyət işçisi Rəşad Müseyib oğlu Məcid Ağcabədi rayonunda anadan olub. “525-ci qəzet”in baş redaktoru, 2004-cü ildən Yazıçılar Birliyinin katibidir. Kitabları: “Hələ ki vaxt var", "10 sentyabr" və s.

22 avqust 1922 - Mədəniyyət xadimi Adelaida İrza qızı Məmmədova (1922 - 25.4.2015) Tiflisdə doğulub. Azərbaycan peşəkar vokal ifaçılığının banisi Bülbülün ömür-gün yoldaşı olub. Sənətkar haqqında kitabların, məqalələrin müəllifidir. Uzun illər Bülbülün memorial muzeyinin direktoru işləyib. "Şöhrət" ordeni (2007) ilə təltif edilib.
22 avqust 1965 - Şairə, tədqiqatçı və yazıçı Nuridə Atəşi anadan olub. 1995-ci ildən Almaniyada yaşayır, əsərlərini Azərbaycan, alman və türk dillərində yazır, tərcümələr edir.

23 avqust 1990 - Aşıq Əkbər (Əkbər Zərbalı oğlu Cəfərov, 1933 - 1990) vəfat edib. “Leyli və Məftun” dastanının, “Dağlar”, “Bənövşələr”, “Doymaq olmaz”, “Gözəl vətənim”, “İstərəm” və s. məşhur gəraylı, qoşma, təcnislərin müəllifidir.
23 avqust 1922 - Tarixçi alim, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü Əlövsət Nəcəfqulu oğlu Quliyev (1922 - 6.11.1969) anadan olub. Azərbaycan EA Tarix İnstitutunun direktoru işləyib.
23 avqust 1993 - Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında iki rayon mərkəzini - Cəbrayıl və Füzulini, hər iki rayonun kəndlərinin böyük hissəsini işğal edib. Cəbrayıl rayonun ərazisi 1050 kv km, işğaldan öncə əhalisi təxminən 57 min nəfər idi. Hazırda rayonun bütün ərazisi (96 kənd) işğal altındadır. Füzuli rayonu (ərazisi 1386 kv km, əhalisi təxminən 110 min nəfər) bütünlüklə işğal olunsa da, sonradan Azərbaycan Ordusu Arazboyu kəndləri, o cümlədən Horadiz qəsəbəsini düşməndən azad etdi. Hazırda rayon ərazisinin təxminən üçdə ikisi işğal altındadır.
23 avqust 2006 - Prezident İlham Əliyev “Mədəniyyət sahəsində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” sərəncam imzalayıb.

Dünya

19 avqust 1689 - İngilis yazıçısı, sentimentalizm cərəyanının banilərindən biri Semuel Riçardson (Samuel Richardson, 1689-1761) anadan olub. “Pamela”, “Klarissa”, “Çarlz Qrandison” epistolyar romanların müəllifidir.
19 avqust 1883 - Məşhur fransız modelyeri Qabriel (Koko) Şanel (Gabrielle Bonheur Chanel, 1883-1971) anadan olub.
19 avqust 1909 - Polyak yazıçısı Yeji Andjeyevski (1909-1983) anadan olub. Əsərləri: “Cənnətin qapıları”, “Qaranlıq yeri örtür”, “Kül və almaz”.
19 avqust 1915 - Görkəmli türk şairi, jurnalist, pedaqoq Tofiq Fikrət (24.12.1867 - 1915) vəfat edib.

20 avqust 1847 - Polyak yazıçısı Boleslav Prus (əsl adı Aleksandr Qlovaski, 1847-1912) anadan olub. Əsərləri: “Forpost”, “Kukla”, “Firon” romanları və s.
20 avqust 1901 - İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1959) Salvatore Kvazimodo (1901-1968) anadan olub. “Həyat yuxu deyil”, “Qənirsiz yer” kitablarının müəllifidir.
20 avqust 1932 - Rus yazıçısı Vasili Aksyonov (1932-2009) anadan olub. 1980-2004-cü ildə Amerikada mühacirətdə yaşayıb. Əsərləri: “Moskva saqası” trilogiyası, “Yanıq”, “Krım adası” romanları, “Mərakeşdən portağallar”, “Mənim babam heykəldir” povestləri və s.

21 avqust 1997 - Görkəmli rus aktyoru, sirk ustası, SSRİ Xalq artisti Yuri Nikulin (18.12. 1921-1997) vəfat edib. Moskva Sirkinə rəhbərlik edib. Filmləri: “I” əməliyyatı və Şurikin başqa macəraları”, “Qafqaz əsiri və ya Şurikin yeni macəraları”, “Brilyant əl”, “Qoca quldurlar”, “Müqəvva” və s.
21 avqust 1925 - Fransız kinorejissoru Moris Piala (Maurice Pialat; 1925-2003) anadan olub. Filmləri: “Çılpaq uşaqlıq”, “Lulu”, “Şeytanın günəşi altında” (Kann festivalının qalibi, 1987), “Van Qoq” və s.

22 avqust 1862 - Fransız bəstəkarı Klod Debüssi (Achille-Claude Debussy; 1862-1918) anadan olub. Əsərləri: “Pelleas və Melizanda” (opera), “Oyunlar” (balet), “Bahar” (simfonik süita) və s.
22 avqust 1920 - Amerikalı fantast-yazıçı Rey Bredberi (Raymond Douglas Bradbury; 1920-6.6.2012) anadan olub. “Mars xronikaları”, “Farenqeytlə 451 dərəcə”, “Fəlakət gəlir” və s. romanların müəllifidir.
22 avqust 1999 - Məşhur rus aktyoru Aleksandr Demyanenko (30.5.1937 - 1999) vəfat edib. “Qafqaz əsiri”, “I əməliyyatı”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s. populyar komediya filmlərində çəkilib.

23 avqust 1851 - Çex yazıçısı Alois Yirasek (1851-1930) anadan olub. “Yan Qus” trilogiyası, “Yan Jijka” və s. tarixi romanların müəllifidir.
23 avqust 1880 - Rus yazıçısı Aleksandr Qrin (əsl adı Aleksandr Qrinevski; 1880-1932) anadan olub. Əsərləri: “Al yelkənlər”, “Dalğalar üzərində qaçan”, “Qızıl zəncir” və s.
23 avqust 1912 - Amerika aktyoru, müğənni və kinorejissor Cin Kelli (Gene Kelly; 1912-1996) anadan olub. Filmləri: “Amerikalı Parisdə”, “Yağış altında rəqs edənlər” (aktyor və rejissor).

Hazırladı: Vüqar Orxan